“Onunla öpüşməkdən qorxmurdum”
Bizi izləyin

Tabloid.az

“Onunla öpüşməkdən qorxmurdum”

28 yaşında dünyasını dəyişmiş aktyorun həyat hekayəsi

Öldüyü gün o, yəqin ki, depressiya, panika, yuxusuzluq və ağciyərlərinin iltihabından əziyyət çəkib. Bir şey dəqiq məlumdur: o, bütün bunları tənhalıqda keçirib.

Yuxusuzluqdan əziyyət çəkdiyini və səhhətinin pis olduğunun heç kimdən gizlətməzdi. “Həkim Parnasın xəyalı” filminin çəkilişləri zamanı Londonun soyuq havasından onun işlərində fasilə yaranmışdı. O, Nyu-Yorkdan Londona və əksinə, yol dəyişməklə məşğul idi. Daim qızı üçün darıxırdı.

O, çox hərəkətli insan idi. Bir də görürdün, gecəyarısı yuxudan oyanıb iş dalınca gedərdi. Onun beyni heç vaxt istirahət etməzdi. Yuxusuzluqdan da elə buna görə əziyyət çəkirdi.

Sadə oğlan Lecer

Lecer daha çox gözəgörünməz olmaq istəyirdi, adi insanlar kimi yaşaya bilmədiyindən əziyyət çəkirdi. Lakin milyonlarla insanın ona qiymət verməsi qəlbinin dərinliyində ona həzz verirdi.

Hit qızını dəlicəsinə sevirdi. Matilda onun bütün fikirlərini məşğul edirdi. “Oskar” nominantı Lecer qızını çantaya qoyur, qulaqlığını taxır və evdən bayıra çıxırdı. Heç kimin ağlına gəlməzdi ki, qızını gəzdirən bu kişi Hit Lecerdir. Hamı ona sıradan bir uşaqlı adam kimi baxardı.

O, daha çox rollar oynamalı, daha da maraqlı obrazlar yaratmalı idi. Hit Lecer hələ çox işlər görəcəkdi. Onun istedadı, əzmi və xarizması hələ çox şey vəd edirdi. Lakin aktyor 6 il əvvəl 28 yaşında ikən arzularını da özü ilə qəbirə apardı.

Hitin xarici görünüşü onu ancaq “romantik gənc” ampluasına salsa da, o, cəngavər olmağı arzulayan oğlandan tutmuş qızların qəlbini fəth edən Kazanovaya, öz vətənini canı bahasına qoruyan vətənpərvərdən tutmuş eybəcər simalı Cokerə qədər müxtəlif rollar ifa etdi. On illik qısa zaman çərçivəsində bu qədər rəngarəng rollar ifa etmək hər kəsə qismət olmur. Amma Hit bu missiyanın öhdəsindən uğurla gəldi.

Lecer tamamilə sadə, mehriban bir insan, bütün qəlbi sənəti üçün çırpınan akyor olub.

Coker rolunun mahir ifaçısı

Hitkliff Endrü Lecer 4 aprel 1979-cu ildə Avstraliyanın qərbində yerləşən Pert şəhərində doğulub. Valideynləri oğullarına Emili Brontenin “İldırımlı aşırım” romandakı baş qəhrəmanın adını qoyur. Ata-anası boşandıqdan sonra oğlan anası ilə qalmalı olub.

“Mən hələ də 6 yaşlı uşağam. Lakin insan özü istəsə, böyüyə də bilər. Evdən çıxıb ABŞ-a yollandığım zamanda uzun bir yolun başında olduğumu anladım. Artıq böyümək zamanı idi”.

Hit həyatda ən çox snoubord və vindsörfinqi, reqbini sevirdi. O əmin idi ki, Hollivudda bunları ondan yaxşı bacaran tapılmaz. Şəkillər çəkər, rəssamlıq, poeziya və şahmatla maraqlanardı. O, piano dərsləri alırdı, gitarada əla ifa edirdi.

“İlk oynadığım uzunqulaq rolu olub. Aha, düz eşitdiniz, uzunqulaq rolu. Hələ bundan əvvəl uşaq bağçasında qoyun rolunu da ifa etmişəm”.

Onun kimi gülə bilən insanlar hər 50 ildən bir doğulur. Hitin gözlərində isə qadınları heyran edən nəsə sirli bir cazibə vardı. Bu gözlər kişi qüdrətini və eyni zamanda uşaq sadəlövhlüyünü birləşdirirdi. Onun xüsusi bir seksuallığı da yox idi. Gözləri istisna olunmaqla. Amma bəzən bu gözlər elə kədərli olurdu ki...

Müasir kinonun ən cazibədar aktyoru

Nəyə üçün Kazanova roluna çəkilməsi haqda suallar verildikdə onun yerinə rejisor Lass Halsterm cavab verir: “Müasir kinoda onun kimi cazibədar kişi tapmaq çox çətindir”.

İyirmi yaşında ərizə doldurarkən Hit özünün necə insan olması haqda verilən suala belə cavab verib: “Xoşbəxt, hərəkətli, xəyalpərəst və əsəbiyəm”...

Onun ən sevdiyi söz zarafat, əyləncə, şənlik mənasını verən “fun” olub.

– Bu rol necə idi?

– Fun.

– Bəs bu?

– Bu, elə “fun” idi.

– Bəs o biri?

– Mənim həyatımda hələ belə bir “fun” olmayıb.

Coker rolu barədə isə Lecer belə deyirdi: “Mənim həyatımda belə bir “fun” bir daha olmayacaq”.

Elə də oldu. Coker rolu ilə o ”fun”larına yekun vurdu.

Xoşbəxt Lecer

Kədərlisənsə, Lecer sənin qeydinə qalardı. Yox, əgər xoşbəxtsənsə, o, sənin həyatını daha xoşbəxt etməyə çalışardı. O, bunu rəqs etməklə, danışmaqla və gülməklə edərdi. O, qorxu tanımazdı. Sən onun xoşuna gəlmirsənsə, bunu görəcəkdin, xoşuna gəlirsənsə, bundan da xəbər tutacaqdın.

2007-ci ildə “Empire Magazine” jurnalının 100 ən seksual kino ulduzu siyahısına düşüb. 2001-ci ildə isə “People” jurnalının “50 ən yaraşıqlı insan” siyahısında olub.

Lecer daim yeni pilləyə qalxmağa can atırdı. Hollivudda özünə ciddi bir imic yaratmaq istədiyindən dəvət aldığı filmlərə diqqət yetirirdi.

Məşhurluğa aparan yol

1999-cu ildə Hit “Nifrətimin 10 səbəbi” komediya filmində çəkilir. Bu film onu Hollivudda çox məşhurlaşdırır. Üstəlik, Hit ilk ciddi qonorarını alır – 100 000 dollar! Film isə MTV Movie Awards-ın “ən yaxşı musiqili epizod” kateqoriyasında namizəd olur. Hit anlayırdı ki, kino təkcə pul qazanmaq vasitəsi deyil, o, uşaqlıqdan arzuladığı kimi özünü aktyor kimi doğrultmalıdır. Ona görə də bu rollarından sonra Lecer “yaraşıqlı gənc” ampluasından uzaqlaşaraq daha ciddi obrazlara meyllənir. Roland Emmerixin “Vətənpərvər” filmində Mel Gibsonla birlikdə rol alır. Bu filmə görə o, “Blockbuster Entertainment Award” mükafatına layiq görülür və dünya şöhrəti qazanır.


Bu illərdə onun şəxsi həyatında da dəyişiklik baş verir. Hit özündən 9 yaş böyük aktrisa Hizer Qremlə görüşməyə başlayır. Lakin iki ildən sonra Hizerlə yolları ayrılır. Qarşıda Hiti daha böyük sevgilər və uğurlar gözləyirdi.

“Cəngavərin hekayəsi” filmi Hiti Hollivud ulduzları ilə bir sıraya qoyur. 2002-2004-cü illərdə - “Kellinin dəstəsi” filminin çəkilişləri zamanı tanış olduğu Naomi Uottsla uzunmüddətli eşq yaşayır. Adları mətbuatın ilk səhifələrindən düşmür. Həmçinin paparasilərin və Hollivud ulduzları haqqında şou xəbərlərin də sevimli cütlüyünə çevrilirlər. İki il ərzində dəfələrlə küsüb-barışsalar da, 2004-cü ildə tamamən ayrılmağa qərar verirlər.

Aktisa Naomi Uotts: “Gözəl münasibətlərimiz cəmi iki il davam etdi. Hit sevinc, əyləncə və sevgi dolu bir insan idi. Onun, həqiqətən də, zərif ürəyi vardı. O, mənim həyatımda böyük iz qoydu”.

2005-ci ili Hit Lecerin karyerasının pik nöqtəsi saymaq olar. Həmin il onun iştirakı ilə dörd film böyük ekranlara çıxır – “Qrimm qardaşları”, “Doqtaun kralları”, “Donqar dağ” və “Kazanova”. Maraqlıdır ki, yaratdığı obrazların biri-birindən tam fərqli olmağına baxmayaq, Hit onların hər birini özünəməxsus və eyni zamanda təkrarsız şəkildə ifa edib.

Prodüser, rejissor, ssenarist, aktyor Terri Gilliam: “O, çox yaraşıqlı idi. Yadımdadır, Monika Beluççi “Qrimm qardaşları” filminə çəkilməyə gələndə Hitin şəkili asılan qrim otağına girdi və şəkil onun diqqətini cəlb etdi. Monika onunla tanış deyildi. Məncə, kim olduğunu da bilirdi, amma o, fotoya yaxınlaşdı və diqqətlə Hitin şəklinə baxdı. Lecerin bax belə bir cazibəsi var idi”.

Həmcinsi ilə öpüşərkən...

Hitin bu illərdə çəkildiyi uğurlu filmlərindən biri kovboy-biseksual obrazını yaratdığı “Donqar dağ” idi. Filmdə onun tərəf müqabili isə sonradan yaxın dostuna çevriləcək Ceyk Cillenhol oldu. Film “ən yaxşı öpüş” nominasiyasında MTV, “Oskar”, “Qızıl Qlobus”mükafatlarına layiq görüldü.

“Mən Ceyklə öpüşməkdən qorxmurdum. Düz, 10 il idi ki, belə bir rolda öz istedadımı göstərmək istəyirdim. Daha çox bu rolun öhdəsindən gələ bilməyəcəyimdən qorxurdum. Mən hər şeyə hazır idim!”

“Kazanova” filmi isə Hit Lecerə tamam başqa, daha böyük populyarlıq gətirir. Əslində, “cazibədar məşuq” görkəmi olmayan aktyorun Kazanova obrazını canlandırmağı əks təsir də yarada bilərdi. Lakin Hitin xarizması, şarmı, baxışları, xüsusilə də, gülüşü və aktyorluq qabiliyyəti rejissor Lasse Hallströmu peşman etmədi. Film uğur qazana bildi.

“Donqar dağ” filminin Kanadadakı çəkilişləri zamanı Lecer aktrisa Mişel Uilyamsla tanış olur. Bu, onun şəxsi həyatında dönüş nöqtəsi idi. Sonralar Hitin dünyasında Mişelin rolu çox böyük olacaqdı. 2005-ci il oktyabrın 28-də cütlüyün qızı Matilda Rouz Lecer dünyaya gələcəkdi. Matildanın xaç atası isə Hitin yaxın dostu aktyor Ceyk Cillenhol olacaqdı.

“Oskar”sız da özümü xoşbəxt hiss edirəm. Çəkilişlərin birində Mişellə tanış olduq. Bilmirəm, nə zamansa onun kimisini bir daha sevə biləcəyəmmi? Mişel mənə qızım Matildanı hədiyyə edib. Bu isə dünyada bütün mükafatlardan əhəmiyyətlidir. Mənim yaşasam stimulum yalnız Maltildadır.

Övlad insanın həyatını bütünlüklə dəyişir. Əlbəttə ki, çox qurbanlar verirsən, amma müqabilində daha çoxunu alırsan. Bəzən ölümə hazır olduğumu hiss edirəm, həyatımı isə qızım davam etdirəcək”

Bədheybət Lecer

2007-ci ildə Hit Lecer onu sevənlər və kino tənqidçiləri qarşısına tamam fərqli bir ampluada çıxır. O, “Avstraliya” filminə aldığı dəvəti rədd edərək, Betman haqqında çəkilən “Qara cəngavər” filmində Coker rolunda çəkilməyə razılıq verir. Onun yeri-göyü lərzəyə salan kobud və eyni zamanda ehtiraslı səsi vardı.

Operator Nikola Pekorini: “Hit ilk dəfə mənim yanıma Coker obrazında gələndə dedim: “Aman Allah! Hit, onlar səni qovacaqlar!” O isə cavab verdi : “Ola bilər, amma mən bu rolu ancaq bu qrimlə oynayacağam”. Nəhayət, oynadı da. Sadəcə, kinostudiyalar mümkün olanın sərhədinə dirənən şeylərdən qorxurlar. Hit isə həmişə təzyiq edirdi. Bu, onun xasiyyəti idi – sərhədləri məhv etmək”.

Rejissor Kristofer Nolan: “Hit öz qəhrəmanını çox dərindən öyrənərək onun danışıq tərzini dəfələrlə məşq edirdi və bunu personajın ən önəmli xarekterik cizgisinə çevirirdi. Çətin bir səhnəni çəkirdik. Bu səhnənin çəkilişlərinə iki həftə ayırmağı nəzərdə tutmuşduq. Həmin gün çəkiliş saatı artıq bitmişdi. Amma Hit çəkilişi dayandırmaq istəmirdi. Ağlına müxtəlif hərəkətlər gəlirdi, qorxurdu ki, çəkilişin davamı sabaha qalsa, bu jestləri, bu mimikaları edə bilməyəcək. Çəkiliş heyəti isə yorulmuşdu və işləri artıq yekunlaşdırmaq istəyirdi. Amma Hitə görə məcbur olub gecəyədək işlədilər. Mən sonra xəbər tutdum ki, həmin gecə Hit çəkiliş meydanından gedərkən hər bir işçi ilə şəxsən görüşüb, sakitcə minnətdarlığını bildirib. Çox düşüncəli adam idi”.


Bu dönəmlərdə Hit artıq Mişeldən ayrılmışdı. Çox depressiv, ağır günlər yaşayırdı. Amma çəkiliş meydanında şəxsi həyatını bir kənara qoyub obrazını canlandırırdı.

“Mən boşanmaqda pis bir şey görmürəm. Bir insanla sonadək necə yaşamaq olar? Bunu təsəvvürümə belə, gətirə bilmirəm. Onsuz da gec-tez o səni bezdirəcək”.


Coker roluna görə Hit “Oskar”, “Qızıl Qlobus”, MTV mükafatı, BAFTA, “Corc” və “Saturn” mükafatlarına layiq görüldü. Lakin bu mükafatların heç birini səhnəyə çıxaraq almaq ona qismət olmadı. Çünki 2008-ci il yanvarın 22-də Hit Lecer Manhettendəki evində ölü tapıldı.

Meyitin yarılması ölüm səbəbini aşkarlaya bilmədiyindən, əlavə toksikoloji ekspertizaya ehtiyac görüldü. Lecerin ölüm səbəbi rəsmi sənədlərdə belə göstərilir: ağrıkəsici (həmçinin, narkotik analgetiklər), yuxugətirici dərmanlar və trankvilizatorların yaratdığı kəskin intoksikasiya.


Aktyorun cəsədi dəfn üçün Avstraliyaya göndərildi. 2008-ci il fevralın 9-da o, vəsiyyət etdiyi kimi qrimlənərək Pertdə dəfn edildi. Aktyorla vidalaşmağa 5000-ə yaxın adam gəlmişdi.


Aktrisa Mişel Uilyams: “Matilda ağaclarla pıçıldaşanda, heyvanları qucaqlayanda anlayıram ki, Hit haradasa yanımızdadır. Ondan qalan ən yaxşı xatirə – qızımdır”.

Həyatının son aylarında Hit Lecer avstraliyalı aktrisa və model Cemmi Uordla görüşürdü. Amma bu izdivac onu depressiyadan və özünə qapanmadan xilas edə bilmədi.


“Əlbəttə ki, “ölüm” kəlməsi mənə xoş gəlmir. Doğrudan da, gənc ölsəm, ümid edirəm ki, xatırlanacaq qədər iş görmüşəm. Amma bəzən hər şeydən yorulanda, bezəndə, təsəvvür edirəm ki, Marsda oturub Yerə baxıram. O zaman heç bir kədər, ağrı, qorxu hiss etmirəm. Anlayıram ki, özüm heç kiməm və problemlərim də göründüyü qədər böyük deyil”


“Qara cəngavər” filmindəki bir səhnə Hit Lecer ve Kristian Beyl (Betmen və Coker) müharibəsinin hələ davam edəcəyinə işarə edirdi. Coker başı aşağı halda Betmenlə danışarkən deyir: “Bizim səninlə mübarizəmiz sonsuzluğa qədər davam etməlidir”. Bu ifadə filmin davamının olacağına işarə idi. Lakin Hitin ölümü onu bu “müharibədə” məğlubiyyətə uğratdı.

Aktyor Rassel Krou: “İndiyədək telefonumda onun nömrəsini saxlamışam. Pozmağa əlim gəlmir. Mən bu oğlanı, sadəcə, sevirdim”.

Hit Lecer ölümündən sonra “Oskar” mükafatına layiq görülən ikinci aktyordur. İlki - 1976-cı ildə avstraliyalı Piter Finç olmuşdu.


Lecer ölümqabağı “Həkim Parnasın xəyalı” adlı filmə çəkilirdi. Filmin yarıdan çoxu Hitin iştirakı ilə artıq çəkilmişdi. Çəkilişləri əvvəldən başlamaq mümkün deyildi. Ona görə də yaradıcı heyət bir hiylə işlədir. Süjetə əsasən Hit Lecerin qəhrəmanı Toni, həkim Parnasın sehirli güzgüsündən çıxır. Rejissor bundan sonra Toninin xarici görkəmini dəyişri. Bu obrazı Conni Dep, Kolin Farrell və Cud Lou canlandırır. Filmdən sonra Conni Depp, Cud Lou və Kolin Farell qazandıqları qonorarı Hit Lecerin 2 yaşlı qızı Matildaya verirlər.

Aktyor Conni Depp: “Baxmayaraq ki, bu filmə gəlmə hekayəm ağır itki ilə bağlıdır, amma Hitin rolunu davam etdirmək mənim üçün şərəfdir. O yeganə aktyor idi ki, nəfəsini kürəyimdə hiss edirdim. Onun, “ey, hamınız çəkilin! Mən gəlirəm!” – deyən bir görünüşü və istedadı var idi.”


Prodüser, rejissor, ssenarist, aktyor Terri Gilliam: “Hitə yaxın olan hər kəs onun nələrdən keçdiyini bilirdi. O, qızını dəhşətli dərəcədə çox sevirdi. Ondan ayrı qalmaq Hit üçün çox çətin idi”.


Son günlərində Hit ölümü tez-tez xatırlayırdı. Sakit, qayğısız ölüm arzuladığını deyirdi. Bəzən də cümlələri “əgər gənc yaşlarımda ölsəm…” ifadəsi ilə başlayırdı. Bir tərəfdən ölümə hazır olduğunu deyir, digər tərəfdən hələ çox işlər görməli olduğunu anlayırdı. Lakin Hitin istedadı və bacarığı bu qısa zaman çərçivəsində tam üzə çıxmadı. O, imkansızı imkanlı edə biləcək gücə malik idi.

O, deyərdi: “Mən qocalana kimi yaşamayacağam”. Mən isə cavab verərdim: “Yaxşı görək, oğlum, bu barədə düşünmə”. Lecer dəfələrlə bunu mənə və bacısına deyib. Görünür, ya insan öz taleyini seçir, ya da bunu kimsə onun yerinə seçir. 28 yaşınadək o, həyatında çox şey etməyə qadir oldu. O, sanki harasa tələsirdi və işlərini vaxtında görüb bitirmək istəyirdi”

- Anası Kim Lecer

Tərcümə: Camalə


Oxumağa davam et
Reklam
Reklam

Gündəm