• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda "Microsoft" İnnovasiya Günü keçiriləcək

Bakıda "Microsoft" İnnovasiya Günü keçiriləcək

"Microsoft Azerbaijan" şirkəti Bakıda ənənəvi "Microsoft Innovation Day" ("Microsoft" İnnovasiya Günü) keçirəcək.

Şirkətdən verilən məlumata görə, tədbir IT-menecerlər, IT-direktorlar və şirkət rəhbərləri üçün nəzərdə tutulub.

Bu il "Microsoft" İnnovasiya Günü korporasiyanın "Cihazlar və Xidmətlər" strategiyasına həsr olunacaq və ən müasir texnoloji yenilikləri əhatə edəcək. Tədbirdə "Microsoft" əsaslı cihazlar və bulud xidmətləri təsvir olunacaq, eyni zamanda, "Microsoft Azerbaijan" şirkətinin nümayəndələri "Windows 8.1" üzərində işləyən cihazları, həmçinin işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcəklər. Tədbir iştirakçılarına korporasiyanın yeni məhsulları və "Microsoft"un Azərbaycanda gələcək fəaliyyət planı barədə məlumat veriləcək, eyni zamanda, onlar təqdim olunan cihazları sınaqdan keçirə biləcəklər.

"Microsoft" İnnovasiya Gününün ikinci hissəsi bulud xidmətlərinə həsr olunacaq ki, bu hissə çərçivəsində "Windows Azure" bulud platforması təqdim olunacaq. "Windows Azure" üzərində ehtiyat nüsxələmə funksiyası, virtual maşın yaradılması və s. nümayiş etdiriləcək.

"Microsoft Innovation Day" - "Microsoft" korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.

Tədbir martın 13-də saat 09: 30-da "JW Marriott Abşeron" mehmanxanasının "Şərq" zalında keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər 7 mart tarixinədək adını, vəzifəsini və təmsil etdiyi şirkətin adını azms@microsoft.com elektron ünvanına göndərməli və ya (012) 437-38-00 telefon nömrəsinə zəng edərək iştirakını təsdiq etməlidirlər.

Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri var. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR