“Bu Şəhərdə”nin konsertində daha bir bilet qalmaqalı
Bizi izləyin

Sosial

“Bu Şəhərdə”nin konsertində daha bir bilet qalmaqalı

“Bu Şəhərdə”nin bu ilin mart ayında keçiriləcək “Gəlin” adlı konserti ilə bağlı daha bir bilet qalmaqalı yaşanıb.

Bu barədə Publika.az-a danışan Bakı şəhər sakini Fəridə Cavadlı yanvarın 16-da “Gənclik Mall”da yerləşən “iTicket” şirkətinə məxsus kassadan 240 manata aldığı 3 bileti bir neçə saat sonra qaytarmaq və ya dəyişmək istəsə də, bunun mümkün olmadığını deyib.

F.Cavadlı bileti martın 9-na alsa da, bir neçə saat sonra həmin gün Bakıda ola bilməyəcəyini öyrənib:

“Əvvəlcə biletin üzərində qeyd olunan nömrəyə saat 19-da zəng etdim. Nömrəyə cavab verən şəxs bildirdi ki, yalnız 30 faiz cərimə ödədiyim halda qaytarmağım mümkündür. Bu məqam biletin arxa tərəfində çox kiçik şriftlə qeyd edilib. Bu barədə alıcıya heç bir xəbərdarlıq da edilmir. Baxmayaraq ki, biletdə hər hansı zədələnmə və cırılma yoxdur, üstəlik aldığım vaxtdan 24 saat keçməmişdi. Bileti başqa seansa dəyişmək istəyim isə ümumiyyətlə, rədd edildi. Ancaq bu barədə nə biletdə, nə də şirkətin saytında məlumat əldə edə bildim. Halbuki, konsertə iki ay vaxt qalıb və başqa bir günə dəyişmək problem yaratmaya bilər. Üstəlik, mənə nə kassa çeki, nə də qəbz təqdim edilmədi. Artıq bununla bağlı Azad İstehlakçılar Birliyinə müraciət etmişəm”.

“iTicket” şirlətindən Publika.az-a bildirdilər ki, həmin qadın şirkətə müraciət edib və ona da lazımi cavab verilib:

“Biletin arxasında qaydalarımız yazılıb. Bizim şirkətdə biletin dəyişdirilməsi qaydası olmadığından o biletin üzərinə yazılmayıb. Bizdə yalnız qaytarılma mümkündür. Bu isə bilet alınandan tədbirə 24 saat qalana qədər mümkündür. Bilet yalnız 30 faiz cərimə ilə qaytarıla bilər”.

30 faiz cəriməyə gəldikdə, şirkətdən bunun daxili qayda olduğunu dedilər:

“Bu, özəl şirkətdir və öz daxili qaydaları var. Bizim qaydalara görə bilet yalnız 30 faiz cərimə ilə qaytarıla bilər. Bu, bizim hüququmuzdur ki, şirkətdaxili hər hansı qayda müəyyən edək. Həmin şəxs kassadan keçmədən qaydaları oxuyub qaydaları qəbul etməyib bileti qaytarmaq istəsəydi, bu, mümkün olardı. Müştəri kassadan kənarlaşandan sonra saatın fərqi yoxdur, nə zaman yaxınlaşsa, 30 faiz cərimə ediləcək. Bizim satdığımız bilet qiymətli kağız sayılır və buna görə də çek təqdim edilmir”.

Vergi qanunvericiliyinə görə isə, konsertlərə bilet satışı zamanı kassa çeki verilməsə də, ödənişi təsdiq edən qəbz mütləq təqdim edilməlidir. Üstəlik, bilet qiymətli kağız deyil, sadəcə hər hansı tədbirdə iştirak hüququnu təsdiq edən sənəddir.

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında vətəndaşın şikayəti ilə bağlı şirkətlə əlaqə saxladıqlarını deyib:

“Qanunvericiliyə görə, 14 gün müddətində alınan mal geri qaytarıla və ya dəyişdirilə bilər. Lakin şirkət bu məsələdə ölkə qanunlarını tanımadan öz qanunları ilə işləyir. Nə kassa çeki, nə də qəbz təqdim edir. Bununla da bilet möhtəkirliyinə imkan yaradır. Sabah həmin alıcı bileti baha qiymətə başqa bir şəxsə satmasına imkan yaradır”.

E.Hüseynov şikayətlə bağlı Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət təqdim ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm