• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

18+ haqqında bir neçə kəlmə

  • Yazarlar
  • 6 Avqust 2015 17:53
  • 1 651 Baxış
18+ haqqında bir neçə kəlmə

Azərbaycanın müstəqil teatrı – Oda Teatrında ilk dəfə 18+ tamaşa baş tutdu. Elmin Bədəlov, Nihad Qulamzadə, Elza Furtado, Aynur Zərnitac və ən nəhayət tamaşanın rejissoru İmam Həsənovu alqışlamaq lazımdır. Fikirimcə, İmam bu tamaşayla inqilab etdi. Tamaşa başa çatıb. Tamaşaçılar fikir bildirir, İmam jestlər edir. Sonra hər kəs yoxa çıxır. İmam tək qalır. Sərxoşdur. Öz-özünə donquldanır, adamları söyür, əlini tez-tez alnına vurur. Küçədə diz çökür, Tanrıya nəsə pıçıldayır. Gəlin lap başa qayıdaq və tamaşaya baxaq.

Tamaşa qabağı adamlar səbrsizliklə gözləyirlər. Kimisi kitab oxuyur, kimisi sərinləmək üçün tez-tez su içir, kimisi də gözlərini döyür. Hava dəhşətli dərəcədə istidir. Adam bu canyandırıcı gündən heç çölə belə çıxmaq istəmir. Necə deyərlər, bu havada it də yuvasından çıxmaz. Buna baxmayaraq, adamlar istini unudub bugünkü tamaşaya gəliblər.

Ağ örtük bizlə üz-üzədir. Qəfil gur işıq ağ örtüyün fonunda görünür. Mənə elə gəldi ki, kinoteatra gəlmişəm. Aktyorlar Elmin və Elza bir-birilə sevişir, boğuşur və aktyor ağ örtüyü aradan qaldırır. Onun bağırtısı gəlir. Tamaşaçılar ani şəkildə panikaya düşür. Səhnə yenidən qaranlığa qərq olur.

Qeyd edim ki, tamaşanın adı “MimOda18+”dir. Erotik yerləri olsa belə, burada söhbət seksdən getmir. Tragikomedik tamaşa ciddi mesajlar ötürür. Seks də, ölüm də, komediya da həyatımızın bir parçasıdır. Necə ki, hava, su bizim təbii ehtiyacımızdır. Seks də bizim ən doğal haqqımızdır.

Bu dəfə səhnədə miskin, xəstə obrazlı görünən Elza əlidolu, kimdənsə gizlənə-gizlənə addımlayır. Daha sonra Elmin onun ətrafında pərvanəyə çevrilir. Onlar tez-tez öpüşür, boğuşur. Bir-birlərini sevsələr belə rahat sevişə bilmirlər. Evlənmək qərarına gəlirlər. Rahib geyimində İmam Həsənov səhəndə peyda olur. Xaçıyla birlikdə kənardan tam bir rahib təəssüratı bağışlayır. Özümü saxlaya bilmirəm. Gülməyə başlayıram. Tamaşaçılarda da təbəssüm yaranır. Burada dinə ironiya edilir. Bir növ dinlərə protest edilir, ancaq üstüörütülü və komik formada. Hətta

İmamın rahib geyimi dizdən aşağı yırtılır. Hamımız gülüşürük. İmam əsəbləşir, əlini tez-tez və zərbələrlə alnına vurur. Nəhayət rahib gedir. Bəylə gəlin artıq bir-birinin ola bilər. Tamaşanın ən canlı səhnəsi də elə burada olur. Elmin sevişmək istəyir, ancaq Elza qaçır, onu vurur, panika, həyəcan, səs-küy, aqressiya bir-birinə qarışır. Elmin qadının saçında tutur, ona ağır söyüşlər söyür. Ayrılırlar.

Tamaşaçılar daha çox diqqətlə səhnəyə baxırlar. Görəsən sonu, final necə olacaq?! Final səhnəsində qəfil bir-birini görən cütlük baxışır, bəlkə də yaşadıqları ağrı-acını gözlərindən oxuyurlar. Sonra ürəkparçalayan səhnə gözümüzün qabağında canlanır: onlar qucaqlaşıb dəlicəsinə öpüşürlər. Qadın xəstədir, oğlan yaşadığı travmanın təsiri altındadır. Onlar döşəməyə yıxılır və ağlayırlar. Qovuşmaq mümkün deyil. Onlar bir-birini anlaya bilmirlər. Ancaq ayrılmaq da olmur. Bununla da tamaşa başa çatır.

Tamaşada ciddi bir mesaj var: insanı sevmək lazımdır. Biz bəzən içimizdəki fırtınaları görə bilmirik. Kənar şeylərə, xaricə daha çox üstünlük veririk. Sevgi o qədər böyük bir anlamdır ki, onu hansısa xırda maneələrə görə rədd etmək, özündən uzaqlaşdırmaq olmaz. İnsan yeməksiz, susuz yaşaya bilər, ancaq sevgisiz mümkün deyil. Gerisi boş şeydi. Bir sözlə, əziz oxucular, sevin, sevilin! Bu dünyada heç kim başqaları üçün deyil, özü üçün yaşayır...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR