• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sovet liderinin naməlum qadını - FOTOLAR

Sovet liderinin naməlum qadını - FOTOLAR

Kremlə göndərilmiş təcili məktub və ya İosif Stalinin naməlum həyat yoldaşı...

Sovet liderinin rəsmi bioqrafiyasında bu qadın barədə bir cümlə belə yoxdur. Sensasiyalı sənəd isə bizi İosif Stalinin həyatının naməlum məqamı ilə tanış edir...

Bu tapmaca uzun illər boyu tarixçilərə baş ağrısı verib: D. Volkoqonov, B.İlizarov, A. Buşkov nə qədər çalışsalar da, bu sirrin üstünü açmağa müvəffəq olmayıblar. Stalinin şəxsi həyatı ilə bağlı qaranlıq məqam uzun illər qapalı qalıb...

“İcazə verin, onu görüm”

... Stalinin ömrünə bir sutkadan azca çox vaxt qalmışdı. Səhər radioda və qəzetlərdə SSRİ liderinin vəziyyətinin ağır olması barədə həyəcanlı xəbərlər getdi. Elə həmin gün - 4 mart 1953-cü ildə “Kremlə, yoldaş Malenkova” gizli şəkildə təcili bir məktub çatdırılır...

Beləliklə, bu gün biz artıq həmin məktubu açıq şəkildə hər kəsə təqdim edə bilərik:

“Hörmətli, yoldaş Malenkov!

Mən Anna Rubinşteynin qızıyam. (Cənab Stalinin keçmiş həyat yoldaşından olan).

Cənab Stalinin xəstəliyi ilə əlaqədar olaraq, onunla görüşməyimizə izn verməyinizi xahiş edirəm.

O, məni uşaqlıqdan tanıyır.

R. Sveşnikova.

(Regina Kostyukovskaya – qızlıq soyadı)

Mənim ünvanım...

Onu görmək mümkün deyilsə, o zaman xahiş edirəm ki, məni qəbul edəsiniz. Mənim işim təcilidir.

4/ III-1953-cü il.”

Ölüm ayağında olan Stalinə məktub sahibi nə demək istəyirdi? Həmin xanımın ölkə rəhbəri ilə hansı təcili işi vardı?

İndi biz yalnız ehtimallar edə bilərik. Ancaq gəlin, bir cəhd edək. Kimdir o – Anna Rubinşteyn? “Stalinin keçmiş həyat yoldaşı”? ...

***

Yaşdan başlayaq. Anna təxminən 1890-cu ildə anadan olub. Qızlıq soyadı dəqiq məlum deyil. Bəzi sənədlərə əsasən, onun 1911-ci ilin 28 sentyabr tarixində Zelm Kostyukovskiyə ərə getdiyini iddia etmək olar. Bu nikahdan onun Regina adlı qız dünyaya gəlir. İllər sonra Kremlə həmin təcili məktubu göndərən qız...

Annanın ərindən boşandığı tarix bəlli deyil. Güman edilir ki, o, Birinci Dünya Müharibəsi ərəfəsində qızı ilə birgə Sankt-Peterburqa köçür. Həmin zaman Stalin artıq tək yaşayırdı: İosif Stalinin ilk rəsmi həyat yoldaşı Yekaterina Svanidze 1907-ci ilin 22 noyabrında Tbilisidə vəfat etmişdi.

Regina yazırdı: “Yoldaş Stalin məni uşaqlıqdan tanıyır”. Stalinin Sankt-Peterburqda olduğu tarixləri nəzərə alsaq, bunun mümkün olduğunu görərik.

Çox güman ki, Stalin oradan 1917-ci ilin yazında qayıtmışdı. Reginanın o vaxt beş yaşı vardı. Odur ki, Reginanın onu yadda saxlaması təbii görünür. Stalinlə onun anası Annanın münasibətləri isə yəqin ki, 1912-ci ildən başlamışdı. 1912-1918-ci illər arası davam edən əlaqələr Stalinin ikinci rəsmi həyat yoldaşı Nadejda Aliluyeva ilə münasibətlərə də təsir edir. Stalinlə Nadejda 1919-cu ildə evlənmişdilər.

***

Anna Rubinşteynin sonrakı taleyi maraqlıdır. Bu haqda müəyyən məlumatlar toplamağa nail olmuşuq. Belə ki, Anna Rubinşteyn 50-ci illərin ortasında Leninqradda (indiki Sankt-Peterburq) vəfat edib. Onun harada dəfn olunduğu məlum olmasa da, harada yaşaması dəqiq bəllidir. Rubinşteynin nəvəsi Vitaliy Vladimiroviç Sveşnikov nənəsinin Vasilyenski adasında yaşadığını xatırlayır. Üzbəüz evdə isə 1926-1934-ci illərdə Kirov yaşayıb...

Bu cür “bahalı” məkan heç də təsadüfi deyil. Anna və yaxınlarının blokada illərində əziyyət çəkməməsi də, əlbəttə ki, təsadüf deyil.

Anna Rubinşteynin qızı Regina 1950-ci ilin 22 sentyabrında əri və oğlu ilə Leninqraddan Moskvaya - birbaşa Taqankadakı “yeni stalin” evlərindən birinə köçür. (!) Bu gün həmin evlərdə milyonçular yaşayır...

Kremlə yazılan məktubdan belə nəticə çıxarmaq olar ki, ölkə rəhbərliyi (hər halda, Beriya və Malenkov) Anna Rubinşteynin İosif Stalinin ilk həyat yoldaşı olmasından xəbərdar idi. Fəqət Annanın yəhudi olması səbəbindən, bu məsələni Stalinin icazəsi olmadan qabartmamışdılar.

***

Daha bir neçə fakt: Regina Zelmovna mühəndis idi. Onun oğlu Vitaliy Vladimiroviç və gəlini Marqarita Nikolayevna Sveşnikova xüsusi əhəmiyyətli ərazilərdəki “poçt qutularında” çalışırdı. Təsadüfi insanlar burada çalışa bilməzdi. Bu tip təşkilatlar günü bu gün də ölkə sirlərini qoruyur.

Bu və digər faktlar Anna Rubinşteynin və qızının yalanlar uydurmadıqlarını bir daha təsdiq edir.

Regina 1989-cu ilin 22 yanvarında vəfat edir. Onun Kremlə məktubu 1953-cü il 16 aprel tarixindən sonra “arxiv”ə göndərilir...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR