14 il baş nazir olmuş lider DTK agenti çıxdı – ŞOK FAKTLAR
Bizi izləyin

Sovet sirləri

14 il baş nazir olmuş lider DTK agenti çıxdı – ŞOK FAKTLAR

Norveçin baş naziri Eynar Herxardsenin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agenti olması barədə faktlar üzə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, DTK-nın keçmiş əməkdaşı Mitroxinin arxivdəki araşdırmaları zamanı Norveç hökumətinə rəhbərlik etmiş Eynar Herxardsen 14 il ərzində SSRİ-nin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi məlum olub. Bu sirr Sovetlər Birliyindən xaricə getmiş şəxslərdən birinin Qərb dövlətlərinə Mitroxinin arxivindəki sənədi təqdim etməsindən sonra açılıb.

Herxardsen Norveç Fəhlə Sosial-Demokrat Partiyasının sədri olub, 1945-1949-cu və 1955-1965-ci illərdə ölkənin baş naziri vəzifəsində çalışıb. O, 1955-ci ildə SSRİ-yə rəsmi səfər etmiş ilk Qərb dövlət rəhbəri kimi tarixə düşüb.

TV2 telekanalının yaydığı materiala əsasən, DTK-nın keçmiş əməkdaşı, 1992-ci ildə Böyük Britaniyaya getmiş Vasili Mitroxin 40-dən artıq Norveç hərbçisinin, siyasətçisinin və ictimai xadiminin SSRİ-nin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyini bildirib.

Arxiv tədqiqatçısı, tarixçi Osmund Eqqe qeyd edib ki, Norveç dünyanın böyük dövlətlərinin kəşfiyyat orqanlarının diqqətini cəlb edib. Tez-tez “xalqın atası” adlandırılan Herxardsen də 1957-ci ildə DTK ilə razılığa gəlib və konspirativ “Yan” adını alıb.

Onunla yanaşı, nazirlərindən ikisi də DTK əməkdaşı olub. İohan Strand Yohansen kodlaşdırılmış “Norman” adı ilə DTK-ya işləyirmiş. Qunnar Bonun isə gizli adı “Mono” olub.

Arxiv araşdırmaçıları Sovet xüsusi xidmət orqanlarının sənədlərində Norveçin Daxili İşlər Nazirliyinin nümayəndələrinin, siyasətçilərin, jurnalistlərin, alimlərin, tələbələrin adlarının DTK-nın əməkdaşları kimi qeyd edildiklərini üzə çıxarıblar.

Onlardan bəziləri 2000-ci ilə qədər diplomatik sahədə çalışıblar. Sənədlər göstərir ki, 16 norveçli ABŞ Dövlət Departamentinə qarşı fəaliyyət göstərib. Bütün bunlar isə Norveçin daxili siyasi proseslərinə təsirsiz ötüşməyib.

Mitroxinin arxiv sənədləri əsasında BMT-nin onlarla əməkdaşının da SSRİ xüsusi xidmət orqanının casusu olmaları üzə çıxıb.

Norveç hökuməti jurnalistlərin başqa dövlətlərin agentlərinin diplomatik dairələrə təsiri barədə sorğularını rədd edib.

Telekanal “Ştazi” vasitəsilə ələ alınmış, İkinci Dünya Müharibəsi illərində Moskva səfirliyində, Çexoslovakiyada fəaliyyət göstərmiş bir sıra agentlərin adlarını da açıqlayıb.

TV2 öz reportajında Norveç hökumətinin Britaniya xüsusi xidmət orqanına göndərdiyi dəqiq məlumatlara da toxunub. Bu işə Şpisbergenin keçmiş qubernatoru Per Sefland xüsusi cəlb edilib.

Qeyd edək ki, DTK-nın Arxiv Şöbəsinin rəisi Vasili Mitroxin Britaniyaya 1992-ci ildə gedib. 70 yaşlı DTK işçisi ailə üzvlərini və DTK-nın 12 il ərzində üzünü çıxarıb, 6 böyük konteynerə yüklədiyi sənədlərini də özü ilə aparıb.

Mitroxin sənədlərin üzünü kiçik kağız parçalarına köçürür, uzunboğaz çəkməsində, corabında və şalvarında gizlədərək arxivdən çıxarırmış. Sonra da onları bağ evində döşəmənin paketinin altında gizlədirmiş.

Sənədlər 1918-1980-ci illərə aid kəşfiyyat əməliyyatlarını əhatə edir. Onların bir qismini Rusiyadan olduqca məxfi şəkildə Britaniya kəşfiyyatı çıxarıb. Kristofer Endrü bu haqda “Mitroxinin arxivi” kitabını yazıb. Bu kitab işıq üzü gördükdən sonra böyük hay-küy yaradıb.

Agent nənələrin işi, o cümlədən, 40 il Britaniyada çalışmış SSRİ kəşfiyyatının üzvü Melit Norvudun və Feliks Bloxun işi, ABŞ Dövlət Departamentinin casusluqda ittiham edilən yüksəkvəzifəli nümayəndəsinin qalmaqalları bu qəbildən idi.

“Mitroxinin arxivi” kitabında DTK-nın Riçard Niksonla danışıqlarını izlədiyi Henri Kissincerdən tutmuş, Zbiqnev Bjezinskiyə qədər bir çox məşhurun, habelə prezident Kartetin SSRİ agentləri tərəfindən ələ alınmış milli təhlükəsizlik məsələləri üzrə köməkçilərinin də adı var.

ABŞ-ın Federal Təhqiqat Bürosu Mitroxinin arxivinin istənilən mənbədən alınmış xəbərlərdən daha dolğun və ətraflı olduğunu bəyan edib.

Mitroxin 2006-cı il yanvarın sonlarında Londonda dünyasını dəyişib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm