• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Günay İbrahimli: “Mən də o hissləri yaşamaq istəyirəm” - Fotolar

Günay İbrahimli: “Mən də o hissləri yaşamaq istəyirəm” - Fotolar

Günay İbrahimlini şou-biznesin şanslı müğənnisi hesab etmək olar. Qısa zamanda məşhurlaşıb, karyerasının zirvəsinə yüksələn sənətçini həm də çox müzakirə edilənlərin sırasına da yazmaq olar. Günay tabloid.az-a bu barədə danışıb:

- Müzakirələrin yaranmasına özüm səbəb olmuram, özü gəlib məni tapır. Əsas sonluqdu, onu da yaxşı bitirə bilirəm. Şanslı sözünü hamı mənə deyir. Amma çətinə düşdüyüm anlar da az olmayıb. Çıxılmaz vəziyyətdə belə olmuşam. Şükür edirəm ki, o vəziyyətdən çıxa da bilmişəm.

- Necə?

- Allah hər zaman yardımçım olub. Bir məqamı da deyim ki, insanlar nədənsə, pis olanı yaxşı tərəfə qəbul edirlər. Amma heç vaxt daş-qalaq olmamışam. Bir dəfə səhnədə yubkam qalxdı. Fikirləşdim ki, vəssalam, karyeramın sonu gəldi! Çəkdiyim əziyyətlər hədər getdi. Amma əksinə oldu, İnsanlar bunu normal qarşıladılar. Hətta görəndə, təbəssümlə, “yubkası qalxan qız deyil”, - deyə müraciət edirdilər. Başa düşdülər ki, hər qadının başına gələ bilən hadisədir. Həm də mən tanınmaq üçün səhnədə belə vəziyyətə düşmək istəməmişəm. Ümumiyyətlə, məşhurluğun dalınca qaçmamışam. Əgər məşhurluq üçün qəsdən eləsəydim, hə, onda daş-qalaq etməyə haqları çatardı. Məşhur olmaq asandı. Küçədə bilərəkdən, bir ciddi nöqsana yol ver, bir saat sonra ekranlardan düşməzsən. Mən mahnılarımla dinləyicinin sevgisini qazana bilmişəm. Budur mənim şansım. Konsertdə səni yalandan deyil, ürəkdən gələn sevgi ilə əl çalırlarsa, bundan gözəl stimul ola bilməz.

- Hər insanın həyatında çıxılmaz anları olur? Elə sənətçi var ki, özünə qapanıb göz yaşı axıtdığını, eləsi var depressiyaya düşdüyü deyir. Sən necə?

- Sevmədiyim xüsusiyyətim var. Özümdən tez çıxıram, tez də sakitləşirəm. Hərdən məni incidən söz-söhbət eşidəndə, reaksiya verməməyə çalışıram, göz yumuram. Ya da ölkədən çıxıb gedirəm. 3-4 gün başqa ölkədə qalıb gəlirəm. Heç nə olmamış kimi qayıdıb, işlərimə davam edirəm. Getmişkən, xarici ölkədə alış-veriş də eləyirəm. Hətta telefonları söndürürəm, ancaq ailəmlə əlaqə saxlayıram. Beynim dincəlir. Sonra qayıdıram. Müğənnilik sənəti çox çətindir. Əgər sənətçi gündəmdədirsə, problemlərdən, mənfi emosiyalardan qaçmaq mümkün deyil.

- Səni şərləmək istəyən olub səni?

- Olub, amma üstünə getməmişəm. Əgər mən həmin insana reaksiya versəm, onda o birin deyəndə, məndən beş qat artıq cavab eşidəcək. Onda da özümü onun şər-böhtanına qurban vermiş olaram. O insanı üzbəüz tanısam belə, böhtanına heç bir reaksiya verməmişəm.

Bu sənət səbirli olmağı sevir. Qabağa getmək istəyirsənsə, səbir göstərməlisən.

- Əsəbi olsan da, bunu büruzə verirsən?

- Hərdən elə də olur ki, situasiyanı aydınlaşdırmamış reaksiya verirəm. Bu da sonda mənim əleyhimə gətirib çıxarır. Amma tez sakitləşirəm, bilirəm ki, əsəbiləşməklə özümə pislik etmiş olacağam.

- Səni hamı ilə mehriban münasibətdə görürük. Sənətçi dostlarınla pərdə arxası münasibətin necədir? Bəs sözünüz çəp gələndə, məcazi mənada desək, cirmaq atan olub?

- Adi insanlar arasında da olub, elə sənətçilər arasında da... İctimaiyyət adi insanları tanımır. Amma biz göz önündəyik deyə, addımımız rahat mövzuya çevrilə bilir. Sənətçilərin cinsiyyətindən asılı olmayaraq, hamısı ilə yaxşı münasibətdə olmağa çalışıram. Hətta yeni gələnlərə də xoş münasibət göstərirəm. Amma etiraf edim ki, bu sahədə dostluq elədiyim insan yoxdur.

- Etibar eləmirsən?

- Yəni insanın sirri özündə, anasında, bacısında olar. Mən sənətçi dostlarımla sənətdən kənar görüşüm, dərdləşim deyə, belə bir məsələ yoxdur. Yəni, “dəymə mənə, dəyməyim sənə” prinsipim var. Əgər belə məşğuliyyətlərə vaxt ayırsam, sənətimə, özümə zamanım yetməyəcək. 1-2 nəfərlə dostluq eləmək mümkündür. Amma onu da eləmirəm. Çünki bəzən dostluğun sonu düşmənçilik olur. Ona görə də, biri ilə yaxşı münasibətinin olmağını istəyirsənsə, mütləq sərhəd saxlamalısan. Mənə yaxşılıq edən insana, min qat əvəzin çıxmağa çalışıram. Pislik edənlərə qarşılıq göstərmirəm. Allah özü cavabın verir həmin insanların. Yəni, prinsiplə yaşayan insanam. Əksəriyyət kimi mənim də düşmən mövqedə olduğum insanlar var. Olub ki mənə çox pislik ediblər. Oturub ağlamışam. Pis hallara düşmüşəm. Əvəzində ona qarğış da eləməmişəm. Səbir etmişəm, Allah onun cəzasını verib.

- Səndə bir neçə addım geridə gələn həmkarların üçün özünü nümunəvi sayırsan?

- Hardasa sayıram. Səsdən başqa sənətçinin yaxşı çevrəsi olmalıdır. Düzgün mövqeyi olan insanlarla ünsiyyət qurmağı bacarmalıdır. Tək əldən səs çıxmaz. Ən vacibi tənbəllikdən uzaq olmalısan. Səhnədə səsi olmayan müğənninin populyar olmasının vacib şərtlərindən biri də onun çalışqan olmasıdır. Qarışaqa kimi işləyirlər.

- Külli miqdarda pul xərcləyib göz önündə qalmağa çalışan yetərincə çox müğənni var. Sən necə, sənətin naminə kredit götürmüsən?

- Bəzən nədənsə, kreditə pis baxırlar. Amma qazancın var ki, kreditə də girirsən. Hazırda idarə etdiyim avtomobilim kreditdədir. Ödənişin qurtarmasına az qalıb. İstəsəm nağd da ala bilərəm. Amma onda sənətim axsayardı... Planla iş görəndə, əlavə xərc-borc da yığılmaz.

- İnsanın pulu artdıqca daha yaxşı həyat arzulayır. Bəs sənin arzularını bizimlə bölüşə bilərsən?

- İstəyirəm evim olsun. Evsiz deyilik. Sadəcə ailəmlə yaşadığım indiki ev bir az darısqaldır. Yeni mənzilim olsa belə, ailəmdən ayrı yaşamayacağam. İkinci arzum isə Heydər Əliyev Sarayında konsert verməkdir. Başqa məkanlardan çox konsert təklifləri almışam. Əksəriyyətin istəməmişəm. İnşallah noyabrın1-2 tarixlərində Moskvada konsertim olacaq. Saraydakı verə biləcəyim konsertin məsuliyyəti bir başqadır. Buna maddi tərəfdən də hazır olmalıyam. Cah-calal arzusunda deyiləm. Özümə uyğun olanın arzulayıram hər zaman. İndi üçüncü avtomobili idarə edirəm. Bundan əvvəlkilər çox bahalı olmayıb. Üçüncünün də geniş tutumlu olmasını istədim ki, özümlə daşıdığım əşyaları maşına sığdıra və uzun yola rahat çıxa bilim. Allah qismət eləsin, yeni mənzil ala bilsəm, mütləq ailəmlə yaşayacağam. Anamın yanımda olması işimə yarayır (gülür). Qarderobumu səliqəyə salır, istədiyim yeməkləri bişirir, tələsəndə qulluğumda durur... Onsuz xaricə gedəndə tək qalıram. Valideyn sevgisinin əvəzi yoxdur. İstəsəm kirayə çıxaram, ya tək qala bilərəm. Bunun pis tərəfin də fikirləşirəm. Ətrafındakı insanlar yığışır, ev olur loru dildə desək, bardaqxana. Mən belə hay-küyü sevmirəm. Çünki bütün günün yorğunluğunu evimdə çıxara bilməyəcəm.

- Günay İbrahimli ev xanımı olaraq uşaqlarının, həyat yoldaşının qayğısına qala bilər?

- Əslində, elə ab-havada olmağı istəyirəm. Övladlarının tərbiyəli böyüməsini, ailəyə yaxşı həyat yoldaşı olmaq istəyirsənsə, mütləq karyera ikinci plana keçməlidir. Çox zaman bir günün işini axşama kimi tamamlaya bilmirəm. Sabaha qalır. Ona görə, ikisini paralel bir tərəzinin gözünə qoymaq olmur. Əslində isə insana qalan ailəsidir. Yaş üstünə yaş gəlir. Bu hissləri də vaxtında dadmalıyıq. Hələ ki övlad sevgisinin nə olduğunu hiss etməmişəm. Amma başına gələnlər bunu əvəzsiz olduğunu deyirlər. Mən də o hissləri yaşamaq istəyirəm.

- Gələcəyini necə görürsən?

- Yaxın zamanlarda özümə biznes quracağam. Planlarımı həyata keçirmək üçün pul qazanmaq lazımdır. Pul qazanmaq uçun biznes qurmalıyam. Demirəm sənəti atacağam. Hər şey axarı ilə gedəcək. Sənətimi sevirlər, hər yerdə xoş sözlər eşidirəm. Amma bəzən özümü xoşbəxt hiss eləmirəm. Sosial şəbəkədə bəxtəvərçilik verirlər – kaş sənin yerində olardım, bəxtəvərsən, və s. Amma demirlər ki, xoşbəxt olmadığımız anlar da var... Yəqin ki, mən bu boşluğu ailəmlə tamamlayacağam...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR