Samira: “Mən Beyons ola bilmərəm...” - Müsahibə
Bizi izləyin

Tabloid.az

Samira: “Mən Beyons ola bilmərəm...” - Müsahibə

Samira: “Qaradərili insanlarla işləmək istəyirəm”

Yerli şou-biznesdə tək-tük müğənni var ki, qalmaqala qoşulmayıb. Əksinə çoxu özü can atır ki, gündəmdə olmaq üçün daim qalmaqal etsin. Lakin “Qayıtdı xəyallar” mahnısı ilə şou aləminə gələn və həmin həzin mahnı ilə indiyədək sakitliyini qoruyub saxlamağı bacaran müğənni Samira Allahverdi 12 il sənətdə olsa da, heç kimlə qalmaqal etməyib. Tabloid.az müğənni ilə maraqlı müsahibəni təqdim edir.

- Samira xanım, səhnəyə gəlişiniz səs-küylü olmasa da, yadda qalan oldu. Bu qədər qalmaqallı müğənnilər arasında sakit qalmaq çətindir yoxsa asan ?

- Mən düşünürəm ki, insanın hansı sahədə çalışmasının əhəmiyyəti yoxdur. İstənilən sahədə insanlarla işləmək çətindir. İnsanların psixologiyasını öyrənmək çox çətindir. Yəqin ki, səbirli olmağım, həyat tərzim, söz-söhbəti sevmədiyimdən qalmaqaldan uzaq dura bilirəm. Sadəcə başımı aşağı salıb işimi görürəm. Bəzən məni səhnə arxasında görüb salam verməyiblər. Buna fikir verməmişəm. Başqaları isə bunu da qalmaqal edir. Amma mən susub keçmişəm. Hamı ilə dava etmək olar. Amma münasibətləri sonradan bərpa etmək çox çətindir.

- Bəs xaraktercə necə insansınız?

- Əslində xaraktercə sakit insanam. Çalışıram hər insanın xasiyyətinə uyğunlaşım. Elə olur ki, qarşıma xasiyyətimə tam əks olan insanlar çıxır. Çətin də olsa onları yola verirəm. Amma sonra bu yola vermənin əziyyətini özümlə evdə tək qalanda çəkirəm.

- Adətən müğənnilər yola vermir, əskinə onları yola verməyə çalışırlar. Sizdə niyə əksidir?

- Bilirəm. Hətta mənim ətrafımdakılar deyirlər ki, gərək sən heç müğənni olmazdın. Çünki xarakterim çox yumşaqdır. Xasiyyətimin mülayim olmasından özüm də əziyyət çəkirəm. Belə izah edim ki, xasiyyətcə lider deyiləm. Öz məqsədimə doğru gedən insanam. Uşaqlıqdan mənim oxumağıma qarşı çıxırdılar. Amma mən bunu etdim. Lakin lider olum, hamı mənə tabe olsun, hər şeyi qarşıma gətirsinlər deyə bir iddiam olmayıb. Hər şeyi özüm etmişəm, qapını da özüm açıram, çayımı da özüm süzürəm… Yəqin ki, yaşadığım həyat tərzi bunu mənə icazə vermir.

- El şənlikləri, həmkarlarınızın tədbirləri, açılış mərasimləri və s. olaraq daim bu sahədəsiniz. Digər müğənnilər daim “mənəm-mənəmlik” iddiası ilə çıxış edirlər. Siz niyə onlara qaynayıb qarışmırsınız ?

- Mən bünövrəmi belə qoymuşam. Mən elə bir şərait yaratmıram ki, kimsə mənə artıq söz desin. Orta hədd deyilən bir anlam var. Onu keçməsən hər kəs insana hörmətlə yanaşacaq. Mən sənətimə də, ailəmə də ciddi yanaşıram. İllərlə çox şeyi gördüyümdən əksəriyyət ilə “salam-sa ğol” münasibətindəyəm.

- Samira xanım, keçmişdə etdiyiniz hərəkət, davranış üçün və ya hansısa fürsəti əldən verdiyiniz üçün peşmançılıq çəkirsiniz?

- Olur… Hərdən fikirləşirəm ki, gərək 10 il bundan öncə klubda, kiçik məkanda da olsa konsertlər verəydim. Əvvəllər daha çox vaxtım olurdu. İndi isə körpə balam var. Amma dəhşətli peşmançılığım olmayıb. 1992-ci ildən sənətdə olsam da, hörmətim var, az-çox sevilirəm. Amma elə bil öz gücümə layiq nəsə etməmişəm. Mən özümü başqa səhnələrdə görürdüm…

Onu da deyim ki, 10 il bundan əvvəl tədbirlər başqa ampluada keçirilirdi, indiki kimi yox. Əvvəllər getdiyim tədbirlərdən zövq alırdım. İndi isə hər şeyi yola verirlər. İndi yaxşı, normal, səmimi bir məclis görəndə sevinirəm. Tək-tük halda kiminsə tədbirinə gedərəm. Səbəb isə səmimiyyətin olmamasıdır. Söhbət təkcə bizim sahədən getmir. Bəlkə də problem zəmanədəndir. İnsanlar sadəcə pul qazanmaq haqqında düşünürlər və hər kəs sanki aqressivləşiblər.

- Son dövrlər elə bil kənara çəkilmisiniz və kölgədə qalmağa çalışırsınız…

- Tamamilə düz müşahidə etmişiniz! Bəlkə də bu düzgündür ki, indiki müğənnilər nəyin bahasına olursa olsun nömrə bir olmaq istəyirlər. Kənara çəkilməyimə səbəb isə mənə və mənim kimi müğənnilərə uyğun verilişlərin olmamasıdır. Bir çox müğənnilərin dəvət olunduğu verilişlərə getmirlər. Axı biz gedək orada nə deyək?! Verilişə gedirsən insanlara maraq olsun deyə qalmaqal yaradırlar. Bunu görəndən sonra güzgüyə baxıb özüm özümə deyirəm ki, buna görə mən illərlə mübarizə apardım ? Buna görə özümü öldürürdüm ki, mən müğənni olmaq isəyirəm? Mənə çox çətindir…

- Samira xanım, bir sıra müğənnilər səhnədə həyatda olduqlarında çox fərqlidirlər. Obrazları var. Sizdə isə elə hər ikisi eynidir.

- Kim belə qanun qoyub ki, səhnəyə gələn insanın obrazı olmalıdır? Mən bu sənətə obraz üçün gəlməmişəm. Mən səhnəyə oxumaq üçün gəlmişəm. İnsanları mənə obraz biçiblər. Mən insanların gözündə soyuq görünürəmsə, bu, mənim problemim deyil. Mənim obrazım yəqin ki, təbiilikdir. Necə varamsa, səhnədə də eləyəm. Mən çalışmamışam ki, özümü insanlara sevdirim. Oxumuşam. Sevən sevib, bəyənməyən də bəyənmir. Bundan artıq heç nə edə bilmərəm. Mən başqa tərzə almışam. Mənim həyat tərzim dedikdə Allaha ibadətimdən irəli gəlir. Mən obraz yaradım və elə yaşaya, heç vaxt bunu qəbul edə bilmərəm. Niyə müğənni hökmən soyunmalıdır, obraz yaratmalıdır ? Mümkün deyil ki, müğənni sadə olsun?! Mən də hərəkəti, dinamika və rəqsi sevən müasir insanam. Amma müasir dedikdə, şeytan kimi bəzənməyi nəzərdə tutmuram. Kliplərdə əcaib hərəkətlər edirlər, özlərini şeytana bənzədirlər. Axı ağzımızda incəsənət deyirik. Burada hər şey incə olmalıdır.

- Sizcə, şou-biznes incəsənətə aid deyil?

- İndi şou-biznes ayrı şeylər tələb edir... (fikirləşir)

- Yaxşı, Azərbaycan incəsənətində kimi görürsünüz ?

- Alim Qasımov, Fərqanə Qasımova, İlqar Muradov…Onlar həyatını incəsənətə həsr ediblər. Alim Qasımov illər keçsə də, keyfiyyətli məhsul təqdim edir. Əsl sənətlə məşğuldur.

- Estradaya yeni gələn müğənniləri bəyənirsiniz?

- Bəzilərini bəyənirəm, bəzilərini isə kütlə bəyənir. Mənim bəyənib bəyənməməyim onların populyarlığında rol oynamır. Elə müğənnilər var ki, bəyənirəm amma onlar kənara çəkiliblər. Mən Samir Cavadzadənin kənara çəkilməsinə çox heyifslənirəm. Onun qeyri-adi səsi var, səsi heç kəsə bənzəmir. O, muğam da ifa edə bilir, pop da bilir. Bilmirəm nədən inciklidir… Səbinə Babayeva illərdir sənətdədir. Mən gözümü açandan Səbinəni görmüşəm. Onun da çox gözəl səsi var.

- Vokal imkanlarınız qərb şou-biznesinə çıxmağınıza imkan verir. Nə əcəb şansınızı orada yoxlamamısınız ?

- Belə bir məqsədim olmayıb. Ailəmə çox bağlı olmuşam. Amma ailəm də mənə qadağa qoymayıb. Ətrafımda elə də peşəkar insanlar yoxdur. Mənim həyat yoldaşım hərbiçidir. Bir də xalam oğlu yanımdadır. İnsanlardan qorxduğum üçün kənar insanları həyatıma, ailəmin içinə daxil olmasını istəmirəm. Kənardan müğənnilərimiz izləyirəm. 1-2 ay işləyirlər, ayrılanda isə nə qalmaqallar edirlər….Bəlkə də qismətimdə yoxdur xarici şou-biznesə qatılmaq. Mən qərbdə, Amerikada qaradərili insanlarla işləmək istəyərdim. Bu isə çox çətindir. Mən maksimum Amerikada soydaşlarımız üçün bayram konsertlərində oxuya bilərəm. Amma onların şou-biznesinə qatılmaq çox çətindir. Ora qatılmaq üçün külli miqdarda pul, yardımçı olmalıdır.

- Puldan danışmışkən, belə mövqe tutaraq pul qazanmaq nə qədər çətindir?

- Çox nadir hallarda toylara gedirəm. Getsəydim çox qazanardım. Yarım saatlıq proqramla gedirəm. Getdiyim yeri də seçirəm. Estrada müğənnisiyəm. Bəlkə də ayrı üslubda oxusaydım, daha çox pul qazanardım. Amma bundan heç peşman deyiləm. Mən mahnını yazanda min dəfə dinləyirəm ki, nə oxuyuram. Amma insanların başı pula, mənəm-mənəmliyə qarışdığından insanlıq gedib əldən. Bu məqamlarla əlaqədar olaraq kənara çəkilmişəm. Demirəm küsmüşəm. Küssəm də kimin nə vecinə olacaq ?! Sadəcə daha çox ailəmlə vaxtımı keçirirəm. Bir mahnı yazdıran kimi günlərlə jurnalistlərə zəng edib reklam etməklərini xahiş etmirəm. Yəqin ki, şou-biznesin qayda qanunlarına riayət etmirəm.

- Sənətdə hədəfiniz nədir?

- Mən gözəl musiqiçilərlə oxumaq istəyirəm, mən yüksək səhnələrdə olmaq istəyirəm, peşəkar heyət istəyirəm. Vəssalam. Yalnız bunu istəyirəm. Beyons olmaq istəmirəm. Sadəcə peşəkar musiqiçilərlə konsert vermək, onlarla məşq etmək istəyirəm. Mən bundan zövq alıram.

- Oğlunuz anasının “ulduz”luğundan istifadə edir?

- Yox, 15 yaşı var və tam fərqli uşaqdır. Məni dinləməyi heç sevmir.

- Nə əcəb övladlarınızı digər həmkarlarınız kimi verilişlərə çıxartmırsınız?

- Əvvəla heç oğlumun nə bu sənətə, nə də efirə çıxmağa meyli yoxdur. İstedadı da yoxdur. Gecə-gündüz döyüş haqqında düşünür, döyüş filmlərini izləyir. Deyir ki, pilot olub Qarabağda vuruşub Qarabağı almaq istəyirəm. İnşallah Allah arzusunu həyata keçirsin. Amma mən deyirəm ki, sən hələlik adi pilot ol və insanları apar-gətir (gülür). Lazım olsa, müharibədə sənə müraciət edərlər. İstəyirəm Aviasiya Akademiyasına daxil olsun.

- Müğənnilərimiz arıqlamaq üçün dəridən-qabıqdan çıxırlar. Siz isə hər zaman formadasınız. Buna necə nail olursunuz ?

- Hər zaman yeməyimə fikir verirəm və neçə illərdir ki, idman edirəm. Şirniyyat yemirəm, maksimum dadına baxa bilərəm. Bu ildən rasionuma yenidən əl gəzdirmişəm. Artıq qara çay içmirəm. Otlardan hazırlanmış çay içə bilərəm. Gün ərzində su içirəm. İdmanı isə arıqlamaq üçün deyil, bədənimin korreksiyası üçün edirəm. Məndən olsa hər gün idmana gedərəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm