Çin: iqtisadiyyat nəhəngi və möcüzələr ölkəsi - FOTOLAR
Bizi izləyin

Dünya

Çin: iqtisadiyyat nəhəngi və möcüzələr ölkəsi - FOTOLAR

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılmasının 15 illik yubileyi münasibətilə təşkilata üzv, o cümlədən də müşahidəçi və ŞƏT-in dialoq üzrə tərəfdaşı olan ölkələrin aparıcı KİV-lərinin nümayəndələrinin Çin Xalq Respublikasına səfəri təşkil edildi. Pekindən başlayan səfər Şanxay Əməkdaşlıq Təşkilatının 15 illik regional və qlobal fəaliyyətinə, qazandığı uğurlara və Çinin iqtisadi, turizm potensialının təbliği məqsədi daşıyırdı.

İnsan əli ilə yaradılmış möcüzə - Çin səddi

Jurnalistlərin dünyanın ən çox əhalisi olan və böyük iqtisadiyyatlarından birinə malik Çin səfəri Sarı dənizin Lyodun körfəzinin sahillərindən, bu ölkənin şimal sərhədləri boyunca uzanan, Qobi səhralarından keçən və uzunluğu 4 min kilometrdən çox olan Çin səddindən başladı. Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalıb. Onlardan biri də dünyanın 7 möcüzəsi sırasına daxil olan Çin səddidir. Çinlilər ona Vanli Çançen deyirlər. Çin səddi ilk dəfə eramızdan əvvəl 221-ci ildə Çin imperatoru Çin Şi Xuandi tərəfindən on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li (1 li təqribən 576 metrdir) uzadılıb.

Çin imperatorluğunun əsasını qoyan və Çinin ən güclü dövlət kimi formalaşmasında mühüm xidmətləri olan imperator Çin Şi Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçərilərin qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Səddin tikintisi ayrı-ayrı hissələrə bölünüb və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tərəfindən ucaldılmışdı. Səddin tikintisinə 350 min əsgər və yüz minlərlə mülki şəxs işə cəlb olunmuşdu.

İnsan əli ilə yaradılmış möcüzələrdən yalnız böyük Çin səddi kosmosdan görünür. Təsadüfi deyil ki, hər il Çinin şərqindən qərbinədək uzanan Çin səddini görməyə dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir.

“Şanxay beşliyi”dən Şanxay Əməkdaşlıq Təşkilatınadək

Daha sonra jurnalistlərin ŞƏT-in baş katibi Rəşid Alimovla görüşü oldu. O, təşkilatın yaranma tarixçəsi barədə danışdı. Dedi ki, ŞƏT 2001-ci ildə Çinin iqtisadi paytaxtı kimi qəbul edilən Şanxayda siyasi tərəfdaşlıq statusunda yaradılıb. Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çin ilə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-ci ildə Şanxayda keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın dövlət başçıları tərəfindən “Şanxay beşliyi” adlanan birlik yaradıldı. Burada müntəzəm sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandı. 1997-ci ildə isə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı ixtisarı barədə birgə saziş imzalandı. Bununla da Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım atıldı.

“Şanxay beşliyi”nə daxil olan ölkələrin ümumi ərazisi Avrasiya materikinin beşdə üç hissəsini təşkil edir, əhalinin sayı isə təxminən 1,5 milyarddan çoxdur. 1999-cu ilin avqustunda Qırğızıstanda keçirilən görüşdə bu 5 ölkə rəhbərləri Bişkek deklarasiyasını imzaladılar. Sənədin əsasını Mərkəzi Asiyada əməkdaşlıq və təhlükəsizliyin güclənməsi üzrə çoxtərəfli regional dialoqun genişləndirilməsi təşkil edirdi. İqtisadi və humanitar sahədə sərhədyanı əməkdaşlığın planauyğun genişlənməsi məsələsi isə 2000-ci ilin iyununda Düşənbədə keçirilən sammitdə müzakirə olundu. Düşənbə dekalarsiyasında bu beynəlxalq qurumun fəaliyyəti, əsas məqsədləri və “Şanxay beşliyi”ni yaradan ölkələrin prioritetləri öz əksini tapdı və onları sırasına Özbəkistan müşahidəçi qismində qoşuldu”, - deyə R.Alimov qeyd etdi.

“Şanxay beşliyi”nin tarixində mühüm hadisələrdən biri də 2001-ci il iyunun 14-15-də Şanxay şəhərində keçirilən sammit oldu. Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri ŞƏT-in yaradılması haqqında deklarasiyaya imza atdılar.

R.Alimov ŞƏT-in Dövlət Başçıları Şurasının yubiley iclasında Daşkənd Bəyannaməsinin, o cümlədən də 2016-2020-ci illərdə təşkilatın Fəaliyyət Planının və 2025-ci ilədək qurumun İnkişaf Strategiyasının müzakirə edilərək qəbul olunacağını dedi. Həmçinin, ŞƏT-in üzvü olan dövlətlərdə turizmin inkişafı ilə əlaqədar Proqram da qəbul ediləcək.

Qeyd edək ki, iyunun 23-24-də Daşkənddə keçirilən təşkilatın yubiley iclasda Pakistan və Hindistanın ŞƏT-in üzvü olması ilə əlaqədar Memorandum imzalandı. İclasda bildirildi ki, 2017-ci ildə Qazaxıstanda keçirilən Zirvə görüşündə bu ölkələr təşkilatın tam hüquqlu üzvlü olacaqlar. Hazırda Belarus, Monqolustan, İran, Pakistan, Hindistan və Əfqanıstan ŞƏT-də müşahidəçi statusu olan ölkələrdir.

Xatırladaq ki, 2014-cü ilin iyulunda ŞƏT-in Ufada keçirilən Zirvə görüşündə Azərbaycana bu təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunub.

“NEWS Plus” radiosu: 3 milyard dinləyiciyə çatan səs

Səfər çərçivəsində jurnalistlər Çinin Beynəlxalq Radiosunun (China Radio International - CRI) mərkəzi ofisində oldular. Radionun ingilis dili bölməsi CRI-nın ən əhəmiyyətli bölmələrindən biridir və onun verilişləri Çinin təbliğatına yönəlib. Buraya “Çin və dünya üçün körpü” devizi ilə fəaliyyət göstərən “NEWS Plus”, “EZFM” radioları və “CRIENGLISH.com” veb-saytı daxildir. “NEWS Plus” Çinlə bağlı xəbərlər, hesabatlar və xüsusi proqramlar yayımlayan yayım platformasıdır. Burada, həmçinin müxtəlif musiqi və Çin dilinin öyrənilməsinə dair proqramlar yayımlanır. “NEWS Plus” hazırda öz səsini təxminən 3 milyarda yaxın dinləyiciyə çatdırır və hər gün 600 saatdan çox veriliş yayımlayır. Onun proqramları Vaşinqton, Toronto, London, Kanberra, Nayrobi, Kolombo və başqa şəhərlərdəki stansiyalar da daxil olmaqla qlobal qısa dalğalar vasitəsilə müxtəlif yerli AM və FM radio stansiyalarında eşidilə bilir.

“EZFM” radiosu (Pekində 91,5 FM) isə CRI-nin daxili xidmətləri çərçivəsində Pekin, Şanxay, Xiamen, Hefei, Lanzhou və hətta Lhasa kimi digər şəhərlərə səsini çatdırır. Burada ingilis və Çin dillərində müxtəlif xəbərlər, əyləncə və musiqi proqramları yayımlanır.

“CRIENGLISH.com” Çinin Beynəlxalq Radiosunun rəsmi ingilis dilli veb-saytıdır. Burada eyni zamanda CRI-nin bütün radio proqramlarına dinləmək olur.

Jurnalistlər həmçinin, “Chaoyang Theate”də Çinin ənənəvi mədəniyyətinə dair akrobatik çıxışları da izlədilər.

Növbəti dayanacağımız əsrarəngiz təbiətə malik Hangzhou şəhəri oldu. Qərb gölündə (West Lake) qayıqla gəzinti zamanı yaşılla mavinin vəhdəti insanda unudulmaz hisslər oyadırdı. Çinin 1 yuanlıq kağız əsginazında məhz bu göl təsvir edilib.

Wuzhen - “Asiyanın Venesiyası”

Növbəti gün Hangzhou, Suzhou və Şanxay kimi böyük şəhərlər üçbucağında yerləşən və “Asiyanın Venesiyası” adlandırılan Vuzhen şəhərinə səfər etdik. Qədim daş körpü və yollardan ibarət olan bu şəhər üz orijinallığı ilə insanı valeh edir. Dar küçələr, hər addım başı muzeylər, insanların gülərüz və isti münasibəti hər kəsin yaddaşında silinməz izlər qoyur. 2014-cü ildə bu kiçik tarixi şəhərdə Dünya İnternet Konfransı (World Internet Conference since 2014) keçirilib.

Wuzhen şəhəri yaddaşımızda həm də avtomobil nəhəngi “Zhejiang Geely Holding Group”la tanışlıqla qaldı. Burada Çinin özəl sektorda ən böyük avtomobil istehsalçısı olan “Geely” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Eş Sutklif şirkətin tarixi və gələcək planları barədə məlumat verdi. 1986-cı ildə yaradılan şirkət avtomobil, motosiklet, avto-hissələr istehsal edir. Mərkəzi Xancoyda yerləşən “Geely” avtomobil şirkətinin Rusiya, Ukrayna, Venesuela, Malayziya və CAR-da zavodları var. 2009-cu ildə şirkət Çində 300 mindən çox satış həyata keçirib. Həmçinin ötən il “Geely” ABŞ-ın “Volvo” şirkətini 1,8 milyard dollara satın alıb.

Şirkətin gələcək planlarından bəhs edən menecer dedi ki, hazırda əsas hədəfləri keyfiyyətli və yanacağa qənaət edən avtomobil hazırlanmaqdır. Onun sözlərinə görə, bu avtomobil 100 kilometrə cəmi 2 litr benzin sərf işlədəcək. Avtomobilin konveyerlərdən 2020-ci ilədək buraxılması nəzərdə tutulur.

Şanxay – Dünyanın ən böyük səkkizinci şəhəri

Çin səfərinin sonuncu dayanacağı bu ölkənin ən böyük şəhəri və iqtisadi paytaxtı hesab edilən Şanxay oldu. Şanxay Çinin şərqində, Yangtze çayı deltasında salınıb. O, Çinin ən əhəmiyyətli liman şəhəridir.

Dünyanın ən böyük səkkizinci şəhəri olan Şanxay əslində administrativ baxımdan Çinin əyalət statusundakı bir bələdiyyəsidir. Bu şəhər Çin mədəniyyətinin, intellektual müzakirənin və siyasi intriqaların da mərkəzi sayılır.

Pekində Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Li Huilai ilə görüşümüzdə onun bu ölkənin iqtisadi inkişafına dair fikirlərinin əyani təcəssümünü məhz Şanxayda gördük. L.Huilai: “Çin istehsalatda daim mərkəz rolunu oynamağa çalışır. Əsas hədəf isə bir milyarddan çox olan əhalinin ölkə iqtisadiyyatının inkişafına cəlb etməkdir. Təsəvvür edin ki, həm Çindən, həm də dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız ölkəmizə iqtisadi axın yaradır. Bu, böyük iqtisadi və eyni zamanda siyası proqramdır”.

Şanxay səfərimiz Media Qrupunda bu holdinqə daxil olan “Dragon TV” və “ICS” xarici dil kanalı ilə tanışlıq, Huangpu çayında gəmi ilə gəzinti, “Oriental Pearl TV tower” teleqülləsini, “Himalaya Art Museum”u, bu şəhərdə təşkil edilən “Expo-2010” dünya sərgisində Çinin pavilyonunu ziyarətlə davam etdi.

(AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm