• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şahzadəyə çevrilən qurbağa – məşhur aktrisanın həyat hekayəsi - FOTOLAR

Şahzadəyə çevrilən qurbağa – məşhur aktrisanın həyat hekayəsi - FOTOLAR

“Elə günlər var ki, özümü it kökündəki kimi hiss edirəm”

Mişel Pfayffer – nadir gözəlliyə və istedada malik olan bir qadındır. Elə buna görə də onun bir çox ekranlaşdırılmış obrazları kinematoqrafiya dünyasında əsl əfsanəyə çevrilib. O, pişik kimi zərif qadından klassik ifritə rollarınadək uzun bir yol keçib.

Mişelin qeyri-adi aktyorluq qabiliyyəti və müxtəlif personajların ifasında nümayiş etdirdiyi məharətə görə Mişel bir çox kinematoqrafiya mükafatlarına layiq görülüb.

O, Kaliforniya ştatının Santa-Ana şəhərciyində 1958-ci ildə dünyaya göz açıb. Ailədə ikinci uşaq olan Pfayfferin anası evdar qadın olub və 5 uşağın qayğısına qalıb. Böyük, kasıb ailənin bütün yükü atasının çiyinlərinə düşüb. Bütün həyatı boyu Riçard Pfayffer kondisioner və qızdırıcı avadanlıqlar satmaqla ailəni dolandırmağa çalışıb.

“Anam Böyük Böhran illərində 5 uşağı dolandırmaq üçün tikiş maşınını işə salardı. Hətta yaşayış yerimizi dəyişəndə də o, maşını belinə vurub özüylə daşıyardı. O, əsl qəhrəman idi. Bax mən də övladlarımı belə böyütmək istəyirəm”.

Mişel Pfayfferin damarlarında holland, irland, alman, isveç və isveçrə qanı axır. Bəlkə də, elə buna görə Amerika kino ulduzu özünəməxsus gözəlliyə sahibdir.

Ördək balası

Öz yaşıdları arasında qeyri-adi xarici görkəminə görə məşhur olmasa da o, çox vaxt çirkin hesab edilib. Buna görə də qızcığaz kompleksə düşüb adam arasına çıxmaqdan da qaçıb. Mişelə elə gəlib ki, burnu çox balacadır, iri ağzı isə bütün sifətini “işğal” edir. Oğlanlardan diqqət gördükdə bunu sadəcə mərhəmətin ayağına yazırdı. Lakin illər sonra alimlər müasir qadınların ideal üz cizgilərini müəyyən etdilər: çətin riyazi yolla isbatladılar ki, aktrisalar dünyasında yalnız bir nəfər ideal dodaq və buruna sahibdir. Və əlbəttə, əlbəttə, o bir nəfər məhz Mişel Pfayffer idi.

“Mən daha çox ördək balasına bənzəyirəm. Çünki dodaqlarım irəliyə doğru əyilib, burnum isə mailidir. Mən gərək idi ki, cizgi film qəhrəmanı Hovard Ördəyi oynayım”

Mişel özünü gözəl hesab etməsə də, aktrisa simmetrik üz-çənə formasına, mavi gözlərə və yuxarı dodağı aşağı dodağından şişman olan ağıza malikdir...

Bundan əlavə, Mişel elə uşaqlıqdan fəal və hərəkətli uşaq olub. O, dərslərdə çətinliklə oturardı və öz inadcıl xasiyyətinə görə seçilirdi. Daim başı davalara qarışardı və mübahisələrdən asanlıqla sudan quru çıxırdı. Hətta buna görə bir dəfə məktəbdən qovmaq da istəyiblər.

“Gənc yaşlarımda heç özümə baxmazdım. İşim-gücün ancaq siqaret çəkmək və kola içmək idi. Bu, mənim həyat tərzim və pəhrizim idi”

Müstəqilliyə can atan aktrisa tez-tez dərs buraxsa da, onun bir neçə maraqlı hobbisi olub. Kaliforniyada bütün yeniyetmələr kimi, Pfayffer sörfinq, basketbol və aktyorluq sənəti ilə məşğul olmağı sevərdi. Ümumi məzmunda desək, gələcəyin məşhur aktrisası bunları yalnız dəb üçün edərdi. Karyera onun ağlına da gəlməzdi. O zamanlar Mişel üçün ən əlverişli sənət modellik idi.

Lakin qızın işə başdansovdu yanaşması çox sürmədi. Günlərin birində ailənin pula ciddi ehtiyacı yarandı. Elə buna görə də Mişel bütün əyləncələrini və tərsliyini bir kənara qoyub, 14 yaşından işin qulpundan yapışmalı oldu. Əvvəlcə geyim mağazasında satıcı, sonralar isə ofisiant və mağazada nəzarətçi kimi çalışmağa başladı.

Məktəbi bitirdikdən sonra Mişel kollecə daxil oldu. Lakin gənc qız uğurlu karyera qazanmaq üçün təhsilin əsas amil olmadığını anladı.

Ulduzluğa gedən yol...

Məktəbdə “qurbağa” ləqəbinə layiq görülən qız 1978-ci ildə “Miss Kaliforniya” müsabiqəsinə qatılır. Gənc qız finala kimi gəlsə də, sonda məğlub olur. Müsabiqədə uğur qazana bilməsə də, qeyri-adi gözəlliyə malik olan Mişel prodüserlərin diqqətini cəlb edib. Elə bundan sonra da Mişelin həyatı büsbütün dəyişməyə başlayıb: prodüserlər onu kino çəkilişinə dəvət ediblər.

Pfayfferin ilk filmi “Delta Haus” televiziya serialı olub. Aktrisa getdikcə daha da məşhurlaşaraq kifayət qədər sanballı filmlərə çəkilməyə başlayıb. Onun film yaradıcılığına “Çapıqlı sima” və “İstvin ifritələri” da daxil olub. Maraqlısı budur ki, xoş simalı amerikalı gözəl çəkildiyi hər filmdə baş rolda olub. O, çəkiliş səhnələrində Cek Nikolson, Şer və Süzan Sarandon kimi peşəkarlarla çalışıb. Nəticədə, Mişel 1980-ci illərin ortalarında öz zamanının arzuolunan və məşhur aktrisasına çevrilib.

“Təhlükəli əlaqələr” (“Dangerous Liaisons”) və “Məşhur Beyker oğlanlar” (The Fabulous Baker Boys) filmləri aktrisaya Britaniya kino akademiyasının BAFTA və həmçinin də, “Qızıl qlobus” mükafatını qazandırıb.

1996-cı il MTV kino mükafatına əsasən Mişel “Ən yaraşıqlı qadın” və “Qadın rollarının ən yaxşı ifaçısı” nominasiyasına layiq görülüb.

Maraqlısı odur ki, aktrisanın çəkildiyi filmlərin diapazonu komediyadan drama, qorxulu filmlərdən romantik melodramadək dəyişir.

Mişel 2 dəfə ailə həyatı qurub. Birinci əri ilə kino dərsləri alan zaman tanış olub və 7 il birgə yaşadıqdan sonra boşanıb. Boşanma səbəbləri məlum olmasa da, Mişelin kino çəkilişləri zamanı aktyor Con Malkoviçlə sevgi yaşadığı güman edilir.

“Hesab edirəm ki, 22 yaşda ərə getmək ağılsızlıqdır və hər ikimiz çox gənc olmuşuq. Və biz böyüdükcə tələblərimiz də artırdı”

Aktrisa şəxsi həyatını məxfi saxlamağa çalışır. Lakin sevgidə bəxti gətirmir və aktrisanın sevgi romanları uğursuz başa çatır. Buna görə də Mişel uğursuz sevgi və həyatın verdiyi acılara qarşı çıxaraq öz ailəsini qurmağı qərar verir: Mişel Klaudia Roz adlı balaca bir mulat qızı övladlığa götürür.

“Bilirsiniz, mən uzun müddətdən bəri ailə qura bilmədiyin üçün çox üzgün idim. O zaman 33 yaşım vardı və öz-özümə dedim “Mişel, artıq gözləməyə vaxt yoxdur””

Amma kədərli günlərin ömrü qısa olur: Mişel 1993-cü ildə isə övladlığa götürdüyü qızını xaç suyuna salarkən prodüseri Devid Edvard Kellidən evlilik təklifi alır. Bəlkə də, bu, tanrının Mişelə balaca qızı övladlığa götürdüyü üçün etdiyi yaxşılıq idi? Bəlkə də, bu elə balaca qızcığaz Klaudia Rozun kiçik ailəsinə gətirdiyi kiçik bir minnətdarlıq əlaməti idi? Bunu heç kim deyə bilməz. Lakin onu deyə bilərik ki, Mişel gələcək əri Devidi dəlicəsinə sevərək həmin ilin noyabrında ailə həyatı qurub və günü bu günədək cütlük bir yerdədir. Kaliforniyada yaşayan cütlüyün bir övladı da olub və indi valideynlər onların tərbiyəsi ilə məşğuldurlar.

Mişel ailəsinə görə karyerasından da imtina etməyə hazırdır. Ailəyə önəm verən aktrisa “Əsas instinkt” və “Evita” kimi filmlərdə iştirak etməkdən imtina edib.

İllər 56 yaşlı aktrisanın onun gözəllik və təravətinə toxunmayıb.

“Qocalıq pis şeydir. Mən heç gənc görünmək üçün də nəsə etmirəm. Çünki bu onsuz da heç nəyi dəyişməyəcək”

Aktrisa plastik əməliyyatlara qaçmasa da, botoks etdirdiyini boynuna alıb. Əslində isə Mişel çox mühafizəkardır. Yaşının 60-a yaxın olmasının fərqinə varmayan Mişel cins şalvar həvəskarıdır və dediyini görə, evində 15 cüt cins şalvar saxlayır...

Aktrisanın pərəstişkarlarından biri deyib: “Günlərin birində sevgilim mənə xoş söz deyərək sol qaşımın Mişel Pfayfferin qaşına bənzədiyini dedi. Mən o qaşa düz 15 il toxunmadım”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR