• USD 1,7000 0,00% EUR 2,0016 +0,19%
    • GBP 2,2805 -0,15% RUB 0,0276 +1,09%

Abituriyentlərin intiharının səbəbkarı valideynləri imiş - ŞOK GERÇƏKLƏR

  • Sosial
  • 18 May 2018 12:00
  • 3 189 Baxış
Abituriyentlərin intiharının səbəbkarı valideynləri imiş - ŞOK GERÇƏKLƏR

İmtahan nəticələrinin uğursuz olması səbəbindən hər il bir neçə intihar və ya intihara cəhd xəbəri eşidirik. Bu il də ali məktəblərə ilk qəbul imtahanından bir gün sonra Sumqayıtda iki intihar hadisəsi baş verdi. İntihar edən hər iki şəxs imtahan nəticələrindən narazı qaldığı üçün bu yola əl atdı.

Bir neçə gün sonra daha iki ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. İyul ayında növbəti qəbul imtahanı baş tutacaq. İyun ayında isə bu ilin məzunları buraxılış imtahanı verəcək.

Publika.az olaraq qarşıdan abituriyentləri imtahanla dolu ayların gözlədiyini nəzərə alaraq bu sınaqdan sonrakı yolun intihara aparmaması üçün nələr edə biləcəyimizi bir daha xatırlatmaq qərarına gəldik.

Heç kimə sirr deyil ki, ölkəmizdə ali məktəbə hazırlıq və ixtisas seçimi planı yalnız abituriyentin öz istəkləri üzərində qurulmur. Çox zaman bu məsələdə valideynlər, müəllimlər, hətta yaxın qohumlar belə müdaxiləçi rolunda çıxış edir. Müdaxilə edən heç kəsin abituriyentin pis nəticə göstərməyini arzulamadığı gün kimi aydındır. Lakin bəzən “qaş düzəldərkən gözün çıxardıldığı” məqamlar da olur. İlk növbədə məsələ şagirdin ixtisas və ya peşə seçimindən başlayır ki, valideynlər qeyri-şərtsiz övladının ən ali təhsili almasını istəyir, peşə seçimi isə yalnız ali məktəb ümidləri tükənəndən sonrakı plan ola bilər. Daha sonrakı səhv isə ixtisas seçimidir. Valideyn yaxşı biologiya müəllimi biliyinə malik olan övladını çox zaman həkim görmək istəyir. Təəssüf ki, valideynin ağ xalat arzusunu gerçəkləşdirə bilməyən abituriyentin seçimi ağ kəfən olur. Bəlkə də, valideynlər əvvəldə bu sonu görsələr, arzularını dilə gətirmək belə istəməzlər. Lakin təəssüf ki, görmək istəmirlər, nəticədə heç də arzu edilməyən sonluqlar yaşanır.

İmtahan dünyanın sonu deyil

Publika.az-a danışan psixoloq Aida Nəbiyeva hesab edir ki, arzuedilməyən sonluqların yaşanmasının səbəbi bəzən valideynlərin uşağın bacarığından çox şey tələb etməsidir:

“İmtahan abituriyentlər üçün böyük bir stress mənbəyinə çevrilib. Buna səbəb isə valideynlərin imtahan mövzusu üzərində çox həssas olmaları, bəzən isə uşaqlarından bacarıqlarından daha çox uğur tələb etmələridir. Bir çox hallarda qohum, qonşu, dostların belə abituriyentlərə təpkisi böyük olur. Bəzən valideynlər ətrafda ailənin yönləndirməsi ilə uğur qazanan uşaqları görüb bunu öz övladları üzərində tətbiq etməyə çalışırlar. Məsuliyyət hissi zəif, davranış problemləri olan uşaqları valideynin yaxşı mənada yönləndirməsi ilə onun uğurları arta bilir. Ancaq bu, o demək deyil ki, belə bir qayda bütün uşaqlara tətbiq edilməlidir. Kompleksli, özünəqapalı abituriyentlərdə bu üsul böyük fəsad verə bilir. Bu, onların daha da özünə qapanması, özünə qəsdi, özünəqəsd şantajları ilə nəticələnə bilər. Bundan başqa, valideynlər övladlarının uğurlarını başqaları ilə müzakirə etməməli, digər insanların övladları üzərində söz haqqına icazə verməməlidirlər. Çox zaman abituriyentin imtahan nəticələrində kənardan deyilən sözlərin təsiri böyük olur. Çünki onlar kənardan deyilən sözə daha həssas olurlar”.

Psixoloq müəllimlərin də bəzi hallarda abituriyentlərə mənfi təsir etdiyini deyir:

“Bəzi müəllimlər imtahandan əvvəl “təsəvvür et ki, yaxşı bal toplamamısan”, “təsəvvür et ki, imtahandan kəsilmisən, dostların universitetə girib” ifadələri ilə abituriyentdə əlavə stress yaradırlar. Bu da onların özünəqapanmasına, bəzən depressiv əlamətlərdən əziyyət çəkməsinə gətirib çıxara bilər”.

A.Nəbiyeva ətrafında bu cür müəllim, valideyn və yaxınları olan abituriyentlərin özlərini imtahana necə hazırlamasından da danışıb:

“Abituriyentlər bilməlidirlər ki, imtahan nəticəsi onların biliyi ilə yanaşı emosional durumunu da ifadə edir. Bəlkə, doğrudan da abituriyent yaxşı bilik sahibidir, amma emosional durumu suallara düzgün cavab verməsinə mane olur. Abituriyentlər bilməlidirlər ki, imtahan dünyanın sonu deyil, həyat davam edir. İlk girdiyin imtahanın bütün həyatını tənzimləyəcəyi və ya ilk girdiyin imtahanın son imtahan olacağı ilə bağlı bir qayda yoxdur. İmtahan səhvlər və sınaqlardan ibarət olmalıdır. İnsanlar ona görə imtahan girir ki, uğursuzluq olanda növbəti imtahanı verə bilsin. Bunu həm ətrafdakı insanlar, həm valideynlər, həm də abituriyentlər dərk etsələr, çox yaxşı olar”.

Gənclər 5-6 il ali məktəbə daxil olmasalar da...

Publika.az-a danışan təhsil eksperti Etibar Əliyev deyir ki, bir çox müəllim və valideynin uşaqların orta məktəbi bitirən kimi ali məktəbə daxil olmamasını həyatın sonu kimi təsvir etmələri abituriyentlərdə pessimist hissləri gücləndirir:

“Təəssüf ki, abituriyentlərə bu fikrin aşılanması cəmiyyətdə çox geniş yayılıb. Sovet dövründə bəzən gənclər beş-altı il ali məktəbə daxil olmasalar da, yenidən qəbul imtahanlarında iştirak edirdilər. Üstəlik, imtahan nəticələrinə görə intihar hadisəsinə rast gəlməmişdik. Baxmayaraq ki, o zaman abituriyentlər professorların qarşısında imtahan verirdi. Onun stressi daha böyük idi, indi abituriyentdən tələb olunan məqam biliklərini kağız üzərinə köçürməkdir.

Ekspert, valideyn, müəllim və psixoloqlar şagirdlərə təhsilin digər pillələri, onların da müəyyən üstünlüklərə malik olması barədə məlumatlar verməlidir. Mütəxəssis, sənətkar olmaq üçün təkcə ali təhsilə yiyələnmək mütləq deyil. Təhsil yalnız ali mərhələdən ibarət deyil, kollec, peşə təhsili mərhələləri var. Hazırda əmək bazarında bu peşə təhsili məzunlarına daha çox ehtiyac duyulur. Bu gün məktəblərdə psixoloqlar, məktəblinin dostu, valideyn assosiasiyaları təmsil edilir. Onların çoxu ali təhsillidir, şagirdlərdə optimist hissləri gücləndirməlidirlər. Bu gün məktəb psixoloqlarının işini gücləndirmək lazımdır, onlar dərsdən sonra şagirdlər arasında psixoloji durumla bağlı maarifləndirmə işləri aparmalıdır. Təəssüf ki, bu istiqamətdə sistemsizlik var”.

Ekspert onu da vurğulayıb ki, 1-2 abituriyentin uğursuz imtahan nəticəsinə görə intihara əl atması prosesin çətin olduğu anlamına gəlməməlidir:

“Bu hadisələrdən sonra bütün günahı imtahan suallarının çətinliyində axtarmaq doğru deyil, hətta absurd yanaşmadır. Onsuz da suallar məktəb proqramından kənara çıxmır. Bundan başqa, Dövlət İmtahan Mərkəzi ildə iki dəfə imtahan prosesini təşkil etməklə abituriyentlərə ikinci bir şans verir. Birinci imtahan nəticəsi uğursuz olanlar ikinci imtahanda çətinliyi aradan qaldıra bilir. Dövlət İmtahan Mərkəzi əvvəlki illərin imtahan nəticələrini çap formasında təqdim edir. Bütün bunlar isə abituriyentlərin işini asanlaşdırır. Əslində biliyi az olub, daha yüksək nəticə əldə etmək istəyən abituriyentlərdə adətən, bu cür stress, narahatlıq hissi olur. Biliyinə arxayın olanlar rahat şəkildə prosesdə iştirak edir. Ona görə hər kəs öz biliyinə uyğun istiqamətlənməlidir. Dünyanın əksər ölkələrində valideynlər övladlarının ixtisas seçiminə müdaxilə etmir. Həmin ölkələrdə seçim şagirdlərin məktəb vaxtı üzə çıxarılan bilikləri əsasında aparılır. Məktəbin vəzifəsi şagirdlərdə istedad nişanələrini açmaqdır. Sizin sayt vasitəsilə valideynlərə müraciət edirəm ki, ixtisas məsələsində uşaqlarını təhdid etməsinlər. Onsuz da hər bir valideyn övladının bilik və bacarıqlarını bilir”.

Dövlət İmtahan Mərkəzinin Drektorlar Şurasının sədri Məleykə Abbaszadə də son günlər yaşana intihar hadisələri barədə danışıb. Sədr qeyd edib ki, valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmələri düzgün deyil:

“Ümumilikdə isə intihar səbəblərini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək doğru olmaz. Bizim müxtəlif çarxlarımız var. Bu materiallarla valideynlər də tanış olmalıdır. Həmişə öz çıxışlarımda valideynlərə müraciət edirəm. Bu prosesdə valideynlərdən çox şey asılıdır. Ailə istəyir ki, övladı ali təhsil alsın. Bunu da onun xoşbəxtliyi üçün istəyir. Uşaq var oxumaq istəmir, ancaq valideyn onu kitab oxumağa məcbur edir. Ola bilər ki, övladının hansısa sahədə əl qabiliyyəti var və bu işlə məşğul olmaq istəyir. Ona görə də yeniyetmələrin fikrini öyrənmək, onlarla ünsiyyətdə olmaq lazımdır”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>