“Yazıram ehtirasla öpüşürlər, amma səhnədə belə şey olmur” - BRİFİNQ - FOTO
Bizi izləyin

Yazarlar

“Yazıram ehtirasla öpüşürlər, amma səhnədə belə şey olmur” - BRİFİNQ - FOTO

"Brifinq”in qonağı dramaturq, 25 ildən çoxdur teatr tamaşalarının müəllifi, tanınmış ssenarist Əli Əmirlidir. Əli müəllim ilə son vaxtların ən çox bəyənilən “Şah Qacar” tamaşasını geniş müzakirə etdik. O, tamaşanın uğur sirrini açıqladı.

Ə.Əmirli həmçinin Qarabağ mövzusuna müraciət etməməsinin səbəblərinə aydınlıq gətirdi, “Hasarın o üzü” tamaşasının prototiplərinin adını açıqladı.

Nərgiz Ehlamqızı: Əli müəllim, qarşıdan yeni dərs ili gəlir. Siz də Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində dərs deyirsiniz. Adətən, müəllimlər sənətşünaslıq fakültəsində qabiliyyət imtahanı olmasını istəyirlər. Sizcə, fakültədə qabiliyyət imtahanı olmalıdır?
- Mən həmişə ilk dərs günündə auditoriyaya girəndə tələbələrə birinci sualım bu olur ki, bilirsinizmi hansı ixtisasa gəlmisiniz? Görürəm ki, onların heç anlayışı belə yoxdur. Şübhəsiz ki, belə tələbələrlə işləmək müəllim üçün çox çətindir. Maraqlı budur ki, sənətşünaslıq fakültəsində oxumağı ağlına gətirməyən uşaqlarda istedad olur, yazmaq qabiliyyəti oyanır. Mənim bir tələbəm vardı, deyirdi ki, “Əli müəllim, biz universitetə gəlirik, gedirik, axı heç nə öyrənmirik”. Mən də cavab verirdim ki, siz öyrənirsiniz, xəbəriniz yoxdur, bazanıza nəsə yığılır, universiteti bitirəndən sonra görəcəksiniz ki, oxumamış adamdan çox-çox fərqlənirsiniz. Həmin qız ali məktəbi qurtarandan sonra kanalların birində çox yaxşı jurnalist kimi fəaliyyət göstərdi. Gündəlik nəzəriyyə, təcrübə və dərslərdəki söhbətlər nəhayətdə hansısa formada üzə çıxır. Mən özüm qabiliyyət imtahanının olmasının o qədər də tərəfdarı deyiləm. Bəzən qabiliyyətin yoxlanmasının özü heç effektli olmur. Test üsulu ilə bilik səviyyəni göstərə bilirsən, amma qabiliyyət imtahanında insan faktoru ortaya çıxır. Yəni sən müəllimlə üz-üzəsən, müəllimin istəyindən, ona deyilmiş sözdən nəsə asılı olur. Bəzən qabiliyyət obyektiv qiymətləndirilmir. Yaradıcılıq məsələsi elədir ki, hər müəllimin emalatxanasında 4-5 nəfər olmalıdır və onu müəllimin özü seçməlidir, bilməlidir ki, kimlərlə işləyəcək. Azərbaycan televiziyasında Kinematoqraflar İttifaqının işçilərinin bizim məzunların olması onu göstərir ki, Mədəniyyət və İncəsənət Universitetində havayı zəhmət çəkmirik.

Nərmin Muradova: Universitetə yeni rektor təyin olundu. Nələr gözləyirsiniz?
- Yeni insan yeni fikir, duyğu, yanaşmadır. Fərəh xanımı universitetə rektor gəlməzdən qabaq tanıyırdım. Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri vəzifəsində çalışırdı və incəsənət şöbəsi də birbaşa teatrla bağlı idi. Bir neçə dəfə ünsiyyətimiz də olmuşdu, onu yaxşı kadr hesab edirəm. Fəaliyyətini gələcək göstərəcək. Çünki ötən təhsil ilinin sonunda gəldi, əsas iş sentyabrda başlayacaq. Yaxşılığa doğru inam var.

“Pyes yazanda heç bir aktyoru nəzərdə tutmuram”

N.Muradova: Ötən teatr mövsümündə iki yeni tamaşanızın premyerası oldu. Mövsüm Sizin üçün necə keçdi?
- Akademik Milli Dram Teatrında “Şah Qacar” və Gənc Tamaşaçılar teatrında “Hasarın o üzü” əsərləri səhnəyə qoyuldu. Bu əsərlər ciddi dramatik janrda yazılmış əsərlər idi. Hər iki əsərdən rezonans gözləyirdim. Əvvəla “Şah Qacar” Qacarla bağlı idi, baş rolu da Fuad Poladov oynayırdı. Amma Səməd Vurğunun qələmindən çıxmış çox populyar “Vaqif” pyesinin qarşısına birdən-birə yeni Qacarı səhnəyə gətirmək çox riskli bir şey idi. Camaat da Qacarı tarixdən yox, o pyesdən tanıyırdı. O pyes də Qacarı dəhşətli müstəbid göstərir. Elə bir adam ki, özü haqqında deyir “bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım, yəqin”. Bunu heç kəs özü barəsində deməz, amma o pyesdə dedirtdirirlər. Amma o qədər gözəl deyir ki. Səməd Vurğunun poeziya istedadı o qədər güclü idi ki, o pyesi hamı əzbər bilirdi. Əzbər bildiyi üçün də hamı Qacarı müstəbid kimi tanıyırdı. O pyesdən sonra tamam yeni keyfiyyətdə Qacar gətirmək müəllifdən risk tələb edirdi. Gözləmədiyim halda elə bir heyət yığışdı ki... Azər Paşa Nemətov rejissorluğu boynuna götürdü, Fuad Poladov Qacar rolunda səhnəyə çıxdı. Bu iki ad mənim uğurumu təmin edirdi. Mən bunları gözləmirdim. Əsəri başqa rejissor, mənim dostum Bəhram Osmanov tamaşaya qoymalı idi. Əsər yazılan vaxtdan əli onun üstündə idi. Amma elə bir vəziyyət yarandı ki, Qacarı Azər Paşa Nemətov tamaşaya qoymalı oldu.

N.Muradova: Deyəsən, pyesi çoxdan Azər Paşa Nemətova vermişdiniz...
- Yox, əsəri mən yox, AZDRAMA-nın direktoru İsrafil İsrafilov vermişdi. Çünki tamaşa ərəfəsində rejissorlar arasında söhbət gedirdi ki, əsər kimə veriləcək. Hətta xaricdən rejissor dəvət etmək fikirləri vardı. Belə alınıb ki, Azər Paşa Nemətova pyesi verib ki, yaxşı pyesdir, bununla maraqlan. Azər Paşa da o rejissorlardandır ki, pyesi özününkü eləməyincə ona girişmir. Onu bişirib tamam sevəndən sonra tamaşaya qoyur. Hətta ona elə gəlir ki, pyesi özü yazıb artıq. Mən böyük səbr və hövsələ ilə bütün bunlara dözdüm. Çünki məndə teatrla məşğul olduğum 25 il müddətində rejissorlarla işləmək immuniteti yaranıb. O immunitet mənə teatrı anlamaq, onun kollektiv sənət olmasını bilmək üçün kömək edib. Pyes tamaşaya qoyulanda səninlə pyes arasına çox adam girir. Birinci rejissor girir, o dartıb bəstəkarı, rəssamı, aktyorları gətirir. Sənin sevmədiyin aktyor da, bəstəkar da ola bilər. Amma bu, sənin istəyindən asılı deyil. Müəllif ikinci və üçüncü planda qalır.

N. Muradova: Amma nə tənqid və ittiham olursa, müəllifün ünvanına deyilir...
- Tək müəllifə yox, daha çox rejissora gəlir. Tamaşa yaxşıdırsa, birinci rejissorun işidir. Tamaşa pisdirsə, söyülən rejissor olmalıdır. Pisdirsə, dramaturgiya zəifdirsə, niyə onu götürürsən, bəstəkar, yaxud aktyor zəifdirsə, niyə zəiflər ilə işləmisən? Rejissor seçir bunları. Adətən, teatrda tamaşa qoyulanda deyilməlidir ki, rejissorun tamaşasıdır. Necə ki, afişada yazılır Azər Paşa Nemətov Əli Əmirlinin “Şah Qacar” əsərini təqdim edir. Necə ki, afişada birinci ad rejissorun adı gedir. Mən bundan incimirəm, məmnuniyyətlə qəbul edirəm. Azər Paşanın çox böyük rejissor olduğunu, məsuliyyətlə işlədiyini gördüm. Təəccübləndim ki, bütün fəxri adları, mükafatları almış adam işinə bu qədər məsuliyyətlə yanaşarmış. O, heç nədə güzəştə getmir. Fuad Poladovun oyunu isə məni heyran elədi.

“Tarixi mövzuda serial çəkə bilmərik”

N.Ehlamqızı: Bəzi saytlarda yazılmışdı ki, aktyorlar tamaşada oynamaqdan imtina edib...
- Bizim saytların hərdən uydurması olur. Xəbər başlığında gördüm, ki, AZDRAMA-da aktyorlar tamaşadan imtina edir. Dedim, görəsən, bu, nə tamaşadır ki, aktyorlar imtina edir. Baxıram ki, “Şah Qacar”. Halbuki, “Şah Qacar” 6 aydır, anşlaqla gedir, daha ajiotaj yaradıb, elə bir mətbuat orqanı yoxdur ki, dəfələrlə bunun haqqında tərifli resenziyalar çıxmasın. Xəbərdə imtina edənin adı yoxdur. Sonra yadıma düşdü ki, Əli Nur məşqlərdə ikinci dərəcəli rollardan birini oynayırdı. Elə oldu ki, Azər Paşa onu tamaşadan ayırdı. Deməli, bu adam 6 aydan sonra jurnalistin cənginə düşüb, o da necə olubsa deyib guya imtina ediblər. Əsərin ilk oxunuşunda Əli Nur mənə yaxınlaşdı ki, Əli müəllim, Qacar tarixdə belə edib, elə olub. Mən də qısaca dedim ki, mən tarixi bilmirəm, pyes yazıram. Pyesi yazmaq üçün mənə lazım olan şeyləri öyrənmişəm, çox dərinliklərə getmirəm. Pyes elə bir şeydir ki, əvvəldən sonadək bir süjet getməlidir və hər şey də onun ətrafında olmalıdır. O xəbəri oxuyanda bildim ki, Əli Nurdur. Deməli, xəbərdə yazılmışdı ki, müəllif dedi ki, mən tarixi bilmirəm, biz də dedik ki, sən tarixi bilmirsənsə, niyə tarixi mövzuya müraciət edirsən. Şərhlər də getmişdi ki, afərin aktyorlarımıza (gülür). Yəni biz olduq heç nə. Təbii ki, mən buna reaksiya vermədim. Belə şeylər teatrda olur. Resenziyaların çoxunda yazılırdı ki, biz Ədil İsgəndərov teatr ruhunu yenidən zala gətirdik. Zal belə alqışlar görməmişdi. 1 il içərisində tamaşa AZDRAMA-da 25 dəfə oynandı. Bu, rekord göstərici idi. Heç vaxt bir əsər indiki zamanda bir mövsümdə 25 dəfə oynanmır.

Dilqəm Əhməd: Bəzən iddia olunur ki, “Vaqif” pyesi yazılanda Sovet hökuməti Səməd Vurğuna sifariş verib, ilkin nüsxəsi bərbad olub, Qacar daha çox təhqir edilib. İllər sonra daxili vicdanınızın səsini eşidib yazdınız, yoxsa sifariş verilib ki, əksini yazın?
- İnanmıram ki, Səməd Vurğuna “Vaqif”i yazmaq sifariş olunub. Hesab edirəm ki, zamanı üçün bu, çox gözəl pyes idi. Səməd Vurğunun içindən gəlib yazıb, şübhəsiz ki, o, dramaturq deyildi. Ədil İsgəndərov teatrı bilən adam idi. O rejissor deyirdi ki, bu səhnəni belə yazaq, belə edək. Bu, sifariş deyildi, rejissorun istəyi idi. Mənə pyesi yazanda hər hansı sifariş verilməyib. Mən Jan Gevrin “Xacə şah” əsərini oxuyanda qərara gəldim ki, belə bir pyes yazacağam. Amma bu qərarla pyesin yazılması arasından təxminən 10 il keçdi.

N.Muradova: Bəs “Hasarın o üzü” niyə “Şah Qacar” kimi ajiotaj yarada bilmədi?
- Azərbaycanlılar teatr deyəndə birinci AZDRAMA-nı nəzərdə tuturlar və daha çox tamaşaçı ora gedir. “Şah Qacar” bu teatrda tamaşaya qoyuldu. Əslində, “Hasarın o üzü” Gənc Tamaşaçılar Teatrında uğur qazandı. “Varlı qadın” 4 il Gənclər teatrında getdi, amma ölkədə elə bir rezonans olmadı. Elə ki, “Varlı qadın”ı Bəhram Osmanov AZDRAMA-da tamaşaya qoydu, rezonans oldu və yayıldı. Kimin tamaşaya qoyması, kimlərin oynaması, reklam məsələsinin təsiri var. AZDRAMA-nın adı var, ad çox vacibdir. “Hasarın o üzü” orada olsaydı, başqa bir şey olardı.

“Humayın prototipi həyat yoldaşımdır”

N.Muradova: İlyas Əfəndiyev vaxtilə məhz Amaliya Pənahova üçün rollar yazırdı. Sizin üçün elə bir aktyor varmı, onun üçün yazasınız?
- Pyes yazanda heç bir aktyoru nəzərdə tutmuram. Pyes yazılandan sonra müəyyən edirsən ki, filan aktyor oynamalıdır. Məsələn, “Hasarın o üzü” pyesini yazanda istəyirdim ki, burada Həmidə Ömərova oynasın. Baxmayaraq ki, Həmidə Ömərova ömründə səhnəyə çıxmayıb, o, kino aktrisasıdır, 50 yaşdan sonra səhnəyə çıxmaq çox çətin bir şeydir. Bilirdim ki, bu, fantastikadır. Gənc Tamaşaçılar Teatrının direktoru, baş rejissor mənim dostumdur, iki dostum olan yerdə mənim istəyimi nəzərə aldılar. Dedim ki, çox istərdim baş rolda Həmidə Ömərova oynasın. Şübhə etdilər ki, o, heç səhnəyə çıxmayıb, görünür, onlar mənə inandılar və düşündülər ki, ilk dəfədir Həmidə Ömərova səhnəyə çıxır və bizim teatra gəlir, alınacaq. Nurəddin Mehdixanlını da tamaşa üçün AZDRAMA-dan dəvət etdilər. Humay rolu elədir ki, o rolu məhz Həmidə xanım oynamalı idi. Onun orucu, namazı var, ümumiyyətlə, hər bir cəhətdən mənim hörmət etdiyim xanımdır. Gənc Tamaşaçılar Teatrının aktyorları bunun əleyhinə gedirdilər ki, alınmayıb. Amma mən müəllif kimi görürəm ki, alınıb. Səhnədə çox məlahətli aktrisadır. O tamaşaya kim gəlibsə, ola bilməz ki, mənə təşəkkür eləməsin, aktrisanı görmək istəməsin.

“Qatil”dəki erotik səhnələrdə pintilik görürəm"

N.Ehlamqızı: Əli müəllim, “Qatil” tamaşası ətrafında çoxlu müzakirələr getdi. Açıq-saçıq səhnələr xüsusən yaşlı nəsil arasında qınanıldı. Sizcə, cəmiyyət o tipli səhnəyə hazır deyil?
- “Qatil” tamaşasının hər iki quruluşuna baxmışam. İkisini də Mehriban Ələkbərzadə qoyub. Birinci hamının qəbul edə biləcəyi formatda tamaşaya qoyulmuşdu. Mehriban xanım 10 ildən sonra o əsərə müraciət edəndə, təbii ki, əvvəlkini təkrar etməyəcəkdi. Rejissor bir əsərə yenidən müraciət edirsə, deməli, onun artıq başqa fikri var. Hesab edirəm ki, tamaşa yaxşıdır. Münəvvər Əliyeva da, Hikmət də sübut elədi ki, çəkinmədən, komplekslərdən azad olaraq mürəkkəb rolları ifa edə bilərlər. Bununla belə, tamaşaçı rəyi vacib şeydir. Elə məqamlar var ki, onları qırıb atmaq da olar. Bir qədər erotik səhnələrdə pintilik görürəm. Amma hesab edirəm ki, dəhşətli bir şey yoxdur. Bir-iki nəfər nəsə söz deyibsə, hansısa jurnalistin bundan istifadə edib hay-haray qaldırması mənasız bir şeydir.

N.Muradova: Sizin əsərinizə rejissor o cür səhnələrin olmasını vacib bilsə, razılaşarsınız?
- Təbii ki. Əvvəla vəziyyət tələb edirsə, o olmalıdır. Məsələn, “Mən səni sevirəm” tamaşasında yazıram ki, onlar ehtirasla öpüşürlər, amma onlar səhnədə öpüşmürlər. İndi mən neyləyim? (gülür) Onlar ehtirasla yox, heç yalandan da öpüşmürlər. Qorxurlar da camaatdan. Məhəbbətdirsə, öpüş də olmalıdır da. Remarkada bunu yazıram.

“Serial üçün hazır ssenarilərim var”

Bəxtiyar Məmmədli: Televiziya tamaşaları üçün ssenariləriniz olur?
- Mənim televiziyada ilk təcrübəm “Bala başa bəla”dır. 1995-ci ildə efirə gedib, bu günə qədər də göstərilir, camaatın yadındadır. O vaxt yadımdadır, dəhşətli rezonans oldu. Düşündüm ki, televiziyalar sifarişlər verəcək. Heç bir sifariş olmadı. Mən dəfələrlə serial üçün hazır ssenarilərimin olduğunu elan vermişəm, amma maraqlanmıram. Hətta ssenarini götürüb baxırlar görürlər ki, bunu etmək çətindir. Buna ciddi aktyor oyunu, yaxşı rejissor və daha çox xərc lazımdır. Axı professional yazıçı küçə söhbətləri yazmayacaq ki, bunu hər yerdə demək olsun. Burada əsl xarakterlər var. “Cənnət qapıları” adlı ssenarim var ki, orada 30-a yaxın güclü aktyor lazımdır. Gənc rejissor oxudu, dedi ki, mən serial ssenarisindən qorxdum.

N.Muradova: Siz əsəri prodüserlərə özünüz verirsiniz?
- Mən bircə AzDRAMA-ya və Gənc Tamaşaçılar Teatrına əsər təqdim edirəm. Başqa teatrlar əsərlərimi ordan-burdan götürüb tamaşaya qoyurlar. Bəzən heç özümdən soruşmurlar. Uzaqbaşı deyərlər “Əli müəllim, filan pyesinizin bir nüsxəsini verə bilərsiniz”, mən də elektron ünvanlarına göndərərəm. Xarici ölkələrdən Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Dağıstanda və bədbəxt Krımda mənsiz tamaşaya qoyublar.

N.Muradova: Qonorar alırsınız?
- Heç biri qonorar göndərmirlər. Çünki hər biri bədbəxt ölkələrdir. Azərbaycandan heç qonorarını ala bilmirsən. Tacikistandan necə alacaqsınız?

D.Əhməd: Aktyorlarımız kimi dramaturqlarımız da bu sarıdan əziyyət çəkir?
- Mənim belə prinsipim var: “şikayətlənmə və istəmə". Bu iki prinsipə əməl etməyə çalışıram. Camaat roman yazır, bir qəpik qazanmır. Sən 50 səhifəlik pyes yazırsan, 3-5 min manat Mədəniyyət və Turizm Nazirliyi verir. “Şah Qacar" mənə yaxşı gəlir gətirir. Hər nümayişdə mənə qonorar gəlir. Bu mənada, dramaturqun Azərbaycan şəraiti üçün əsası yoxdur.

N.Muradova: Artıq neçə serial çəkilib, bəyəndikləriniz var?
- Mən heç bir seriala baxa bilmərəm. Hətta bilirəm tələbələrim yazırlar, haradasa deyirəm baxım. Görürəm 10 dəqiqədən artıq baxa bilmirəm. Baxdığım sonuncu serial “Möhtəşəm Yüzil"dir. Ona da serial kimi yox, film kimi baxdım. Gözəl rejissor, dramaturq işi var, aktyor işi, musiqisi parlaqdır. Buna baxmağa dəyər. 80 seriyadan sonra gördüm təkrarlar gedir, dramaturq vəfat edəndən sonra serialın dramaturji keyfiyyəti aşağı düşdü və baxmadım.

D.Əhməd: Şah İsmayıl Xətai ilə bağlı o cür serial çəkə bilmərik?
- Yox, bizdə tarixi mövzuda serial çəkə bilməzlər. Bu yaxınlarda hansısa mövzuda çəkilişdən şəkillər gördüm, dekorasiyadan ətim ürpəşdi. “Möhtəşəm Yüzil"ə baxandan sonra tarixi mövzuda belə şeyə baxmaq mümkünsüzdür. Kino dramaturqlarımızın nəyə qadir olduğunu çox gözəl bilirəm. Artıq imza mənə çox şey deyir.

N.Muradova: Bayaq dediniz ki, iki prinsipiniz var: şikayətlənmə və istəmə. Əli müəllim ad istəyirmi?
- Təbii ki, istəyirəm. Amma içimdə istəyirəm. Yaşadığın cəmiyyətlə ayaqlaşmalısan. Nəyisə almaq istəyirsənsə, bunu ləyaqətlə almaq lazımdır. Ləyaqətlə yaşamağı bacarmalısan. Ləyaqətlə yaşayan adam nə şikayətlənməz, nə istəməz.

N.Muradova: Sizdən az haqqı olan biri ad alanda nə hisslər keçirirsiniz?
- Sakit yanaşıram. 25 ildir Azərbaycan teatrlarının repertuarında daim Əli Əmirlinin əsərləri varsa, o, artıq onun üçün böyük mükafatdır. Heç bir teatr yaxşı pyesdən imtina eləmir. Hər hansı təsir rıçaqım - vəzifəm, pulum, qohumlarım yoxdur. Teatra keyfiyyətli əsər verirəm. Teatrlar, Mədəniyyət və Turizm Nazirliyi mənə mane olmur. AZDRAMA-da mənim əsərlərimin oynanmasının ən əsas səbəbkarlarından biri Bəhram Osmanovdur. Öz rejissorunu tapmalısan. O, həmişə deyirdi ki, mən Əli Əmirlinin əsərlərinə görə vuruşaram. Həsən Turabov özü məni teatra dəvət etsə də, birinci tamaşanı Bəhram Osmanov AZDRAMA-da keçirib. Gənc Tamaşaçılar teatrında “Ərizə" əsərim tamaşaya qoyulandan sonra məni çağırdı ki, Sizinlə çalışmaq istəyirəm. Hətta özü istəsə də, AZDRAMA-da ilk tamaşam 4 ildən sonra səhnəyə qoyuldu. O da Osmanov inad elədi ki, bu əsər tamaşaya qoyulmalıdır. Yaxşı pyesi hamı məmnuniyyətlə istəyir.

N.Muradova: İsrafil İsrafilovun bir fikri vardı ki, Siz pyes vermisiniz, o da deyib ki, pyesin 20 səhifəsi sözdür, hadisə baş verməyib. Bu, nə məsələ idi?
- İki aktrisa üçün “Baş rol" adlı pyesim var, O pyesi İsrafil müəllimə verdim ki, oxusun. Heç tamaşaya qoymaq üçün nəzərdə tutmamışdım. O da pyesi oxuyub, sonra görüşəndə dedi ki, Əli müəllim, pyesi oxudum, çox xoşuma gəldi, amma bir şey var ki, 10-15 səhifə oxumuşam, hadisə yoxdur. O, mənə Tofiq Kazımovdan, İlyas Əfəndiyevdən misallar gətirdi ki, hadisə olmalıdır. Doğrudan da, pyesdə hər 5-10 dəqiqədən bir qəribə bir hadisə olmalıdır. Dedim ki, ola bilər, buna baxmaq olar. Mən heç vaxt kiməsə yapışmıram tamaşaya qoyun. Pyesi verirəm, düşünür, bəyənirsə, tamaşaya qoyurlar. İsrafil müəllimə axırıncı dəfə oxumaq üçün pyes vermişəm, mənə zəng etmir, heç vaxt soruşmayacağam. Əgər onun çox xoşuna gəlmiş olsaydı, deyərdi. Bu söhbəti də şişirtdilər ki, Əli Əmirli tənqid olunub, İsrafil İsrafilov deyib ki, pyes vermisiniz, 18 səhifə oxudum, heç nə yoxdur. O biri dramaturqlar da başlayıb ki, əgər Əli Əmirlinin tamaşaları qoyulur, onun haqqında belə deyibsə, o birilərə nə deyəcək. Mən bilirəm də nə deyib. Bunu o mənada demişdi ki, hətta Əli Əmirliyə bunu deyirəmsə, niyə filankəslər inciyir?

N.Ehlamqızı: Yeni pyesinizin hansı mövzuda olduğunu bilmək olar? Tarixi mövzuda idi?
- Qaçqınlar barədədir. Bir jurnalistin müharibə qeydləri vardı, onlardan birini oxudum, məni dəhşət tutdu. Rayona gedib, hələ kəndləri tutulmayıb, amma Cəbrayıl işğal olunub. Atası deyir ki, niyə gəlmisiniz, bacını da götür qayıt Bakıya, biz də gələcəyik. Bunlar 3 gün qatarla gəlib Bakıya çata bilmir. Horadizlə İmişli arasında qalır, 3 gün zülm çəkiblər. Mən hər şeyin 1 vaqon içərisində baş verdiyi bir pyes yazdım.

“Ağdamlı olsam da, Qarabağla bağlı heç nə yazmamışam”

N.Muradova: Mövzu Sizə yaxın idi? Çünki ağdamlısınız, bilirəm...
- Ağdamlı olsam da, “ heç nə yazmamışam. O qədər də yazılmasının tərəfdarı deyiləm. Yazılanları görürəm, qətiyyən bəyənmirəm. Faciə o qədər dərin və istidir ki, onun bədii həqiqətini tapmasan, onu heç vaxt səhnəyə qoymaq olmaz. Çox vaxt səhnəyə haray, qışqırıq, ağlaşma, nalə qoyurlar, elə tamaşalara baxa bilmirəm. ”Fəryad" filminə baxmıram.

N.Muradova: “Dolu” filminə baxmısınız?
- Baxmışam. Qarabağ mövzusu çox çətin mövzudur. Hətta mənim yazdığım pyes müharibə haqqında olsa da, müharibədən deyil. Qaçqın vəziyyətinə düşən, müharibə prosesləri başlayan zaman insanların vəziyyəti öz əksini tapıb. O vaqonda sonra yaşayanlar oldu, hamilə qadın vardı, əkiz uşağı oldu. Biri ali məktəbə girdi, o biri ərə getdi, həmin o vaqonda yaşadı, onların taleyi idi o vaqon.

N.Ehlamqızı: Azərbaycanlılar qələbəyə acdır. Niyə Qarabağla bağlı nikbin əsərlər yazılmır?
- “Dolu” niyə yaxşı filmdir? Çünki çox yaxşı sonluq tapa biliblər. Məğlub olmuş ölkə qələbə filmi çəkə bilməz. Qələbə filmi deyilsə, ziyanlıdır, ancaq əzablarını göstərəcəksiniz. “Dolu”da, bəlkə sonluq orijinal deyil, amma o şey ki ikinci dəfə də təkrar olunanda sənin qəlbinə təsir edirsə, deməli yaxşıdır. “Dolu”da qəhrəmanlıq, kişilik, məsələnin mahiyyəti, məğlubiyyətin səbəbləri görünür, eyni zamanda, çox gözəl sonluq var. Yəni, qəhrəmanların cismi məhv olsa da, ruhları onların Ağdamda, Qarabağ torpağındadır.

N.Muradova: Yayda necə istirahət edirsiniz?
- Nədən istirahət edək? Mənim üçün dərs demək də, yaradıcılıqla məşğul olmaq da ləzzətli işdir. Ona görə də nədən istirahət eləməliyəm?! Bakıdayam, iyul-avqust ayları mənim ən məhsuldar işlədiyim aylardır. Başqa vaxt təzə əsər yazmıram.

N.Muradova: Yazanda şərtiniz nədir? Sakitliyi xoşlayırsınız?
- Yox. Həyat yoldaşım o gün məni yeməyə çağırmaq istəyir, deyir səni ayırmaq istəmirəm. Dedim Cəfər Cabbarlı deyiləm ki, deyim korladın nəyisə (gülür)

N.Ehlamqızı: İlk oxucunuz xanımınızdır?
- Hə, əgər o əsəri bəyənirsə, deməli, yaxşı əsərdir. Həyat yoldaşım da sadə adam deyil. O, uzun illər Sovet dövründə məşhur televiziya jurnalisti olub, mədəniyyət sahəsində işləyib. Bu saat Space televiziyasında dini proqramda çalışır. Yoldaşım “Hasarın o üzü”ndəki Humayın prototipi Solmaz Əmirlidir. Yeri gəlmişkən, kişi də mənəm, bir qızlar bizim deyil, bizim qızlarımız tərbiyəlidir (gülür). Solmaz xanımın çox yüksək zövqü və intuisiyası var. Tamaşaçı kimi qəddar deyil, axı məni sevir (gülür). Amma ehtiyatla olsa da, deyir ki, bu əsər tutmayıb. “Sevən qadın” əsərini qəbul etmir.

N.Muradova: Neçə övladınız var?
- İki qızım, altı nəvəm var. Qızlarım həkimdir. Nəvəmin böyüyünün 17 yaşı var. 4 qız nəvəm var.

Nərgiz EHLAMQIZI
FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm