HEPATİT nikahdan öncə müayinəsi aparılan xəstəliklər siyahısında niyə yoxdur?
Bizi izləyin

Qırmızı.az

HEPATİT nikahdan öncə müayinəsi aparılan xəstəliklər siyahısında niyə yoxdur?

İyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən şəxslər məcburi qaydada müayinə olunmalıdır. Ailə Məcəlləsinə edilən dəyişiklik dünəndən artıq qüvvədədir. Nazirlər Kabinetinin qərarı ilə müayinə olunacaq xəstəliklərin siyahısı, həmçinin müayinənin aparılması ilə bağlı qaydalar təsdiq edilib.

Qaydalara uyqun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcək. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

2013-2014-cü illərin statistikası göstərir ki, bir ildə orta hesabla ölkədə 85 -90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24% -i Bakı şəhərinin payına düşür, qalan 76 % respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.

Nikaha daxil olanların müayinələrdən keçəcəkləri xəstəliklər barədə çox danışılıb. Lakin bu qərarda diqqət çəkən məqam nikahdan əvvəl müayinəsi aparılacaq xəstəliklər sıtasında hepatit xəstəliklərinin yer almamasıdır.

Hazırda hepatit ölkədə bu xəstələrin sayı və xəstəliyin təhlükəsi baxımından siyahıya salınan xəstəliklərdən heç də az təhlükəli deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkədə hepatitli xəstələrin sayı 524-dir, xəstələrin 150-si kəskin hepatit A, 223-ü kəskin hepatit B, 151-i isə kəskin Hepatit C-yə yoluxub. Üstəlik, xəstəliyin müalicəsi şəxslərin öz hesabına təmin edilir və xərcləri də çox yüksəkdir. Bu baxımdan həkimlər hepatit növlərinə görə nikahdan əvvəl müayinənin keçirilməsini son dərəcə vacib hesab edir.

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini, Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri, professor Murad Məmmədov Publika.az-a nikahdan əvvəl tibbi müayinə siyahısına hepatitlərin salınmasının son dərəcə vacib olduğunu deyib:

“Dərk etmək lazımdır ki, hepatit xəstəliyi ölkə üçün son dərəcə əhəmiyyətlidir. Hepatitlərin bu siyahıya salınması bütünlüklə ölkə üçün əhəmiyyətlidir. Bu məsələ gündəmə gələndən sonra Səhiyyə Nazirliyi və ictimaiyyət bu məsələyə daha çox diqqət edəcək. Bu xəstəliklərin müayinə və müalicəsi üçün əlavə vəsait ayrılacaq.

Hepatitlər üçün nikahdan əvvəl müayinə xəstəliyin cinsi yolla keçmə, yoluxma ehtimalını aradan qaldırmağa kömək edəcək. Düzdür, xəstəlik qanla keçdiyindən stomatoloq, gözəllik salonlarında da yoluxma mümkündür. Hazırda hansı yolla yoluxmanın üstünlük təşkil etdiyini deyə bilmərik. Lakin əsas məsələ budur ki, xəstəlik var. İstəyimiz odur ki, xəstəliyin ailə daxildə yayılmasının qarşısını alaq. Bu cür müayinələr epidemioloji vəziyyətə müsbət təsir edəcək. Bu da xəstəliyin yayılmaması üçün böyük təsirə malikdir”.

Hepotoloq onu da bildirib ki, Hepatit B-yə yoluxan ananın övladını yoluxdurması mümkündür. Nikahdan əvvəl müayinə isə bu cür yoluxmanın qarşısını alacaq.

“Düzdür,15 ildir hamilə qadınlara vaksinlər vurmaqla bu problemi praktiki olaraq həll ediblər. Lakin nəzərə alaq ki, kənd yerlərində analar həkimə çox az hallarda müraciət edir. Nəticədə, risk artır.”

Hepatoloqun sözlərinə görə, 15 il əvvəl hepatit B-yə yoluxma halı indikindən iki dəfə çox idi. Hepatit C ilə bağlı vəziyyətdə ciddi dəyişiklik yoxdur. Bu xəstəliklə bağlı nə çox artım, nə də azalma qeydə alınır.

“Hər iki xəstəliyin müalicəsi böyük xərc tələb edir. Düzdür, ötən ildən Səhiyyə Nazirliyi tabeliyində komissiya yaradılıb ki, bu komissiya minə qədər hepatit xəstəsini dərmanla təmin edib. Hələ ki, xəstələrə yalnız dərmanlar verilir, gələcəkdə iynənin də verilməsi nəzərdə tutulur. Zaman keçdikcə, dərman verilən şəxslərin sayı daha da artacaq. Bir tərəfdən dövlət bu xəstələrin müalicəsi üçün vəsait ayırır, lakin nikahdan əvvəl müayinə xəstəliyə yoluxma hallarının qarşısını alacaq. Bu da müalicə xərclərinə daha az vəsait ayrılması deməkdir”.

Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov Publika.az-a bildirib ki, bu il ilk dəfə nikahdan əvvəl tibbi müayinənin məcburi olması barədə qərar qəbul edilib. İldən-ilə nikahdan öncə müayinəsi məcburi olacaq xəstəliklərin sayı artırılacaq:

“Hazırkı durumda siyahıda qeyd olunan xəstəliklər Azərbaycan üçün daha aktualdır. Amma gələcəkdə bu xəstəliklərin sayı artırılacaq. Lakin hansı xəstəliyin bu siyahıya nə vaxt daxil ediləcəyi barədə qərarı Nazirlər Kabineti qəbul edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm