Sona Vəliyeva: “O, Cümhuriyyət dövrü jurnalistikasının tədqiqatçısıdır” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Sona Vəliyeva: “O, Cümhuriyyət dövrü jurnalistikasının tədqiqatçısıdır” - FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri namizədi Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimatı baş tutub.

Axar.az xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin həmtəsisçisi, şairə Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun rektoru Abel Məhərrəmov, Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, “Gündəlik Teleqraf” Media qrupunun rəhbəri Aynur Camalqızı, yazar Flora Xəlilzadə, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan Əflatun Amaşov Qərənfil Dünyaminqızının yaradıcılığını yüksək qiymətləndirib: “Hər bir xalqın həyatında onun mətbuatı xüsusi rol oynayır. Qərənfil Dünyaminqızının ilk şeirləri 10 yaşında “Pioner” jurnalında çıxıb. “Dahinin istəyi, qələmin qüdrəti” kitabında 45 məqalə çap olunub və bu məqalələrdə yeni elmi baxış özünü göstərir. Müəllif lakonik dildə fikirlərini ictimaiyyətə çatdırır”.

Əflatun Amaşov Qərənfil Dünyaminqızını fəxri diplomla təltif edib.

Daha sonra söz alan “Kaspi” qəzetinin həmtəsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva müəllifin Əli bəy Hüseynzadə, “Füyuzat” jurnalı, Qaspiralı və s. barədə bir neçə məqaləsinə təhlili yanaşaraq onların yüksək bədii keyfiyyətlərindən danışıb: “Bir neçə gün öncə Cümhuriyyət gününü qeyd etdik. Qərənfil xanım da Cümhuriyyət dövrü jurnalistikasının tədqiqatçısıdır. Arxiv materialları əsasında gözəl bir kitab ərsəyə gətirib. O, həm də “Kaspi”çidir, “Kaspi” jurnalında məqalələri çıxıb”.

BDU-nun rektoru Abel Məhərrəmov Qərənfil Dünyaminqızına xoş arzularını çatdırıb: “Mənim fikrimcə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər ilk növbədə ictimai-siyasi xadim olublar və xalqa fikirlərini çatdırmaqdan ötrü jurnalistikadan məharətlə istifadə ediblər”.

Sonda söz alan Qərənfil Dünyaminqızı tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm