• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Atılanda da gülümsəyən qadın: məşhur müğənninin həyat hekayəsi – FOTOLAR

Atılanda da gülümsəyən qadın: məşhur müğənninin həyat hekayəsi – FOTOLAR

“Kaylini yalnız laqeyd insanlar sevə bilməz. O, cazibəsi ilə hətta ağac kötüyünü də fəth edə bilər”. Tənqidçilərdən biri musiqi dünyasının ulduzu Kayli Minouq haqda belə deyib. Kaylinin 60 milyondan çox diski bütün dünyada satılır, verdiyi konsertlər isə əsl şouya çevrilir. Bununla belə, o, yenə də xoşbəxt deyil...

Publika.az “Bizim tərcümə” layihəsində xərçəng kimi güclü xəstəliyə qalib gəlsə də, daim sevdiyi kişilərə məğlub olan məşhur pop-ulduz Kayli Minouqun həyat hekayəsini təqdim edir.

Yaxşı qızcığaz və mehriban insan... Pərəstişkarlar Avstraliya pop-ulduzu və elit klublar kraliçası Kayli Minouqu belə tanıyırlar. Kayli hələ 80-ci illərin sonlarında iri çiyinli geyimlər və uzun sırğaları ilə məşhur idi.

Kayli Minouqu çox vaxt pop-ulduz Madonna ilə müqayisə edirlər: Kayli pop-musiqi dünyasında qazandığı məşhurluq və mahnılarının sayına görə həmkarından geri qalmır. Həmçinin Kayli uzun illik ulduz karyerası ilə də Madonnanı xatırladır. Lakin hər iki ifaçı arasında fərqli cəhətləri tapanlar da var. Məsələn, Kayli daha çox soyuqqanlı, praqmatik, öz hərəkət və jestlərini ölçüb-biçən Madonnanın əksidir. Minouq da səhnədə parlaya bilər, lakin o, insanlara daha yaxın və ünsiyyətcildir. Onlardan aldığı zərbələr isə sanki Kayliyə təsir etmir. Sevdiyi kişilər tərəfindən atıldıqda və həkimlər ona ağır xəstəlik diaqnozu qoyduqda belə, Kayli gülümsəməyə davam edir.

Həyat Kayliyə nə qədər zərbə endirsə belə, o, ictimaiyyət qarşısında heç zaman özünü qurban kimi göstərməyib. Bəlkə də, elə buna görə pərəstişkarlar ondan yorulmur və hələ də bu müğənnini sevməkdə davam edir və onun şəxsi həyatı ilə maraqlanırlar.

Elə indinin özündə də onun şəxsi həyatı müzakirə olunur. Axı cəmi 152 santimetr boyu olan 46 yaşlı Kaylinin özündən gənc və model görkəmli sevgilisi var. O da lap Madonnanın izi ilə gedərək, gənc model oğlanlara meyil edir.

Kayli özündən 10 yaş cavan, yaraşıqlı ispan modeli Anders Velekoso ilə altı il bundan əvvəl tanış olur. Tezliklə onlar ayrılmaz cütlüyə çevrilir və Kayli onu valideynləri ilə tanış etmək üçün Avstraliyaya belə aparır. Qadının valideynləri ilə tanışlıqdan sonra növbə oğlanın valideynlərinə çatıb. Kayli sevgilisinə görə Barselona yaxınlığında yerləşən balıqçı kəndinə getməli olub. Velekosonun atası və bacıları köhnə qəsrlərin birində bar və restoran sahibidirlər. Kayli oğlan tərəfinə xoş gəlmək üçün onlara bar işində yardım edərək qədəhlərə içkiləri süzüb və müştərilərə içki daşıyıb. Kayli sevgilisinə görə İspaniyada qalıb, yerli dili öyrənməyə də başlayıb.

Nə üçün Kayli qürurunu bu qədər alçaldır?

Güclü Kayli

Kayli 2004-cü ilin iyununda “fransızların Bred Pitti” adlandırılan Olivye Martinesə ərə getməyə hazırlaşırdı. Lakin toy müğənnin səhhəti üzündən dəfələrlə təxirə salınırdı. 2005-ci ildə həkimlər Kayliyə ağır diaqnoz qoyur: 37 yaşlı müğənnidə döş xərçəngi aşkar edildi. Kayli həmin vaxtlarda dünya turuna çıxmışdı. Xəstəlik səbəbindən Kayli konsertlərini ləğv edib, əməliyyat masasına uzanmalı oldu. Ağır əməliyyatdan sonra Kayli kimyəvi-radioaktiv müalicə proseduruna başladı. O, saçlarını itirdi, lakin başında ləçək kameralara gülümsəyərək, müalicənin uğurla keçdiyini dedi. Kayli göz yaşlarını və şikayətlərini mətbuata “satmadı”. Əvəzində isə milyonlarla pərəstişkar Kaylinin elektron poçtuna saysız-hesabsız məktublar yağdırmağa başladılar. Elektron poçt o qədər yüklənmişdi ki, sonda poçt adresini bağlamalı oldular. Avstraliyanın baş naziri də canlı efirdə çıxış edərək onun xəstəliyinə reaksiya verdi: “Aldığım xəbərdən sonra bütün bədənimdən soyuq tər axdı”...

Kayli insanlara bir addım daha da yaxınlaşdı. O sanki bizim kimi adi insana çevrildi. Buna qədər də bir çoxları üçün seks-simvol olan Minouq artıq hətta mərdlik və dəyanət rəmzinə çevrildi. Kayli xəstəxanadan çıxdıqdan sonra isə daha pis xəbərlər yayılmağa başladı: o, heç zaman ana ola bilməyəcək...

Gücünü toplayan Kayli yenidən dünya turnesinə çıxdı. Düzdür, artıq o, səhnədə əvvəlki kimi rəqs edə bilməsə də, hər halda, yenə parlamağa davam edir.

Atılmış Kayli

Xəstəliyin öhdəsindən gələn Kayli şəxsi həyatında yaranan problemlərlə bacara bilmədi. Əsl fransızsayağı – çılğın və ehtiraslı sevgili olan Olivye Martinesin hər qadını yoldan çıxara biləcək baxışları və “tülkü” təbəssümü ilə Kaylinin etibarını itirdi. Qadınlar Olivyeni füsunkar hesab edirdi və o da onlara eyni cür iltifatla cavab verirdi. Kayli sevgilisi qarşısına şərt qoydu: ya onlar tezliklə evlənməli, ya da ayrılmalıdırlar. Kayli sevgilisinin xəyanətlərindən danışmadı, əvəzində cütlük ictimaiyyət qarşısında belə bir bəyanatla çıxış etdi: “Artıq biz sevgili deyilik”.

Kameralar qarşısında gen-bol təbəssümüylə çıxış edən Kayli daxilən əziyyət çəkirdi. Axı vaxt vardı, Olivye ona qarşı sadiq və vəfalı idi. Kayli ağır xəstələndikdə və onun gözəlliyindən əsər-əlamət qalmayanda belə onun yanında olan adam Olivye idi... Kaylinin ən ağır anlarında öz sözləri ilə ifaçıya dəstək olub, ona ruh yüksəkliyi verən də Olivye idi. Halbuki bunu çox kişilər bacarmazdı...

Elə Kayli keçmiş sevgilisinin xəyanətiylə qarşılaşanda da problemin öhdəsindən gəlməkdə ona Olivye kömək etdi.

Kaylinin keçmiş sevgilisi Ceyms Qudinq mətbuatda çıxış edərək, ayrılmalarına belə izahat verib: guya yalnız öz problemləri ilə maraqlanan və kaprizli, “qorxunc” Kayli onun hər addımını izləyir və həyatını dözülməz həddə çatdırır. Kayli eşitdiyi sözlərdən dərdə düşüb gecə-gündüz ağlayırdı. Kayli bacısına indiyədək kimisə belə sevmədiyini və ondan uşaq sahibi olmaq istədiyini deyirdi. İş ondadır ki, Qudinq öz problemləri ilə yüklənmişdi və onlardan Kaylinin ağuşuna deyil, spirtli içki və narkotiklərə qaçırdı.

Ceyms imkanlı ailənin övladı idi. Valideynləri onu nüfuzlu məktəbə yollasa da, sonradan onu məktəbdən çıxartmalı olmuşdular. Ceyms isə valideynlərinə özünün kimliyini sübut etməyə çalışır, model biznesinə qoşularaq, Kayli Minoq kimi pop ulduzla eşq macərası yaşayırdı. Ceymsin atası Kayliyə “mənfur cırtdan” adı qoymuşdu. Ceyms də ona dayəlik edən Kaylinin şan-şöhrətini də həzm edə bilmirdi. Və Ceyms intiqam almaq üçün sevgilisinə xəyanət etməyə başladı.

Seksual Kayli

Kayli, bəlkə də, dünyaya hamıya sevinc bəxş etməyə gəlib. Lakin özü heç vaxt həqiqi sevincin nə olduğunu anlamayıb.

Elə gənc yaşlarında Kayli “INXS” Avstraliya qrupunun lideri, hiyləgər, ağıllı, təcrübəli və abırsız Maykl Hatçenslə tanış oldu. Milyonlarla qadının sevimlisi olan Maykl əyləncə gecələrinin birində Kayliyə göz qoydu. Lakin Kayli düz 2 il “pis oğlan” Maykla şans vermədi, lakin sonda pop-ulduz təslim oldu.

Kayli Çində konsert verməli idi. Qəfildən gecəyarısı otel nömrəsinin qapısı döyüldü. Kayli gecə köynəyinin üzərinə xələtini atıb, qapını açdı. Gələn Maykl idi.

- Eşitdim, möhtəşəm bir şou baş tutacaq.

Kaylinin bu gözlənilməz gəlişdən sanki nitqi qurumuşdu.

- Sənə şəhəri göstərə bilərəm. Sənə bələdçi lazımdır? – Maykl əlavə etdi.

Elə hər şey də bu bələdçilikdən başladı. Kayli ona görə Donovanı atdı. Donova - Kayli tərəfindən atılan yeganə və sonuncu kişi idi...

Maykl ona səhnədə düzgün hərəkət etməyi və ona yeni geyim tərzini öyrətdi. Kayli adi qadından seksual rok ulduzuna çevrildi. Onlar vaxtlarını əyləncə klublarında keçirir və dəliqanlılıq edirdilər.

Kayli onunla xoşbəxt idi. Lakin hər bir nağılın sonu olur. Təəssüf ki, olur. Bu münasibətlərə də son qoyuldu.

Maykl Hatçens yaradıcı həyatında baş verən çətinlikləri ağır qarşılayırdı. O, depressiya düşdü və intihar etdi. Kayli Minouq bu itkini çətin qəbul etdi və hələ də onun ağrısını çəkməkdədir. Bu günədək Kayli onun adını çəkməkdən və keçmiş günlərini xatırlamaqdan qaçır...

Kaylinin şəxsi həyatı hər zaman maraq doğurub. Bir çox qızlar üçün Kayli gözəllik nümunəsidir. Bir çox kişilər üçün əlçatmaz arzu...

Qayıdaq 2008-ci ilə. Xəstəlikdən sağalan Kayli mənəvi cəhətdən əzgin idi. 40 yaşlı Kayli ailə quracağına və ana olacağına ümid etmirdi. Bacısı onun könlünü almaq üçün görüşlər təşkil edirdi. Lakin Kayli kiminləsə münasibətə başlamaq və atılmaqdan qorxurdu. O, son dəqiqədə görüşü ləğv edib, xüsusi seçilmiş qiyafəsini adi ev paltarına dəyişirdi. Bu azmış kimi, Kayli keçmiş sevgilisi Martinesi də unuda bilmirdi...

Kayli uzun illərdən sonra Martineslə tədbirlərin birində qarşılaşdı. Martines münasibətləri bərpa etmək üçün Kayliyə yaxınlaşdı. Lakin Kayli insanların gözü qarşısında ona şillə çəkməklə, intiqamını almış oldu...

Velekoso və Kayli şou-biznes aləmində yeni cütlükdür, amma müğənni toy haqda xəbərlərdən yayınır. Kayli növbəti dəfə yanılmaqdan və atılmaqdan ehtiyat edir.

Bir sözlə, o, həyatın axarı ilə gedərək, gələcək üçün heç bir plan qurmur. O, dilinə “stress” sözünü gətirməyi belə qadağan edib.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR