• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Pullarımı gizlətməyə yer lazım olsa, Buşa müraciət edəcəm”

“Pullarımı gizlətməyə yer lazım olsa, Buşa müraciət edəcəm”

Kubalı inqilabçı, siyasi xadim Fidel Kastro

İnqilab qızılgül ləçəkləri səpilmiş çarpayı deyil. Bu həyat uğrunda mübarizə, keçmiş və gələcək arasındakı ölüm uğrunda mübarizədir...

İmkanlı millətlərin əlində olan ən mükəmməl silah təhsilsiz, xəstə, kasıb və acları asanlıqla məhv edə bilər. Amma həmin silah avamlığı, xəstəliyi, kasıbçılığı və aclığı məhv etmək qüdrətinə malik deyil.

Kasıb ailədə doğulmamışam. Atamın min hektarlıq torpağı olub. Lakin izn verin, cənab Buşun dediklərini təkzib edim – indi heç bir dollarım da yoxdur... Bütün var-dövlətim onun nişastalanmış köynəyinin cibinə yerləşər. Əgər nə vaxtsa pullarımı gizlətməyə yer lazım olsa, cənab Buşdan ciblərini borc verməyi xahiş edəcəm. Var-dövlətim ona çox görünsə, ciblərinin əvəzinə varidatımı ona hədiyyə edəcəm.

Mənim adım Fidel Kastrodur və mən Kubanı azad etməyə gəlmişəm.

Fikirlərimlə heç də hamı razı deyil, amma yenə də düşündüyümü söyləyəcəm və bunu hər kəsə hörmətlə yanaşaraq edəcəm.

Altıncı – yeddinci sinifdə oxuduğum vaxtları xatırlayıram. On iki ya on üç yaşım olardı. Doğulduğum kənddə elektrik xətti yox idi, ora ancaq atla çatmaq olardı. Yolları çirk basmışdı. Santyaqo-de-Kuba internatında oxuduğum vaxtlar özümə qarşı ciddi seksual ayrı-seçkilik hiss edirdim. Oğlanlar qızlardan uzaq gəzməli idilər. Bununla barışmaq çox çətin idi...

İnqilaba başlayarkən arxamda 82 nəfər vardı. Bunu təkrarlamalı olsam, mənə on beş, hətta on adam kifayət edərdi. On adam və inam. Neçə nəfər olmağınız vacib deyil. Əsas inam hissi və dəqiq plana malik olmaqdır.

Qalibiyyət – inadkarlıqdır.

Mən Marksist-leninistəm və ömrümün sonuna qədər də belə qalacağam.

Bu yaxınlarda böyük siyasi xadimlərdən biri cənab Buşdan Kuba ilə bağlı siyasəti barədə soruşub. Buş cavab verib: “Kastronun ölümünü gözləyirəm”. Düzünü desəm, bu nəhəng cənabın nə etməsi, nəyi gözləməsi məni az maraqlandırır. Mən Buşun haqqında ölüm sərəncamı verdiyi nə ilk, nə son insan deyiləm...

Bunu eşidəndə nədənsə batist ordusunun komandiri qaradərili leytenant Sarrianın “ideyaları öldürmək mümkünsüzdür” sözləri yadıma düşdü. O, məni və dəstəmi əsir götürmüşdü. Yadımdadır, qarşılarında kimin dayandığını bilmədən, mənə atəş açmaq istəyirdilər. Sonra gecəyarı komaların birində hamımızın birgə yatmağını xatırlayıram. Həmin gecə qaradərili leytenant yarısəslə təkrar edirdi: “İdeyaları öldürmək mümkünsüzdür”. Gözəl sözlərdir, bu sözləri şəxsən sizə həsr edirəm, cənab Buş.

Buş – fantastik insandır. Həmişə onun gözlərinə, üzünə diqqətlə baxıram. O sanki hər kəsə dahi olması fikrini sübut etməyə cəhd edir. Mən onun atasının İraqla bağlı siyasətini tənqid edib, onu sorğu-suala çəkdiyi an titrəyən səsini xatırlayıram. Siz özünüz də görürsünüz, Buş məhv etdiyi insanların sayı ilə necə öyünür.

Sui-qəsddən sağ çıxmaq olimpiya yarışlarında iştiraka bərabər tutulsa, çoxdan qızıl medala layiq görülmüşdüm.

Bütün Amerika prezidentlərindən yeganə Ceyms Karter Kubaya qarşı qurulmuş qəddar terrora qol qoymadı. Mən əminəm ki, Amerikanın digər prezidentlərindən fərqli olaraq, Karter öldürülməyim barədə əmr verməzdi. Karter Kuba ilə dostluq əlaqələrinin qurulmasına cəhd edən yeganə ABŞ prezidenti olub.

İmkanlı millətlərin əlində olan ən mükəmməl silah təhsilsiz, xəstə, kasıb və acları asanlıqla məhv edə bilər. Amma həmin silah avamlığı, xəstəliyi, kasıbçılığı və aclığı məhv etmək qüdrətinə malik deyil.

Dünya xüsusi bir mərhələyə qədəm qoyub, ondan necə baş çıxaracağı məlum deyil.

İnsanlığı qurtarmaq üçün bir şeylər etmək lazımdır! Amma cavanlar bizi pis vəziyyətə qoysalar, hər şey məhv olacaq.

Kapitalizm iyrənc bir şeydir. Bu, müharibə, ikiüzlülük və rəqabət deməkdir...

Özümü həmişə xoşbəxt insan hesab etmişəm; düzgün siyasi nəzəriyyə tərtib etmişəm, marksizmi kəşf etmişəm.

Məni intiqamçı adlandıranda xoşum gəlmir. Mən, sadəcə, döyüşçüyəm. Teleskopik nişandan və avtomatik tüfəngdən istifadə edə bilirəm.

Heç vaxt özümün və İsanın yaşadığı ideyalar arasında ziddiyyətlər axtarmağa çalışmamışam.

Mən Kubalıyam. Amma Uqo Çaves iddia edir ki, mən qəribə irqi qarışığa malikəm. Onunla razılaşmağa meylliyəm. Mənim qanımda, həqiqətən, hindlilərdən, kanarlılardan, keltlərdən və başqa bilmədiyim millətlərdən nəsə var...

Kuba müstəqil və suveren dövlətdir.

Bizim ölkə mənəvi cəhətdən cənnətdir. Həmişə dediyim kimi, biz cənnətdə ölməyi cəhənnəmdə yaşamaqdan üstün tuturuq.

İnqilab qızılgül ləçəkləri səpilmiş çarpayı deyil. Bu həyat uğrunda mübarizə, keçmiş və gələcək arasındakı ölüm uğrunda mübarizədir...

Əgər insanlar ideyalara dəstək versəydi, silaha ehtiyac qalmazdı.

Yadımdadır, bir dəfə Çe ilə qolf oynamağa getmişdik. Ağlınıza başqa şey gəlməsin, bir vaxtlar o, keddi olub – qolf oynayanların yardımçısı. Vəssalam. Çe ideyalar insanı idi.

De, hansı idman növü ilə məşğul olursan, deyim, kimin müstəmləkəsi olmusan.

Vətən – bəşəriyyətdir.

Mənə elə gəlir, insan illərin ondan güclü olmağa başladığını gördükdən sonra artıq yaşamamalıdır.

Bu gün mən yaşlı insanın məşğul olmalı olduğu işlə məşğulam – düşünür və yazıram. Yarımçıq qalmış bir çox işlərim var. Kino və şəkillərə vaxtım yoxdur. Saqqalımı və bığlarımı qaydaya salmağa - yaxşı görünmək üçün özümə qulluq etməyə də zamanım yoxdur. Yaşlı vaxtda bu elə də önəmli deyil. Sağlamlığım qaydasındadır, çəkim də stabil olaraq qalır – 50 kq.

Yaxşı göründükcə müsahibələrimin sayı da artır.

Fikirlərimin qısa olmasına çalışıram. Nitqim nə çapda, nə də televiziya xəbərlərində çox yer tutmamalıdır. Gördüyüm, bildiyim hər şeyi yaza və tənqid edə bilmirəm. Fəqət daim bir prinsipə sadiq qalacam: heç vaxt yalan yazmayacağam.

İdeyalar insanlarla doğulmur, əlbəttə ki, insanlarla da ölmür... Hisslər bilikdən daha vacibdir...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR