• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhur modelyer azərbaycanlı qızların geyim tərzindən danışdı - Fotolar

Məşhur modelyer azərbaycanlı qızların geyim tərzindən danışdı - Fotolar

Mən jurnalist olsam da, modadan yazmağı çox sevirəm. Əlbəttə ki, geyim və modadan söz düşəndə heç bir qadın buna laqeyd qala bilmir. Uşaqlıqda mənim modelyer və geyim ustası olmaq istədiyimi nəzərə alsaq, modaya olan sevgim, adi bir qadının modaya olan həvəsi ilə müqayisə oluna bilməz. Buna görə də, moda ustaları söhbətləşmək mənə xüsusi zövq verir. Elə bu həftəki müsahibim də moda dünyasının istedadlı və gənc nümayəndəsidir.

“Gözəllik ondur, doqquzu dondur” - insanın xarici görünüşü, geyimi onun hansı ağla və biliyə malik olmasının bariz göstəricisidir. Həmçinin insanın seçdiyi geyimin rəngi, forması onun xasiyyətindən, daxili aləmindən və zövqündən xəbər verir. Hər bir sahənin, eləcə də modanın öz peşəkarları, mütəxəssisləri var, onlarla arabir də olsa məsləhətləşmək, çalışmaq insana fərdiliyini qorumağa kömək edir. Bu həftə tabloid.az-ın “Kokteyl” layihəsində qonaq gənc və istedadlı modelyer Zümrüd Mirzaliyeva oldu. O, Azərbaycan xanımlarına dəb məsləhətlərini əsirgəmədi.

- Moda ilə ilk tanışlığınızı necə xatırlayırsınız?

- Məktəb illərində rəfiqəmlə birlikdə dəftərlərin kənarlarına şəkillər çəkərdik. Bütün dəftərlərimin kənarları şəkillərlə dolu idi. Məncə, moda ilə ilk tanışlığım o illərə təsadüf edir.

- Nələr çəkirdiniz?

- Gözəl geyinmiş, bəzənmiş qız şəkilləri, siluetlər çəkərdik. Sonra kağızdan müxtəlif paltlarlar düzəldər, kuklalara geyimlər tikərdik. Kuklaları geyindirmək, onun üçün cürbəcür obrazlar yaratmaq bizə maraqlı gəlirdi. Təəssüf ki, o qız yolunu davam etdirmədi.

- Sizi meydanda tək buraxdı?

- Deməzdim, sadəcə başqa ixtisası seçdi. Mən isə modaya böyük maraq göstərdiyim üçün arzularımın arxasınca getdim. Bunda anamın da böyük rolu var. Anam həvəsimin sönməsinə icazə vermədi.

"Əgər bir işə ürəyini qoyursansa, o işin alınmamaq ehtimalı yoxdur!"

- Yaxşı modelyer olmaq üçün təhsilin olması vacibdir?

- Təhsil bütün sahələrdə önəmlidir. Məktəbi keçməsən, bəzi nüanslar sənə qaranlıq qalacaq, məlumatsız olacaqsan. Eyni zamanda, təcrübə də çox önəmlidir. 5 universitet bitirib də işləməyə də bilərsən. Mən bu işə həyatımı vermişəm, insanın özündən də çox sey asılıdır. Əgər bir işə ürəyini qoyursansa, o işin alınmamaq ehtimalı yoxdur. Ona görə də, insanlar bir iş alınmayanda ondan şikayət etməsinlər. Deməli, yetərincə istəməyiblər.

- Modada sizi əsas cəlb edir?

- Moda yaradıcı peşədir. Hər gün nəsə yaratmalısan, fikirləşməlisən. Modada məni cəlb edən onun gözəlliyi, əlvanlığı, geniş seçim imkanıdır. Ən əsas da mən bu sahədə xəyallarımı, arzularımı təsvir etdiyim kimi canlandırıram. Moda mənim üçün həm də bir vasitədir. Geyim vasitəsilə öz daxili dünyamı, baxışımı insanlara çatdırmaq istəyirəm. Hər bir qadını öz baxış bucağımdan dəyişməyə çalışıram.

"Məncə bu, qadınını anlamaq üçün zaman sərf etməyə çətinlik çəkənlərin bəhanəsidir"

- Qadın özü çətin, bəzən isə anlaşılmaz varlıq olur. Çox vaxt da nə istədiyini bilmir. Bu baxımdan qadınları dəyişmək çətin deyil ki? Alınır?

- Bundan daha çox kişilər hər zaman şikayətlənirlər ki, qadınları anlamaq olmur. “Onların nə zaman, nə istədiklərini bilmək mümkün deyil”, hətta heç qadınların özlərinin də nə istədiklərindən xəbərsiz olduqlarını deyənlər də var. Bu, əslində bir bəhanədir. Özlərini yormaq istəməyənlərin bəhanəsi. Məncə bu, qadınını anlamaq üçün zaman sərf etməyə çətinlik çəkənlərin bəhanəsidir. Qadınlar xoşbəxt olduqları zaman nə istədiklərini çox gözəl bilirlər. Qadın nə istədiyini bilmirsə, deməli, onu xoşbəxt etmək və diqqət göstərmək lazımdır.

Qadınlar daha çox kaprizli olduğu üçün onlarla işləmək müəyyən mənada çətin ola bilər. Lakin işini sevəndən və işini biləndən sonra bunlar heç bir problem yarada bilməz. Qaldı ki, qadınları dəyişmək məsələsinə, alınıb-alınmadığını kənardakılar söyləsə, daha məntiqli olar. Mən əlimdən gəldiyi qədər beynimin məhsulu sayəsində hər bir qadını fərqli və daha gözəl göstərməyə çalışıram.

- Yəni, öz zövqünüzü xanımlara diktə edə bilirsiniz?

- Çox zaman, bəli.

- Kaprizli xanımlarla necə yola gedirsiniz?

- Bəzən öz istəkləri ilə də çıxış edən xanımlar olur, onları da başa düşürəm. Belə bir məsəl var ki, “Müştəri hər zaman haqlıdır”. Bunu nəzərə almağa çalışıram. Əsas odur ki, heç zaman narazı qalmırlar.

- Dəb, gözəllik və zövq anlayışlarının bir-birindən fərqi nədir?

- Bunlar həm fərqli, həm də bir-birinə zəncir kimi bağlı olan anlayışlardır. Dəb - zövq və gözəllik tələb edir. Zövq varsa, dəbli geyinib, gözəl görünə bilərsən. Gözəllik varsa, zövq və dəblə, bu keyfiyyətə xüsusi şarm qata bilərsən. Zövqə bəzi insanlar doğuşdan sahib olurlar, bəziləri isə get-gedə yiyələnə bilərlər. Yəni, yaxşı geyinməyi öyrənmək olar.

- Yəni, zövqü pulla almaq olar?

- Yox, zövqün formalaşması üçün ən birinci amil, mühitdir. Bildiyimiz kimi İtaliya moda paytaxtlarından biridir. İtaliyada qızları hələ demirəm, oğlanlar bəlli bir yaşa çatandan sonra validenyləri onu qarşısına alıb nələrin yaraşdığını, nəyin yaraşmadığını başa salır. Dərisinin rənginə, bədən quruluşuna uyğun olaraq düzgün geyinməyi izah edir. Hər insanın dərisinə yaraşan rəng çalarları var. İnsanın dərisinin, gözlərinin rəngi dəyişmir, ona görə də, rəng seçimində bunları da nəzərə almaq lazımdır.

Bizdə də valideynlər övladlarına uşaq vaxtında düzgün geyinməyi aşılasalar, uşağın zövqünün formalaşmasına nail olarlar. Uşaq kiçik yaşlarından ona nəyin yaraşıb-yaraşmadığını biləndən sonra gələcəkdə zövq məsələsində problem yaşamayacaq.

- Hansı diyzaynerin işləri sizi sözün əsl mənasında valeh edir?

- Xüsusi olaraq yaradıcılığı izlədiyim bir dizayner yoxdur, mən bütün dizaynerlərin kolleksiyasını izləyirəm. Ola bilər ki, bir dizaynerin ancaq bir neçə işi xoşuma gələ bilər. Bir dizaynerin bütün işlərini bəyənmək mümkün deyil.

"3-4 il bundan əvvvəl Azərbaycanda street style deyə, bir şey yox idi"

- Azərbaycan qızlarının “street style”-ni necə qiymətləndirirsiniz?

- 3-4 il bundan əvvvəl Azərbaycanda street style deyə, bir şey yox idi. Şükür Allaha ki, bu tendensiya bizdə də gözlənilir. 2 il sonra Bakını Avropa şəhərlərindən heç nə ilə fərqləndirmək olmayacaq. Küçəyə çıxanda bizdə də çox gözəl geyinən və öz tərzi olan insanlara rast gəlinəcək. Əvvəllər şəhərin mərkəzi küçələrinə çıxanda hamını qara rəngli geyimlərdə görmək olardı. İndi isə mütəlif rənglərə daha çox üstünlük verilir. Bu da çox xoşdur. Başqa rənglər görəndə gözlər də sevinir.

- Getdiyiniz məkanlarda xanımların geyimlərində nöqsanlar axtarırsınız?

- Küçədə gəzəndə, restoranda olanda, ümumiyyətlə, getdiyim hər məkanda xanımların geyim tərizini nəzərdən keçirirəm.

"Onda çox düşmən qazanıram"

- Qüsularını özlərinə bildirirsiniz?

- Mənim ən pis cəhətlərimdən biri də sözü üzə deməyimdir. Söylədiklərim bəzən xətirlərinə dəyir və çox düşmən qazanıram. Adətən yaxın adam olanda deyə bilərəm, uzaq olanda isə xətrinə dəyməmək üçün susuram.

- Ən çox hansı üslubda geyimlər yaratmağı xoşlayırsınız?

- Bu yaxınlarda 3 kolleksiya hazırlamışdım. Orada hər bir xanımın zövqünü və istəyini nəzərə almağa çalışmışdım. Geyim yaradarkən onun belə deyək, çoxfunksiyalı olmasına çalışıram. Həm gündəlik, həm ad günününə geyinilə bilən kokteyl donlar daha çox hazırlayıram.

- Modada inqilab etmək üçün nə tələb olunur?

- Moda dünyasında inqilab etmək çox çətin məsələdir, bizə qədər ehtiyacımız olan hər şeyi icad ediblər. Məsələn, XVIII əsrdə xanımlar qabarıq ətəklərdən istifadə edirdilər. 1913-cü ildə isə qadınların geniş qarderobuna idman geyimləri də daxil olur. O dövrlərdə məşqlər və velosipedlə gəzintiyə çıxmaq olduqca dəbdə idi. Xanımlar qolf, kroket və tennis oynamağa, konki sürməyə, at arabaları əvəzinə açıq avtomobillərdə gəzməyə başlayırlar. Bütün bu fəaliyyətlər xanımları metal çubuqlarla birləşdirilən korsetlərdən, həddən artıq dəbdəbəli paltarlardan, uzun ətəklərdən imtina etməyə məcbur edir. Çünki bu cür geyimlərdə velosiped sürmək mümkün deyildi. Bu isə yüngül və qısa kəsimli geyimlərin xeyrinə işləyir. Bundan sonra qadınlar şalvara və qısa kəsimli modellərə üz tutur.

Bizim dövrümüzdə də sıradan çıxmalı olan geyimlər var. İnsanlar getdikcə sadəliyə üz tuturlar, sadə modelləri daha çox xoşlayırlar. XX əsrdə qonaqlığa, bala getmək üçün aylarla hazırlaşmaq lazım idisə, indi daha asan başa gələn geyimlər seçməyə çalışırlar.

- Hər bir modelyerin onu ilhamlandıran pərisi olur. Sizin muzanız kimdir?

- Müştərilərim arasında çox gözəl xanımlar var. Onlar mənim yaradıcılığımı ruhlandıra bilirlər. Onlarla işləmək xoşdur. Öz geyimlərimi gözəl xanımların əynində görəndə sevinirəm.

- Haradan şopinq etməyi xoşlayırsınız?

- Bakıda, Türkiyədə və İtaliyada daha çox alış-veriş edirəm.

- Daha çox alırsınız, yoxsa özünüz üçün tikirsiniz?

- Gündəlik geyimləri tikməyə vaxt çatdırmıram, gecə geyimlərimin isə hamısı özümə məxsusdur.

- İynə haqqında “Hamını bəzər, özü lüt gəzər ” tapmacası sizə də aid etmək olar?

- Bəli. Özümə hər dəfə paltar hazırlamağa o qədər də vaxtım olmur. Müştəri və özüm arasında seçim etməli olsam, əlbəttə ki, müştərini seçirəm.

- Sizə müraicət edən müştəridə ilk olaraq nəyi nəzərə alırsınız?

- Birinci həmin xanımın hazırlayacağım paltarda hara getdiyini soruşuram. Geyimin düzgün istifadəsi üçün bu, vacib şərtdir. Daha sonra bədən quruluşu və dəri rəngini nəzərə alıram.

- Mövsümün dəbi haqqında nə deyə bilərsiniz? Ən çox hansı rənglər aktual olacaq?

- Hər il bütün rənglərdən istifadə olunur, sadəcə çalarlar dəyişir. Əsasən bənövşənin tünd çalarları, qəhvəyi, zoğalı tonları aktual olacaq. Bej rəng isə hər zamankı kimi dəbdədir.

Bohem tərzinin elementləri aydın şəkildə hiss olunacaq, həmçinin xəzlər də dəbdə olacaq. Bu mövsüm dizaynerlər saçaqlardan, tüklərdən və xəzlərdən çox istifadə ediblər.

- Xanımlarımız bu mövsüm hansı çantalara üstünlük versinlər?

- Vitrinlərdə müxtəlif ölçülü çantalara rast gəlmək olar. Amma dizaynerlərin çoxu kiçik ölçülü çantalara daha çox yer veriblər. Kolleksiyalarda da kiçik ölçülü çantalar müşahidə olunmuşdu.

- Hansı dövrün dəbinin təsiri hiss olunacaq?

- İndi bütün dövrlərin dəbi bir-birinə qarışıb. Kolleksiyalarda 60,70 və 80-ci illərin müəyyən elementləri özünü göstərir. Ona görə, konkret olaraq bir dövrün dəbinin təsir etdiyini demək olmaz. Əsas olan hər qadının öz bədən quruluşuna uyğun siluetlər, ona yaraşan rəngləri seçə bilməsidir. Ən vacibi isə getdiyi məkana uyğun geyinməkdir.

Kliplərdə və fotosessiyalarda məkana uyğunsuz geyimlərə daha çox rast gəlirəm. Məsələn, dağın başında ayaqlarında dikdaban ayaqqabıda klip çəkdirirlər. Dağın başına dikdaban, laklı ayaqqabıda necə çıxmaq olar? Bu, mənə çox maraqlıdır? Ya da dikdaban ayaqqabıda ata minib şəkil çəkdirirlər. Bu cür məqamlara xanımlar diqqət yetirsə, yaxşı olar.

- Bizim ulduzlardan kimlər yaxşı geyinir?

- Röya, Günay İbrahimli, Nura, Aygün Kazımova zövqlə geyinən müğənnilər arasındadır.

- Parçaları haradan alırsınız?

- Çox zaman Türkiyədən sifariş verirəm, İtaliyadan və Dubaydan da alıram.

- Hansı markaların parçalarından istifadə edirsiniz?

- "Dolce&Gabbana", "Elie Saab", "Louis Vuitton", "Valentino" kimi moda evlərinin parçalarına üstünlük verirəm.

- Ən yaxşı eskizlərinizi günün hansı saatında, yaxud hansı mövsümdə yaradırsınız?

- Gündüzlər heç cürə vaxtım olmadığı üçün gecələr işləyirəm. Gündüzlər ağlıma çox parlaq fikirlər gəlmir. Gecələr işləmək daha rahatdır.

Dizaynerlər daim axtarışda olur. Biz adi bir yarpağın yerə düşməsində də təsirləmə bilərik, o yarpaq bizə ilham gətirə bilər, nəsə yarada bilərsən.

- “Gözəllik ondur, doqquzu dondur” fikri ilə razısınız?

- Razıyam.

- Belə çıxır ki, qadının bütün gözəlliyi paltardan asılıdır?

- Bu məsəli mən başqa cür izah edərdim. “Gözəllik ondur, doqquzu dondur” atalar sözünü, Çirkin qadın yoxdur, baxımsız qadın var” fikrinə sinonim hesab etmək olar. Amma gözləri və daxili dünyası boş olan elə qadınlar da var ki, ona dünyanın ən bahalı paltarını geyindirsən də, dəyərini itirəcək. Daxili dünyanın zənginliyi çox əhəmiyyətlidir. O, sənin zahirinlə vəhdət təşkil etməlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR