• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu

Antarktidada “Yeni  Şvabiya” layihəsi – Hitlerin arzusu

Bu günə qədər nasist Almaniyasının İkinci Dünya müharibəsində tamamilə məhv edilmədiyi barədə məlumatlar dolaşır.

Bəzi mənbələrin məlumatına görə, nasistlərin bir hissəsi Antarktidaya qaçaraq qurtulublar. Burada onlar əvvəlcədən "211" rəqəmi altında hərbi baza hazırlamış və onu "Yeni Şvabiya" adlandırmışdılar. Tədqiqatçıların fikrincə, hərbi bazanın ərazisinə ancaq sualtı qayıqla daxil olmaq mümkündür. Altıncı qitənin üst qatında sirli bazanın heç bir izinə rast gəlmək mümkün deyil. Görünən yalnız buz qatları və qara rəngli sahil qayalarıdır.

Bu layihə haqqında məlumat müharibə bitdikdən uzun müddət sonra üzə çıxdı. Nijneqorodlu Arkadi Nikolayevin atası 1958-ci ildə Antarktidada tədqiqatlarda iştirak edib. O, bir məqalədə atasının xatirələrindən bəhs edir və qeyd edir: "Siz düşünürsüz ki, atamı qütbə Leninin büstünü ucaltmaq üçün göndəriblər? Buna inanmaq çətindir. Müharibədən 13 il sonra, ölkənin yarısı hələ də xarabalıq olduğu halda, niyə birdən-birə atamın ekspedisiyası üçün külli miqdarda vəsait xərcləndi? O, komandasını 5 km/saat sürətlə hərəkət edən xüsusi maşınlar vasitəsilə Antarktidanın mərkəzinə apardı. Onlar özləri ilə içində dizel yanacağı olan çənləri daşıyırdılar. Komandanın iki üzvü xüsusi maska taxmadan maşının kabinəsindən yerə endiyi üçün ağciyərin yanması diaqnozu ilə dünyalarını dəyişiblər. Sahilə yaxın iki təyyarə yerə çırpılıb məhv olub. Bu qurbanlar nə üçün idi? Mən əminəm ki, qütbə olan ekspedisiya sadəcə bəhanə idi. Əslində, SSRİ də digər müttəfiqlər kimi, İkinci Dünya müharibəsindən sonra Antarktidada nasist bazasının izlərini axtarırdı".

Bu versiya reallığa çox yaxındır.

Almaniyalı Hans-Ulrix fon Krans da Antarktidada yerləşən nasist bazasından bəhs edir. O, keçmiş SS zabiti və alimi Olaf Vayszekkerlə dostluğundan danışır. Olaf isə Hansa, Yeni Şvabiyanı gözləri ilə gördüyünü söyləyib. 1938-ci ildə Olaf Vayszekker bu bazada tədqiqatçı kimi fəaliyyət göstərib. 1945-ci ildə qaçqın kimi Argentinaya göndərilib. Hans-Ulrix fon Krans çoxillik tədqiqatları nəticəsində "Buzlar üzərində svastika"adlı kitab yazıb.

1938-ci ildə alman qütb ekspedisiyası tərəfindən aparılan tədqiqatlar nəticəsində ortaya çıxan maraqlı və qəribə tapıntılardan sonra Almaniya Antarktidada aktiv işə başladı. Antarktida səması üzərində uçuşlar aparan alman kəşfiyyat təyyarələrinin çəkdiyi fotolarda isti suyu olan oazislər, əbədi buz və qarlıq ərazi içərisində bitki örtüyü olan sahələr üzə çıxdı. Tədqiqatlar nəticəsində eyni zamanda divarlarına qədim yazılar həkk olunmuş iki qədim şəhər xarabalığı da aşkarlandı. Bu məlumat həmən alman kəşfiyyat orqanları tərəfindən məxfiləşdirildi. Amma ən maraqlı tapıntılar kontinentin üst qatında yox, daxili qatlarında ortaya çıxdı. Vayszekker iddia edir ki, Amudsen dənizinin suyu ətrafdakı digər dənizlərin suyuna nisbətən daha istidir. Hitlerin qərarı ilə Antarktidaya beş sualtı qayıq göndərildi. Onlardan biri qayanın altına dalaraq, mağaralar labirintinə düşdü. Bu mağaralar bir-biri ilə şirin sulu dərin və isti göllər vasitəsilə əlaqəli idi. Göllər üzərində başqa bir mağara var. Qədim insanın fəaliyyət izlərini özündə əks etdirən isti, quru mağara nasistlərin diqqətini cəlb etdi. Almanlar həyat üçün yararlı və münasib olan yeni yeraltı dünya tapdıqlarına əmin idilər. Hitlerin inandığı bir nəzəriyyəyə görə, Yer kürəsinin daxilində planetdəki sivilizasiyadan üstün formada inkişaf edən başqa dünyalar və sivilizasiyalar mövcuddur. Bu nəzəriyyə elmi qərarların tamamilə əksinə olsa da, Hitler arktik tapıntıları onun sübutu kimi qəbul etdi. Sonra fürer tapılmış mağaralarda gizli şəhərin salınması üçün tikinti barədə sərəncam imzaladı.

Qərardan sonra Yeni Şvabiya istiqamətində nəqliyyat sualtılarından ibarət karvan yola düşdü. Qayıqlarda bu gizli şəhərə qida ehtiyatı, paltar, silah, döyüş sursatı, tibbi ləvazimat, bəzi qurğular, şpal, rels və vaqonlar daşınırdı. Almaniyaya qayıdan sualtılar boş qayıtmırdı. Antarktidada tapılmış faydalı qazıntılar da Avropaya daşınırdı. Elsuert yaxınlığında almanlar tərəfindən dünyada nadir tapılan metalların bol olduğu məkanlar kəşf edildi. Bu səbəbdən, layihə almanlar üçün maliyyə baxımından bahalı deyildi. Nadir tapılan metal hesabına tezliklə layihə hətta gəlir də gətirməyə başladı. Almaniyada nadir metalların yatağı olmasa da, müharibə dövründə faşistlər tank istehsalında xam maddə tapmaq üçün heç bir çətinlik çəkmirdilər. Çünki lazım olan xam maddə Antarktidadan gəlirdi.

Kransın sözlərinə görə, 1941-ci ildə buzlu materikdə 10 minə yaxın insan çalışıb. Antarktidanın yeni sakinləri düşərgələrdə yaşayırdılar və özlərini tam, sərbəst təmin edə bilirdilər. Sahildən 100 kilometr aralıda məhsuldar torpaqları olan oazislər tapılmışdı. Bu plantasiyaların ərazisi kifayət qədər geniş idi. Bəzi məlumatlara görə, münbit torpaqlar 5 min kilometrlik ərazini əhatə edirdi. Almanlar bu yeri "Cənnət bağı" adlandırdılar. 1943-cü ildə mağaralarda yeraltı qayıq istehsalı üçün nəzərdə tutulan tərsanələrin inşası başa çatdı. Şirkətin işi elə qurulmuşdu ki, çətinlik çəkmədən sualtı qayıqların kütləvi istehsalına başlamaq mümkün idi. Bu müddət ərzində Yeni Şvabiyada bir neçə maşınqayırma və metallurgiya zavodları fəaliyyət göstərirdi. 1945-ci ildə bu məkanlar bir çox faşistlər üçün gizlənməsinə və xilas olmasına kömək oldu.

Kapitulyasiya aktına qol çəkildikdən sonra müttəfiqlər alman ordusunda qeydə alınmış sualtı qayıqların sayını öyrənə bilmədilər. Bir versiyaya görə, bu qayıqlar cənuba, uzaq buzlu sahillərə doğru istiqamət götürdülər.

Kransın fikrinə görə, almanlar əvvəlcədən Böyük Çıxışa hazırlaşırdılar. Bu layihəyə 150 sualtı qayıq cəlb edilmişdi. Onların tərkibinə 10 min insan, böyük miqdarda yük, müqəddəs sayılan qiymətli əşyalar və texnologiya yığmaq mümkün idi. Baş tutmayan imperiyadan "beyin"lər də aparıldı. Onların siyahısında texniki mütəxəssislər, nüvə fizikləri, raket və təyyarə istehsalı ilə məşğul olan mühəndislər, alimlər və bioloqlar vardı.

Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsinin qalibləri almanların yüksək texnologiya sahəsindəki biliklərinə yiyələnə bilmədilər. Məğlubiyyətdən öncə almanlar atom silahı, kosmik fəzaya çıxa bilən ballistik raket istehsalı, reaktiv aviasiya sahəsində mükəmməl layihələrə sahib idilər. Bu gün artıq məlumdur ki, 1945-ci ildə Almaniyada 9 elmi-tədqiqat institutu fəaliyyət göstərib. Onlar uçan disklərin hazırlanması ilə məşğul olublar. Amma bu layihələrin nəticəsi hara yoxa çıxıb? Bax bu barədə heç kəsdə məlumat yoxdur.

Arxiv yazılarına görə, Almaniyada faşistlərin hakimiyyət illərində yüksək texnoloji məmulatların istehsalı ilə məşğul olan zavodlar vardı. Amma bu zavodlar müharibə bitdikdən sonra anidən yoxa çıxdı. Onların heç izi-tozu da qalmadı. İstisna deyil ki, bu müəssisələr də əbədi buzlar ölkəsinə göndərilib. Almanlar onları məğlub edənlərə qiymətli qənimət saxlamadılar.

Təbii ki, bir çoxları Yeni Şvabiyanı axtarmağa cəhd etdilər. Üç ekspedisiya məhv oldu. İnsanlar ya öldü, ya da müəmmalı surətdə yoxa çıxdılar.

Amerikanın Berlindəki kəşfiyyat qrupunun rəhbəri polkovnik V.X. Heymlixin məruzəsinə görə, fürerin özünə sui-qəsd etməsi barədə sübut yoxdur. Bu məruzədən sonra tarixi sensassiyasevənlər fürerin qaçdığı barədə versiyalar səsləndirməyə başladılar.

Bunu sübut edən faktlardan biri də 1948-c il 16 yanvar tarixində Çilidə nəşr edilən "Ziq-Zaq" jurnalındakı yazıdır. Məqaləyə görə, 1945-ci il aprelin 30-da kapitan Peter Baumqart öz təyyarəsi ilə Almaniyadan Norveçə uçub. Hitler də təyyarədə olub! Şimal ölkəsinin limanlarından birində fürer bir neçə nəfərlə birlikdə sualtı qayığa minib və qayıq Antarktidaya yola düşüb.

Müharibədən sonra sağ qalmış SS veteranları arasında gəzən söhbətlərə görə, 1944-cü ildə Strasburqda ikigünlük toplantı keçirilib. Bu toplantıda imperiyanın təhlükəsizlik xidmətinin yüksəkçinli zabitləri iştirak edib. Toplantıya Ernst Kaltenbrunner rəhbərlik edib. Deyilənə görə, bu toplantıda Almaniya rəhbərliyinin Cənubi Amerikaya qaçış planı müzakirə edilib. 1944-cü ilin avqust ayından "Şlüz" adlı gizli şəbəkə fəaliyyətə başlayıb. Bu şəbəkənin köməyi ilə məhşur alim və konstruktorlar, yüksəkçinli zabitlər Latın Amerikası ölkələrinə göndərildilər.

1961-ci ildə Antarktidada uran mədənləri tapıldı. Əsas yataqlar Yeni Şvabiya ərazisində idi. Faydalı qazıntı hələ də yataqlarda qalıb. Çünki 1959-cu ildə bağlanmış beynəlxalq müqavilə buna əngəl olur. Nüvə silahı istehsal etmək istəyən nasistlər urana böyük ehtiyac duyurdular. Onlar lazımi xam maddənin Antarktidada olduğu barədə məlumatlı idilər.

1947-ci ildə Amerika Birləşmiş Ştatlarından bir ekspedisiya 211 nömrəli bazanın axtarışına yola çıxdı. Onun tərkibinə 14 gəmi, 20 təyyarə, helikopterlər və 5 min insan cəlb edildi. Əməliyyatın kod adı "Yüksək sıçrayış " idi. Amerikalı təyyarəçilər qısa müddətə karyer tapdılar. Görünən o idi ki, bu karyerdən faydalı qazıntılar çıxarılıb. Bu əraziyə təcili olaraq 500 nəfərdən ibarət mütəxəssis qrupu göndərildi. Qəfildən səmada üzərində məlum xaç nişanı olan təyyarələr göründü və amerikalı desantlar bir neçə dəqiqə ərzində məhv edildi. Sonra gəmilər də hücuma məruz qaldılar. Gəmilərdən biri partladıldı. Sonra isə ekspedisiya uçan boşqabların hücumuna məruz qaldı!

Şahidlər bu savaşı belə təsvir edirlər: "Onlar gəmilər arasında səssiz-səmirsiz uçurdular. Görünüş cəhətdən qırmızı dimdiyi olan qara göyərçinə bənzəyirdilər və fasiləsiz atəş açırdılar. Bütün bu dəhşət 20 dəqiqəyə yaxın davam etdi. Uçan boşqablar yenidən suyun altına keçdikdən sonra biz itkilərimizi saymağa başladıq. Rəqəmlər dəhşətli idi".

Məhv olmuş ekspedisiyadan sağ qalmış üzvlər Amerikaya qayıtdı.

Jak İv Kustonun da ekspedisiyası hücuma məruz qalıb. 1973-cü ildə Fransa xüsusi xidmət orqanlarının sifarişi ilə "Kalipso"adlı gəmi 211 nömrəli bazanı tapmaq üçün Antarktidaya yola düşdü. Akvalanqistlər sualtı labirintlərə aparan yolu tapdılar və ora daxil oldular. Amma onlar yeraltı labirintlərdən çıxa bilmədilər. Ekspedisiya təcili olaraq Fransaya qayıtdı.

Ruslar da hər şeylə maraqlandıqları üçün əziyyət çəkiblər. 1958-ci ildə Antarktidaya yollanan uğursuz ekspedisiyadan sonra, 70-ci illərdə ikinci cəhd edildi. Təyyarə vasitəsilə qardan təmiz oazislərin fotosunu çəkmək mümkün oldu. Tədqiqatçılardan ibarət qrup bu oazislərdən birində düşərgə qurdu. Onların planı yerin altına enən şaxtaya daxil olmaq idi. Bu zaman güclü partlayış alimlərin düşərgəsinə ciddi ziyan vurdu və 3 nəfər həlak oldu. Bir neçə gün sonra isə sağ qalan ekspedisiya üzvləri müəmmalı surətdə yoxa çıxdılar. Onların izinə rast gəlmək mümkün olmadı.

O vaxtdan sonra heç kəs Buzlu Qitənin sakinlərini narahat etmək fikrinə düşməyib. Amma bəzən dünyanın bir çox ölkələrinin radiolakasiya stansiyaları uçan boşqabları qeydə alır. İstisna deyil ki, Antarktidada yeraltında Üçüncü Reyxin sakinləri yaşayır...

Hikmət Həsənov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR