• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Tale Heydərov: “Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq”

  • Yazarlar
  • 13 Noyabr 2014 20:15
  • 1 267 Baxış
Tale Heydərov: “Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq”

Bu gün “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitablarının təqdimatını keçirib.

Publika.az-ın məlumatına görə, təqdim olunan uşaq kitabları TEAS Press-in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib. Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə mütaliə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə, Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Kitabların əksəriyyəti keyfiyyətli və qalın cildlə üzlənib. Onların arasında gözəl, rəsmli kitablar da var. Bu kitablar mütaliəyə hələ təzəcə başlamış uşaqlar üçün nəzərdə tutulub. Klassik romanlar isə nazik cildlə üzlənib. Onlar daha böyük yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Məşhur amerikalı yazıçı və illüstrator Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi və illüstratoru M.Uilyams yazdığı əsərlərə və çəkdiyi rəsmlərə görə ən nüfuzlu mükafatlar alıb. O, uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. Doqquz il “Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6 “Emi” mükafatına layiq görülüb. O, həmçinin “Nickelodeon” və “Cartoon Netvork” uşaq telekanalları üçün cizgi filmləri çəkib.

“TEAS Press” M.Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib.

M.Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi də keçəcək.

Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı da təqdim edilib. Kitablar hamısı yazıçının məşhur “Elmer” seriyasındandır. “Elmer” müasir uşaq hekayələri dünyasında ən çox tanınan və sevilən personajdır. Bu il “Elmer”in 25 illiyidir.

Təqdim olunan üç şəkilli kitab isə bir çox mükafatların sahibi, hollandiyalı yazıçı və illüstrator Hido van Heynektnə aiddir. İki kitab onun məşhur “Riki”, digəri isə “Maks” seriyasındandır.

“TEAS Press” Nəşriyyat Evi müəllifin “Klavis” nəşriyyatı ilə birgə xüsusi dizayn etdiyi Riki oyuncaqlarını da təqdim edib.

“Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitablar da təqdim edilir. Bu kitablar oxumağa hələ yenicə başlayan uşaqlar üçün nəzərdə tutulub.

“Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Bu silsilə xüsusilə qızlar üçün nəzərdə tutulub. Kitab Sevincdən və onun ən yaxın rəfiqəsi Mələkdən bəhs edir.

Nəşriyyat yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış “Əcinnə ovçuları” seriyasını təqdim edir. Kirkus bu kitabı “əcinnələrlə, həyəcanla və təəccüblü gedişlərlə dolu, hərəkətli kitab” adlandırıb.

Yuxarı yaşlı uşaqlar üçün kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura “Qrin Qeyblz malikanəsinin qızı Anni”, “Qara köhlən” və “Sirli bağ” əsərləri daxildir. Hər üç kitab klassik əsərdir. Bu kitablar onlarla dilə tərcümə edilib və milyonlarla nüsxə satılıb.

Tədbirdə çıxış edən “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin rəhbəri Kolin MakDonell bildirib ki, insanlarda müsbət emosiya görən zaman nəşriyyatın nə dərəcədə müsbət iş gördüyünə əmin olub: “Məhz “TEAS Press”in sayəsində Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı mütərəqqi addım atılıb. Biz uşaqlarda qiraətə maraq yaradan kitabları seçərək tərcümə etmişik. İnanırıq ki, bu kitablar valideynlərə evdə uşaqlara kitab oxumaq vərdişi aşılamağa kömək edəcək. Valideynlər hər gün istisnasız şəkildə uşaqlarına kitab oxumalıdır. Bizim də şüarımız “Gəlin oxuyaq, gəlin paylaşaq” şüarıdır”.

TEAS-ın təsisçisi və sədri Tale Heydərov isə bildirib ki, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək səviyyədə tərcümə edilməsi nəzərdə tutulur. “Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq. Nəşriyyat Evinin Türkiyədə filialı yaradılıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinə dair 40 kitab ilk dəfə türk dilinə tərcümə edilib və çapa hazırlanıb. Nəşriyyat uşaq ədəbiyyatı sahəsində ciddi dəyişikliyə nail olmağı prioritet kimi qəbul edib. Ümummilli lider Heydər Əliyev deyib ki, gənc nəsli necə böyüdüb, tərbiyə edəcəyiksə, millətimizin gələcəyi bundan asılı olacaq. Bu müqəddəs borcun həyata keçirilməsində uşaq ədəbiyyatı xüsusi rola malikdir. Ona görə də uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin nəşri, eyni zamanda dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcümə edilərək təqdim olunması qərara alınıb. Bu baxımdan Azərbaycan nağıllarının sonluğundakı 3 alma əsas götürülərək, nəşriyyat evinin tərkibində “3 alma” uşaq ədəbiyyatı bölməsi yaradılıb. Bu gün biz fəxrlə deyə bilərik ki, “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq kitabı təqdim edir”.

Tərcümə edilən kitablar barədə danışan T. Heydərov qeyd edib ki, D. MakKinin “Elmer” müasir uşaq hekayələri ən çox tanınan və sevilən personajdır: “Bu il “Elmer”in 25 illiydir. Azərbaycanda keçirilən tədbir bu yubileyin bir hissəsidir”.

T. Heydərov nəşriyyatın dünyada ən yaxşı nümunələri nəşr edərək, uşaqlara çatdıracağını vurğulayıb: “Biz bütün uşaq ədəbiyyatı müəllifləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Nəşriyyat gələcəkdə də bu və digər müəlliflərin məşhur kitablarını nəşr etməyi planlaşdırır. Nəşriyyat bu yaxınlarda təhsilə aid kitablarla bağlı informasiya xarakterli ikinci tədbirini də keçirəcək.

Qeyd edək ki, “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. Bölmənin məqsədi Azərbaycan dilində uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməyə istiqamətlənmiş keyfiyyətli kitablar nəşr etməkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR