Ərdoğan Nazarbayevə təşəkkür etdi
Bizi izləyin

Dünya

Ərdoğan Nazarbayevə təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat xidmətindən bildirilib.

Türkiyə lideri Ankara və Moskva arasındakı münasibətlərin qaydaya salınmasında göstərdiyi köməyə görə həmkarına təşəkkür edib. Ərdoğan Nazarbayevə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti haqqında məlumat verib və ona ümid etdiyini bildirib ki, Ankara və Moskva arasında yaxınlaşma üzrə nəzərdə tutulmuş bütün addımlar reallaşdırılacaq.

Bundan əvvəl isə Rusiya və Türkiyə münasibətlərinin düzəlməsində Azərbaycanın vasitəçiliyi də rəsmi şəkildə təsdiqlənib. Türkiyənin Baş naziri Binəli Yıldırım AKP-nin qrup toplantısında çıxışı zamanı Rusiya ilə münasibətlərin düzəlməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Rusiya-Türkiyə arasında buzların əriməsinə nail olduq. İşlərin bu səviyyəyə gəlməsində bir çoxları əmək sərf etdi. Xüsusilə Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrimizə göstərdikləri səylərə görə təşəkkür edirik”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rusiyanın Su-24 təyyarəsinin vurulmasına görə iyunun 28-də Vladimir Putinə məktub yazaraq üzr istəyib. Dünən isə prezidentlər arasında telefon danışığı olub.

Telefon söhbətində rusiyalı turistlərin Türkiyəyə ziyarəti üzrə tətbiq olunan məhdudiyyətlərin ləğvi müzakirə edilib. Rusiya və Türkiyə prezidentləri telefon söhbətinin gedişatında ikitərəfli əlaqələrin inkişafına dəstək mövzusunda razılaşıblar. Bundan başqa, dövlət başçıları regional böhranların həllində, həmçinin münaqişə zonalarında terrorizmə qarşı əməkdaşlığın əhəmiyyətini qəbul ediblər. Məlumata görə, Rusiya prezidenti hökumətə qarşılıqlı faydalı əməkdaşlığın bərpası üçün Türkiyə hakimiyyəti ilə danışıqlara başlamağı tapşıracaq.

Putin və Ərdoğan şəxsi görüş barəsində də razılaşıblar. Görüş 4-5 sentyabr tarixlərində Çində keçiriləcək G20 ("Böyük iyirmilik") sammiti çərçivəsində baş tuta bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm