• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını

  • 1937
  • 12 Mart 2017 10:11
  • 5 167 Baxış
37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını

1937-ci ilin qurbanlarından olan Umgülsüm Sadıqzadə 1900-cü ildə ruhani ailəsində doğulmuşdu. Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Əbdüləziz kişinin üçüncü qızı hələ uşaq yaşlarından ədəbiyyata, şeirə, sənətə meyil göstərirdi. Doqquz yaşından şeir yazmağa başlayan Umgülsüm ilk təhsilini ata və anasından almışdı. Fars və türk dillərini, daha sonra isə klassik Azərbaycan və şərq ədəbiyyatını Umgülsümə valideynləri öyrətmişdilər.

Get-gedə genişlənən bilikləri və istedadı ona heca və əruz vəznlərində gözəl şeirlər yazdırırdı. Əlbəttə ki, onun bu istedadı tezliklə diqqət çəkdi. O, 1914-cü ildən etibarən artıq – “Açıq söz”, “Birlik”, “İqbal”, “Yeni iqbal”, “İstiqlal”, “Azərbaycan”, “Ədəbiyyat”, “Şərq qadını” kimi mətbu orqanlarda çıxış etməyə başladı.

Milli ruhlu şeirləri ilə tez bir zamanda ədəbi aləmdə tanınmağa başlayan gənc şairənin istedadı və cəsarəti o vaxt mətbuatda qadın azadlıqları, hüquqları uğrunda mübarizəyə həsr olunmuş məqalələrlə çıxış edən Seyid Hüseynin də diqqətindən yan keçmədi.

***

Seyid Hüseynlə tanışlıqları da qəribə olmuşdu. Umgülsüm kimi gənc bir qızın yazıları ilə mətbuatdan tanış olan Seyid Hüseyndə onu tanımaq istəyi baş qaldırmışdı, lakin belə bir fürsət tapa bilmirdi. Elə Umgülsüm də onun yazılarını mətbuatdan izləyirdi. Və bir gün onların tanış olması üçün gözəl şərait yaranır. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasının ilk dəfə Bakıda tamaşası zamanı Hüseyn Cavid onları tanış edir. Bu tanışlıq qısa zamanda səmimi sevgiyə çevrilir. 1920-ci ildə evlənən Seyid Hüseyn və Umgülsümün dörd övladı dünyaya gəlir: Cığatay, Toğrul, Oqtay və Qumral.

Gənc ailə artıq əsməkdə olan repressiya rüzgarını hiss edirdi. Onların oğlu, Xalq rəssamı Oqtay Sadıqzadə xatirələrində qeyd edirdi ki, biz hər gün qapının döyüləcəyini gözləyirdik. Və o acı gün gəlib çatır. Umgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il, iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. Oğlu Toğrulun - “Ata, nə vaxt qayıdacaqsan”- sualı əbədi olaraq cavabsız qalır. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir.

***

Oqtay Sadıqzadə xatırlayırdı ki, atasının harada güllələnməsi haqqında onlara bir neçə informasiya veriblər. Bir ehtimala görə, o, Qum adasında güllələnib. “O, güllələnmədən öncə dənizin qoxusunu içinə çəkərək gülümsəyib”.

Bundan sonra növbənin Umgülsümə çatması, şübhəsiz ki, gözlənilən idi. 1937-ci ilin noyabr ayının ikisində onu “xalq düşməni”nin arvadı kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37-nin 37 yaşlı qurbanı olur Umgülsüm Sadıqzadə. Həm də, ilk repressiya olunan Azərbaycan qadını. Ona səkkiz il iş kəsərək 1938-ci ildə Mordova Muxtar Respublikasının Yavas qəsəbəsindəki Temlaq əmək islah düşərgəsinə göndərirlər. O, düşərgədə olduğu müddətdə ağır sürgün günlərini yazmaqla ovunurdu. “Qala xatirələrim” beləcə yaranır. O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düşərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb. Xatirələrdən bir neçə səhifə oxumaq belə yetir ki, Umgülsüm xanımın hansı əzabları çəkdiyini daxilən duyasan. Qəhərlənmədən oxunması mümkün olmayan aşağıdakı parçalara nəzər salaq:

12 noyabr 1937-ci il.

“Bu gün iki gündür ki, burdayam. Keçirdiyim həyat mənə yuxu kimi gəlir. Bir qovğa içindəyəm. Səhər saat 10-dur. Nadzor gəlib qapının qıfılını açdı. Kamerada elə qarışıqlıq var ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirə bilməzdim. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə etdiyi ağzına qədər çirkab dolu vedrəylə yanaşı qoyulan çay vedrəmizin də ağzı açıqdır. Bu murdarlığı və üfunət iyini təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Kamerada çay içmək və yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18 qabda həm yemək yeyəcək, həm də çay içəcəyik. Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!”

25 fevral 1938-ci il.

“Bu günü yazmaya bilməzdim. Səhər tezdən bizim kamera ilə üzbəüz kameradan dəhşətli hay-küy qopdu. Hamımız qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə... Şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər ağlını itirib. Bu sözü dünəndən bəri eşidirdik. Biz elə zənn edirdik ki, Dilbər, sadəcə, əsəbi hallar keçirir. Amma vəziyyəti, sən demə, doğrudan, ciddi imiş. Nə qədər acı da olsa, onunla bir kamerada olan qadınlar Dilbərin onların kamerasından çıxarılmasını istəyirdilər”.

27 fevral 1938-ci il.

“Gecəni səhərə qədər yatmadım. Dilbərin halı hamımızı məyus etmişdi. Onu yuxarıya – xəstəxanaya apardılar. Bizim kameranın üstündə olan palatada ona iynə vurub otaqda tək saxladılar. Axşama kimi yatdı. Axşam isə ayılıb yenidən otaqda ora-bura qaçmağa, ayağını yerə döyüb öz-özünə danışmağa başladı. Onun dediklərini aydın

eşitmək olmasa da, bəzilərini ba-

şa düşmək olurdu: “Mənə deyirər, dəli olmusan... Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin, atam gəlsin... Gedin qapını döyün, deyin, atam gəlib məni aparsın... Yazıq Dilbər, kimsəsiz Dilbər hey!..” Dilbərin halı bizdə can qoymadı. Axı bu, bizim sevimli şairimiz Müşfiqin sevimli, nazlı Dilbəri idi...”

***

Acı sürgün həyatının, sadəcə, bir neçə gününün xırda qeydlərini oxumaq insana bu qədər əzab verirsə, kim bilir, onun yaşanması necə dəhşətdir... Umgülsüm düşərgədə tikişçi kimi fəaliyyət göstərir. Üstün işinə görə ona ailəsinə məktub yazmaq imkanı verilir.

Nəhayət, o, sevimli uşaqları və onların dayəliyini edən yaxın qohumları Səyyarə xanımla əlaqə saxlamaq imkanı əldə etmişdi. O, mümkün olduqca, tez-tez onlara məktub yazır, bununla, az da olsa, təsəlli tapa bilirdi. Ta ki gözləri zəifləyənə qədər...

Artıq o, ailəsi ilə yeganə əlaqə vasitəsindən də məhrum olmaq üzrə idi. Bunu hiss edən və kor olacağından qorxan Umgülsüm xanım 1943-cü ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək, azadlığa buraхılmasını хahiş edir. Onun azad olunmasına yalnız 1945-ci ilin aprel ayında qərar verilir.

Artıq sürgün günlərinin geridə qaldığına, uşaqlarına və evinə qovuşduğuna yenicə sevinmiş bu əzabkeş qadına iyirmi gün sonra Bakıda qalmaq yasaqlanır. O, vətənində də sürgün olunur. Bakıdan Şamaxıya köçməli olur. Burada da uzun müddət yaşaya bilmir və üç ay sonra qızı Qumralın qolları arasında gözlərini əbədi olaraq yumur.

***

Umgülsüm xanım repressiya dalğasının günahsız “günahkar”ı idi. Ən böyük “günah”ı isə pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məhəmməd Əmin Rəsulzadənin isə yaxın qohumu olması idi.

***

1937-ci ildə bir çox ziyalıların həyat yoldaşları məhz onların özlərinə görə həbs olunurdu. Ancaq Umgülsüm xanıma aid arxiv materiallarını, onun bizə çatan əsərlərini nəzərdən keçirəndə gözümüz önündə aydın bir mənzərə yaranır. O mənzərə bizə deyir ki, onun həbsinə və düçar edildiyi acılara səbəb təkcə Seyid Hüseynin həyat yoldaşı, ya da M.Ə.Rəsulzadənin qohumu olması deyildi. Yaradıcılığından süzülən millətçilik, azadlıq eşqi onu millətindən, azadlıqdan uzaq salmışdı.

“...Ey buzlu şimaldan qopan rüzgar! Toxunma qəlbimə, atəşi parlar” - deyən bir qadını susdurmaq, cəzalandırmaq rejimin bacaracağı “ən yaxşı iş” idi. Cəza olaraq ailəsindən uzaq salınması yetməzmiş kimi, artıq 1942-ci ildə 20 yaşına çatan oğlu Oqtayın “xalq düşməninin oğlu” kimi sürgün olunması ana qəlbinə daha bir dağ basdı. Əslində, Oqtayı, eləcə də, digər “xalq düşmənlərinin” oğullarını sürgün etməkdə məqsəd onlardan pulsuz işçi qüvvəsi kimi istifadə etmək idi. Qalan uydurulmuş səbəblər isə bəhanədən başqa bir şey deyildi.

Oqtay sürgündən azad olunanda Umgülsüm artıq dünyada yox idi. Kiçik oğlu Cığatay isə işçi batalyonundan xəstə qayıtmış və qısa zaman sonra vəfat etmişdi.

Repressiya onların nəslindən on üç qurban aldı. On üç yaşanmamış, yarımçıq qalmış həyat...

Repressiya illərinin sərt küləkləri sakitləşdi. Ölkədəki siyasi vəziyyət dəyişdi, elə bir gün gəldi ki, çoxları kimi, Seyid Hüseyn və Umgülsüm xanım da bəraət aldı. Ancaq bu bəraət digər repressiya qurbanları kimi, onların da taleyini dəyişmədi...

Sürgündə olarkən ümidsizlik girdabında çırpınan bir nalə qopurdu sanki qadın qəlbindən. O nalə “Günəşim bir daha doğmayacaqmı?” deyirdi.

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı boğmayacaqmı?

Kölgələri şəfəq qovmayacaqmı?

Sordum, ümidini qırma dedilər.

Ümidini qırmamağa çalışsa da, bir qadın qəlbi sonsuzadək əzaba dözə bilmir, inciyir, sızlayır, yara bağlayır, döyünməkdən yorulur və bir gün … susur.

Vəfa BABASOY

"Aydın yol" qəzeti

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>