“Mənə heç vaxt senzura tətbiq olunmayıb” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Mənə heç vaxt senzura tətbiq olunmayıb” - Fotolar

Təkcə nadir ziyalı gözəlliyi ilə deyil, eyni zamanda qüsursuz nitq qabiliyyəti ilə seçilən və sevilən Azərbaycan İctimai televiziya kanalının aparıcısı Könül Arifqızı Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı oldu.

Son dövrlərdə televiziyalarda eyni tipli verilişlər, oxşar simalar çoxalıb. Tamaşaçı ehtiyacı olduğu yeniliyi, məlumatı xarici kanallarda, ya da sosial şəbəkələrdə axtarır. Hətta aparıcıların çoxunu elə makiyaj edirlər ki, onları bir-birindən fərqləndirməkdə çətinlik çəkirsən. Televiziya məkanında oxşar verilişlərin və simaların çoxaldığı bir zamanda yaxşı ki, özünəməxsus üslubu olan, təkrarolunmaz verilişlər hazırlayan aparılcıar az da olsa, var və biz jurnalistlər onlarla səmimi söhbətlər apara bilirik. Məsələn, Könül Arifqızının aparıcılıq qabiliyyəti, məlahətli səs tonu apardığı verilişin ahəngi ilə tamamilə uzlaşır. Onun hazırladığı verilişlər təkrarçılıqdan tamamilə uzaq olduğu üçün insana zövq aşılayır.

Təkcə nadir ziyalı gözəlliyi ilə deyil, eyni zamanda qüsursuz nitq qabiliyyəti ilə seçilən və sevilən Azərbaycan İctimai televiziya kanalının aparıcısı Könül Arifqızı Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı oldu.

- İnformasiyaları haradan əldə edirsiniz? Televiziya, sosial şəbəkələr, yoxsa qəzetlərdən?

- Sosial şəbəkələrdə müxtəlif saytlara abunə olduğum üçün "Facebook"-u açanda xəbər portallarının yeni xəbərləri varsa, onlar üzə çıxır, səhifədə görünür. Orada qarşıma çıxan və mənə maraqlı gələn xəbərləri oxuyuram. Evdə olduğum zaman təsadüfən və ya zərurətdən televiziyada xəbərlər proqramı gedirsə, hansısa xəbər diqqətimi çəkə bilər. Əsasən xəbər axını ən çox haradan gəlirsə, informasiyanı da oradan əldə edirəm.

“Şəxsi senzuramı və sərhədlərimi özüm bildiyimdən dolayı kənardan müdaxiləyə ehtiyac qalmır”

- İTV aparıcılara nə dərəcədə azadlıq verib? Bu vaxta kimi hər hansı senzura tətbiq olunubmu?

- Mən başqa aparıcıların adından danışa bilmərəm, bu düzgün olmazdı. Hər kəs özünə cavabdehdir. Onu deyə bilərəm ki, mənə qarşı bu vaxta qədər heç vaxt senzura filan tətbiq olunmayıb. Birincisi, mənim verilişimin səpkisi elədir ki, buna ehtiyac yoxdur. Mənim verilişim sırf musiqilər, retro mahnılar üzərində qurulub. Aparıcının həm görünüşü, həm tərzi, həm danışığı onun spesifikasına uyğun olaraq müəyyən edilməlidir. Mən İTV açılandan bu sahə üzrə işlədiyim üçün bunları intuitiv olaraq bilirəm. Öz çərçivələrimi bildiyim üçün məndə heç zaman belə bir problem yaşanmayıb. İTV-də işlədiyim müddətdə mənə “Bunu demək olmaz, bunu geyinmək olmaz, bunu niyə belə dedin?” deyən olmayıb. Yəqin ki, şəxsi senzuramı və sərhədlərimi özüm bildiyim üçün kənardan müdaxiləyə ehtiyac qalmır.

- Bəzi insanlar danışmağa, bəziləri isə susmağa daha çox üstünlük verir. Mələsən, ölkədə baş verən hər hansı hadisələrdə öz mövqeyinizi ortaya qoya bilirsiniz?

- Dostlarla görüşəndə hər hansı mövzu ətrafında müzakirə aparırıq. Amma sosial şəbəkələrdə aktiv deyiləm, sosial hadisələrə qarşı münasibət bildirmirəm. Bu mənada bir qədər passiv istifadəçiyəm.

- İşinizə görə ehtiyatlı davranısınız?

- Yox. Sadəcə mənim profilim tamamilə fərqlidir. Xəbər aparıcısı, sosial, iqtisadi, siyasət müxbiri olsaydım, o sahələrdə aktiv olardım. Amma mənə yaxın olan mövzularda mədəniyyətlə, mahnılarla, kino ilə, tamaşalarla, ümumiyyətlə incəsənətlə bağlı olan mövzularda öz mövqeyimi bildirirəm.

- Mədəniyyət və incəsənətlə bağlı olan verilişlər Azərbaycanda tamaşaçıların ehtiyacını ödəyə və öz funksiyasını yerinə yetirə bilir?

- Məncə, yox.

- Səbəbləri nələrdir?

- Səbəblərini tam deyə bilərəm. Bu, televiziyaların maarifləndirmək funksiyasının istənilən səviyyədə olmamasından irəli gələ bilər. Ya onlara olan tələbat azalıb, ya da insanlar televiziyadan daha çox internet və sosial şəbəkələrə meylli olmasından qaynaqlanır. Televiziyalar əvvəlki aktuallığını itiriblər. İndiki zamanda texnologiya elə sürətlə dəyişir və inkişaf edir ki, televiziyaların rolu 80-90-cı illərlə müqayisədə çox aşağı düşüb.

- Siz bir aparıcı olaraq o aktuallığı qorumaq üçün nə edirsiniz?

- Ötən əsrdə yaranan, insanların ruhunu oxşayan və yaddaşında qalan musiqilərin unudulmamasına çalışıram. Onların tarixini araşdırıb, insanlara yeni formada təqdim edirəm. Bəlkə də daha dərinə getmək olar, amma bu günkü müstəvi üçün hələlik yetərli hesab edirəm.

- Siz televiziyalarda hansı istiqamətlərdə proqramlar görmək istəyərdiniz?

- Daha çox tarixi, elmi verilişlərə yer verilməsini istərdim. Eyni zamanda şou-biznesə aid olmayan maraqlı şəxsiyyətlər haqqında verişlər hazırlanması gözəl olardı. Şou xarakterli verilişlər həddindən artıq çox olduğu üçün bezdirici olmağa başlayıb. Şəxsən məni çox bezdirib. Əgər tamaşaçını düşündürmək, bir az dərin fəlsəfi düşüncələrə qərq etməkdən söhbət gedirsə, daha maraqlı nələrsə fikirləşmək olar. Bu cür verilişlər elə təqdim olunmalıdır ki, onlara baxan insanların öz fikirlərində haralarsa gedib çıxmaq imkanları olsun.

“Televiziyalarda xaotik vəziyyət hökm sürür”

- Bu nədən irəli gəlir? Kadr azlığından, yoxsa ki, günah telekanallardır?

- Bunu konkret olaraq birinin üstünə yıxmaq olmaz. Bu məsələdə hər ikisi rol oynayır. Kadrlar niyə çatışmır? Çünki onları yetişdirən yoxdur. İstənilən sahədə mütəxəssisləri, kadrları yetişdirən məktəb, müəyyən bir institut olmalıdır ki, o məktəbin bəhrələrini görə bilək. Beləcə onlar da öz yetirmələrini yetirsinlər, yaxşının üstünə daha bir yaxşı gəlsin, yeni-yeni nəsillər inkişaf etsin.

Yaxud da televiziyalar konkret bir formata keçməlidir. İndi bir az televiziyalarda xaotik vəziyyət hökm sürür. Hamısında eyni tipli verilişlər, hamısında eyni üslub, eyni mövzular, oxşar simalar, oxşar mövqelər hiss olunur. Hamısı bir-birini sanki təkrarlayır. Televiziyalardan görmək istədiyimiz yenilikləri ala bilmirik.

- Belə çıxır ki, bizim telekanallara baxmırsınız?

- Düzü, heç vaxtım da buna imkan vermir. Amma ölkədə baş verənlərdən xəbərdar olmaq üçün xəbərlərə baxıram. Bəzən də olur ki, televiziyalardan eşitdiyin xəbəri sonra başqa informasiya mənbələrindən yanlış olduğunu eşidirsən. Sən demə o xəbər heç düzgün deyilmiş. Təəssüfləndiyim məqamlar var...

“Süni deyiləm, öz qabımdayam”

- Hazırda jurnalistikada dil problemi geniş əhamiyyət kəsb edir. Siz isə qüsursuz nitq və danışıq qabiliyyəti ilə seçilən aparıcılardansınız. Bununla bağlı gənc jurnalistlərə nə məsləhət görərdiniz?

- İxtisasca jurnalist deyiləm, mənə jurnalistikadan dərs deyən müəllimlərim də olmayıb. İxtisasım haradasa mədəniyyətlə bağlı olduğu üçün o artıq məndə özünü göstərir. Həmçinin özüm ziyalı ailədə böyümüşəm, orta məktəbdə də yaxşı müəllimlərim olub. Yəni, insan kimi, o cümlədən şəxsiyyətin dil, nitq mədəniyyətinin formalaşmasında ətraf mühitin rolu böyükdür. Musiqi təhsilindən əldə etdiyim estetik zövqümü, estetik dəyərlərimi bu ixtisasıma daşıyıb gətirmişəm. Hazırladığım veriliş öz ixtisasımla bağlı olduğu üçün süni deyiləm, öz qabımdayam. Bir aparıcı kimi davranışım və danışıq qabiliyyətim bəyənilirsə, bu mənim uğurumdur.

Təəssüf ki, efirdə qüsurlu, ləhcə ilə danışan aparıcılar da var. Bu isə əslində yolverilməzdir. Region kanallarında başa düşüləndir, amma dövlət kanallarından söhbət gedirsə, artıq ciddi problemdir. Bu qüsurları aradan qaldırmaq üçün üzərində çalışmalısan. Mütaliə ilə məşğul olmalısan. Amma bəzən bu da kömək etmir.

- Retro musiqisində sizi nə cəlb edir?

- Klassik musiqi təhsili aldığım üçün Fikrət Əmirovun simfonik muğamlarından, yaxud Bax, Bethovenin simfoniyalarından, Motsart operalarından da danışa bilərəm. Sadəcə retro mahnılar daha miniatür, populyar və xalqa daha yaxın musiqi növüdür. İnsanların hamısını caza qulaq asmağa, operaya getməyə, simfonik musiqi anlamağa məcbur edə bilməzsən. Mahnı elə bir janrdır ki, hamıya çatır. O, ziyalı təbəqəyə də, orta təbəqəyə də, lap heç təhsili olmayan adi insanların da maraq dairəsinə uyğundur. Populyar musiqi janrı olduğundan mənim üçün mahnı bir vasitə rolunu oynayır. Onun vasitəsi ilə heç olmasa ötən əsrdə dəyərli mahnılardan danışmağa çalışıram.

- Bu gün yüksək musiqi zövqünü formalaşdırmaq üçün nə etmək lazımdır?

- Musiqi çox yoluxucudur. Onu gündə bir neçə dəfə səsləndirsələr, beynində qalacaq. Sonra sevmədiyin halda bayağı bir melodiyanı, ritmi zümzümə etməyə, oxumağa başladığını müşahidə edəcəksən. Musiqi çox böyük təsir gücünə malikdir. Ona görə də, daha çox gözəl musiqilərə yer vermək lazımdır ki, yoluxucu funksiyasının müsbət təsirlərindən bəhrələnək. Əslində, insanın musiqi və digər zövqləri yaşa dolduqca, tərbiyədən asılı olaraq illər ərzində canına hopur və formalaşır.

“Musiqi insanda səbəbsiz emosiyalar yaratmaq gücünə malikdir”

- Sizcə musiqi insanın ən güclü təsəlli mənbəyidir?

- Əlbəttə. Hətta musiqi insanda səbəbsiz emosiyalar yaratmaq gücünə malikdir. Əhvalın başqa dalğada, yaxud kefin əla olduğu halda sarı simə toxunan elə bir melodiya eşidə bilərsən ki, o səni başqa bir dalğaya kökləyə bilər, başqa emosiyalar yaşada bilər. Belə bir gücə malik olan və ani baş verən ikinci nə var ki?!

Kitabı da ancaq oxuyandan sonra həmin emosional hala düşə bilərsən. Kino da eyni ilə, sənə təsir etməsi üçün onu gərək sona qədər izləyəsən. Musiqi xüsusilə də mahnı 3-4 dəqiqə olduğu üçün onun sədalarını eşidən kimi dərhal başqa lada keçirsən. Əslində isə incəsənətin bütün növləri böyük gücə malikdir.

- Qərarlarınızı özünüz müstəqil verirsiniz, yoxsa ki, ailənizin təsiri var?

- Yox, qərarlarımı özüm müstəqil şəkildə verirəm. Baxır, hansı qərardan söhbət gedir, məsləhətləşə, fikirlərimi bölüşə bilərəm. Həm də mən əqrəb bürcüyəm. Əqrəblər çox zaman öz intuisiyası və ağlının müştərək hökmü ilə qərar verib hərəkət edirlər, ümumiyyətlə onlarda 6-cı hiss güclü olur. Uşaq və gənc yaşlarında təbii ki, böyüklərlə məsləhətləşməlisən, amma yaşa dolduqca, həyat təcrübən artdıqca buna ehtiyac azalır. Yeri gələndə mən özüm kiməsə məsləhət verə bilərəm, nəinki məsləhətə ehtiyac duymaq...

- Sizi nəyəsə inandırmaq çətindir?

- Mən çox skeptik insanam.

- Bu sizə həyatda çətinlik yaratmır ki?

- Əksinə, çox kömək olur. Məsələn, sən həyatda daha sadəlövh olsan, daha yumşaq xarakterli olsan, həyatda daha çox problemlər qazanarsan. Amma hər şeyə şübhə ilə yanaşaraq gələcəkdə baş verəcək problemlərin qarşısını almış olursan.

- Ekstrasenslərə, falçılara inanırsınız?

- Yox, onlar dünyanın ən boş işi ilə məşğul olurlar.

- Qadınlar fala çox maraq göstərir. İnanmıram ki, siz də heç zaman fala baxdırmaq istəməyəsiniz.

- O hisslər hər kəsdə olur. Nəticədə isə onun da sənin kimi adi insan olduğunu anlayırsınız. Əyləncə xətrinə rəfiqələrimlə birlikdə oturanda qəhvə falına baxmışıq. Təbii ki, bu, məndə gülüşdən başqa heç nə yaratmayıb.

- İşlərin çoxluğu sizə ev işlərini görməyə mane olur?

- İşlərimin çox olmasının əsas səbəbi ev qayğıları, məişət işləridir.

- Məşğul olursunuz?

- Hamısı ilə.

- Sevgi sarıdan bəxti gətirənlərdənsiniz?

- Sevgi ifadə oluna bilməyəcək qədər gözəl hisslərdir.

- Sevgidə öz xoşbəxtliyinizi tapmısınız?

- Mən çox xoşbəxt insanam. Xoşbəxtliyimi sevgi yaşamaqda, yaxud hansısa münasibətdə görmürəm.

- Xoşbəxt olmaq üçün mübarizə aparmaq lazımdır?

- Yeri gələndə aparmaq lazımdır. Əgər atdığın addımın səni xoşbəxt edəcəyindən, getdiyin yolda tək qalmadığından, yaxud mübarizə aparmağa dəydiyindən və hisslərinin qarşılıqlı olduğundan əminsənsə, əlbəttə ki, bu istiqamətdə mübarizə aparmaq lazımdır. Yox, əgər meydanda təksənsə, bu, nəyə lazımdır?

- Siz bu yolda mübarizə aparmalı olmusunuz heç?

- Yox.

- Niyə yuxarıda sadaladığınız keyfiyyətlərə sahib olan insan qarşınıza çıxmayıb?

- Bəlkə də ola bilər. Kişi və qadın münasibətlərində qadın üçün kişinin ən vacib keyfiyyəti onun etibarlı və güvənli olmasıdır. Sən bilirsən ki, sənə arxa-dayaq olan biri var. Əgər sən o insana güvənmirsənsə və qarşı tərəf etibarsızdırsa, o yola heç ayaq qoymaq lazım deyil.

- Qadın tək də xoşbəxt ola bilmir axı.

- Allah qadının analıq missiyasını, dünyaya uşaq gətirmək və böyütmək vəzifələrini onun fitrətinə yazıb. Bunun özü ən böyük xoşbəxtlikdir. Həm də indi zaman o qədər dəyişib ki, yarım əsr, bir əsr bundan əvvəlki dəyərlər öz əhəmiyyətini itirib. Qadınlar çoxfunksiyalı olublar. Onlar bütün sahələrdə işləyə bilir, bütün işlərin dalınca gedə bilirlər. Evin bütün yükünü çəkə bilirlər. Kişilər olan mühitə düşən zaman onlarla eyni səviyyədə danışmaq, eyni səviyyədə düşünmək qabiliyyətinə malik olmalısan, ağılda, savadda, zövqdə onlardan geri qalmamalısan. Bu rəqabət qadınlara elə keyfiyyətlər aşılayıb ki, təklik artıq ciddi problem kimi qəbul olunmur. Tək yaşayan, tək övlad böyüdən qadınlarımız da çoxdur. Sadəcə həyatları belə gətirib. Onları bədbəxt qadınlar siyahısına aid etmək düzgün deyil. Tək qadınların da həyatlarına rəng qatan çalarlar, dostlar, əhatə, səyahətlər var, yaxud övladının uğurlarına sevinirlər. Demək ki, onlar da xoşbəxtdirlər.

Fotoqraf Elnur Muxtar

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm