• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Dəyirmana su tökənlər... - Güllü Yoloğlu YAZIR

  • Sosial
  • 6 Mart 2017 15:06
  • 647 Baxış
Dəyirmana su tökənlər... - Güllü Yoloğlu YAZIR

Azərbaycan bu gün multukultural dəyərləri ilə dünyaya nümunədir. Sirr deyil ki, bir çox ölkələrdə respublikamızın bu təcrübəsini öyrənir, özlərinə tətbiq imkanlarını araşdırırlar. Təbii ki, bu da uğurlarımızdan biridir. Lakin digər uğurlarımıza olduğu kimi, bu uğurumuza da sevinməyən, ona kölgə salamağa çalışan qüvvələr var. Və əksər hallarda olduğu kimi, bu qüvvələr “dostcasına, məsumcasına” insanlarımızın emosiyalara tez uyduğunu nəzərə alaraq, həssas məqamlara müdaxilə edir, müxtəlif sorğular, ağız aramalar vasitəsilə cəmiyyətin nəbzini yoxlayır, qıcıq yaradacaq nöqtələrə vururlar.

Xalqımız daim həssas olmalıdır. Ətrafımızdakı xaos içimizə sirayət edə bilər. Düşmənlərimiz yaxşı bilir ki, “ağacı qurd içindən yeyər” və fəsad o zaman ortaya çıxar ki, artıq əlac etmək mümkün olmaz.

Uzun əsrlər bir yerdə yaşadığımız xalqlar, etnik və etnoqrafik qrupların nümayəndələri var. Onların bir çoxu aborigendir. Təkcə Alban dövlətində 26 tayfadan söhbət gedir. Bu gün elə bir dövrdür ki, “cidanı çuvalda gizlətmək olmur”. Tarix də, etnoqrafik materiallar da, siyasət də ortadadır. Belə bir vaxtda ara qatmaq, bulanıq suda balıq tutmağa çalışmaq, kimlərinsə heysiyyatına toxunmaq, milli mənliyini təhqir etmək ölkə üçün xoşagəlməz nəticələrə yol aça bilər. Bu baxımdan həssas bölgədə həssas olmağımızın lazımlığını deməyin artıq olduğunu düşünürəm.

Türkiyənin nümunəsi göz önündədir. Ölkədə yaşayan hər kəsə “türk” deməklə bəlkə də bəlli bir zaman kəsiyində susqunluq əldə edildi. Amma kimin kim olduğu məlum olmadı. Türk adı altında ermənilər artdılar, dövlət işlərində fəallaşdırlar, Osmanlıda olduğu kimi. Siz başqalarına türk deyin. Onlar da “meşədən çıxana kimi ayıya dayı de” prinsipini əsas tutaraq ürəklərində “ayağıma yer edim, gör sənə nə edəcəm” deyə düşünsünlər və günün birində ölkənin ağır vaxtında birləşərək kimliklərini ortaya qoysunlar. Məhz bunun nəticəsidir ki, vaxtilə Türkiyədə türk deyib gözümüzün üstünə qoyduğumuz müğənni, aktyor, siyasət və elm adamlarının hərəsinin altından bir etnik kimlik çıxır və onlar illərlə içlərində bəslədikləri kini sərt şəkildə hayqırırlar. “Hamımız Hrantıq”, “hamımız erməniyik” deyib küçələrə tökülənlər də onlardır. Kürd kimliyi altında gizlənənlərin də çoxu onlardır. Burada tək etnik mənsubiyyət deyil, elə dini mənsubiyyət də nəzərə alınmalıdır. Kərbəla olayları, Şah İsmayılla bağlı tarixi hadisələr də bu qismdəndir. Türkün özünün oğuza-qıpçağa bölünərək hansısa birinin təriflənməsi də buna aiddir. Hər zaman dediyim bir söz var: “Türkü oğuza, qıpçağa bölmək, müsəlmanı sünnü şiəyə bölmək qədər təhlükəlidir”.

Azərbaycan “gözü çıxan qardaşından dərs almalıdır”. Bu, ölkədən çox, onun düşünə bilən insanlarına aiddir.

Son vaxtlar Azərbaycanda düşmənçilik, ayrıseçkilik, qarmaqarışıqlıq yaratmaq məqsədilə "TÜRK" və "AZƏRBAYCALI" məsələsini qabardıblar. Əla da iş gedir... Unutmayın, Azərbaycanda bir çox xalq, etnik və etnoqrafik qrupların nümayəndələri yaşayır və onlar da tarix boyu dövlətimiz, xalqımız üçün çox iş görüblər və görürlər. "Meşə çaqqalsız olmaz". Türklərin arasında olduğu kimi, onların da arasında çörəyi dizi üstündə olanlar var. Amma "mərdi qova-qova namərd etmək" lazım deyil. Azərbaycan adlı ölkənin sərhədləri içərisində yaşayan hər kəs AZƏRBAYCANLIDIR. Bundan sonra kimisi tat, kimisi kürd, kimisi türk, kimisi talış, kimisi ləzgi, udi, qırız, buduq, hapıt, avar və s.dir. Qarşı çıxanlar, XX əsrin əvvəllərindəki ziyalılarımıza və ya siyasilərimizə baxın: Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və s. və i. Bizi nə din (çünki təriqət və məzhəblər imkan vermir), nə etnik mənsubiyyət (çünki ölkəmiz etnik müxtəlifliyə malikdir) birləşdirə bilməz. Bizi yalnız AZƏRBAYCANÇILIQ birləşdirə bilər. Yəni bu sərhədlər içərisində yaşayan hər kəs anlamalıdır ki, onun xoşbəxtliyi yalnız Azərbaycanla bağlıdır. Bunu anlamayan üçün isə istər türk olsun, istər də digərləri ... sərhədlər açıqdır...

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>