• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sönmüş ulduz: Linda Darnell – FOTOLAR

Sönmüş ulduz: Linda Darnell  – FOTOLAR

“Gözəl, füsunkar, istedadlı və cazibədar. O, fəaliyyətə erkən başladı və elə erkən də faciəvi şəkildə həlak oldu. Öz qısa ömrü ilə yaddaşlarda qaldı və gözəllik ilahəsinə çevrildi. O hər zaman bizim qəlbimizdə qalacaq”

Martin Presens

Girl with the perfect face. İngilis dilindən gözəl simalı qız kimi tərcümə olunan ifadə... 46 filmdə çəkilmiş aktrisanı Hollivudda məhz belə adlandırardılar.

“Bizim tərcümə” layihəsi dünya klassik kinematoqrafiya aktrisası Linda Darnellin həyatını təqdim edir.

Amerikalı aktrisa Linda Darnell (Monetta Eloyz Darnell) böyük bir ailədə dünyaya göz açıb. Ondan başqa, evdə 4 uşaq böyüyürdü.

Anası onu digər uşaqlardan fərqləndirirdi və bilirdi ki, bu qız bacı və qardaşlarından daha çox istedadlıdır. Lindanın böyüyüb boya-başa çatdığı ailə heç də xoşbəxt görünmürdü. Bunun nəticəsində Linda çox utancaq və qaradinməz idi.

Ailəsini dolandırmaq üçün Linda 11 yaşından modelliyə, 13 yaşında isə teatr səhnələrində oynamağa başladı. O, özünü aktrisalığa yararlı hiss etmirdi. Ancaq Linda anası ilə mübahisə etməyin əbəs olduğunu görüb onun əleyhinə çıxa bilmirdi. Beləliklə də, Linda Darnell aktrisa kimi çalışmağa başladı. Onun yaraşıqlı siması tezliklə Hollivud agentlərinin də diqqətini cəlb etdi və onu işləmək üçün Los-Ancelesə dəvət etdilər.

“Gözəlliyinizə uğurunuzun bir hissəsi kimi yanaşın. 20 yaşa qədər simanı təbiətdən alırsınız, 30 yaşda olan simanızı həyat düzəldir, lakin 50 yaşda isə simanızı özünüz qazanmalısınız. Gənc görünməyə çalışmayın, 50 yaşda artıq heç kim gənc deyil. Lakin mən özünə diqqət yetirməyən elə qadınlar tanıyıram ki, yaşı 50-dən çoxdur və çox gözəldir ”.

Lakin Lindanın öz yaşı barəsində yalan danışması tezliklə aşkara çıxdı və onu tezliklə “böyümək” üçün evə yolladılar.

Linda Darnell 1939-cu ildə Hollivuda yenidən qayıtmaqla aktrisa karyerasına başlamaq üçün ikinci dəfə cəhd etdi. Bu dəfə Hollivud gözəl aktrisanı qəbul etdi. Yaraşıqlı və istedadlı Lindanın karyerası Hollivudda yüksəlişə doğru gedirdi. Kino industriyasında o, 1939-1940-cı illərdə uğur qazanmağa başladı. “Qan və Qum” (“Blood and Sand”) filmində onun tərəf müqabili Tayron Pauer olur. Hər ikisi gənc və yaraşıqlı idi. Onlar ekranda yaxşı görünürdülər və bütün ölkə onları alqışlayırdı. 1940-cı illərdə Linda şan-şöhrət içində idi. O, bir sıra unudulmaz rollarda çıxış etdi.

Tamaşaçılar Lindanın iştirakı ilə çəkilmiş filmləri izləmək üçün kinoteatrların kassası önündə növbəyə düzülürdülər.

İkinci Dünya müharibəsi zamanı keçirilən mərasimlərin birində Darnell əsgərlərdən birini rəqsə dəvət etdi. Əsgər cazibədar aktrisanın təklifi qarşısında sözün əsil mənasında ayaq üstə dayana bilmədi. Yoldaşları onun qoluna girərək əsgərin tarazlığını itirməsinin qarşını almağa çalışdılar. Bu məzəli foto indiyədək maraqla izlənir və təbəssüm doğurur.

“Əsl qadın olmaq böyük üstünlükdür. Və qadın özü də bunu dərk edir. Bundan əlavə, əsl qadın öz tempində yaşayır. Əgər sizin tempiniz çox aşağıdırsa, həyatı hiss edə bilməzsiniz. Tempinizi artırıb sürətlə yaşasanız, həyatın nə olduğunu dərk edəcəksiniz. Bizim hər birimizin mövcudluq tempimiz var.

Əsl qadın üçün birinci yerdə elə onun özüdür. Və bu o demək deyil ki, o eqoist, sərt, laqeyd və arsızdır. Çünki əsil qadına ilk növbədə öz həyatı maraqlı gəlməlidir. O, “yox” deyilməli olan yerdə heç vaxt “hə” demir. O, hər zaman öz qəlbinə qulaq asır və hisslərinə inanır”.

Uğurlu karyeraya və məşhur rollarına rəğmən, Linda hər hansı bir kino mükafatına nə namizəd, nə də laureat oldu. “Üç arvada məktub” (“A Letter to Three Wives”) filminə görə, Linda səbirsizliklə mükafata layiq görüləcəyini gözləyirdi. Hətta bir çoxları da Lindanın evə “Oskar” mükafatı ilə dönəcəyini zənn edirdi. Ancaq onun bütün ümidləri puç oldu və o, evə əliboş qayıtdı. Linda kino industritasının ona qarşı haqsız olduğunu iddia etdi. Maraqlısı odur ki, başgicəlləndirici şöhrətdən sonra Linda, sanki, quyunun dibinə yuvarlanırdı. Artıq onun çoxsaylı tənqidçiləri və bədxahları da peyda olurdu.

Artıq 1950-ci illərdə aktrisa baş rollara dəvət olunmurdu. Bu, onun üçün cəhənnəm əzabına kimi görünməyə başlanır. Linda alkoqolizmə aludə olmuşdu və artıq çəkiyə görə onu kino çəkilişlərinə çağırmırdlar. Aktrisa daim depressiya içində idi.

Linda Darnell 19 yaşında ikən 41 yaşlı Peverell Marli ilə ailə həyatı qurmuşdu. Cütlüyün doğma uşağı olmadığından Şarlott Mildred Marlini övladlığa götürmüşdülər. Ancaq izdivac 8 ildən sonra boşanma ilə nəticələndi.

Linda ikinci dəfə biznesmen Filip Libmanla ailə həyatı qurdu. Ancaq bu izdivac da uğurlu olmadı və cütlük yarım ildən sonra boşanmalı idi. Onların hər ikisi bilirdi ki, Linda biznesmen ərinə maliyyə mənbəyi kimi baxdığı üçün ailə qurub. Lakin Linda sevgisiz yaşaya bilmədi və sonda boşanmağa razılıq verdi. Nikahı qoruyub saxlamaq üçün cütlük Alfreda adlı qızı da himayəyə götürmüşdü. Ailə dağıldıqdan sonra qız atası ilə qalmalı oldu.

“Müstəqil olmaq üçün çoxlu pul lazım deyil”

Lindanın üçüncü əri pilot Merl Roy Robertson oldu. Ailə 1963-cü ildə səs-küylü qarşılıqlı ittihamlardan sonra dağıldı.

Aktrisa sonadək xoşbəxt yaşamadı və sonda 1965-ci ildə faciəvi şəkildə həlak oldu. Aktrisa arsonfobiyadan əziyyət çəkirdi - o, hər zaman yanğın və bu kimi hadisələrdən uzaq durmağa çalışırdı. Maraqlısı odur ki, Lindanın 41 yaşı olarkən qorxduğu hadisə başına gəldi. Belə ki, Linda, rəfiqəsigilin İllinoys ştatında yerləşən evində qonaq olarkən mənzildə yanğın baş verdi. Yanğın zamanı Lindanın rəfiqəsinin qızı da evdə idi. Linda qızın həyatını xilas etmək üçün evə geri qaçdı. Qızcığaz xilas oldu. Amma Linda yanan evdən çıxmaq üçün qapıya yaxınlaşanda dəstəyin qaynar olduğunu görüb, onu aça bilmədi. Bədəninin 90 faizi yanan aktrisa 2 gündən sonra elə xəstəxanaca vəfat etdi.

Deyilənlərə görə, əlindəki siqaret kötüyünü söndürməyən Linda televizor qarşısında divanda yatarkən ev alışıb. Hadisə baş verən gecə aktrisa içkili vəziyyətdə olub.

İstənilən halda, Lindanın ölümü milyonlarla pərəstişkar ağlayıb.

Digər maraqlı məqam ondan ibarətdir ki, Linda faciə baş verən günü “Ulduz tozu” (Star Dust) filmini izləyirmiş. “Ulduz Tozu” Lindanın 1940-cı ildə çəkildiyi və karyerasının başlanğıcını qoyduğu film olub. Tale elə gətirdi ki, həyatına da elə bu film son qoydu. Linda, əslində, qəhrəmancasına həlak oldu. Bu günədək Lindadan 40-dan çox filmi qalıb. Holluvudun “Şöhrət xiyabanı”da (“Hollywood Walk of Fame”) ulduz plitəsində adı qeyd olunub.

“İki şey var ki, kişilər onu bilməməlidir: bu, yaradıcılıq sirri və arvadının şlyapasıdır”

Linda Darnell

Linda Darnell 1944-cü ildə dünyanın ən gözəl 4 qadınından biri hesab olunub.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR