• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qışın əsas trendi: ponço və bürüncək dəbi - Fotolar

Qışın əsas trendi: ponço və bürüncək dəbi - Fotolar

Bu qışın dəbi rahatlıq vəd edir. Bu rahatlığın başında isə ponço və bürüncəklər dayanır. İri şallar, pelerinlər və ponçolar da bu il dəbə qayıdan trendlərdəndir. Mərkəzi Amerikada hindular üçün xarakterik olan kobud yun parçadan tikilən üst geyimləri öz şöhrətini qaytararaq gözlənilmədən bu ilin hitinə çevrildilər.

Bir neçə əsr keçəndən sonra ponçolar bir qədər dəyişmiş və daha müasir elementlər əlavə edilmiş formada qarşımıza çıxır. Kişmir, hətta dəridən tikilən, parlaq printli və maraqlı bəzəkli modellərini görmək olar.

Rahat üst geyim funksiyasını yerinə yetirən bürüncəklər və ponçolar ilk olaraq “Burberry” moda evinin kolleksiyasında özünü göstərdi. “Burberry”nin orijinal, həndəsi kəsimli versiyaları qadınlar tərəfindən böyük maraqla qarşılandı. “Roberto Cavalli” isə daha zərif və xəzli variantları təklif edirdi. Həmçinin "Tommy Hilfiger" və "Barbara Bui" kimi dizaynerlərin də favoritlərindən biridir.

Kişmir bürüncəklər bu soyuqda sizin ən yaxşı dostunuz olmağa layiqdir. Ponçolar və bürüncəklər yumşaq və dəbdəbəli olması ilə yanaşı, çox rahatdır. Demək olar ki, bütün dəb ilahələri bu mövsüm ponçolara bürünərək gəzirlər. Ponçoların stil ikonalarını valeh etməsinin birinci səbəbi isə rahatlığı, əlverişli olması və təbii gözəlliyidir.

Ponço Rouzi Xantinqton Uaytli, Sara Cessika Parker, Oliviya Palermo və bir çox digər modapərəstin də tez-tez istifadə etdiyi üst geyimdir.

Ponçoları iri şallarla da əvəz etmək olar. Ponçoların başqa bir üstünlüyü də ondan ibarətdir ki, onları əlinizin altında olan istənilən: cins, yubka, şort, uzun və qısa geyimlərlə, hündür və düz dabanlı ayaqqabılarla uyğunlaşdırmaq olar. Bu stili şlyapalarla tamamlayaraq üslubunuza zəriflik əlavə etmiş olarsınız.

Soyuqlu və qarlı havalarda ponçonu necə geyinək ki, əllərimiz üşüməsin?

Bu sualın cavabı da çox sadədir. Dəri və ya zamşa əlcəklər bu məqamda sizin əllərinizin qeydinə qalmaq üçün ideal variantdır. Uzun əlcəklər əslində elə bu modellər üçün nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR