NATO institutunun rəhbəri: “Əgər bir təyyarə vurulursa...”
Bizi izləyin

Nida.az

NATO institutunun rəhbəri: “Əgər bir təyyarə vurulursa...”

“Putin yaxşı bilir ki, əgər bir təyyarə vurulubsa, bu onun özü və Rusiya üçün dərdin siyasi mesajdır”.

Publika.az xəbər verir ki, bu barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyə son iki həftədə Rusiya qırıcılarının onun hava məkanını dəfələrlə pozduğunu bildirirdi: “Türkiyə tərəfinin bütün çağırışlarına baxmayaraq, Rusiya dövləti sanki bu məsələlərə əhəmiyyətsiz yanaşdı və bütün çağırışları nəzərə almadı, əksinə bu təcavüz siyasətini olduğu kimi davam etdirdi. Antalyada baş tutan G20 dövlətlərin sammitində Ərdoğan sonuncu dəfə Putinə öz narahatlığını ifadə etdi və hətta məndə olan məlumata görə, Obama da Putinlə görüşündə bu məsələdən narahat olduqlarını, Türkiyənin NATO ölkəsi olduğunu nəzərə almasını Putinin diqqətinə çatdırmışdı. Bütün bunlara baxmayaraq Putin və rəsmi Kreml bu kimi hallara ciddi yanaşmadı”.

F. Məmmədov qeyd edib ki, əldə etdikləri məlumata görə, rus təyyarələri bir gün öncə Türkiyə vaxtı ilə gecə 3-4 radələrində üç dəfə Türkiyə hava məkanını pozaraq təxribatçı manevrlər ediblər: “Görünən odur ki, Ərdoğan başda Amerika olmaqla NATO-nun yüksək çinli rəsmiləri ilə apardıqları danışıqlardan sonra, bir daha belə hal baş verəcəyi halda təyyarənin vurulmasını məqbul sayıblar. Əslində təyyarəni təkcə Türkiyə deyil Amerika, NATO və Avropa vurmuş sayılır. Putinin qəzəbi də məhz budur. Putin yaxşı bilir ki, əgər bir təyyarə vurulubsa, bu Putin və Rusiya üçün dərin siyasi mesajdır. Putin unudur ki, Türkiyənin güclü radar sistemi mövcuddur. Təkcə İncirlik kifayət edir ki istənilən anda istənilən təyyarəni vurmaq mümkün olsun”.

İnstitut rəhbəri əlavə edib ki, bu təyyarənin vurulması təkcə Türkiyənin qərarı deyil.

“Bu hərbi qərardan daha çox siyasi qərardır. Əgər Putin bu məsələnin çox üstünə getməməyi məqbul sayarsa, o zaman münasibətlər soyuq olsa da davam edəcək. Aradakı soyuqluq isə müəyyən vaxt çərcivəsində aradan qalxacaq. Yox, əgər Putin yenidən bu hərəkətləri davam etdirərsə, iş o yerə gələ bilər ki, Türkiyə diplomatik missiyanı və səfiri geri çağırmalı olar. Rusiya bütün bunları bilir. Bu gün Rusiyanın Qara dənizdə və Aralıq dənizində Türkiyəyə ehtiyacı var. Ona görə də çalışacaq ki məsələni çox böyütməsin. Lakin Putin daxili auditoriyanı da sakitləşdirmək üçün bir neçə manevr edəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm