• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

“O, məndən “hə” cavabı istədiyi yerdəcə dəfn olundu”

“O, məndən “hə” cavabı istədiyi yerdəcə dəfn olundu”

“Xatirə dəftəri” layihəsində

Respublikanın Əməkdar artisti Aybəniz Haşımova ilə görüşüb onun “Xatirə dəftəri”ni vərəqləmək istədik. Xanım sənətkarımız söhbətimizə razılıq versə də, bu görüş bir qədər ləngidi. Ayaqlarında olan ağrılar Aybəniz xanımın İstanbul səfərini araya gətirdi. Bu dəfə də sənətçi dostu Nisə Qasımova ilə bağlı televiziyada gedən bir veriliş xanım əfəndimizin pərişan olmasına səbəb oldu. Nəhayət, istirahət günü üçün razılaşdığımız görüş də alınmadı. Həmin gün də Bakıda olan Dünya Gənc Türk Yazarlar Birliyinin bəzi nümayəndələri şam yeməyinə xanımın qonağı oldu. Görüşümüz növbəti günə keçirildi.

Hər dəfə də üzrlü səbəb olsa da, çox üzgün şəkildə:

- İnciməyin, siz Allah... - dedi.

Ondan inciməkmi olardı? Əsla.

Axır ki xanım sənətkarın yaşadığı mənzilin qapısının zəngini sıxmaq nəsib oldu. Mənzilin qapısı bu mərtəbədə yerləşən mənzillərin qapısından ağ rəngdə olması ilə fərqlənir. Qapını bacısı oğlu Sahib açır. İçəri dəvət edir. Qonaq otağına keçirik. Mənzilin dəhlizinin divarları da ağ rəngdədir. Elə qonaq otağında olan divan, kreslolar, balışlar, döşəkcələr, otağın tən ortasında özünə yer edən adam boyda olan kukla da... pərdələr və bütün aksesuarlar... təkcə mətbəxin qapısı tutqun şüşəli və divanla kreslonun arasında qoyulan böyük, dərin vazdakı sünbül dəsti qara rəngə çalır.

Aybəniz xanım mətbəxdədir. Səsi gəlir:

- Qardaş, xoş gəlmisiz.

Sonra da Sahibə səslənir. Bacıoğlu səssiz mətbəxə keçir, çayla qayıdır. Aybəniz xanım əlində tort qonaq otağına adlayır. Fikir verirəm: ağ nimçə, ağ tort... Təşəkkür edirəm:

- Sizin münasibətinizin, qonaqpərvərliyinizin şirinliyi bəs edir - mən şirin şeylərdən qaçıram.

Səbəbimi bildikdə, təəssüf edir.

Ailəmə qulluq eləməyi çox sevirəm

Diktofonun düyməsini sıxıram:

- Aybəniz xanım, dünən də qonaqlı-qaralı olmusuz. Açığı, Sizi belə evdar xanım kimi heç təsəvvür eləmirdim. Bəzi qadınlar bir az məşhurlaşan kimi özlərinə qulluqçu tutur. Nə əcəb siz bundan yararlanmırsız?

- Ağlım kəsəndən ailəmə qulluq eləməyi çox sevirəm. Bu, oxuduğum musiqilər qədər mənə əzizdir. Xoşuma gəlir evimə gələnlərə qayğı göstərmək. Əvvəldən xasiyyətim belədir. İnsanları çox sevirəm, onlara az da olsa qayğı göstərəndə sevinirəm. Köməkçi elədir ki, o bəzən gərəyim olur, amma elədiyi işlər ürəyimcə olmur. Bayaq siz gəlməzdən qabaq yuduğum paltarları sərirdim. Öz-özümə deyirdim ki, əvvəllər özüm əllimlə gül kimi yuyurdum, kraxmal vururdum. Amma indi paltaryuyan yuyur deyə, kraxmal vura bilmirəm. Bilirsiz, necədir, ailə-uşağın yanında utanmağı sevən deyiləm. Özümün öhdəmə düşən işləri layiqincə görmək istəyirəm. Onu da görə bilməyəndə üzülürəm.

- Bu yaxınlarda FB səhifənizdə bir status yazmışdız, bir neçə tip insanları qınayırdız, “bunlara nə ad verək” deyirdiz? Xətrinizə dəyən, sözünüzə baxmayan olub?

- Feysbukda bəzi statuslar var ki, özümə aid deyil. Kimsə kiminsə xətrinə dəyəndə, incidəndə narahat oluram.

Tələbələrimi incitmişəm

- Demək siz heç vaxt heç kəsi incitməmisiz...

- Tələbələrimi incitmişəm, bəzən. Çünki sözümə baxmırlar. Bilirəm, səhv elədiklərini sonradan biləcəklər. Bax, onda özümü danlayıram ki, gərək bu sözü deməzdim, uşağın ürəyini qırmışam bəlkə də. Onlara deyirəm ki, elə yaşayın, keçmişdə buraxdığınız izlər sizi peşman eləməsin, həmişə xoşbəxt eləsin. Amma indi olar gəncdirlər deyə, məni başa düşmürlər. Çünki mən də vaxtında bəzi şeyləri başa düşməmişəm. Şövkət xanım kimi müəllimlər durduğu yerdə şagirdin xətrinə dəyməzdi.

- Belə çıxır ki, yeniyetmə yaşınızda, tələbə olan vaxtlarda müəllimin sizə olan haqlı iradlarını qəbul eləmirdiz?

- Ürəyimdə hə. Üzünə bildirə bilmirdim. Ona, Şövkət xanıma çox böyük hörmətim vardı. Fikirləşirdim ki, görəsən niyə belə deyirdi? Amma indi çox utanıram, vaxtında elə düşündüyümə görə.

- “Bülbüllər”dən qabaq da sizin tələbələriniz olub...

- Olub. Qızlar olub mənim tələbələrim. Amma onlar ailə qurdular deyə, sənətdən uzaqlaşdılar. Oğlanlardan ilk tələbəm Fərid Məmmədov idi. Nəticə də göz qabağındadır. Özünə qarşı tələbkar idi, əxlaqlı idi.

Hərdən dünyadan küsürəm

- Aybəniz xanım, hər şeyi ürəyinizə saldığınızı deyirsiz. Ürəyinizdən heç keçibmi ki, laqeyd olasız?

- Yox, keçməyib. Ümumiyyətlə laqeyd adam deyiləm. Mənim baxışlarımdan bir dəqiqə heç nə yayına bilməz. O gün Nisə xanımın verilişindən sonra gecə səhərə kimi yata bilmədim. Verilişi təkrar izlədim, hönkür-hönkür ağladım. Rafiq Cəbiyevi də tanıyırdım. Yanında bir-iki dəfə olmuşdum. Çox kübar insan idi. Ziyalı idi. Mənə hörməti keçməmişdi. Onu o vəziyyətdə görmək ürəyimi ağrıtdı. Hərdən dünyadan küsürəm, insanlardan küsmürəm ki. Deyirəm ki, ey dünya, özün görürsən, sənin nə qədər haqsız sahiblərin var. Sonra görürəm ki, belə insanların cavabı verilir, dünən gur-gur guruldayanlar, mənəm-mənəm deyənlər bəlalara düçar olur, amma nədənsə insanlar ibrət götürmür. Bir qarışqa yarada bilməyənlər, görün haqsız yerə nə qədər qəlb qırır, könül küsdürür. Bir də öləndə yadımıza düşür ki, halallıq alım. Axı niyə vaxtında düşünmür ki, mən onu məhv elədim, onun cavan ruhunu qırdım? Gərək elə ölüm ayağında yadına düşməlidir əməllərin?

- Heç sizdən halalıq alan olub?

- Olub. Üzümə çıxmağa çəkinib, deyib: “İstəmirəm məni belə görsün. Mən onu çox istəmişəm. Səhvim olub, bağışlasın”. Adını çəkə bilmərəm. Qoy ruhu rahat yatsın.

Gülümsəyir. Üzündə qəribə utancaq təbəssüm var mövzunu dəyişir:

- Sizi qardaş bilirəm özümə. Mən həmişə istəmişdim ki, çox uşaqlı ailənin sahibi olum, çox uşağım olsun. Amma qismətim olmadı. Aynişan mənim bu sözümə görə pis olmuşdu da. Deyirəm, qızım, sən mənim həyatımın mənasısan, bu sözümü pis qarşılama. Rus dilində oxumuşam deyə, fikrimi bəzən düz çatdıra bilməmişəm. Hərdən tələbə yoldaşım Zakir Əliyev deyirdi ki, Ayka, sən niyə rus bölməsində oxumusan?

- Amma heç hiss olunmur...

- Mən çalışmışam ki, rusdilli olmağımı bildirməyim dərslərimdə. Tələbə olarkən Azərbaycan dilində çox danışanda müəllimlərim acıqlanırdı ki, sən rus bölməsində oxuyursan, rusca danış. Baxıram ki, adam azərbaycanlıdır, mən niyə axı onunla rusca danışım? Bizim tarix müəllimimiz vardı, erməni idi, onun dərsində oturmurdum, çıxırdım dərsindən. Amma yenə də mən qazandım, məni dilimdən döndərə bilmədilər. Buna görə də Aynişan məni səhv anlamışdı.

Hərbi geyimdə adam görəndə “ata” deyirdi

- Rəhmətlik həyat yoldaşınız Aynişanı görə bildi?

Yadına saldığı xatirələrin gətirdiyi kövrəkliyi verdiyim bu sual daha da təsirləndirdi. Aybənizin bəyaz sifətinə kədər yaz dumanı kimi yayıldı. Gözləri doldu, ancaq özünü əla ala bildi:

- Gördü. Aynişanın bir yaş səkkiz ayı vardı atası şəhid olanda. Aynişan çox illər televizorda hərbi geyimdə adam görəndə “ata-ata” deyib televizorun qarşısına keçirdi.

- Niyə uşağın adını Aynişan qoyduz? Ürəyinizə dammışdı ki, bu sizin həyat yoldaşınızın sizə saxladığı bir nişanə olacaq?

- Yox, qayınanamın adıdır. Amma o, uşağın adını Bahar qoymaq istəyirdi. Mart ayında olmuşdu deyə. Dostları ilə ata olmasını qeyd edib, dostlardan biri deyib ki, uşağın adını Bahar qoy, baharda doğulub. Mənə deyəndə, dedim yox, ananın adını qoyacam, dinmədi, razılaşdı...

- Qayınananızı çox istəyirdiz, yoxsa kişiyə özünüzü sevdirmək üçün bu jesti etdiz?

- Bir şey deyim sizə, mən olduğum kimiyəm. İstər sevsinlər, istər də sevməsinlər. Nə söz xətrinə söz deyərəm, nədə nəyəsə görə özümü sevdirərəm.

- Qayınananızla indi də əlaqəniz var?

- Əlbəttə. Qayınanam mənim üzümü anamdan çox görür. Danışanda qıraqdan bizə baxan olsa, deyər ki o mənim qayınanam yox, anamdı. Vay o gündən zəng eləyə, səsimi yorğun eşidə... elə ağlayır ki!

Qayınanama aşiq olub ərə getmişəm

- Gəlinlər nadir hallarda qayınana haqda xoş sözlər deyir...

- Mən, əslində, qayınanama aşiq olub ərə getmişəm, yoldaşıma aşiq olub getməmişəm ki. Həmişə ailədə valideynə üstünlük verirəm. Valideynini saymayan övlad heç kimi saymaz.

Aybəniz xanımın gözləri yenə də uzaqlara dikildi. Sanki baxışları ilə o günlərə yol çəkdi, o günləri bu günümüzə gətirdi:

- İlk dəfə təsadüf nəticəsində gördü məni. O vaxtlar şəhərdə axşamlar maşın az olurdu. Qatışıqlıq idi. məşqdən çıxmışdıq. Musiqiçi dostlarımla məni yola salmaq üçün maşın gözləyirdik. Bu arada “Qaz-31” çıxdı. Hüsü Hacıyev küçəsində, Yazıçılar Birliyinin poliklinikası ilə üz-üzə durmuşduq. Əl etdik, saxladı. Məni evə aparana qədər güzgüdə mənə baxdı. Əsəbiləşmişdim. Bundan sonra hər gün gəlib orda məni gözləyirdi.

Bizim ilk görüşümüz, söhbətimiz isə 20 Yanvar hadisəsinin 40-da oldu. Elə o vaxtı mənə sevdiyini dedi. Dedi bir söz de...

Durduğu yerdə də dəfn olundu

Aybəniz xanımın səsi qırılır. Gözlərini yana dikir. Xeyli susur. Sonra qəhər içində:

- İşə bax, o hansı sırada durmuşdu, “bir söz deməsən, buradan ayağımı kənara bir addım da qoymayacağam” dediyi yerdə də şəhid olduqdan sonra dəfn olundu. Həmin yeri Allah onun üçün ayırıbmış demə, o, səadətini də bu yerdə elan elədi, bu yerdə də əbədi uyudu...

O zaman dedim ki, ananla görüşüm, ondan sonra sənə cavabımı deyərəm. Anası bacısı ilə gəldi. Qayınanam o qədər gözəl idi... İndi də gözəldir. Amma artıq yaşlanıb. Elə bil, Allah-Təala əlilə çəkmişdi onun surətini. Maraqlısı odur ki, məni hər zaman televizorda görəndə deyirmiş, kaş o mənim qızım olaydı. Bu da bir dəfə anasına xoş olsun deyə, televizorun ekranında məni öpüb, deyib ki, onu sənə gəlin edəcəm. Anasını görəndən sonra ona dedim ki, sənə gəlib-gəlməməyim dəqiq deyildi, amma ananı görəndə sonra özüm də istəməzdim ki, ananın gəlini mən yox, başqa birisi olsun. Qayınanamın adını Aynişana qoyanda heç nə demədi. Anasını da çox istəyirdi. Oğlanlar analarını çox istəyir. Qayınanamla zahiri görnşümüzlə yanaşı taleyimiz də oxşar oldu. O qədər təmizkardı ki!

Onu kövrək xatirələrin əlindən alıram:

- Dərsdən qaçmısız heç?

- Ömrümdə bir dəfə. Onu da uşaqlar eləyiblər. Dərsə gəlmədiyim vaxtlar olub, amma qaçmazdım. Sənətimə o qədər önəm verirdim ki... Günlərin bir günü gəldim dərsə. İkinci növbədə oxuyurdum. Bizim sinfin bütün uşaqları tanınmış ailələrin uşaqları idi. İstər siyasətdə, istərsə də mədəniyyətdə. Ali Sovetin sədri Seyidovun nəvəsi, Vaqif Mustafazadənin qızı Əzizə, Ələkbər Tağıyevin qızı və başqaları. Nə isə, gəldim dərsə, gördüm, uşaqlar yığışıb, söz qoyublar ki, dərsdən qaçaq. Gördüm, bunlar gedir, mənim sinifdə tək qalmağım pis olacaq, onlara qoşulub qaçdım dərsdən.

- Aybəniz xanım, gənc idiz, bugünkü kimi gözəl idiz, üzünüzdə baxışları heç hiss edirdiz? Çaşdırmırdı ki, bu baxışlar sizi?

- Küçədə gəzə bilmirdim ki. Məni görəndə hamı mahnılarımı oxuyurdu...

Mən bunu hamını sevməyə bənzədirəm

- Bizdə şou-biznes var?

- Azərbaycanda şou-biznes yoxdur. Dünyada sənətə şou-biznes deyirlər. Bizimkilər də qonşudan geri qalma dala, deyə, belə bir şey yaratdılar.

- Doğurdanmı maddiyyat adamı bu qədər sürükləyir?

- Son dövrlərdə maddiyyat insanları özünə çox ram eləyib. Hamı hər şey istəyir. Hər şey istəmək nə qədər doğrudur axı. Niyə mən hər şey istəməliyəm axı? Mən bunu bənzədirəm hamını sevməyə. Hamını sevə bilməz insan. Mən övladlarımı da - bacımın övladlarında öz övladın bilirəm - belə böyüdürəm. Onlara deyirəm ki, mən hər şey istəyirəm deyə, yaşamayın həyatda. Hər şey istədin, əldə elədin, sonda sənə qalmayacaq. Sənə qalmayacaq hər şey üçün niyə istəməlisən ki? Qonağın gəlir, səliqəli yerdə otursun deyə, ev-eşik qurmaq olar. Amma mənim ürəyim yüz minlik mebel istəyir, bu dəlilikdi artıq. Evinə yüz minlik mebel alıb qoyursa, mən həmin adama ağıllı demirəm. Tələbə gəlir, deyirəm ki, ay bala, bu nə mahnı idi oxudun efirdə? Bilirəm axı niyə oxuyub - toya getmək üçün. Deyirəm, utanmırsan? Mən oxuya bilməzdimmi elə mahnıları? Heç bir dəfə efirdə elə yüngül mahnılar oxumuşam?

- Siz toylara getmirsiz ki?

- Mən toylara həmişə getmişəm. Görürsüz, siz bunu bilmirsiz. Çünki mən efirdə toy havası yaratmamışam. Elə toyun özündə də musiqimizə ziyan gətirəcək heç nə oxumamışam.

- Bir vaxtlar sizə qəfil zənglər gəlib narahat edirdi...

- Səhnədə gur-gur gurlamağım bəzilərini qorxudurmuş. Əllərinə fürsət keçmişdi ki, məni incitsinlər. Çünki artıq yaralanmışdım. Şükür Allaha ki, tək qoymur bəndələrini. Allah mənim yanımda oldu həmişə, məni qoymadı yenməyə. Faiq müəllim, mənim yaxşı dostlarım var. Allah sizlə bir yerdə onlara da can sağlığı versın. Onlar mənə bacı-qardaş oldular... Bir gün bacım Rəna dedi ki, bəstəkar Naibə Şahməmmədova səni bizdən çox istəyir. 8 yaşından rəfiqəyik biz. Artıq 44 ildir rəfiqəyik. Dünən deyirəm ki, 44 il rəfiqə olmur, sən artıq bacımsan.

Evliliyi bədənə qoyulmuş yad orqan kimi bilirəm

- Doğurdanmı ailəni sənətə qurban vermək olur?

- Elə şey yoxdur. Ailəni sənətə qurban vermək olmaz. Ailəni heç kimə, heç nəyə qurban vermək olmaz. Səhnədə o qədər uğur qazanırıq, evə qayıdanda o uğurları bölüşəcəyim heç kim yoxdursa, onda sən bədbəxtsən. Yox əgər allah səni ayırırsa, o başqa. Mən il yarımın gəlini olmuşam da. Ailədə bir həftənin içində belə, söz-söhbət ola bilir. O da qaldı uzun ömür yaşayasan. Mən həmişə evliliyi bədənə qoyulmuş yad orqan kimi bilirəm. İnsan yaşadıqca o yad orqan səninlə olur. İnsan gərək o qədər güclü ola ki! Dünyaya övlad gətiririk. Övladın özü bəyəm bizi incitmir? Nə isə az da olsa səhv edir, incidir. Həmişə deyirəm ki, Əzrayıl bizim övladlarımızdır. Şirinliyi ilə alır e canımızı.

- Deyəsən Aynişan sizi çox incidib...

- Yox. Ona qurban olaram. Bacım oğlu deyir ki, xala, Aynişanın proqramı ilə yaşayırıq. Yatmır, biz də yatmırıq, yeməyini yeyir, biz də yeyirik. Aynişan Türkiyədə Bağçaşəhər universitetində oxuyur.

Arvad mənimdi, özüm bilərəm

- Yoldaşınız sizi qısqandımı?

- Gənc idi, qısqanırdı. Onda gərək məni boşayaydı? Mübahisə də olub aramızda, hətta vurub da məni.

- Niyə, nə idi günahınız?

- Səhnəyə çıxıram, mənə qabağa getmə deyir. Mən səni görməliyəm səhnənin arxasından. Elə oldu ki, bir dəfə mikrofon xarab oldu, bir az qabağa gələsi oldum. Elə səhnədən çıxmışdım ki, elə orda da başıma qapaz vurdu. Özünə gülümsündüm, amma musiqiçilərdən utandım. Məni həmişə özü aparıb-gətirirdi işə. Müdirimiz Faiq Sücəddinov idi. Deyirdi ki, ay Xalid, səni işdən qovacaqlar, niyə bu qızı aparıb gətirirsən? Mənə hirsləndi ki, o niyə mənə elə dedi? Ona mədəni yolla bildir ki, bir də mənə elə söz deməsin. Arvad mənimdi, özüm bilərəm, yanında gedirəm, ya getmirəm. Nə edəydim, boşanaydım? Uşağım məni qınayacaqdı axı ki, ana, sən məni niyə atamdan ayırdın?

- Sonra heç evlilik təklifləri oldumu?

- Çox. O, rəhmətə gedəndə 24 yaşım vardı. Hətta elə oğlanlar vardı ki, subay vaxtı məni sevirdilər, onlar da mənimlə evlənmək istədilər. Elçi gəldilər e, əməlli-başlı. İstəmədim. O qədər başım-beynim gedir, o qədər mesajlar zənglər gəlirdi ki...

Ailə qurmuşam...

- Bir ara söz-söhbət gəzdi ki, ailə qurmusuz.

- Bəli, ailə qurmuşam. Sonralar gördüm ki, çox bezdirirlər. Dedim yox, mən ailə qurmalıyam artıq. Ailəvi dost olmuşuq, yerlimiz olan oğlan vardı, məni uşaq vaxtdan sevən olub. Uşaqlıqdan dost olmuşuq, ümumiyyətlə, çox istədiyim olub ailələri. Bu oğlan da məni çox istəyirdi. Hətta eşitdi ki, mən ərə getmişəm, Azərbaycandan çıxıb getmişdi. Təsadüfən onları Bakıda gördüm. Fikrini bildirdi, qərar verdik ki, bu evlilik olsun. Amma açıq deyim, bu formal evlilik oldu. O, həyatını məhv elədi, özünü mənə fəda etdi ki, adıma söz-söhbət çıxmasın, məni narahat etməsinlər. Rəsmi evləndik. O, anasıgildə qaldı. 10 gündən sonra Almaniyaya getdi. Məni neçə dəfə çağırdı ki, gəl, Almaniyada yaşayaq. Vətənimi qoyub hara gedim? Belə baxanda Türkiyə də vətənimiz sayılır. Aynişanın yanına gedirəm. Çox qala bilmirəm. Qayıdıram vətənimə.

- Qayınanangil necə, razı oldumu bu evliliyə?

- Yoldaşımın 40-ı çıxanda qaynanam özü dedi ki, sən il yarımın gəlini olmusan. Gəncsən, istəmərəm ki, bədbəxt olasan. Allah etməsin sənə nə isə ola. Heç sənin anan da razı olmazdı oğlum cavan yaşında bədbəxt olsun. Ailə qur.

Beləcə, Aybəniz xanımın acılı-şirinli xatirələrinin bir-neçəsini vərəqlədik. Bizə bu da məlum oldu ki, Aybəniz xanım həm də gözəl şeirlər müəllifidir. Şeirlərini oxudu... Səsini yazdıq:

Faiq Balabəyli

axar.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>