• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanı gözləyən təhlükə - Təbii artım azalır?

Azərbaycanı gözləyən təhlükə - Təbii artım azalır?

Azərbaycanda 10-12 ildən sonra əhalinin təbii artımının azalması meyli müşahidə edilə bilər.

Bu fikirlə AMEA-nın Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib.

Onun sözlərinə görə, müstəqillik dövründə əhalinin təbii artımı ciddi sürətdə aşağı düşüb. 1993-2003-cü illərdə bu proses davam edib. Hazırda bu proses normal olsa da, ancaq bir demoqrafik nəsil təxminən 10 ildən sonra nikah yaşına çatanda təbii artımın azalması meyli müşahidə olunacaq. Çünki bir ildə doğulmuş uşaqların sayı 50-70 min nəfər az olubsa, bu, cavanların sayında da özünü göstərəcək.

Bəs bu fikirlər nə qədər real ola bilər? Azərbaycanı belə bir təhlükə gözləyirmi? Təbii artım niyə azalır? Suallarımızın cavabını “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Düzdür, ölkəmizdə təbii artım ötən əsrin 90-cı illəri ilə müqayisədə artıb. Lakin son illər ailələrin 1-2 uşağa meyl etməsi, gələcəkdə artım olacağına inamı azaldır. Xüsusən də, dörd və beşinci uşaqların sayında azalma müşahidə edilir.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2011-ci ildə ölkə 9 iqtisadi rayonunda keçirdiyi araşdırma zamanı da qadınların daha kiçik ailələrə meyl etdiyi göstərir. Belə ki, 15-49 yaş arası 9381 nəfər qadın arasından keçirilmiş sorğunun nəticələrinə görə, onların yarıdan çoxu -56.8%-i iki uşağı ideal sayı kimi göstərib, 17.9%-i isə 3 uşağı ideal ailə sayı hesab edir. Sorğuda iştirak edən qadınların altısından biri (16%) dörd və ya daha çox uşağa üstünlük verib. Bütün qadınlar üçün uşaqların ideal orta sayı 2.5 və hazırda evli qadınlar üçün 2.6-dır. Uşağı olmayan qadınlar üçün bu göstərici 2.2-dən dörd və daha çox uşağı olan qadınlar üçün 3.3-dək artır.

Düzdür, sorğu bütün ölkə ərazisini əhatə etməsə də, 9 iqtisadi rayonun qadınları ümumi bir fikir deməyə əsas verir. Dövlət Statistika Komitəsinin rəqəmləri də çoxuşaqlılığın nisbətən azaldığını göstərir. Belə ki, 2002-ci ildə ailələrin dördüncü uşaqların sayı 4210 idisə, 2012-ci ildə bu rəqəm 3625 olub, anoloji olaraq beşinci uşaqlara görə bu say 2015-dən 752-yə enib. Bu rəqəmlərin əsas hissəsi kənd yerlərinin payına düşür.

Əslində problem yalnız bizdə deyil. Məsələn, qonşu Rusiyada 1992-ci ildən başlayaraq ölüm göstəricisi doğum göstəricisindən yüksək olub. Yalnız ötən il doğum göstəricilərində irəliləmə müşahidə edilib. Bu da dövlətin illərdir həyata keçirdiyi layihələrin nəticəsi kimi dəyərləndirilir.

Türkiyədə də 2010-cu ildə 15-49 yaş arası qadınların uşaq dünyaya gətirmə nisbəti 2.05 idi, 2011-ci ildə isə bu 2.02-yə enib. Yəni bir qadın orta hesabla ömür boyu iki uşaq dünyaya gətirə bilir.

Təbii artım dedikdə, doğulanların sayından ölənlərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə ölçülür. Əhalinin təbii artımında əsas sıçrayış XX əsrin 60-cı illərində olub - 2%-dən çox (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2-1.5% və ya hər 1000 nəfərə görə 20-15 nəfər arasında olub. Qeyd edək ki, respublikamızda hər 1000 nəfərə təbii artım 19-20 nəfərdən 8-9 nəfərə enib

Demoqraflar təbii artıma görə, ölkələri iki tipə bölürlər :

Təbii artımın I tipi (müasir növ) - bu tipə aşağı ölüm, aşağı təbii artım aiddir. Bu tipə əsasən İEÖ bu tipə aiddir. Səbəb isə əhalinin sosial səviyyəsinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır. Hazırda bu ölkələrdə təbii artım olduqca aşağı səviyyədədir. Buraya ABŞ, Albaniya istisna olmaqla Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya aiddir.

Təbii artımın II tipi (ənənəvi növ) - Təbii artımın ənənəvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə əsasən İOÖ aiddir. Buraya Afrika, Okeaniya, Asiya, Latın Amerikasını aid etmək olar. Burada təbii artım olduqca yüksəkdir. Dünya əhalisinin sayı əsasən bu ölkələrin hesabına artır.

Ümumiyyətlə təbii artımın II tipində artımın yüksək olmasının səbəbləri : iqtisadiyyatın, təhsilin aşağı səviyyəsi, erkən yaşda evlənmə, səhiyyənin vəziyyətinin pis olması. Bu tip ölkələrə “Demoqrafik partlatış” xasdır. Misal olaraq Afrikada təbii artım 2.8-5%, Asiyada 1.4-2%, Latın Amerikasında 1.5-2.2%-dir.

Əsasən I tipə aid ölkələrdə təbii artımı yüksəltmək, II tipə aid ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir. ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq edilir. Hindistan da öz ölkəsində oxşar siyasətin tətbiqi haqqında düşünür. Amma Səudiyyə Ərəbistan, Hollandiya ailədə doğulan ikinci uşağa görə, həvəsləndirici təqaüd verir. Bu tip demoqrafik siyasəti Rusiya Federasiyası da etmək istəyir.

Bəs hazırkı təbii artım gələcəkdə nə vəd edir?

Millət vəkili Musa Quliyevin sözlərinə görə, hazırda dünyada çoxuşaqlılıq aktual deyil. Çoxuşaqlı ailədə valideynlər ömrünün əsas hissəsini uşaq tərbiyəsinə həsr edir. İndiki halda isə insanlar daha çox özləri üçün yaşamaq istəyirlər. Bu səbəblərdən çox uşağa maraq azalıb:

“Azərbaycanda hələ ki, demoqrafik problem yoxdur. Hər ailəyə düşən orta uşaq sayı 2.5-dir, hər il 170-175 min uşaq doğulur. Ölənləri çıxdıqdan sonra hər il 110-120 minlik artım olur. Hər 8-10 ildən bir ölkə əhalisi 1 milyon artır. Azərbaycanın ərazisi o qədər çox deyil, yaxın on ildə əhalinin 11-11.5 milyon olması normaldır. Amma buna baxmayaraq, yaxın 10-12 ili əvvəldən proqnozlaşdırmaq mümkün deyil”.

Millət vəkili onu da vurğuladı ki, əsas məqsəd sayı yox, insanların keyfiyyətini artırmaq olmalıdır:

“Əhali artımını stimullaşdırmaq üçün dövlət tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac yoxdur. Bizim əsas məqsədimiz doğulan və böyüyən uşaqların keyfiyyətli olmasıdır. Uşaq sağlam böyüməli, yaxşı təhsil almalı, qidalanmalıdır. Bu istiqamətdə daha çox düşünməliyik. Çünki hazırkı rəqəmlər də göstərir ki, Avropa ölkələri, qonşu Gürcüstan, Rusiya , Ermənistanla müqayisədə ölkəmizdə vəziyyət kritik həddə deyil. Bu mənada narahat edici bir amil görmürəm”.

Lakin M.Quliyev ölkənin inkişafı və gələcəkdə problem yaşamaması üçün ailələrin 3 övlad sahibi olmalarını bildirdi:

“Son 15-20 ildə uşaqların doğulması pisləşməyib. Əvvəllər kənd yerlərində uşaqların sayı daha çox olurdu, amma indi mədəniyyət bölgələrə doğru gedib. Bu da kəndlərdə belə çoxuşaqlı ailələrin sayının azalmasına səbəb olub. Çünki insanlar özləri üçün yaşamaq istəyirlər. Əvvəllər ailələrin çox uşağa meyl etməsi təsərrüfatla bağlı məsələ olub. Uşaqlar daha çox köməkçi funksiyasında olublar. İndi isə buna o qədər də ehtiyac qalmayıb.

İki-üç uşağın olması həm maddi, həm də mənəvi baxımdan düzgün seçimdir. Üç uşağın olması isə ideal variantdır. Bir uşaq atanın, biri ananın, üçüncü isə millət üçün yaşayır, sayı artırır”.

Sosioloq Əhməd Qəşəmoğlu insanların təbii artımında azalmanın bütün dünyada müşahidə edildiyini, BMT və digər təşkilatların da bu siyasətin bütün ölkələrdə həyata keçməsində maraqlı olduqlarını vurğuladı:

“Bütün sosioloji təhlillər göstərir ki, maarifləndirmə, təhsilli insanların sayı çoxaldıqca, urbanizasiya gücləndikcə ailələrdə uşaqların sayı azalır. Bəzi ölkələrdə bu artım mənfi indekslə qeyd edilir. Azərbaycanda əhali artımı daha çox kənd rayondakı ailələr hesabına təmin olunub. Artıq müasir həyat tərzi kəndlərdə də müşahidə edilir. Bu inkişaf uşaqların sayının azalmasına səbəb olacaq. İldən-ilə bu proses müşahidə edilir, yaxın 10-12 ildə də təbii artımın azalması müşahidə edilə bilər, bu da normaldır. Əhalinin artımının mənfi indeksə keçməsi problem ola bilər. Yaxın illərdə isə bu proses müşahidə edilməyəcək”.

Sosioloqun sözlərinə görə, əhali artımı ən çox ötən əsrin 60-70-ci illərinə təsadüf edib, sonrakı dövrlərdə isə rəqəmlərdə müxtəlif dəyişikliklər olub. Sosioloq təbii artımın azalmasının yol aça biləcəyi problemlərə də toxundu:

“Hazırda bu problemin müşahidə olunduğu Avropa ölkələrinin ən böyük problemi miqrantların sayının çoxalmasıdır. Gəlmələrin sayı artdıqca əhalinin etnik tərkibi sürətlə dəyişir. Bu ölkənin mənəviyyat, mədəniyyətinin dəyişməsinə təsir edir. Bundan başqa, pensiya alanların sayı artır, vergi ödəyicilərinin sayı azalır. Xarici ölkədən gələnlərin qarşısını almağa çalışsaq, bu zaman da işçi qüvvəsi çatışmayacaq. Bu zaman isə Fransa, Almaniya kimi ölkələrdəki vəziyyət yaranacaq.

Əhalinin sayından daha çox keyfiyyətli artımı stimullaşdırmaq lazımdır. Say artımının tərəfdarı deyiləm, bu köhnə təfəkkürün məhsuludur. Artım mənfi indeks olmadan çoxalmaya ehtiyac var. Ailədə iki uşağın olması, normal olsa da, üç uşağın olması daha düzgündür. İki uşaq olanda həm əhali artımı dayanır, həm də uşaqlar arasında psixoloji problem olur”.

Hazırkı durumda əhalinin sayı təbii formada artır, lakin elə bu artımın özü də gələcəkdə bu sahədə problem yaşayacağımıza işarə verir. Bu gələcəyin konkret 10-12 yaxud daha gec olacağını deyə bilmərik. Amma rəqəmlər bunun qaçılmaz olduğunu göstərir. Axı iki uşaqla artım olmaz.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR