"Hansısa naməlum kişinin yanına? Biabırçılıq"... FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

"Hansısa naməlum kişinin yanına? Biabırçılıq"... FOTOLAR

Sən demə, şokolad satıcısı əsl şahzadə imiş!..

Hansısa naməlum avropalının yanına?! Biabırçılıq!..

Toy ərəfəsində evdən qaçmaq...

Seylon şahzadəsi Fariida Moddaliqe ilə rus biznesmeni Mixail Bondarenkonun məhəbbət macərası Odri Hepbernin iştirakı ilə çəkilmiş “Roma tətilləri” filminə çox bənzəyir. Ancaq filmdən fərqli olaraq, bu eşq hekayəsi xoşbəxt sonluqla toyla başa çatdı...

Şri-Lanka... Kral ailəsinin sarayında şən əhvali-ruhiyyə hökm sürür. Kiçik şahzadə Fariidanın toy hazırlıqları gedir. Ancaq hər şey göründüyü kimi deyildi. Hətta xidmətçilər belə, şahzadənin kədərli olduğunu və ərə getmək istəyi ilə alışıb-yanmadığını görürdülər.
Şahzadə Faridanı ailə quracağı aristokrat Leonardla hələ beş yaşı olarkən nişanlamışdılar. Bu dözülməz idi, ancaq qızcığaz evin böyüyü olan anasına qarşı getməyə cürət etmirdi.

Amma belə davam edə bilməzdi... Fariida rəfiqəsi ilə alış-verişə çıxır. Bahalı butiklərdən birinə addım atar-atmaz şahzadə rəfiqəsinə yalvarmağa başladı: “Sən, əslində, kimi sevdiyimi bilirsən axı. Onun yanına uçmağıma kömək elə. Mən tamamilə köməksizəm, heç bileti necə alacağımı bilmirəm. Bunu heç vaxt özüm etməmişəm...”

Rəfiqəsi eşitdiklərindən yerindəcə dondu. Toy ərəfəsində evdən qaçmaq, ananın istəyinə qarşı çıxmaq... Hələ gör bir kimin yanına? Hansısa naməlum avropalının yanına?! Biabırçılıq! Onları nəyin gözləyəcəyini təsəvvür etmək belə çətindir! Ancaq qızcığaz rəfiqəsini çox istəyirdi və onun bu ümidsiz halına acıyırdı. Beləliklə, yardım etmək lazımdır, fəqət cəld hərəkət etmək gərəkdir. Rəfiqələr satıcıya yaxşı çaypulu verib, arxa qapıdan çıxırlar. Taksi tutaraq birbaşa hava limanına yollandılar. Əllərində olan pul iki biletə güclə çatdı.
Kiprdə isə şahzadəni arzularının kişisi gözləyirdi...

Beləcə, Şri-Lanka şahzadəsi ölkəsini pulsuz, yüksüz tərk etdi. Təyyarə havaya qalxanda Fariidanın ürəyi daha tez çırpınmağa başladı. O, bu cənnəti həmişəlik tərk etdiyini başa düşürdü... Ancaq tez bir zamanda özünü ələ almağı bacardı. Sevgi hissi Fariidaya güc verirdi və o, düzgün hərəkət etdiyinə inanırdı və... yanılmadı. Təyyarədən düşərkən, ilk gördüyü insan o idi. Əllərində qızılgül dəstəsi tutmuş sevgilisi... Afərin sənə! Söz verirəm, bizdə hər şey yaxşı olacaq.. – bunları söyləyən şəxs isə Rusiya Federasiyasının vətəndaşı Mixail Bondarenko idi...

Şokolad satıcısı...

Şri-Lanka şahzadəsi ilə biznesmen Mixail Bondarenkonun tanışlığı 1996-cı ildə Londonda baş tutmuş diplomatik qəbulların birində baş tutmuşdu. Mixail Londona işlə bağlı gəlmişdi. Kefi yox idi, çünki Londonu– onun yağışlı, dumanlı havasını heç sevmirdi. Qəbul zamanı da sıxılırdı. Birdən onun diqqətini gözəl gözləri olan düzqamətli, qarabuğdayı qız cəlb etdi. Onlar işlə bağlı bir neçə kəlmə kəsdilər. Mixail bu xanım haqda yeganə bir məlumat toplaya bildi: onun qeyri-adi adı var – Fariida...

Yay gəldi və şahzadə Fariida ciddi Londonu qonaqpərvər Kiprlə əvəz etdi. Onun dayısı da burada yaşayırdı. Ancaq Fariida bura istirahət etmək üçün yox, işləmək üçün gəlmişdi. Heç vaxt fiziki əməklə məşğul olmayan şahzadə özünü adi bir işdə sınamaq istəyirdi. O, qarşısına çıxan ilk supermarketə daxil olub, oranın sahibinə işlə bağlı müraciət etdi. Mağaza sahibi nəzakətlə soruşdu: “Necə bir iş istəyirsiniz, xanım?” Qız düşünmədən cavab verdi: “Vacib deyil. Mənə, sadəcə, pul lazımdır”.


Mağaza sahibi gülümsəyərək baş menecerə baxdı: “Olsun, onun çox gözəl təbəssümü var. Gəlin onu işə götürək, alıcılar bu cür təbəssümü sevirlər!”...

Şri-Lanka şahzadəsi tez bir zamanda şokoladlı konfetlər şöbəsində işə başladı. İşə tez alışan Fariida səbirsizliklə maaşını gözləyirdi – 350 dollar!
Növbəti iş günü idi, Fariida şokoladları piştaxtaya düzməklə məşğul idi. Birdən gözü piştaxtanın önündən keçən kişiyə sataşdı.

Mixail Bondarenko Kiprdə istirahət etməyi etməyi sevirdi, üstəlik, onun valideynləri də burada yaşayırdı.
Rusiyalı xeyli təəccübləndi. Londonda tanış olduğu o aristokrat burada satıcı işləyir? “Üzr istəyirəm, sizin adınız Fariida deyildi?” – o, qızdan soruşdu. "Bəli. Mənə də elə gəlir ki, biz daha əvvəl haradasa görüşmüşük!.."
Həmin gündən etibarən, onlar hər gün görüşməyə başladılar...
Mixail şokolad satıcısına əməlli-başlı aşiq olmuşdu. O, hər axşam Fariidanı işdən götürürdü. Günlərin biri isə Fariida Mixailə əsl kimliyini açıqladı. Sən demə, şokolad satıcısı əsl şahzadə imiş... Lakin bu fakt Mixailə mane olmadı: “Sevgilim, mənimlə evlənməyə razısan?” – deyə evlilik təklifi etdi . Gözləri xoşbəxtlik saçan şahzadə təbəssümlə cavab verdi: “Fikirləşərəm. Ancaq nəzərə al ki, mənim ölkəmin qaydalarına görə, şahzadənin düşünmək üçün bir ili var”...

Vodka, qar və ayılar ölkəsində...

Evdən qaçdığı vaxtdan düz üç ay sonra Fariida Mixail Bondarenkoya ərə getdi. Toy Kiprdə baş tutdu. Gəlinin qohumlarından toyda yalnız dayısı iştirak edirdi. Anası isə onu bağışlamamışdı, üstəlik, mirasdan da məhrum etmişdi. Lakin bu, gəncləri narahat etmirdi, onlar xoşbəxt idi. Cütlük ilk vaxtlar ingiliscə danışırdı. Daha sonradan əri ilə Moskvaya köçməli olan Fariida rus dilini öyrənməyə başladı. Bir müddət sonra o artıq rus dilində sərbəst danışırdı. Bundan əlavə, o, rus mədəniyyətini də öyrənməyə imkan tapmışdı. Rus mətbəxi ilə yaxından tanışlıq da öz yerində...

Ancaq Fariida rahat həyat tərzinə öyrəşmişdi. Onun evində saysız-hesabsız qulluqçular xidmət göstərirdi. İlk dəfə Mixail şahzadədən onun köynəyini ütüləməsini xahiş edəndə Fariida xeyli təəccüblənmişdi. Məlum oldu ki, Şri-Lankada paltar ütüləmək, bazara getmək və zibil atmaq kimi işlər sırf kişi işi sayılır. Cütlük bu işdə də razılığa gəldi; Şahzadə paltarı ütüləyəcək, ancaq zibili, sözsüz, Mixail özü atacaq.

Daha çox pozitivlik!

Ailədəki bütün nifaqlara şahzadənin Sunita adlı qızı dünyaya gələrkən son qoyuldu. Fariida Şri-Lankadakı qohumları ilə barışdı.
Bəli, Fariida xoşbəxt idi, onun sevimli əri və qızı vardı. Lakin şahzadə evdar xanım olmağa hazırlaşmırdı. O, 1997-ci ildə Moskva Qadın Diplomatik klubu yaratdı. Burada diplomat xanımları aktiv şəkildə xeyriyyə işləri ilə məşğul olurlar.

Fariidanın öz xoşbəxtlik resepti var: Pis şeylər haqda az düşünmək! Hər bir insanın həyatında taleyini dəyişmək şansı olur. Necə ki, bir dəfə uzaq Şri-Lanka adasından olan şahzadə taleyini dəyişdi...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm