• USD 1,7025 0,00% EUR 1,8495 -0,38%
    • GBP 2,1978 +0,31% RUB 0,0299 0,00%

MTK-ların yeni binalarda havaya sovurduğu milyonlar, yaxud evində kirayə yaşayanlar

MTK-ların yeni binalarda havaya sovurduğu milyonlar, yaxud evində kirayə yaşayanlar

“Ev pulu”, həyətin təmizlənməsi, liftin təmiri, kommunal xidmətlərin haqqı, həyətin abadlaşdırılması, mühafizə…

Bu siyahı lap orta məktəbdəki “fond pulu” adı altında pul toplanmasını xatırladır. Amma bu dəfə toplayan müəllimlər yox, Mənzil-Tikinti Kooperativlərinin (MTK) əməkdaşlarıdır.

Yeni binada evi olan hər kəs onları yaxşı tanıyır. Azı ayda bir dəfə yuxarıda sadaladığımız səbəbdən pul toplamaq üçün qapılarını döyürlər. Amma bu görüş heç də bina sakinlərinin ürəyincə deyil. Çünki hər dəfə pul verəndə "kommunal ödəniş" adı altında, MTK-ların yığdığı vəsaiti doğru yerlərə xərcləyib-xərcləmədiyini düşünürlər. Axı necə düşünməsinlər?

Sakinlər niyə belə düşünməsini və düşünməmək üçün nə edə biləcəklərini Publika.az-ın “Müfəttiş” layihəsində araşdırdıq.

Bundan qaçış yoxdur

İstər saytımıza olan müraciətlər, istərsə də digər mətbu orqanlarda yazılanlar bu məsələni gündəmə gətirməyimizə əsas verdi.

Məsələn, bu yaxınlarda saytımıza müraciət edən sakinlərin problemini araşdırarkən səbəbkarın MTK olduğunu öyrəndik. Belə ki, sakinlər işıqlarının kəsilməsinə görə “Azərişıq”ı ittiham edirdilər. Çünki hər ay pulu ödəsələr də, gecənin bir vaxtı elektriksiz qalmaları heç də ürəkaçan vəziyyət deyildi. Araşdırmamız zamanı bəlli oldu ki, səbəb MTK-nın dövlət qurumuna 400 manatdan çox borcu imiş. Dəfələrlə xəbərdarlıq olsa da, ödənilməyib. Halbuki, bu borcların yaranmaması üçün sakinlərdən hər ay “kommunal xidmət haqqı” toplanır.

Binanın təmizliyi, liftin təmiri kimi xərclər üçün pul yığılır. Amma nədənsə, lift xarab olanda təmir günlərlə gecikir. Təmizlik məsələsinə gəldikdə bir çox binalarda təmizlik sözün əsl mənasında ürək bulandırır.

Üstəlik, toplanan vəsait binaya görə dəyişir. Təkcə, liftin təmiri, təmizlik və ətrafın yaşıllaşdırılması kimi işlər üçün azı 30-50 manatdan başlayan qiymətlər 300 manata qədər də yüksələ bilir. Qiymət müəyyən edilərkən evin kvadratı, binanın yerləşdiyi ünvan, həyətin sahəsi və s. məqamlar nəzərə alınır. Amma bu rəqəmi sakinlər yox, MTK özünün müəyyən etdiyi qayda ilə hesablayır. Bir sözlə, ev aldığına sevinən vətəndaş, öz evində kirayənişin kimi yaşayır. Bundan qaçış da yoxdur. Yaşayırsansa, demək ödəməlisən. Amma çıxış yolu var imiş.

Necə?

Əlbəttə, yol tapmaq üçün birinci qanunlara baxmalıyıq. Qanunun bu məqamda kimin yanında olduğunu araşdırdıq. Bunun üçün “Müfəttiş” in ilk baş vuracağı ünvan Mənzil Məcəlləsi oldu. Qanunun 109-cu maddəsinə çatanda məlum oldu ki, doğru ünvandayıq.

Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və onun fəaliyyətinin təşkili qaydaları Mənzil Məcəlləsinin 119-134-cü maddələrində əksini tapır. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

Yəni qanun deyir ki, bina istifadəyə veriləndən 6 ay sonra sakinlər özləri idarə edə bilər. Bunun üçün çoxmənzilli binanın idarə olunması üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında müəyyən olunur.

Çoxmənzilli binanın idarə olunması üsulları aşağıdakılardır:
- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.

Dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fondu üzrə bələdiyyələr, özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binada yaşayış sahəsinin saxlanması haqqı həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə təyin edilir. Əgər sahə mülkiyyətçiləri bu barədə qərar qəbul etməzlərsə haqqın miqdarı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Bir sözlə, qanun sakinlərə binanı idarə etmək üçün cəmiyyət yaratmağa, lift, təmizlik və digər xərcləri üçün lazım olan vəsaiti müəyyən etmək imkanı yaradıb. Qanunlar sakinlərin yanındadır.

Bəs nə üçün illərdir bu problemi yaşayırıq?

İqtisadçı ekspert Rəşad Əliyev səbəbi sakinlərin məlumatsızlığında görür. Onun sözlərinə görə, bu məsələdə MTK-ların bəzi oyunları da var: “Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq mülkiyyətçilər özləri cəmiyyət yarada bilərlər. Bu zaman MTK-nın binanı idarə etməsi düzgün deyil. Bina istifadəyə verilmədiyi halda, mənzil mülkiyyətçilərinin müvafiq sənədi olmayanda və torpaqda ümumi tikili Mənzil-Tikinti Kooperativlərinin üzərində olarsa, MTK binanı idarə edə bilər. Mənzillərin hamısının “kupça”sı verilibsə, bina üzvləri nəzarəti öz üzərlərinə götürə bilərlər.

Təəssüf ki, vətəndaşların öz hüquqlarını bilmir. Digər tərəfdən MTK-ın həmin binalarda qalmasının bəzi hallarda hüquqi əsasları olur. Məsələn, mənzil satılsa da, “kupça” verilmirsə, bina hələ də, MTK-nın üzərində qalır. Mənzil-Tikinti Kooperativlərinin bilərəkdən, bu yola baş vurması da istisna edilmir. Çünki bina icra hakimiyyəti balansına veriləndən sonra MTK-nın binada işi qalmır”.

Ekspert bildirdi ki, mənzil mülkiyyətçiləri cəmiyyət yaratmadığı halda qanunvericiliyin tələbinə uyğun olaraq binaya kimin “qulluq” edəcəyini müəyyən edir. Bu məqamda isə son nəticədə Bu məsələ Mənzil İstismar Sahələrinə həvalə edilə bilər. Lakin ziddiyyət yaradan məqam MİS-in özünün fəaliyyətinin sual altında olmasıdır.

Dövlət qeydiyyatı olmazsa

Hüquqşünas Müzəffər Baxış deyir ki, problemin kökündə binanın dövlət qeydiyyatından keçməsi problemi durur: “Qanun tələb edir ki, bina dövlət qəbul komissiyası tərəfindən qəbul ediləndən sonra 6 ay müddətində Mənzil-Tikinti Kooperativləri fəaliyyətlərinə xitam verməlidir, çoxmənzilli binaların idarə edilməsi üçün müştərək cəmiyyət yaradılır. Bu cəmiyyətlər qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçir. Bunun üçün binanın dövlət qeydiyyatına alınması mütləqdir. Təəssüf ki, bu məqamda problemlər yaşanır. Bina qeydiyyatdan keçmədiyinə görə onu MTK idarə edir. Binanı idarə edən MTK-ın pul toplaması isə normaldır. Çünki çoxmənzilli binanın istismarı üçün vəsait lazımdır. Bu dövlət büdcəsindən ayrılmamalıdır. Ona görə də həmin vəsait binada yaşayanlar hesabına ödənilməlidir. Binanın saxlanmasına ehtiyac olan vəsait yaşayanların sayına bölünür və ona uyğun ödənişlər aparılır. Lakin proses tam şəffaf aparılmalıdır”.

Hüquqşünas hesab edir ki, MTK-ın idarə etdiyi binalar dövlət qeydiyyatından keçməyənlərdir: “Bu zaman MTK sahibi aylıq ödəniş pulunu elə müəyyən edir ki, sonda özünə də pul qalsın. Çünki onlar müəyyən problemləri həll edir, gün ərzində orada olurlar, artıq bir iş yerinə çevrilir. Artıq pul verən sakinlərin narazılıq etməsi də normaldır. Lakin narazı olan sakin məhkəməyə müraciət edə bilər”.

İqtisadiyyat Nazirliyindən isə bildirirlər ki, bu vaxta qədər 40-dək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.

Görünən odur ki, hər ay verdiyimiz vəsaitin hara xərclənməsini düşünməkdənsə, bir az qanunları oxusaq, hüquqlarımızdan xəbərdar olsaq, MTK-dan asılılağa son qoya bilərik. Çünki qanun onlara cəmi 6 ay vaxt qoyub.

Amma bu qədər yeni binaya qarşı cəmi 40 MMMC olarsa, nəticə də belə olacaq?

Gülxar Şərif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR