Rəbiqə - İlk öpüşdən sonra
Bizi izləyin

Yazarlar

Rəbiqə - İlk öpüşdən sonra

Rəbiqə - Son şeirlər

Uduzduğun döyüşlərin güllələri sevdiklərinə dəydi

*******
Nə varsa pərçimləndi bir-birinə
sən getməzdən əvvəl.
Sənin şəklin mənə,
mənim şəklim sənin üzünə keçdi.
Təəssüf… Yalnız irəli sürünən zaman
heç nə ala bilməyəcək
canımızdan...

***

Hər ayrılanda
dozası az zəhər kokteyli
içirik acqarına -
bol-bol, yaşıl-yaşıl, acı-acı.
sonra təbəssümlə silirik dodaqlarımızı -
qırmızı, şirin, nəmli…
Kim daha çox içər söhbəti deyil,
kim daha çox süzər yarışı gedir aramızda...

***

Aramızda bütün suallar çözülüb,
bütün cavabları əzbərləmişik -
susmağı da,
"n"dən sonra "ə" gəldiyini bilirik...
(bilməsək daha yaxşı idi)
indi sən mənə yaşamağı öyrət -
bütün sözləri unudub
yenidən dil açmağı,
ilk sözü, ilk sevinci, ilk itkini,
ilk dəfə sevməyi və atmağı
ilk öpüşdən sonra
ağzımdakı şirin pambıq dadından danış -
de ki, bu, heç vaxt yadımdan çıxmayacaq...

qaranlıq otaqda pişiyi tapmağın ən asan yolu
pendiri əlində bərk saxlamaqdı,
onu çoxdan yemişik - acanda...
indi süd dolu qabı ayaq altına qoyma dağılsın
sən gedəndən sonra içməyə qalsın... nə-sə...
bir də... qapıları bağlamağı öyrət,
birdəfəlik...
sonuncu dəfə...
içəridən, ya çöldən...
birdən?

Axı bütün suallar çözülmüşdü aramızda,
bütün cavabları əzbərləmişdik...
amma...
"n"dən sonra "ə" gəldiyini kim bilir...
indi... sən yenə... sən yeni nəsə tap...
məsələn, məni elə at ki... sevinim...
elə ağlat ki, gözlərimin yaşı qurusun,
elə get ki, bir də heç kəsi gözləməyim...
bilmirəm... (bilsəm nə vardı)
mənə yaşamağı öyrət...
çox yox, ölənədək yaşamağı -
de ki, hələ yaşanası nəsə qalır…

Gəzişmələr

Hər yaz yenidən tumurcuqlayır ağaclar,
təzə ay çıxır köhnəsinin yerinə.
Gedirsən, get...
Heç mən də vəfalı deyiləm...

Ətdən, sümükdən, qandandı insan,
sevgilər yalandı,
kişiylə qadın təkliyi bölüşür,
bir də yeməyi, suyu, havanı.
Gedirsən, get...
***

Səni yad qadınla,
məni yad kişiylə
görən qarson
bilmir hansına inansın –
qadın tez unudur, ya kişi?
onun nə vecinə
yerə tökülən
xatirə qırıqlarını ayaqlayır…

***

Uduzduğun döyüşlərin güllələri sevdiklərinə dəydi,
görmədinmi?
Sənin üçün ölmədimi meydanda sonuncu adam?
Şahım, onların yerini necə nişan verim axı -
Necə deyim ki, ayağının altına bax...

Cırılmış əbanın altından
ürkək-ürkək baxan
çılpaqlığından tanıdım səni.
Qançırlardan, yaralardan
ağrılardan, sarğılarından tanıdım...
eyni izləri tapdım bədənimdə...
anladım səndənəm...

Heybəmdəki qurumuş çörəkdən götür,
ovcumdakı duzlu sudan qurtumla, susaq.
Kefikök küləyin yerə atdığı
yazıq yarpaqlar da danışmaq istəyir axı,
hərçənd onlar xışıltıdan başqa səs bilməz.
Qorxma, soruş sevdiklərinin yerini,
Onlar yalnız baş əyəcək cavabında
bir də, külək göstərəcək
Hara getmək lazım gəldiyini...

***

Bilirəm, gözləyirsən gözümün doymasını,
Arxasınca qaçmaqdan uzaq, yad kişilərin.
Elə bilirsən bezib biləcəyəm qədrini,
Düşəcəyəm bir səhər ayaqlarına sənin.

Sən də sakit, səssizcə gülümsəyib üzümə,
Deyəcəksən: "əzizim, görürdüm mən bu günü".
Bağrına basacaqsan, dondurma alacaqsan,
Siləcəksən yaylıqla gözlərimi, üzümü.

Saçımı oxşamağa tələsəcək əllərin,
Sonra bir çay təklifi, kino, nahar, sonra şam.
"Bir az qal" deyəcəksən, yenə görməyəcəksən,
Qəzəbdən dişlərimi necə də qıcamışam...

Bilirəm, mən eşşəyəm, donuzam, naxələfəm,
Bilirəm, gözləyirsən, yollar sənə gətirə,
Bilirsən, get-gəllərdə dayanacaqsan mənə -
Gəlirəm ki, ağlayam, ağlayıb bir də gedəm...

***

On küçə o yanda
dəmir çarpayının tilləri çəlikdir
pəncərədən ömrünə baxan qocaya.
On ev o yanda
saçlarında boyalar ağarır
qırxına yaxınlaşan qadının.
On addım aralıda
köynəyinin millərində boğulur
nimdaş geyimli uşaq.
Sənin işığına gəlmişdim gizlənəm
qocadan, qadından, uşaqdan...
İndi öz ömrümdən asılmış hörümçəyəm...
İsığı söndür,
bu axşam gedəcəyəm
nəmli divarının küncündən...

Atılmışlar

Kişisinin ətri gəlirdi
stula geydirdiyi kürkdən.
Yaxalağından öpdü,
stula çökdü.
Başını masaya söykəyib
saçlarını üzünə tökdü.
Əcəb yumşaq idi - ya üzü,
ya saçları,
ya da sürtülmüş köhnə kişi kürkü…

Tənlik

Əlli səhifə yaz,
iyirmi qranka yay,
beş abzas payız,
iki cümləlik qış qaldı,
iyirmi təbəssümə
on beş görüşə,
üç öpüşə,
bir də....
minlərlə heç nəyə...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm