• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dəniz mavisi gözlərlə yaraşıqlı kişilərin ürəyini fəth edən aktrisa – FOTOLAR

Dəniz mavisi gözlərlə yaraşıqlı kişilərin ürəyini fəth edən aktrisa – FOTOLAR

Ağ dəri, sarı saçlar və insanı özünə cəlb edən dəniz mavisi gözlər dünya ulduzu olmaq üçün kifayətdirmi? Dünyaca məşhur aktrisa Nikol Kidman bütün bu üstünlüklərə sahib olsa da, bu suala "yox" cavabını verir. Onun fikrincə, insan təbiətin ona verdiyi xüsusiyyətlərlə fəxr etməməli, əksinə, sadəcə öz əməyilə əldə etdiyi uğurlar haqqında düşünməlidir.

48 yaşlı ulduz bu günə kimi hər aktrisaya qismət olmayan uğurlar əldə etməyi bacarıb. Karyerasında bu qədər yüksəlməsində təbii ki, gözəlliyinin də rolu az olmayıb. Ancaq onun aktrisalıq qabiliyyətinə də heç kimin şübhəsi yoxdur. Nikol Kidman ilk dəfə "Moulin rouge" ("Qırmızı dəyirman") filmi ilə "Ən yaxşı aktrisa" nominasiyasında "Oscar"a namizəd olub. Lakin bu mükafatı 2001-ci ildə "The Hours" ("Saatlar") filmindəki Vircinia Vulf obrazı ilə alıb. Beləliklə, "Oscar" qazanan ilk avstraliyalı aktrisa olmağı bacarıb.

Nikol Kidmanın şəxsi həyatı da karyerası qədər uğurlu alınıb. "Days of Thunder" adlı filmin çəkiliş meydançasında yaraşıqlı aktyor Tom Kruzla tanış olan Nikol 1990-cı ildə onunla nikah masasına əyləşib. Düzdür, bu evlilik boşanma ilə nəticələnib, cütlük 2000-ci ildə ayrılıb. Ancaq bu ayrılıq Nikola nəinki pis təsir edib, əksinə, Tom Kruzdan ayrılandan sonra o, karyerasında daha parlaq addımlar atıb.

Gözəl ulduzun ikinci evliliyi isə 2006-cı ildə müğənni Kit Urbanla baş tutub. Ulduzun bu evlilikdən iki qızı var. Biri təbii yolla doğulub. 2010-cu ildə surroqot ana vasitəsilə cütlüyün Feyt Marqaret Kidman Urban adlı qızları dünyaya gəlib.

Nikol Kidmanın ötən əsrdə yaşayan qadınların üz cizgilərinə sahib olması heç kimin diqqətindən yayınmayıb. Onu daha çox bu xüsusiyyətini ortaya çıxara bildiyi rollara çəkirlər. Gözəl ulduzun zərif və aristokratlara xas duruşu onun geyim stilində də öz əksini tapır. Aktrisa nəinki, Hollivudun, hətta dünyanın da ən gözəl geyinən, şıq qadınları arasında göstərilir. Elə buna görə də bu dəfə Publika.az-ın "Onların stili" layihəsində möhtəşəm qadın - Nikol Kidmanın stil və gözəllik sirlərindən yazmağa qərar verdim.

Buyurun, vaxt itirmədən oxuyun!

Nikol Kidman romantik üslubu özünə ən çox yaraşdıran gözəllərdən biridir. Adətən, romantik geyim stili deyəndə hamının ağlına çəhrayı rəng və gənclərə uyğun geyimlər gəlir. Ancaq bütün yaşlarda romantik üslubda geyinmək mümkündür, eynilə 48 yaşlı Nikol Kidman kimi siz də zərif və şıq görünə bilərsiniz. Çünki romantik geyim stili qadına məsum, eyni zamanda da cazibədar bir duruş bəxş edir. Gipürlər, tül detalları, klyoş don və ətəklər, dar şalvarlar, ipək paltarlar, çiçək naxışları, yaxa bantikləri bu üslubun əsasını təşkil edir. Üstəlik, romantik stil sadəcə çəhrayı rəngdə geyinməyi diktə etmir. Pastel çalarlar, soyuq mavi, su yaşılı, ağ, boz, krem rəngləri də bu üslubu əks etdirməyə qadirdir.

Elə Nikol Kidman da bu rənglərə üstünlük verir. Aktrisa film təqdimatlarına və kino festivallarına olduqca zərif və iddialı libaslar seçir. Dekolteni sevmir. Sadəcə çiyinlərini açıqda qoyan, maksi donlar geyinir. Biserli, pulcuqlu, xüsusilə də gipür detallı geyimləri qarderobunda üstünlük təşkil edir.

Geyim tərzi bir insan haqqında çox söz deyir. Məsələn, Monako şahzadəsi Qreys Kellinin həyatından bəhs edən bioqrafiq filmdə Nikol Kidmanın baş rola seçilməsində onun geyim tərzinin də rolu olub. Düzdür, sarışın olması və Qreys Kelliyə bacısı qədər oxşaması da az rol oynamayıb. Qreys Kelli elə bu gün də ən zövqlü stil ikonalarından biri hesab edilir. O, tərzi və şəxsiyyətilə XX əsrin heyranlıq oyandıran və ən çox bəyənilən qadınlarından olub. "Monako şahzadəsi" filmində bu möhtəşəm qadını canlandıran Nikol Kidman modelyer Qiqi Lepajın Kellinin tərzindən ilham alaraq hazırladığı libaslarla kamera qarşısına keçib. Ulduz filmin müxtəlif şəhərlərdə baş tutan premyeralarına da şahzadələri xatırladan zərif libaslarla qatılıb.

Düz və incə bədən quruluşuna sahib olan aktrisa vücuduna yapışan, belini vurğulayan geyimləri xoşlayır.

Şıq libaslarını olduqca zərif ayaqqabı modelləri ilə tamamlayır. Cazibədar ulduz ayaqqabı seçimlərində cürətlidir. Qeyri-adi modelləri geyinməkdən çəkinmir. Ayaqqabılarının rəng palitrası da genişdir. Paltarlarına uyğun olaraq çəhrayı, qırmızı, yaşıl, mavi rəngli ayaqqabılar belə geyinir. Hündürdaban, burnu açıq və ya itiburunlu ayaqqabılar daha çox diqqətini cəlb edir. Bütün ulduzlar kimi, o da "Cristian Louboutin" brendinin xəstəsidir. Ancaq "Cristian Dior", "Charlotte Olympia" kimi brendlərə də müraciət edir.

Nikol Kidman digər Hollivud ulduzlarından fərqli olaraq daş-qaş həvəskarı deyil. Onun zinət əşyalarının çoxu sarı qızıldan hazırlanıb. Qızıl onun sarı saçları və ağ dərisi ilə çox gözəl uyğunlaşır. Aksessuarlarının modelləri retro tərzə yaxındır.

Aktrisanın saç kəsimi və düzümü də romantik və retro tərzin harmoniyasını əks etdirir. Balıq quyruğu kimi müasir və romantik saç modellərinə də müraciət edir. Yarım toppuzlar da ona çox yaraşır.

Əvvəllər kürən saçlarda gördüyümüz Nikol Kidman artıq uzun illərdir ki, sarı saçdan vaz keçə bilmir. Kürən saçların onu daha gənc göstərdiyini düşünürəm. Sarı rəng seçimi isə qırışları gizlətmək və gözlərin rəngini ön plana çıxartmaq üçün əla taktikadır.

Gözəl ulduzun makiyajı da onun stilini tamamlayan ünsürlərdən biridir. Klassik üslubda makiyaja üstünlük verir. Yəni, gözlərini tuş və qələmlə vurğulayır, dodaqlarına isə qırmızı çalarlarda dodaq boyası çəkir. Bəzən də gavalı və zərif çəhrayı çalarlarında dodaq boyası çəkir.

Nikol Kidman gözəllik sirrinin olmadığını deyir. O, təbii üsullarla gözəlləşməyə səbri çatmadığını etiraf edir. Etibar etdiyi bahalı brendlərin kosmetik vasitələrindən istifadə edir. Ən bahalı krem və zərdablardan istifadə etməyi unutmur. Ötən illərdə üzünə bir neçə dəfə botoks etdirən aktrisanın bu addımı pərəstişkarları tərəfindən tənqid edilsə də, o botoksun üz ifadəsini dəyişdirmədiyinə inanır.

46 yaşlı ulduz bu günə kimi müxtəlif brendlərin siması olub, Ancaq onun ən çox səs-küyə səbəb olan reklam kampaniyası "Jimmy Choo" markası ilə baş tutub. Bu firma ilə 3 ildir ki, işləyən Nikol "Jimmy Choo" ayaqqabıları və çantaları ilə cəsarət tələb edən fotosessiyalar etdirib. Olduqca seksual pozalar verən aktrisanın fotolarının fotoşop məhsulu olduğu deyilsə də, firma onunla işləməyə davam edir.

Sizin üçün topladığım fotolara baxaraq bu gözəl qadının stilindən ilham ala bilərsiniz.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR