• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nazpəri: “Gənclərin tərbiyəsini pozanlar “sənətkaram” deyib...” - ÖZƏL/FOTOLAR

Nazpəri: “Gənclərin tərbiyəsini pozanlar “sənətkaram” deyib...” - ÖZƏL/FOTOLAR

Bütün ölkə ərazisində xüsusi təntənə ilə keçirilən sazlı-sözlü bayram tədbirləri davam edir. El şənliklərinin bəzəyi isə sənətkarlar, müğənnilərdir. Hər hansı el şənliyini müğənni Nazpəri Dostəliyevasız təsəvvür etmək, ümumiyyətlə, mümkün deyil.

Publika.az xalq artisti Nazpəri Dostəliyeva ilə bayram ovqatlı müsahibəni təqdim edirik:

- Nazpəri xanım, müsahibəmiz Novruz bayramı günlərinə təsadüf etdi. Siz bu bayramı necə qeyd edirsiniz?

- Allah hər kəsə xoş günlər nəsib etsin. Analarımızın üzü gülsün. Allah heç bir ananı peşman etməsin. Novruz milli bayramımızdır. Şükürlər olsun, dövlət başçımızın səyi nəticəsində xalqımız xoşbəxtdir. Ola bilərdi, kasıb xalq olaq və bu bayramı təntənəli şəkildə qeyd edə bilməyək. Bu cür firəvan yaşamağımıza səbəbkar ali baş komandanımız İlham Əliyev cənablarıdır. Bu gün mən də xoşbəxtəm, övladlarım da.

- Nazpəri xanım, siz illər boyu demək olar ki, dəyişməmisiniz. Xarici görünüşünüzü belə saxlamağa necə nail olmusunuz?

- Çünki mənim bir üzüm, bir simam, ağlım-zəkam var. Odur ki, dəyişmirəm və hər zaman da belə qalacağam. Əgər gözəllik sirlərimi istəyirsinizsə, o mənim daxilimdə olan səmimiyyət, insanlara qarşı hörmət və insana xas olan yaxşı xüsusiyyətlərdir. İnsanın daxilində eqoistlik varsa, mütləq onun üzünə çıxır. Odur ki, qətiyyətlə deyirəm, gözəl görünmək üçün xüsusi heç nə eləmirəm.

- Bəzi stilistlər sizi “zövqsüz” adlandırır. Onlara nə deyərdiniz?

- Hamı Azərbaycan xalqı üçün nə isə edir. Mənə zövqsüz deyən insanlara təklif edirəm ki, gəlsinlər, xalq arasına çıxaq. Görək, xalqın münasibəti onlara necədir, mənə necədir?!

- Nazpəri xanım, sizcə sənətkara qoyulan efir qadağası ilə onu xalqın ürəyindən silmək olar?

- Düşünmürəm ki, xalqın gözündən yaş çıxardan bir sənətkarı onun ürəyindən çıxarmaq mümkün olsun. Amma efir qadağası qoyulursa, daş yenə xalqa dəyir. Bu xalq göz yaşı axıdır ki, niyə biz dinləmək istədiyimiz sənətkarı eşidə bilmirik. Amma dinləmək istəmədiyimiz, söhbəti belə bizi qıcıqlandıran, gələcək nəslə ziyan gətirən, gələcək nəslin tərbiyəsini pozan insanlar “sənətkaram” deyib efirdən düşmür, zərbə də yenidən bu xalqa dəyir. “İnstagram”dakı, “Facebook”dakı səhifələrimdə mən bunları oxuyuram. Onlar məni dinləyə bilmədikləri üçün gileylənir, qarğışlar edirlər. Məni sevənlərə demək istəyirəm ki, mən mahnılarımla sizin doğmanız olmuşamsa, siz də sevginizlə mənim doğmam olmusunuz. Heç narahat olmayın, axıtdığınız göz yaşları sevgi göz yaşları ilə əvəzlənəcək. Mən buna söz verirəm.

- Sanki yaradıcılığınıza fasilə vermisiniz...

- Yox, heç kəs elə düşünməsin ki, mən əllərimi qatlayıb oturmuşam. Elə bilməyin ki, xoşagəlməz problemləri özümə yük edib bir kənara çəkilmişəm. Qətiyyən elə deyil. Mən dayanmadan işləmişəm. Son iki il ərzində doğmalarımla xaricdə səfərdə oldum. Bəlkə 15 il idi ki, balalarımla, nəvələrimlə, gəlinlərimlə bu qədər bir yerdə olmamışdım, gəzməmişdim. Bunun mənə çox xeyri oldu. Doyunca istirahət etdim. 30 ildə görmədiyim gözəl günlər keçirdim. İllərin acısını ailəmlə birgə keçirdiyim bu iki ildə çıxartdım. İstirahət edə-edə işlədim də. Nostalji mahnılarımı yenidən aranjeman etdirdim. Mahnılarımın hamısını Türkiyədə aranjeman etdirmişəm. Mahnılarımı isə burada səsləndirmişəm. 4 mahnım artıq hazırdır. Bir albomluq mahnı hazırlatdırıram. Yəqin ki, bu ilin sonuna kimi köhnə mahnılarımdan ibarət albom hazırlayacam. Həmin albomda köhnə mahnılarımı sevənlərimə yeni aranjemanda təqdim edəcəm.

- Daş-qaşı, zinət əşyalarını çox sevirsiniz?

- Firuzə mənim sevimli daşımdır. Firuzədən qaşı olan bəzək əşyalarını çox sevirəm. Amma bəzək əşyaları da geyimimə uyğun olmalıdır. Evdə, ümumiyyətlə, qızıl-brilyant taxmağı xoşlamıram. Amma üzərimdə zinət əşyası olmasa, çölə çıxa bilmirəm. Bu artıq məndə vərdişə çevrilib. Hətta övladlarımla restorana çörək yeməyə gedəndə də mütləq geyimimə uyğun zinət əşyaları taxıram. Bəzək əşyaları xanımlar üçün yaradılan gözəllikdir. Niyə axı ondan istifadə etməyək?

- Nazpəri xanım, qiymətli daşlarınız çoxdur, yoxsa bijuteriyalarınız?

- Əlbəttə ki, qiymətli daşlar... Bijuteriyalarımın qiyməti brilyantdan da baha olur. Əsas odur ki, taxdığınız bəzək əşyası geyiminə uyğun olsun.

- Hədiyyə olaraq hansına üstünlük verirsiniz: qiymətli daş, ətir, yoxsa gül?

- Mən gülü seçərdim. Ətir və zinət əşyaları da hədiyyə alıram. Amma gül hər zaman mənim üçün əziz olub. 8 martda da mənə çoxlu gül hədiyyə etdilər. Evimə gələndə gördüm ki, qapıya gül ləçəkləri səpilib. Blokdan evə qalxan pilləkənlər gül ləçəkləri ilə bəzədilmişdi. Hər il martın 8-də, hər ad günümdə, bax, belə gül yağışına tutuluram. Hamı gülləri çox sevdiyimi bilir.

- Ətrafınıza sadiq insanlar yığmaq və onları saxlamaq çətindir?

- Çox çətindir...Mənim ətrafımda sadiq insanlar çoxdur. Belələrini pula satılan insanların içindən seçməyi bacarmaq lazımdır. Çətinlik də məhz bundadır. Pulla dostluq münasibəti yaradan insanlar bu gün səninlədir, sabah bir başqası ilə. Bunu mən çox görmüşəm. Mənim də başıma gəlib. Allah mənim sadiq insanlarımı mənə çox görməsin.

İsa Şükürov

Foto:Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR