Azərbaycan MDB ölkələri arasında liderdir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan MDB ölkələri arasında liderdir

ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə qiymətləndirmə aparılıb.

Qiymətləndirmə nəticələrinə əsasən, ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78 balla 31-ci yerə qoyub (Cədvəl 1).

Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Digər diqqətçəkən məqam odur ki, qiymətləndirmədə qonşu Gürcüstanla Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var.

Eyni zamanda, regional səviyyədə aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, Yel və Kolumbiya Universitetləri Azərbaycanı Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə 2-ci yerə çıxarıb (Cədvəl 2).

Bu sıralamada Azərbaycan Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belarus kimi ölkələrdən qabaqdadır. MDB ölkələri arasında isə 1-cidir.

Sənədə əsasən Azərbaycan İqlim və Enerji istiqamətinə görə sıralamada 100 ballıq sistem üzrə 97.94 balla qiymətləndirilərək bütün ölkələr arasında 2-ci, həmin bölmənin Karbon İntensivliyi göstəricisi üzrə isə 100 balla 1-ci yerdə qərarlaşıb.

Daha bir uğurlu göstərici isə odur ki, Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11,8 faizə çatdırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağac kəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm