“O qatilə acıyıram...”
Bizi izləyin

Yazarlar

“O qatilə acıyıram...”

Mənim fikrimcə, detektiv əsərlərin ədəbi-bədii qabığı olduqca zəif olur. Oxucu belə əsərlərdən tərbiyəvi nəticə çıxara bilmir. Əksinə, mükəmməl cinayət necə törədilər, cinayəti törətdikdən sonra necə məsuliyyətdən yayınmaq olar kimi xüsusiyyətləri özündə formalaşdıra bilər. Məhz buna görə də ciddi ədəbiyyat adamları detektiv əsərlərin tərifindən və ya təbliğindən qaçırlar. Bütün bunlara baxmayaraq, detektiv əsərlər artıq dünya ədəbiyyatında geniş yayılıb və yayılmaqdadır.

Mənə görə, ədəbiyyatımızda detektiv mövzuda ilk əsər Həsən Seyidbəylidən başlayır. Tanınmış yazıçının “Cəbhədən cəbhəyə” əsəri özündə çox ideyaları daşıdığı kimi, həm də detektiv mahiyyətini də ortaya qoyur. Mən o əsəri əsgərlikdə olanda oxumuşam. Çox xoşuma gəlib. Çekistlərimizin həyat və fəaliyyətindən bəhs edən “Cəbhədən-cəbhəyə” povesti 1960-cı ildə yazılıb. Bu, o illər idi ki, sözügedən mövzuya həsr olunmuş əsərlər əl-əl gəzir, birnəfəsə oxunurdu. Tərkibində detektiv məzmun daşıyan “Sahil əməliyyatı” (1956), “Sərhədçilər” (1961), “Brilyant məsələsi” (1963), “Müstəntiq Cəbrayılov” (1963) və s. bu dövrün ən oxunaqlı əsərləri idi. Bir nüansı da vurğulamaq yerinə düşərdi ki, xronoloji ardıcıllıq və tarixi nöqteyi-nəzərdən “Cəbhədən-cəbhəyə” povesti, “Uzaq sahillərdə” əsərinin davamı kimi qiymətləndirilməlidir. Sözün həqiqi mənasında, ön və arxa cəbhənin özünəməxsus çətinlikləri müharibənin törətdiyi fəsadlar və s. yəni müharibə dövrünün real qəhrəmanlarının ümumiləşdirilmiş bədii obrazını yaratmaq sahəsində “Uzaq sahillərdə” əsəri ilə başladığı axtarış ruhunu “Cəbhədən-cəbhəyə” povestində davam etdirmişdir.

Haqqında bəhs etdiyimiz dövr ədəbiyyatımızın ən məhsuldar dövrü idi. Oxuyan və yazan insanlar arasında əlaqə genişlənir və zəngin bir ədəbi mərhələ inkişaf edirdi. Amma bu mərhələdə detektiv anlayışı özünə yer tapa bilmirdi. Daha çox müstəqillik dövründən başlayaraq, adına detektiv dediyimiz süjetlər əsasında yeni əsərlər yazıldı. Müstəqillik dönəmində detektiv mövzuda əsərlərin yazılmasında Çingiz Abdullayevin əməyi daha çox oldu. Az sonra isə Əlisafa Azayev, Elxan Elatlı və s. kimi sənətkarlar detektiv mövzuda çoxlu əsərlər yazdılar. Açığı, adını sadaladığım müəlliflərin heç bir əsərini oxumamışam. Detektiv məzmunlu əsərlərə marağım isə dostum Müşfiq XAN sayəsində olub. Onun, demək olar, çap olunmuş bütün kitablarını oxumuşam. “Tənha Canavar”, “Ümidlərin izi ilə”, “Sonuncu hədiyyə”, “Ünvansız sevgi”, “O”, “ U Geni” və son əsəri olan “Qatil üçün nekroloq” – bu kitabların hamısını oxumuşam. XAN yaradıcılığı əsərdən əsərə, kitabdan kitaba inkişaf edir, püxtələşir. İndi yazacaqlarım müəllifin son əsəri olan “Qatil üçün nekroloq” ilə bağlıdır.

Bu əsərdə yazıçı detektiv əsər üçün ənənə olan cinayət və onu üzə çıxması məsələsini mükəmməl şəkildə qoya bilib. Əsərin cinayətkar qəhrəmanı Zahid-Oxtəkin bəlkə də müəyyən xüsusiyyətlərinə görə detektiv mövzuda yazılmış əsərlər içərisində yenilikləri ilə seçilən və ilk qəhrəman obrazdır. Əsəri oxuduqca məlum olur ki, qisas ruhunda yaşayan bu insanı qatil olmağa vadar edən günahkar bir cəmiyyət var. İstənilən halda cinayət cinayətdir. Ona haqq qazandırmaq olmaz. Amma cinayətkar yaradan ətraf mühit də cəzadan öz nəsibini almalıdır. Günay Xəlilova adlı zabit qadının izində olan Zahid eyni adda çox qızları öldürür. Bu qətllərdə Zahid çox professionaldır. Maksimum iz buraxmır. Amma onun izində müəllifin əvvəlki əsərlərindən yaxşı tanıdığımız keçmiş xəfiyyə Tomar Bəşirli var. Uzun sürən proseslər cinayətkarı Tomar Bəşirliyə daha da yaxınlaşdırır. Cinayətkarın buraxdığı çox kiçik iz xəfiyyənin diqqətindən yayınmır. Xəfiyyə Zahidin axtardığı Günay Xəlilovanı və onun ailəsini müəyyən edir. Əsərin sonunda cəmiyyətin qurbanı olan Zahid – qatil – Oxtəkin snayperlə vurulur. Zahidi məhv edən düşüncələrin səbəkarı olan Günay bu dəfə də yazdığı məktubun təsiri ilə ərinin tutduğu muzdlu qatilin snayperi ilə öldürülür. Nədənsə oxucu olaraq mən Zahidə bu hissədə acıyıram. Yəqin ki, bunun səbəbi Zahidin əsgəri xidməti zamanı başına gələn hadisələri bildiyim üçündür. Ən sonda xəfiyyənin də mənimlə eyni düşüncədə olduğunu oxuyuram və rahatlayıram. O qənaətə gəlirəm ki, müəllif də bundan narahatdır. Məncə müəllif bu hissədə öz daxili aləmini də ortaya qoyub və ictimai problemi mükəmməl şəkildə ifadə edə bilib.

Əsərin sosial, mənəvi və ictimai yükü olduqca böyükdür. Xüsusilə də əsərdə insan psixologiyası mükəmməl şəkildə ifadə oluna bilib. Satanist düşüncə insanı təsiri bağışlayan qatilin yaşadığı istənilən ovqatı oxucu görə bilir. Onun zehnində və bədənində olan bütün çatışmazlıqların bütün fizioloji səbəblərini elmi izahla verir. Bu da yəqin ki, müəllifin həm də bioloq olması ilə bağlıdır.

Əvvəldə dediyim kimi mənim detektiv məzmunlu əsərlərə marağım çox azdır və bu haqda çox az oxumuşam. Ona görə də bu əsəri hansısa əsərlə müqayisə edə bilməyəcəm. Amma deyə bilərəm ki, az da olsa oxuduqlarımın içərisində ən mükəmməlidir. İndi sual oluna bilər qüsurlar yoxdurmu? Əlbəttə var. Xüsusilə dil-üslub baxımından əsər müəyyən yerlərdə normaları gözləmir. Bir neçə yerdə müəllifin ədəbi dildə işlənməyən dialekt sözlərinə rast gəlinir.

Keçmiş xəfiyyənin törədilmiş cinayəti açmaqda cinayət axtarış əməkdaşlarına kömək etməyə dəvət hissəsi də əvvəlki əsərlərdən biri ilə – “Ünvansız sevgi”dəki dəvətlə çox oxşardır. Bu təkrarçılıq XAN oxucularının gözündən yayınmayacaq və haqlı olaraq müəllifdən fərqli epizod istəmiş olacaq.

Ümumilikdə əsərin ilk oxucusu kimi özümü şanslı hesab edirəm. Oxucunun bu əsərə yüksək qiymət verəcəyinə inanıram. O qənaətdəyəm ki, əsər XAN yaradıcılığı üçün uğurlu bir dönüş olacaq.

Elxan Nəcəfov:

Filoloq, Azərbaycan dili və ədəbiyyat dərsliklərinin müəllifi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm