“Zeynəb Xanlarova dedi ki, sən də bəstəkar olacaqsan?”
Bizi izləyin

Tabloid.az

“Zeynəb Xanlarova dedi ki, sən də bəstəkar olacaqsan?”

Tanınmış bəstəkar Rauf Məmmədovun Publika.az-a müsahibəsi

- Rauf müəllim, bir zamanlar Azərbaycanda elə müğənni yox idi ki, sizin bəstələrinizi oxumasın. Amma son vaxtlar, sanki kölgədə qalırsınız...

- Son vaxtlar yetərincə mahnılarım oxunub. Nadir Qafarzadə üç yeni, iki köhnə mahnımı oxuyub. Mətanət İsgəndərli də bir yeni mahnımı ifa edib. Mətanət xanımla on mahnı işləyəcəyik. Düz deyirsiniz, bir ara mahnılarım oxunmadı. Amma indi hər gün, demək olar ki, mahnılarım oxunur. Gənc müğənnilərdən də bir neçə təklif var. Onları da dəyərləndirəcəyəm.


- İxtisasca jurnalistsiniz. Jurnalist birdən-birə necə bəstəkara çevrildi?

- Əvvəldən musiqiyə həvəsim olub. Amma evdən icazə verməyiblər. Atam istəmirdi ki, mən musiqi sahəsində olum, özümün də jurnalistikaya həvəsim yox idi. 1967-ci ildə piano alıblar, amma musiqi məktəbinə qoymayıblar. İfa etməyi özüm öyrənmişəm. Sonra rejissor olmaq istədim, ona da icazə vermədilər. Ailənin yeganə uşağı olmuşam. Biz dağlıyıq da. Ona görə də atam istəmirdi ki, bu yolu seçim. Çünki dağlılar xarakter etibarilə ağır insanlar olurlar. Atam da belə şeylərə ciddi yanaşmırdı, hüquqşünas olmağımı istəyirdi. Amma sonradan uğurlarımı gördükcə sevinirdi. Axırda məcbur olub indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum.


- Mahnılarınızı SSRİ xalq artisti Zeynəb Xanlarova və bir sıra yetərincə populyar müğənnilər oxuyub. Halbuki, ixtisaslı bəstəkarlar belə sənətkarlarla işləməyə can atırdılar. Bütün bunlar necə baş verdi?

- Zeynəb Xanlarova ilə uzaq qohumluq əlaqələrimiz də var. Mənim haqqımda ona çox şeylər demişdilər, bildirmişdilər ki, musiqiyə böyük marağım var. Günlərin birində görüşdük. 1979-cu ildən onlara gedib gəlməyə başladım. Bir dəfə mahnı yazmağımla bağlı özünə danışdım. Dedi ki, ee, sən də bəstəkar olacaqsan? Bu sözü ürəyimdə saxladım. Üstündən yeddi il keçəndən sonra Zeynəb xanım “Qızıl val” mükafatı aldı. O vaxt Ümumittifaq Melodiya Firması belə bir mükafat təsis etmişdi. İki milyondan artıq valı satılana həmin mükafatı verirdilər. Zaqafqaziyada ilk müğəniydi ki, bu mükafatı almışdı. Həmin vaxt Zeynəb Xanlarovanın konsertinin açılışını etmək üçün “Xoş gördük, əzizlərim” adlı bir mahnı bəstələdim. Həmin mahnının sözlərini isə Hidayət Elvüsal yazdı. Zeynəb xanım mənə qədər Tahir Əkbərlə, Emin Sabitoğluyla, Faiq Sücəddinovla, Oqtay Kazımovla əməkdaşlıq edib. Ondan sonra mənimlə işlədi. “Xoş gördük, əzizlərim”dən sonra “Niyə yox deyirsən”, “Qalmaz belə, qalmaz dünya”, “Ağlama sevda” mahnıları yazıldı, ardınca 1991-ci ildə “Yaşa, mənim xalqım” mahnısı yarandı. Təvazökarlıqdan kənar da olsa, deməliyəm ki, o illərdə Zeynəb xanım öz mahnılarını kənara qoyub, mənim mahnılarımı oxuyurdu. 1991-ci ildə 11 gün konsert verdi və orada mənim altı mahnım səsləndi. Bu, kiçik göstərici deyil.

- Hazırda haradasa işləyirsiniz?

- Bəli, indi Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzində işləyirəm. Ola bilsin ki, televiziyada da işə başladım. Amma özəl televiziya istəmirəm. Çünki onlardan ağzım yanıb.

- Nə mənada ağzınız yanıb? Yəqin ki, nə vaxtsa narazı qalmısınız.

- Özəl televiziyalar istədikləri vaxt adamı işdən çıxara bilərlər. Dövlət televiziyasında stabillik var, özəllər isə kefləri istəyəndə səni bəyənməyə də bilərlər. Özəllərdən də hörmət görmüşəm. Amma onlara bel bağlamıram.

- Dolanışıq necədir?

- Allah bərəkət versin. Mahnılar yazıram, Allah dolandırır. Yaxşı adamlar da var, Allah onlara can sağlığı versin.

- Rauf müəllim, gənc bəstəkarlar mahnılarını konkret qiymətlərə satırlar. Sizcə, mahnılara qiymət qoymaq doğrudur?

- Əgər müğənni toy qiymətini qaldırırsa, bəstəkar niyə qaldırmasın? Şəxsən mən qiymət qaldırmıram. Artıq belə bir fikrim var. Adam mahnıya qiymət qoymağa utanır. Bazar deyil ki, deyəsən, bir az aşağı-yuxarı ver. O sözü deyəndə mən əsəbiləşirəm.

- Siz bir mahnını neçəyə yazırsınız?

- Onu demək düzgün deyil. Amma mənim mahnılarımdan qazananlar var. Son vaxtlar da mahnılarım bir sıra tanınmış sənətkarlar tərəfindən oxunub. Bunların sırasında İlqar Muradovun ifa etdiyi, Afət xanımın sözlərinə yazdığım “Peşman olarsan”, Mətanət İsgəndərlinin oxuduğu Nüsrət Kəsəmənlinin sözlərinə yazdığım “Desəm, öldürərlər, deməsəm, ölləm”, Nazim Məmmədovun sözlərinə bəstələdiyim, Mələkxanım Əyyubovanın oxuduğu “Mən necə bağban olaram” mahnımı göstərmək olar. Sonuncu mahnım artıq xalq mahnıları sırasına gəldi çıxdı. Amma bir şeydən narazıyam. Baloğlan Əşrəfov “Anam mənim” mahnımı oxuyub, o mahnıyla pullar da qazanıb. Hətta o mahnıya görə Mübariz Mənsimov əməliyyat xərclərini də üzərinə götürüb. Son vaxtlar ondan çox inciyəm. Mənim mahnılarımı oxuyub, adımı çəkmir.

- Özünə bu barədə iradınızı bildirmisiniz?

- Deməmişəm. Amma deyirəm ki, yazasınız, özü oxusun. Bu gün ən çox oxunan bəstəkarlardan biriyəm. Heç kimə embarqo da qoymuram. Mahnını düz oxusunlar, adımı çəksinlər. Kiminsə adını səhv desən, xoşuna gəlməz. Mənim üçün puldan da önəmli qiymət verilməsidir. Çünki mahılarım mənim üçün əzizdir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm