Sartr: “Nobel mükafatından niyə imtina etdim?“ – BİZİM TƏRCÜMƏ
Bizi izləyin

Bizim tərcümə

Sartr: “Nobel mükafatından niyə imtina etdim?“ – BİZİM TƏRCÜMƏ

Bu məsələnin bir qalmaqala çevrilməsindən son dərəcə əndişəliyəm: təqdim olunan mükafatdan niyə imtina olunmalıymış?!

Səbəbi isə ondan qaynaqlanır ki, bu yöndə ilk addımı atanlar bununla bağlı öncədən mənə heç bir xəbər verməyiblər. Oktyabrın 15-də "Figaro litterer"də qəzetin Stokholm müxbiri yazırdı ki, İsveç Akademiyası mənim namizədliyimə üstünlük versə də, hələlik yekun qərara gəlməyib. Akademiyaya ünvanladığım məktubu səhərisi gün yola saldıqdan sonra arxayın oldum ki, bu yolla məsələ həll olunacaq və mən bir daha onun üzərinə qayıtmayacağam.

Amma həmin vaxt Nobel mükafatının gələcək laureatın istəyi nəzərə alınmadan verildiyindən xəbərsiz idim, ona görə də buna mane ola biləcəyimi düşünürdüm. Onu da yaxşı anlayırdım ki, əgər İsveç Akademiyası hər hansı bir seçim edibsə, onu bundan daşındırmaq qeyri-mümkündür. Akademiyaya göndərdiyim məktubda mən mükafatdan imtina səbəblərinin İsveç Akademiyasından və ya Nobel mükafatından qaynaqlanmadığını da açıqlamışdım. Məktubda yer alan səbəblər yalnız iki tip idi: şəxsi və obyektiv.

Şəxsi səbəblər

Mükafatdan imtinam kifayət qədər düşünülmüş addımdır: axı mən həmişə rəsmilərin qayğısını rədd etmişəm. İkinci Dünya savaşından sonra, yəni 1945-ci ildə mənə Fəxri Legion ordeni təklif olunanda da ondan boyun qaçırmışdım. Halbuki o zaman hökumət dairələrində xeyli dostum var idi. Onlardan bir çoxunun israrına rəğmən, mən "Kollej de Frans"a daxilolma təklifindən də həmişə uzaq durmuşdum.

Məsələyə bu cür yanaşmamın əsasında yazıçı əməyi barədə anlayışlarım dayanmaqdadır. Siyasi, sosial və ya mədəni sahədə müəyyən bir mövqe tutan yazıçı sonradan yalnız və yalnız əlindəki imkanlara, yəni mətbu sözünə arxalanaraq hərəkət etməyə məcbur olur.

Yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir. Mən isə bunu arzuolunmaz sayıram. Hər halda, "Jan Pol Sartr" və ya "Nobel mükafatı laureatı Jan Pol Sartr" imzaları arasında ciddi fərq var.

Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır. Məsələn, Venesuela partizanlarına bəslədiyim rəğbət sırf mənə xas olan hiss olduğu halda, "Nobel mükafatı laureatı Jan Pol Sartr"ın Venesuela vətənpərvərlərini dəstəkləməsi bu mənada Nobel mükafatları verən qurumun da bu xətti yeritməsi kimi anlaşıla bilər.

Hər nə qədər fəxri olsa belə, mənim yerimdə olan bir yazıçı özünün hər hansı qurumla eyniləşdirilməsinə heç vəchlə razılıq verməməlidir.

Orası da aydındır ki, bu mənim sırf şəxsi mövqeyimdir və daha öncə bu mükafatı alanların ünvanına yönələn tənqid xarakteri daşımır. Bir çox laureatlarla şəxsi tanışlığımla mən öyünür, onlara dərin hörmət və heyranlıq duyğuları bəsləyirəm.

Obyektiv səbəblər

Hazırda mədəni cəbhədə mübarizənin yeganə mümkün yolu varsa, o da Şərq və Qərb mədəniyyətlərinin dinc şəraitdə mübarizəsidir. Bununla mən heç də bu mədəniyyətlərin qardaşlaşmasını nəzərdə tutmuram. Bu, iki mədəniyyətin qarşı-qarşıya qoyulmasının əvvəl-axır qaçılmaz bir qarşıdurmaya aparıb çıxaracağını da çox gözəl anlayıram. Amma bu müqayisə əlaqədar qurumların iştirakı olmadan, yəni fərqli insanlar və mədəni səviyyələr arasında aparılmalıdır.

Sözügedən bu mədəniyyətlər arasındakı uyarsızlığı mən aşkar hiss etməkdəyəm, çünki elə özüm də bu ziddiyyətlər mühitində yetişmişəm. İstər-istəməz mənim rəğbətim sosializmə və ya "Şərq bloku"na yönəlsə də, mən bir burjua ailəsində böyümüşəm. Elə bu faktın özü iki mədəniyyətin yaxınlaşmasına can atan hər kəslə mənim işbirliyimə şərait yaradır. Əlbəttə, bu əsnada mən "daha yaxşının", yəni sosializmin qalib gələcəyinə daha çox ümidliyəm.

Bu səbəbdən də həm Şərqin, həm də Qərbin yüksək mədəniyyət qurumlarından hər hansı mükafat almağın əleyhinəyəm, onların varlığını isə, əlbəttə ki, qəbul edirəm. Sosializmə aşkar rəğbətimə baxmayaraq, mən eyni şəkildə, deyək ki, qəflətən təklif olunacaq Lenin mükafatından da imtina eləyərdim.

Nobel mükafatının sırf Qərb blokuna məxsus ədəbi mükafat olmadığını mən də yaxşı anlayıram, amma iş elə gətirib ki, bu, belə qəbul olunur və ona görə də bəzən hadisələrin gedişatı İsveç Akademiyasının nəzarətindən çıxır. Elə bunun nəticəsidir ki, hazırda Nobel mükafatı qərbli yazarlar və ya şərqli "üsyankar" qələm sahibləri üçün təsis olunmuş mükafat sayılır. Nədənsə Cənubi Amerikanın ən böyük şairlərindən sayılan Pablo Neruda bu mükafata layiq görülmədi. Nobel almağa tam haqqı çatsa da, Araqonun namizədliyi də heç vaxt ciddi müzakirə mövzusu olmayıb. Mükafatın Şoloxov dura-dura, Pasternaka təqdim olunması da ancaq təəssüf doğurur. Həm də nəyə görəsə xaricdə çap olunan və SSRİ-də yasaqlanan bu yeganə sovet kitabını Nobelə layiq görüblər. Tarazlığı qorumaqdan ötrü bənzər addımı əks yöndə atmaq bəlkə də daha doğru olardı. Əlcəzairdə savaş gedərkən mən və qələm dostlarım "121-cinin manifesti"ni imzalamışdıq, əgər buna görə bizə Nobel mükafatı verilsəydi, şəxsən mən onu məmnuniyyətlə qəbul edərdim. Həm də bu zaman təkcə mənim xidmətim deyil, bizim ortaq apardığımız azadlıq mübarizəsi dəyərləndirilmiş olardı. Amma bu, baş vermədi və məni ancaq müharibə qurtarandan sonra bu mükafata layiq gördülər.

Azadlıq və pul

İsveç Akademiyasının əsaslandırmasında azadlıq barədə danışılır və bu sözün bir xeyli yozumu mövcuddur. Şəxsən mən azadlığı son dərəcə konkret bir şey kimi anlayıram: mənə görə bu, bir cütdən artıq çəkmə sahibi olmaq və sırf iştahı çəkən şeyləri yeməkdir. Mükafatı qəbul eləmək isə, mənə görə, ondan imtina etməkdən daha təhlükəlidir. Əgər onu almağa razı olsaydım, mənim deyimimlə, bu, "toxunan zərərin obyektiv təzmini" sayılacaqdı. "Figaro litterer" qəzetindən öyrəndim ki, "qızğın mübahisələr doğuran siyasi keçmişim başıma qaxılmayacaqmış". Qəzet məqaləsinin İsveç Akademiyasının rəyini ifadə etmədiyini mən də bilirəm, amma digər tərəfdən bu yazı bəzi sağçı dairələrdə mənim mükafatı almamın necə yozulacağını ortaya qoyur. Mənə qalsa, "mübahisələr doğuran siyasi keçmişim" əvvəlki kimi gündəmdə qalır, bununla belə mən keçmişdə yol verdiyim bəzi yanlışları yoldaşlarım qarşısında etiraf etməyə hazıram.

Bütün bunlarla Nobel mükafatının "burjua mükafatı" olduğunu demək istəmirəm. Amma yaxşı bələd olduğum bəzi dairələrin buna məhz belə, yəni burjuasayağı yozum gətirəcəklərindən də tam əminəm.

Ən sonda pul məsələsinə toxunmaq istərdim: laureatı böyük nüfuz sahibi etməklə yanaşı, İsveç Akademiyası ona iri məbləğdə pul da verir. Bu problem də məni rahatsız edir. Mükafatı qəbul edəcəyim təqdirdə onsuz da pul vəsaitini dəstək məqsədilə fəaliyyətinə dəyər verdiyim hərəkat və ya təşkilatlara verəcəkdim. Əsas namizədim isə Aparteidlə Mübarizə üzrə London Komitəsi idi. Mükafatdan imtina etməklə isə mən, ümumi prinsiplərə sadiqliyimi göstərsəm də, bu ictimai hərəkatı dərin ehtiyac duyduğu vəsaitdən edəcəkdim.

Amma, məncə, bu, saxta alternativdir. Aydın məsələdir ki, mən özümü Şərq və ya Qərb bloklarından rəsmən asılı vəziyyətə salmamaqdan ötrü 250 min krondan imtina edirəm. Həm də axı 250 min kron qarşılığında mənim həm özüm, həm də əqidə dostlarım üçün önəm kəsb edən prinsiplərdən imtina etməm tələb olunmamalıdır. Bütün bu səbəblər üzündən mükafatın mənə verilməsi də, ondan məcburi imtinam da mənə ancaq acı yaşantılar bəxş etdi.

Bu açıqlamanı İsveç ictimaiyyətinə rəğbətimi bildirməklə bitirmək istərdim.

Fəlsəfə doktoru Etibar Əliyevin "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabından

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm