Tıq-tıq xanımı bu dəfə kim xilas etdi? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tıq-tıq xanımı bu dəfə kim xilas etdi? – FOTOLAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın premyerası reallaşıb.

Publika.az-ın məlumatına görə, Abdulla Şaiqin hər kəsin yaxşı tanıdığı “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” adlı tamaşa özünün ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edib.

Müasir dövr uşaqlarının düşüncə tərzi və qavrama qabiliyyətinə hesablanan yeni səhnə nümunəsi hər kəsin yaxşı tanıdığı və az qala əzbər bildiyi məşhur nümunəyə əsaslansa da, rejissor tamaşaya əlavə etdiyi şeir nümunələri, obrazların dilindən uşaqların sağlam qidalanmasından ətrafındakılara münasibətədək hər bir nüansı diqqətlə ifadə edə bilib.

Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi tamaşanın sonluğunun da dəyişməsinə nail olub. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşada müsbət sonluğa nail olan rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim etdi və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirə bildi.

Nəzm formasında təqdim olunan nümunədə uşaqlar fərqli rəssam işi, klassik baxışda yeni kukla modelləri ilə də tanış olmaq imkanı qazanıblar. Belə ki, rəssam (quruluşçu rəssam Rəvanə Yaqubova) səhnədə klassik qəhrəmanlar yeni geyimdə, müasir ştrixlərin seçkin verildiyi üslubda görünüb. Bu tamaşada aparıcıları, nağılı nəql edənləri canlı dekorasiya kimi təqdim edən rejissor tamaşanın tempini yüksək tutmağa nail olub. Bu işdə səhnə işinin musiqisi də öz sözünü deyib. Bəstəkar Vüqar Camalzadənin musiqisi tamaşanı daha da baxımlı edib.

Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid İbrahimov ifa edib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm