Qadınlarda sidik yolu infeksiyasının səbəbləri və müalicəsi
Bizi izləyin

Tabloid.az

Qadınlarda sidik yolu infeksiyasının səbəbləri və müalicəsi

Sidik yolu infeksiyası qadınlarda tez-tez rast gəlinən xəstəliklərdəndir. Xüsusilə qış aylarında soyuq havanın təsiriylə sidik yolunda iltihablanma halları artır

Sidik yolu infeksiyası qadınlarda tez-tez rast gəlinən xəstəliklərdəndir. Xüsusilə qış aylarında soyuq havanın təsiri ilə sidik yolunda iltihablanma halları artır. Soyuq hava immun sistemini zəiflədir və bu səbəbdən də qış mövsümündə sidik yolu infeksiyaları artır.

Sidik yolu deyildikdə sidik kisəsi, sidik kanalları nəzərdə tutulur. Sidik yolu infeksiyası ən çox qadınlarda müşahidə olunur. Sidik yolu infeksiyası bədəndən dərhal atılan bəzi bakteriyalar özlərinə uyğun şərait tapdıqda inkişaf edir. Sidik yolu infeksiyalarına ən çox “esçerişia koli” adlı mikrob səbəb olur.

Sidik yolu infeksiyasına yaxalananlarda müəyyən əlamətlər müşahidə olunur. Ancaq bu əlamətlər insandan-insana fərqli olur. İnfeksiyaya yoluxan xəstə tez-tez tualetə gedir, yanma hissi, alt qarında ağrı, sidiyin qanlı gəlməsi, qızdırma, üşütmə, titrəmə, ürək bulanma-qusma, şiddətli bel və qasıq ağrıları müşahidə olunur.

Sidik yolu infeksiyası kişilərdə nadir hallarda baş verə bilir. Bu xəstəlik kişilərdə böyrək daşı və prostat vəzinin böyüməsi nəticəsində yarana bilər.

Qış aylarında ayaqları soyuqdan qorumaq lazımdır. Həmçinin sidiyi uzun müddət saxlamaq da qış aylarında daha təhlükəli problemlərə səbəb ola bilər. Sidik kisəsi sidiyi saxlayarkən genişlənən və boşaldanda da daralan bir orqandır. Sidiyi uzun müddət saxladıqda sidik kisəsinin əzələləri zərər görər və nəticədə orqan funksiyasını tam yerinə yetirməyə bilər. Sidiyi uzun müddət tutduqda infeksiya riski arta bilər.

Sidik yolu infeksiyasını müalicə etmədikdə infeksiya xroniki hal alır. Xroniki hala keçən infeksiya sidik kisəsində dəyişikliklərə səbəbə olur. Bu problem sidik kisəsi xərçənginin yaranması üçün uyğun şərait yaradır. Bu xəstəlik uzun müddət davam etdikdə ciddi böyrək problemlərinə gətirib çıxarır. Xüsusilə, gənc yetkin qızlar, qadınlar, yeni doğulan körpələr, şəkər xəstələri risk qrupundadırlar.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sidik yolu infeksiyasının müayinəsi çox asandır. Sidik analizi ilə xəstədə hansı problemin olduğu üzə çıxır. Müalicə üçün əksər xəstələrə antibiotiklər verirlər. Bu dərmanlar 7-10 gün qəbul edilir. Müalicədən sonra infeksiyanın tamamilə təmizləndiyindən əmin olmaq üçün təkrar sidik analizi vermək lazımdır.

Qadınların qış aylarında sidik yolu infeksiyalarından qoruna bilmələri üçün bəzi tədbirlər görmələri vacibdir. Fərdi təmizlik və gigiyenaya çox diqqətli yanaşmaq lazımdır. Bol miqdarda su içmək, çay, qəhvə və qazlı içkilərdən uzaq durmaq məsləhətdir. Sidik kisəsi dolanda tualetə getmək lazımdır. 3 saatdan bir sidik kisəsi boşaldılmalıdır. C vitamini baxımından zəngin qidalar qəbul etmək vacibdir. Pambıqdan hazırlanan alt paltarı geyinmək, ayaq və bel bölgəsini isti saxlayan geyimlər geyinmək sizi bu xəstəlikdən qoruya bilər.

Çimərkən vaginanı sabun ilə deyil, bu bölgə üçün nəzərdə tutulan gigiyena məhsulları ilə təmizləmək məsləhətdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm