Məmurların məclislərinə apardıqları məşhur nənələr – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Məmurların məclislərinə apardıqları məşhur nənələr – FOTOLAR, VİDEO

Həmsöhbətim Lənkəranın məşhur “Nənələr” folklor qrupunun rəhbəridir.

Lerikdə keçirilən Uzunömürlülərin festivalında iştirak edən ansambl üzvləri ilə söhbətləşmək fürsətini biz də qaçırmadıq. “Nənələr” qrupunun rəhbəri Xanımbacı nənənin Publika.az-a müsahibəsini təqdim edirik. Qeyd edək ki, ansanblın ən yaşlı üzvünün 78, ən kiçiyinin 46 yaşı var.

- “Nənələr” qrupu neçə ildir ki, fəaliyyət göstərir?

- 1980-ci ildən yaranıb bu qrup. Elə mən özüm yaratmışam. O vaxtdan bu günə qədər də bərabər fəaliyyət göstəririk.

- Qrup ilk dəfə hansı adla fəaliyyətə başlayıb?

- “Bacılar” qrupu deyirdilər bizə. Biz onda cavan, göyçək qızlar idik, sonradan yaşa dolub nənə olmuşuq. Fikirləşdik ki, daha “Bacılar”ın yeri yoxdur, qrupa “Nənələr” adı verdik. Çox da uğurlu alındı. İndi “Nənələr”i Azərbaycanda tanımayan yoxdur.

- “Nənələr”in neçə üzvü var?

- Beş nəfərik: mən -Xanımbacı, Qızbəs, Müşərəf, Gülçöhrə, Gülbəzək… Bunlardan biri mənim bacımdır, o birisi bacım qızı. Elə qohumuq hamımız.

- Repertuarınız çox fərqli, maraqlıdır. Musiqiləri kimin zövqü ilə seçirsiniz?

- Bizə nə dərs veriblər, nə də savad. Heç birimizin də musiqi təhsili yoxdur. Elə özümüz axtarıb-arayıb, ağbirçəklərimizdən eşitdiklərimizi oxuyuruq. Oxuduğumuz mahnıların çoxunu bizdən başqa heç kim bilmir, dədə-babadan qalma mahnılardır. Qabaqlar nənəm-anam qoyun-keçi dərisindən qaval düzəldərdi və ürəyindən keçənləri mahnı kimi oxuyardı. Biz də ondan görüb-eşidib, götürmüşük. Bəstəkar deyilik, amma özümüzün qoşub-düzdüyümüz mahnılar da var.

- Heç başqa müğənnilərin mahnılarını oxuyursunuz? Yəni toyda sifariş verirlərmi?

- Adətən öz mahnılarımızı oxuyuruq, amma həddən artıq bəyəndiyimiz mahnı olanda ifa edirik.

- Məsələn?

- Könül Kərimovanın “Yar başına dönüm sənin” mahnısını çox istəyirik və həmişə toylarda oxuyuruq.

- Qəşəng libaslarınız var, hazır alırsınız, yoxsa, tikdirmisiniz?

- Hamısını Bakıdan alıb gətiririk. Daha doğrusu, orada bizim üçün tikirlər.

- Neçə dəst belə libasınız var?

- Hərəmizin 2-3 dəsti var. Milli geyimlərdir bunlar.

- Yəqin, toylara gedirsiniz. Ən çox hansı bölgələrə dəvət alırsınız?

- Hamısına. Cənub bölgəsi başda olmaqla, bütün Azərbaycanda bizi sevirlər. Xüsusən də Bakıda. Əvvəl-əvvəl yaxşı tanımırdılar, sonradan ki bu televizorda-filanda göstərdilər bizi, ondan sonra hamı həvəsə düşdü. Məmurlar deyir ki, uşağımızın məclisində “Nənələr” oxumalıdır. Onlar bizi məclislərinə tez-tez aparırlar.

- Yaxşı pul verirlər?

- Özümüzə görə pis deyil, naşükürlük etmirik.

- Pulu kim bölür aranızda, ən çox kimə düşür?

- Pulu mən bölürəm, çünki başçı mənəm. (Gülüşürlər) Hamısına da dədə malı kimi eyni bölürəm.

- Aranızda ən varlısı kimdir?

- İndiki vaxtda kasıb adam yoxdur, elə hamımız yaxşı dolanırıq.

- Heç aranızda söz-söhbət, dava-dalaş olur?

- Qətiyyən buna yol vermərəm. Onların qarşısında şərt kəsmişəm ki, aramızda dedi-qodu olmayacaq. Biz mehriban qohumlarıq.

- Bakıdakı müğənniləri özünüzə rəqib görürsünüz?

- Onlar cavandırlar, biz axı qocayıq.

- Haranız qocadır, min cavana dəyərsiniz. Siz təbii gözəlsiniz, amma Bakıdakı müğənnilərin çoxu plastik əməliyyatla gözəlləşiblər.

- Düz deyirsiniz. Amma cavan olsalar da, onlar fonoqramla oxuyur, biz canlı. Fonoqram olmasa, batarlar.

- Bakıda hansı kişi müğənni ilə duet oxumaq istərdiniz? Ürəyinizdən keçirmi belə duet?

- Teymur Mustafayevlə oxumuşuq, amma cavanlardan istərdik Nadir Qafarzadəylə duetimiz olsun. Nadiri, Faiq Ağayevi çox istəyirik. Sonra Elnur var e, qəşəng oğlan, bax onunla duet oxumaq əla olardı. Bir də ən böyük arzumuz Zeynəb Xanlarovanı yaxından görməkdir. Onu hədsiz çox istəyirik, mahnılarını əzbər bilirik. Zeynəb xanım bizi Bakıya dəvət etsə, qaça-qaça gələrik.

- Arzunuz nədir?

- Arzumuz xarici ölkələrə qədər gedib çıxmaq. Qoy Avropada görsünlər ki, Azərbaycanın necə “Nənələr”i var. Rusiyanın “Nənələr”indən nəyimiz əskikdir, hər yerə çıxarırlar, tərifləyirlər. Azərbaycanın “Nənələr”i onların mininə dəyər. Səsimiz də onlarınkından gözəldir, mahnılarımız da fərqlidir. Özümüz də ki... Maşallah, canlı oxumaqda bizə heç kim çatmaz. Bir dili bilmirdik, şükür Allaha, onu da öyrənirik. Nəvəm mahnılarımızın bir-ikisini ingilis dilində tərcümə edib. Artıq yaxın günlərdə “Nənələr” ingilis dilində mahnı oxuyacaq. Sadəcə, bizə dəstək lazımdır, bizi qabağa çəkən olsa, qabağımızda heç bir ölkənin müğənnisi dura bilməyəcək.

- İstərdiniz prodüseriniz olsun, sizi tanıtsın?

- Nəvəm bu işi öz öhdəsinə götürüb. Mahnılarımızı yazdırır, toya-məclisə gedəndə bizimlə bərabər olur.

- Heç ansamblınıza üzv olmaq istəyən nənələr sizə müraciət edirlərmi?

- O qədər… Səslərini də bəyənirik, amma bizim ansambl ailə ansamblıdır. İstəmirik kənar adamları daxil edək. Gələcəkdə də elə öz yaxınlarımız bu ansamblı yaşadacaq.

- Heç birdəfəlik Bakıya köçüb orda şou-biznesə qatılmaq arzunuz yoxdur ki?

- Yox, Bakıya gedib, gəzib-dolanmaq, istirahət etmək istəyirik. Həm də toylara çağırsınlar, pul qazanaq. Necə deyərlər, həm ziyarət, həm ticarət. Birdəfəlik gedə bilmərik, öyrəşmişik evimizə-eşiyimizə.

- Sevda Ələkbərzadə ilə yenidən oxumaq istəyirsiniz?

- Sevda çox gözəl qızdır. Sağ olsun, məni də tanıtdı hamıya.

- Pulunuzu verdi?

- Bəs nə, Sevda zəhmət itirən qız deyil.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

(Bakı-Lerik-Bakı)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm