• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şokolad kimi bir gün – REPORTAJ/FOTOLAR

Şokolad kimi bir gün – REPORTAJ/FOTOLAR

Şokolad mənim üçün dünyanın ən dadlı nemətidir. Tənha bir adaya düşəcəyimi bilsəm, yanımda yalnız şokolad götürərəm. İnsana həm pozitiv əhvali-ruhiyyə, həm də enerji verən bu dadlı qidanı sevməmək mümkün deyil.

Dadına baxan mən olacam

Tarixi e.ə 1000-ci ilə qədər gedib çıxan bu dadlı neməti mayyalılar icad eləsələr də, ilk dadan avropalı Xristofor Kolumb olub.

Məni də bir həftədir ki, Bakıda təşkil olunan şokolad sərgisinə aparan onu dadmaq istəyi idi. Nə olsun ki, Nikolay Popov hazırlayıb, dadına baxan mən olacam.

Xatırladım ki, dünyadakı bütün dadlı nemətlər kimi, şokolad da ilk vaxtlar kişilər üçün nəzərdə tutulub. Sonradan uşaqların sevimlisi olan şokoladı sevməyən insan tapmaq çox çətindir.

Şokoladdan sənət əsəri

Müasir dövrdə şokoladdan sadəcə, qida kimi yox, həm də incəsənət nümunələri yaratmaq üçün istifadə edilir. Odur ki, şokolad təkcə sevimli şirniyyat deyil, həm də elm və sənət nümunəsidir. Bunu, məşhur şokolatye Nikolay Popovun şokoladdan yaratdığı möcüzələri yaxından görən hər kəs təsdiqləyə bilər.

"Nikolya” Şokolad Muzeyi dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olduqdan sonra Bakıya gəlib. Bakıdakı Muzey Mərkəzinin 3-cü mərtəbəsində qərargah qurub. Düz 1 həftədir ki, burada şokoladdan hazırlanan əl işləri nümayiş edilir.

Nağıllar aləmi, yoxsa...

Elə ki qapıdan içəri daxil oldum, həmin an özümü möcüzələr diyarına düşən Alisa kimi hiss etdim.

Bir otaq dolusu şokolad... Üstəlik, müxtəlif forma və çeşiddə. Hamısı da yüksək sənətkarlıqdan, əl əməyindən xəbər verir.

... yoxsa şokolad dünyası?

Sərgidə 200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan 250-dən artıq şokolad məmulatı nümayiş olunur.

Şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar olduqca maraqlı görünür.

Bu dahi şokolatyenin xüsusi olaraq Azərbaycan və Bakıya həsr etdiyi bir sıra sənət əsərlərinə tamaşa edirəm. Diqqətimi ən çox 70 kiloqramdan artıq çəkisi olan "Qız qalası" şokolad miniatürü çəkir. Xəyalımda möcüzələr diyarına düşən Alisa kimi kiçilmək və bu miniatürün içərisinə daxil olub gəzmək istəyirəm. O qədər real görünür ki, insan qarşısındakı əsərin şokoladdan yaradıldığına inanmaqda çətinlik çəkir.

Xəyallardan ayılıb Nikolayın əl əməyi, göz nuru olan digər işlərinə nəzər yetirirəm. Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, "FlameTowers" binalarını əks etdirən əsərlər adama özünü Bakının mərkəzində hiss etdirir.

Şokoladdan ən böyük rəsm

Sərgiyə bu gün gətirilən, təqdimatına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı İlk Avropa Oyunlarına həsr edilmiş 3D rəsm də diqqətimi çəkir. Necə çəkməsin? Burada olan hər kəsin diqqətini çəkər. Çünki dünyada şokoladdan yaradılmış ən böyük 3D rəsm əsəridir. Çəkisi 200 kilo, eni 3 metrdən çox olan bu rəsm əsərində ölkəmizin xəritəsi, dövlət gerbi və Avropa Oyunlarının simvolu olan nar öz əksini tapıb.

Nikolay Popova heyran olmaq üçün bu möhtəşəm əsərin detallarına nəzər yetirmək kifayətdir.

Eyfel qülləsi Bakıda quruldu

Sərgini gəzməyə davam edirəm. Müxtəlif kompozisiyalar şəklində təqdim olunan digər əsərlərə nəzər yetirirəm. Marzipan meyvə və gülləri, şokolad manqalı və piramida diqqətimi cəlb edir. Ancaq ən çox Parisin simvolu Eyfel qülləsinə vuruluram. Belə böyük və ən incə detallarına qədər işlənmiş bir əsər yaratmaq üçün insana nə qədər səbir və diqqət lazımdır? Həqiqətən, şokolatye olmaq elə də asan deyilmiş, bu iş böyük əmək tələb edir.

Sevir, ya sevmir?

Sərgini gəzdikcə, ağlıma qəribə fikirlər gəlir. Görəsən, Nikolay Popov bu əsərləri yaradarkən nə qədər şokolad yeyib? Yəqin ki, o da mənim kimi şokoladı çox sevir. Əks halda, bu cür möhtəşəm sənət əsərləri yarada bilməzdi. Bəlkə də sevmir... Yox, böyük ehtimalla sevmir. Sevmədiyi üçün şokoladlar qalıb. İsrafçılıq olmasın deyə, o da bunu özünün məşğuliyyətinə çevirib.

Şokolad əsərlərin ziyarətçisi də çox olar

Nə isə. Bu əsərin şokolada olan sevgidən, yoxsa əksinə, sevgisizlikdən yaradıldığını bilməsəm də, onları görmək istəyənlərin çox olduğuna əminəm. Bu, sərgi haqqında məlumatların yer aldığı plakatlardan da aydın görünür. Burada qeyd olunub ki, 5 il ərzində sərgini 500 mindən artıq insan izləyib. Azərbaycanda isə ilk həftədən 1000-dən çox insan Popovun möcüzəvi şokoladlarına tamaşa edib.

Məncə, bu möhtəşəm sərgini hər kəs ziyarət etməlidir. Əyləncəli vaxt keçirmək və ruhunuzu dincəltmək üçün bundan əla fürsət ola bilməz.

Onu da qeyd edim ki, “Nikolya” Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu insanları cəlb edir. Burada öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçün müəllif ustad dərslər təşkil edir.

Biletlərin qiyməti də elə bahalı deyil. Belə ki, 18 yaşdan yuxarı olanlar üçün 7 AZN, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 AZN-dir. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub.

Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın dequstasiyası təşkil olunur. Yəni dadına baxa bilərlər. Hərçənd, buradakı şokoladların ancaq üzünə baxmaq olar, dadına baxmaq yox. Dadına baxmaq üçün qoyulanların isə heç üzünə baxmağın gəlmir. Odur ki, şokolad sevənlərin yolunu buradan salması, bəlkə də, doğru deyil. Ya da ki, şokoladınızı sərginin sonunda özünüz alarsınız. Burada satılan müxtəlif formalı şokoladlar elə də baha deyil. Qiyməti 2-8 manat arasında dəyişir.

Əsas odur ki, bu möhtəşəm sərgini qaçırmayın. Hələ vaxtınız var. İyunun 28-dək şokolad kimi gözəl qoxulu, yaddaqalan bir gün keçirə bilərsiniz.

Çox da ki dadına baxa bilmədim... İştaham doymasa da, gözüm, zövqüm doydu. Sərgidən çıxanda da satışa çıxarılan müxtəlif formalı şokoladlardan aldım.

İlknur Salamova

Xəbər lenti

DAHA ÇOX XƏBƏR