• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Eşqdə böyük uğursuzluq: Kafka və qadınları

Eşqdə böyük uğursuzluq: Kafka və qadınları

Bu günə kimi yazıçıların elə alovlu eşq hekayələrini oxumuşuq ki, ağlınıza “Kafkanın bunlardan nə fərqi var?” sualı gələ bilər.

Çox güman ki, Ahmet Haşimin xəyali sevgililərindən, Balzakın Madam Hanskasına, Peyami Safanı özünə bağlamaq üçün iflic olmuş donuna girən qadınından, Çexovun çoxdanışan qəhrəmanlarınadək müxtəlif eşq hekayələrini eşitmisiniz. Kafka isə bu hekayələrdən bir məsələdə fərqlənir. Birincisi, yuxarıda qeyd olunan yazıçılardan fərqli olaraq, Kafka özünü çirkin hesab edirdi. Uzun boyuna rəğmən, 60 kilo gələn çəkisi ölümünə yaxın 40 kilo olub. Böyük qulaqları, cəhənnəm alovu kimi yanan qapqara gözləri vardı. Qadınlara təqdim edə biləcəyi yeganə cəzbediciliyi “qələm”i idi. Bunu da elə məharətlə istifadə edirdi ki, mətndə eşqin “yanından keçməsə” belə, qarşısındakı qadına dəlicəsinə aşiq olduğuna inandırır. Məktublarını oxuyarkən qarşı tərəfi qınayaraq, “Eşqdən dəli-divanə olacaq”, “vicdansız qadın, bir cavab ver” deyirsiniz. Ancaq bir tərəfdən də bilirsiniz ki, bir sonrakı məktubunda, bəlkə, Kafka özünə gələcək və əslində, o qədər də aşiq olmadığını anlayaraq, evlənmək fikrindən əl çəkəcək. Publika.az Kafkanın sevgi hekayətlərini təqdim edir:

“Ədəbi nişanlı Kafka” indiyə qədər bildiyimiz ənənəvi “qaranlıq Kafka” obrazının xaricində yazıçının eyni zamanda “romantik şorgöz” olduğunu göstərən bir əsərdir. Həyatı boyunca bir çox qadına yazdığı yüzlərlə məktubu toplayan Jacqueline Raoul-Duval dövrümüzün böyük yazıçısının şəxsi həyatını və ehtiraslarını gün üzünə çıxarıb.

Məktublaşma - münasibəti davam etdirmə taktikası kimi

Kafkanın həyatına ilk girən qadın Felice Bauerdir. Yazıçı onu “sadə” və “heç bir özəl keyfiyyəti ilə fərqlənməyən biri” kimi təsvir etsə də, onun bu düşüncələri həyəcanlı, ehtiraslı və romantik məktublar yazmasına maneə yaratmır. Sanki yazdıqca aşiq olur, hətta bəlkə də, yazdığı cümlələrə aşiq olur.. Felisə hər gün (bəli, hər gün), hətta bəzən gündə bir neçə dəfə məktub yazır. Ancaq bir qatar dayanacağı məsafəsində olan sevgilisi ilə nadir hallarda üzbəüz görüşür. Bəzən görüşləri təxirə düşür, bəzən görüşdən özü imtina edir, bəzən də heç görüşmək istəmir. Münasibəti davam etdirmə taktikası kimi “məktublaşma” Kafka üçün ən ideal yoldur. Yazıçı olduqca dramatik, həyəcanlı və romantik cümlələrdən (məsələn, “sən mənim bir parçamsan”) istifadə edir. Felice də Kafkaya aşiq olur. İki dəfə nişanlanırlar, sonra da ayrılırlar. Bu qəribə münasibət düz beş il sürür.

İkinci qurban: Julie

İkinci nişandan sonra Felice ilə münasibətini tamamilə bitirən Kafka bir xəstəxanada tanış olduğu Julie ilə sevgili olur. Kafka ilə tanış olduğu zaman Julienin nişanlısı yeni ölmüşdü. İkisi də yeni münasibətə başlayıb, qısa müddət ərzində münasibəti rəsmiləşdirmək fikrində olublar. Ancaq Kafka yenə fikrindən əmin deyildi. Evlilik məsələsində bir neçə dəfə fikrini dəyişdirdi. Jilie ilə evlənməyə o qədər yaxın idilər ki, yaşayacaqları evi belə müəyyənləşdirib, kirayəyə götürmüşdülər. Həmin ərəfədə Kafka fiziki baxımdan zəifləyir və yenə evlənməkdən imtina edir. Nişanlarını təxirə salsalar da, onlar bir müddət münasibətlərini davam etdirirlər.

Üçüncü qurban: Milena

Kafka hələ Julie ilə birlikdə olduğu vaxt tərcüməçi bir qadınla tanış olur. Jurnalist Milena Jesenska intellektual idi, gözəlliyi ilə diqqətçəkən bu qadın onu davamlı aldadan bir şəxsdə ərdə idi. İyirmi yaşlarında olmasına baxmayaraq, o, şəhərdə “qalmaqallı keçmişi” ilə məşhurdu, narkotika aludəçiliyi və yaşadığı eşq macəraları ilə tanınırdı. Bir neçə xarici dil bilən Milena jurnalist işləməklə yanaşı, tərcüməçilik də edir. Franz Kafkanın kitablarını çex dilinə tərcümə etmək fikrinə düşür. Yazıçı ilə də bu məqsədlə, kafelərin birində tanış olur.

Kafka həmin vaxtlar 37 yaşında yetkin bir kişi idi. Cavan vaxtları artıq arxada qalmışdı. Bir çox xəstəlik keçirmişdi, saçlarına dən düşmüşdü. Pilləkənləri çıxarkən təngnəfəs olurdu. Julie ilə olan münasibəti də onu çox yormuşdu.

Kafedəki qısa söhbətlərindən sonra Milena ilə Kafka məktublaşmağa başlayırlar. Məktubların sayı getdikcə artmağa başlayır. Bir gündə bəzən beş məktub, bir neçə teleqraf olur. “Bu məktublarımız çox gülüncdür. Bunu mənə açıqlayın, professor Milena” deyən Kafkaya cavab çox açıq olur: “Gəl məni qollarına al. Səni sevirəm.”

Milena və Kafka ilk görüşlərini Vyanada həyata keçirirlər. Birlikdə möhtəşəm 4 gün keçirirlər. Ancaq unudulmamalıdır ki, Milena həmin vaxt evli idi. Kafka da hələ Juliedən ayrılmamışdı. İlk əvvəl bu, onlar üçün problemli görünmür. Ancaq sonralar Kafka Julie ilə münasibətini bitirib Milenaya “Sən mənim yeganə sevgilimsən” yazaraq sevgilisinə “boşanmaq məsələsini” xatırladır. Bu dəfə də işlər gözlədiyi kim olmur. Milena ərindən boşanmaq istəmir. Kafka o günə qədər yazdığı dəftər-gündəliyini Milenaya hədiyyə edərək, bu ümidsiz münasibəti bitirir. Buradakı ən mühüm məqam Milenanın Kafkanın hələ sağlığında onun gündəliyini oxuyan yeganə şəxs olmasıdır. Bəlkə də, Milena elə yazıçını rədd etdiyi üçün onun həyatında yeganə sevdiyi qadın idi. Çox güman ki, belədir.

Ölüm döşəyində yeni bir qadın: Dora

Aradan bir ay keçdikdən sonra Kafka bu dəfə Dora Diamant adlı yaşca Milenadan kiçik olan bir qadınla tanış olur. Dora cəsur, ehtiraslı, ağıllı bir qadın idi və yəhudiliklə bağlı tədqiqatlar aparırdı. Dora və Kafka bir ev kirayələyib, acınacaqlı yoxsulluq içərisində birgə yaşamağa başlayırlar. Bu dəfə evlilik gündəmdə olmur, çünki daha ciddi problemlər vardı: yəhudilik, ikinci dünya müharibəsi və yoxsulluq. Kafka heç kimə görünmədən, səssiz-sədasız, qaçaq şəkildə sürüb gedən bu həyatın içində, gözdən-könüldən uzaq soyuq evdə son günlərini keçirir. Vaxtaşırı şiddətlənən xəstəliyi artıq dözülməz həddə çatır. Təxminən bir il sonra da dünyasını dəyişir.

Ədəbi eşqbaz

“Ədəbi Nişanlı Kafka” yazıçının “bir aşiq kimi” yeni portretini ortaya qoyur. Qarşımızda həqiqətləri vecinə almayan, ən ehtiraslı paraqraflarını münasibətləri bitdiyi vaxt yaza bilən bir Kafka dayanır. Bu məktublardan tarixi reallıq yaradan Raoul-Duval ortaya ciddi bir əsər qoyur. Oxucular Kafkanın məktublarında söylədikləri ilə etdikləri arasındakı dilemmaya təəccüblənəcək, özlərinə yeni bir çıxış yolu tapmağa çalışacaqlar. Ancaq Felice, Milena və Doranın yazdığı məktubların günümüzədək gəlib çıxmadığını unutmayın. Onların nə düşündüklərini və nə yazdıqlarını əsla bilməyəcəyik…

Aydan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR