• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dədə Qorqud”un 360 atı, bir şiri və...

  • Yazarlar
  • 28 İyun 2012 13:16
  • 417 Baxış
Dədə Qorqud”un 360 atı, bir şiri və...

Rasim Balayev: “Oxu necə atdımsa, Şəfiqə Məmmədovanın qoluna dəydi”

Min il, min neçə yüz il bundan qabaq Azərbaycanda yaşayan, çəmənlərdə çadırlar quran, at belində ömür sürən, quş quşlayan, ov ovlayan babalarımızın arasında müdrik bir ağsaqqal da yaşayırdı - Dədə Qorqud. El bilicisiydi o qoca. İgidlərin başlarına gələnlərdən, olanlardan, keçənlərdən dastan qoşub söz söylərdi, boy boylardı. Biz də bu gün onun adına olan filmdən söz söyləmək istəyirik. “Gündəlik Teleqraf”ın “Kadrarxası” rubrikasında bu dəfə Azərbaycanın ilk iki seriyalı filmi olan “Dədə Qorqud”un kadrarxası məqamlarından danışacağıq.

Qısa arayış: “Dədə Qorqud” filminə 1975-ci ildə görkəmli rejissor Tofiq Tağızadə xalq yazıçısı Anarın ssenarisi əsasında quruluş verib. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında çəkilib. Kinolentdə dastanın əsasən iki qolundan istifadə edilib. Ssenari müəllifi Anar, quruluşçu rejissor Tofiq Tağızadə, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Emin Sabitoğlu, səs operatoru Vladimir Savin, geyim rəssamı Bədurə Əfqanlıdır. Rollarda Həsən Məmmədov (Dədə Qorqud), Həşim Qadoyev (Qazan), Rasim Balayev (Beyrək), Givi Toxadze (Alp Aruz), Hamlet Qurbanov (Qıpçaq Məlik), Leyla Şıxlinskaya (Banuçiçək), Şəfiqə Məmmədova (Burla xatun), İnarə Quliyeva (Selcan), Elçin Məmmədov (Qaraca çoban), Fərhad Yusifov (Tural), Dinarə Yusifova (Günel), Əli Haqverdiyev (Yalıncıq), Gündüz Abbasov (Bəybura), Əfrasiyab Məmmədov (Bayandır xan), Mikayıl Mirzə (gor qazan) və başqaları çəkilib. Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. Hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət-ənənələri barədə danışılır. Dədə Qorqud saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : “Əgər torpaq qorunmursa, əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz”.

“Aktyorla bərabər at da ağlayırdı”

Məşhur operator Rasim İsmayılovun həyat yoldaşı Nadejda İsmayılova “Dədə Qorqud”la bağlı maraqlı məqamları xatırlayır. Deyir bu film onun redaktor kimi işi olub: “Əvvəla onu deyim ki, filmin gözəl komandası, çəkiliş heyəti vardı. Anarın ssenarisini oxuyanda çox sevindim. Ssenari üzərində işləməyə, dəyişikliyə ehtiyac yox idi. Çünki çox yaxşı yazılmışdı. Oxumağa başlayanda ayrılmaq olmurdu. Üstəlik o vaxt belə mövzudan, soy kökümüzdən danışmaq cəsarət tələb edirdi. Bu baxımdan ssenarinin mövzusu, dil və üslubu yeni idi. Anar filmdə fantaziyadan istifadə etməyin tərəfdarı idi. Elə biz də. Tofiq müəllim isə realist idi. Bunun üstündə rejissorla ssenarist arasında fikir ayrılığı vardı. Ancaq sonradan Tofiq müəllim o fikirlə razılaşdı. Film bir az nağılvarı alındı. Bu işdə Toğrul Nərimanbəyovun adını məxsusi çəkmək lazımdır. Onun film eskizləri o qədər gözəl alındı ki, filmin əvvəlində istifadə etdilər. Bu da filmə müəyyən qədər nağılvari ton verdi”.

Ssenari müəllifilə quruluşçu operator arasında da fikir ayrılığı yaranmışdı. Filmdəki səhnələrin rəngləri üstündə: “Yadımdadı ki, işıq üzərində ciddi çalışırdılar. Anar bu əsəri daha çox soyuq rənglərdə görürdü. Naxçıvanda payız naturasının çəkilməsinin tərəfdarıydı. Amma Naxçıvana ekspedisiya göndərmək xeyli vəsait tələb edirdi, buna isə imkan yox idi. Rasim Pirqulunu təklif etdi. Bayram, ov, sevgi səhnələri Pirqulu çəmənliklərində, ölüm, döyüş səhnələri isə Qobustanda çəkildi. Hətta Rasim xahiş etmişdi ki, Qobustanda böyük qayalardan birini qırmızı rəngə boyasınlar. Boyadılar da. Bu, el-obanın qana boyandığına işarə idi. O vaxt texniki imkanlar indiki kimi deyildi axı. Rasim də fikirləşib ki, bu cür elementlərdən istifadə edirdi, məncə, maraqlı da alınırdı. Pirquluda aparılan çəkilişlərə mən də getmişdim. Qazan xan obrazının ifaçısı tacik aktyoru Həşim Qadoyev yaraşıqlı aktyor idi, kostyumlar ona yaraşırdı, yaxşı da at çapırdı. Filmdə çəkildiyi atı çox sevirdi, aktyorlardan çox onunla vaxt keçirirdi, dostlaşmışdı. Mən heç vaxt unutmaram, filmdə Qazan xan ovdan qayıdıb elinin yağmalandığını görür və gözündən yaş axır. O səhnədə aktyorla bərabər at da ağlayırdı. Filmə diqqətlə baxanda bunu görmək olar”.

“Qadın şiri görəndə ürəyi getdi”

Nadejda xanım qeyd edir ki, filmdəki döyüş səhnələri üçün Moskvadan xüsusi alay gətirilmişdi. O alay SSRİ-də çəkilən bütün kinolarda iştirak edirdi. Alayın da tərkibində 360 at vardı. “Dədə Qorqud”un döyüş səhnələri məhz bu atların hesabına başa gəlib: “Atlarla yanaşı filmdə şir də çəkilib. Təsadüfə bax ki, Kinq-2 adlı bu şirin sahibinin adı Lev Berberov, özünün cinsi isə “berberovskiy lev” idi. Bu şirlə ilk tanışlığım qorxulu olub. Kinostudiyada otaqda oturmuşdum. Qapı döyüldü, başımı yuxarı qaldırmadan “gəlin” dedim. Qapı açıldı, başımı qaldıranda dəhşətə gəldim. Otağa əvvəl şir girdi, dalınca da xaltasından tutan Berberov. Yerimdəcə quruyub qaldım, hara qaçıb gizlənəcəyimi bilmədim. Berberov dedi “narahat olmayın, ssenarini götürməyə gəlmişik”. Əllərim əsə-əsə ssenarini verdim. Dallarınca dəhlizə çıxdım, gördüm çöldə bir adam da yoxdu. Onları kinostudiyaya girən görəndə bütün işçilər otaqlarına qaçıb gizlənmişdilər”. Şirin iştirak etdiyi səhnənin çəkilişi zamanı da macəra yaşanmışdı. Beyrəklə şirin döyüş səhnəsi studiyanın həyətində pavilyonda çəkilirdi. Səhnə üçün iki mərtəbəli dekorasiya qurulmuşdu. İkinci mərtəbədə dairəvi balkonlarda orta əsrlərə məxsus geyimlərdə adamlar oturmuşdu: “Aşağıda isə Beyrəklə şir döyüşməliydi. Orda bütün qapılar bağlanmışdı. Bircə 2-ci yarus açıq idi. Çəkiliş başladı, şiri içəri buraxdılar. Şir başını qaldırıb o cür geyimlərdə camaatı, texnikanı görəndə çaşdı. Həmin açıq yerdən necə qaçdısa, heç sahibi macal tapıb çölə çıxa bilmədi. Aləm dəydi bir-birinə. Studiyanın həyətində bir yer vardı. Ordan avtomatdan su içirdik. Şir gedib ora çıxıb. Orda da işçilərdən biri su içirmiş. Qadın arxaya dönüb şiri görəndə ürəyi getdi. Şir qadının yıxılmağını görüb daha da qorxub qaçdı. Axırda Berberov şirini kolluqların birində qorxmuş vəziyyətdə tapdı. Təbii ki, çəkiliş təxirə salınmadı. Onu da deyim ki, bu şiri biz sonra “Şir evdən getdi” filminə çəkdik. Təəssüf ki, Berberov öləndən sonra bu şir onun arvadını və oğlunu parçalayıb öldürdü. Nəticədə şiri gülləylə vurdular”.

Beyrəyə 2500, şirə 5 min rubl qonorar

Bu səhnə Beyrək obrazının ifaçısı Rasim Balayev üçün də asan olmayıb. Bu barədə danışmazdan öncə bildirək ki, Beyrək roluna namizədlər arasında Rasim Balayevlə yanaşı, Nodar Şaşıqoğlu da vardı. Nodar Şaşıqoğlu Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmində çəkildiyindən rejissor bu rola da onu təsdiqləmək istəyirdi. Lakin Bədii Şura səs çoxluğu ilə Rasim Balayevi seçib Beyrək roluna təsdiqləyir. Amma bu obraz da aktyoru xeyli çətinliklər qarşısında qoyur: “At çapa, ox ata bilmirdim. Yıxıla-yıxıla birtəhər at çapmağı öyrəndim. Ox atmağım isə faciəyə səbəb olacaqdı. Filmdə bir səhnə var. Beyrək “ay donuz oğlu, adam da elə ox atar?” deyib Yalıncığa ox atmağı öyrədir. Səhnə çəkiləndə ətrafda nə qədər adamlar düzülmüşdü. Onların arasında Şəfiqə Məmmədova vardı. Oxu Yalıncığın əlindən alıb nətəri atdımsa, Şəfiqə xanımın qoluna dəydi. Qolu qanadı, həkim gəldi. Yaxşı ki, gözünə girmədi. Sonra dedi sən bunu qəsdən eləmisən. Dedim qəsdən niyə eləyim ki? Oxdu da başqa tərəfə atırdım, ora gəldi. Amma ikinci dəfə atanda hədəfi vurdum”.

O ki qaldı Beyrəyin şirlə döyüşməsinə, Rasim Balayev etiraf edir ki, bu səhnəyə çəkilmək istəmirdi. Hətta Anardan da xahiş etmişdi ki, bu səhnəni ssenaridən çıxarsınlar. Amma çifayda: “Anar dedi “yox, bu, maraqlı səhnə olacaq”. İndi olsa inanmaram. O vaxt məni inandırdılar ki, heç bir problem olmayacaq. Dedilər ev şiridi, qorxma, südlə böyüyüb. Ayağından da nazik tros bağlayacağıq. Sonradan məlum oldu ki, tros söhbəti yalan imiş. Dekorasiya quruldu, çəkiliş başladı. İndi istər-istəməz qorxuram axı. Vəhşi, dil bilməyən heyvandır. Birdən nəsə xoşuna gəlmədi, cumdu üstümə. Üzümdə bu qorxu hiss olunduğundan rejissor Tofiq Tağızadə hirsləndi ki, “sən atıl şirin üstünə, ondan qorxduğun sifətində hiss olunmasın, sən axı Beyrəksən, qəhrəmansan”. Mən də qayıtdım ki, “əşi, yuxarıdan göstəriş verməyə nə var e, gəl bu şirlə üz-üzə dur, görüm sənin sifətində hansı ifadə yaranacaq”. Nə isə. Birtəhər çəkildim. Bəzi yerlərdə dublyor idi, yəni şirin sahibi, bəzilərində mən. Şirlə qabaq-qabağa dayanmışam. Hirsləndirməliyəm, o da üstümə atılmalıdı. Üstümə atılanda geri çəkdilər. Güləş səhnəsində bir dəfə mən çəkildim, bir dəfə dublyor. Bir dəfə də şiri ona bənzər tüklü oyuncaq əvəzlədi. Birtəhər, xata-bəlasız ötüşdük. Şirlə döyüş səhnəsi bir gün səhərdən axşama qədər çəkildi. İkinci gün isə yuxarıdan adamların qışqırmağını çəkdilər. Çox riskli bir şey idi. İndi belə bir şey təklif etsələr, heç vaxt razı olmaram. Amma o vaxt nədənsə razı oldum. Özü də şirə oturacaqları çıxarılmış xüsusi avtobus ayırmışdılar, hər gün ət kombinatından ət gətirirdilər. Bunlarla yanaşı o şir aktyorlardan çox qonorar aldı. Məsələn, mən baş rol ifaçısı olaraq 2500 rubl almışdımsa, iki günlük çəkilişə görə şirə 5 min rubl vermişdilər. Düzdür, bu film bu gün də baxılır, yaxşı münasibət var. Amma məncə, daha monumental film ola bilərdi”.

Təbii qoyun əvəzinə kukla qoyun

“Dədə Qorqud” filmindən danışanda Qaraca çobanı xatırlamamaq günah olar. Qaraca çoban “Yeddi oğul istərəm” filmindəki Mirpaşa rolundan sonra Elçin Məmmədovun ikinci obrazı idi. Qaraca çobanın qoyunları qayadan atma səhnəsi ilə bağlı Elçin Məmmədovla yaradıcı heyət arasında narazılıq yaranmışdı. Aktyor qoyunları diri-diri atmağa razılıq vermirdi. Çünki qoyunlar qayadan atılarkən daşa dəyib parçalanacaq və öləcəkdi. Aktyorun inadını gördükdən sonra məcburiyyət qarşısında qalıb kukla qoyunlar düzəldirlər. Qaraca çobanın ağacı kökündən çıxarmaq səhnəsi də çətinliklə alınırdı. Çəkiliş başlamamışdan qabaq yüzillik ağacı kökündən çıxarıb, sonra həmin ağacı yenidən yerinə basdırırlar ki, Qaraca çobanı ağaca bağlayanda onu asanlıqla yerindən çıxara bilsin. Həmin səhnənin çəkilişi başlayır. Qaraca çobanı da ağaca bağlayırlar. Ancaq aktyor nə qədər tərpətsə də, əziyyət çəksə də, ağacı yerindən çıxara bilmir. Demə, bilərəkdən ağacı yerinə bərk basdırmışdılar ki, çıxarmaqda çətinlik çəksin. Elə bu zaman da məşəlləri yandırmağa başlayırlar. Od parçaları qolları bağlı olan Qaraca çobanın üstünə tökülür və qollarını yandırır. Göynədiyi üçün tez-tez qollarını üfürməyə başlayır. Bütün bunlar filmdə təbii olaraq çəkilir.

Sonda qısaca filmin musiqisi barədə. Filmin musiqisini Emin Sabitoğlu yazıb, mahnıları isə Yalçın Rzazadə oxuyub. Sənətçi xatırlayır ki, mahnıları Moskva Simfonik Orkestri ilə yazıblar: “Burda mahnını hazırlayıb Moskvaya yollandıq. Moskva Simfonik orkestrinə bizim milli alətlərdən bir neçəsi də əlavə olunmaqla ifa etdim və heç bir səsgücləndiricidən istifadə etmədən canlı səs filmə verildi. Təsadüfi deyil ki, o mahnılar bu gün də tamaşaçılar tərəfindən sevilir və dinlənilir. Elə filmin özü kimi”.

Xəyalə Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR