“Zombi apokalipsisi”, “Yeraltı dəhşətlər” – Stalinin gizli bunkerindən FOTOLAR
Bizi izləyin

Dünya

“Zombi apokalipsisi”, “Yeraltı dəhşətlər” – Stalinin gizli bunkerindən FOTOLAR

Moskvanın Taqanka rayonunda yerləşən, bir zamanlar sovet aviasiyasının (QO-42) keçmiş Ehtiyat Nəzarət məntəqəsi kimi fəaliyyət göstərmiş yeraltı məkan indi “Bunker-42”, yaxud Stalinin bunkeri adlanır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, böyük sahəyə malik yeraltı kompleks ötən əsrin 50-ci illərində inşa edilib.

65 metr dərinlikdə yerləşən Stalin bunkeri muzeyin altında salınıb. Onun inşa edilməsində əsas məqsəd ABŞ-ın o dövrdə gözlənilən nüvə zərbəsindən yayınmaq idi.

Bunker 7000 kvadratmetr sahəni əhatə edir. Müdafiə obyekti metronun halqaşəkilli xəttiylə birləşdirilib.

Bunkerin əsas komanda məntəqəsi ballistik raketlərin idarəetmə pultu olub. Bununla yanaşı, bunkerdə bir sıra əlavə texniki avadanlıqlar – teleqraf, geodeziya laboratoriyası, radiostansiya və digər vasitələr olub.

Xüsusi hallarda fəaliyyət göstərəcək bunkerdə hətta iki artezian quyusu, havatəmizləyici sistemi də mövcud olub. Stalin bunkerinin əsas bloku tuneldən ibarət imiş.

Bir zamanlar bunkeri ziyarət edənlər bu cür dərinlikdə inşa edilmiş mürəkkəb keçidlərə, mütəşəkkil kompleksə heyran qalıblar. Bütün bunlar həmin dövrün paranoid hakimiyyətinin ehtiyatkarlığının sərhəd tanımadığını göstərir.

Maraqlı fakt bundan ibarətdir ki, Stalin bunkerində ilin istənilən mövsümündə daxili temperatur +16 dərəcə təşkil edir. Ancaq yerdəki qrunt sularına görə burada rütubət yüksək olub.

Bunker o dövr üçün etibarlı sayılan işıqlandırma sistemi ilə təchiz olunub. Bunkerin inşasında məhbusların əməyindən istifadə edilib.

Stalin bunkeri o qədər dərindir ki, liftə çatmaq üçün 310 pillə qalxmaq lazımdır.

Stalin bunkeri 1995-ci ildə birdəfəlik bağlanıb və 2006-cı ildə auksionda hərraca çıxarılaraq 6 milyon rubla satılıb. Hal-hazırda burada banketlər, simpoziumlar və digər tədbirlər keçirilir.

Yeraltı obyekt üzrə ekskursiyaların bir neçə növü ziyarətçilərə təklif edilir. Bunlardan biri də nüvə qarşıdurmasının tarixinə həsr edilmiş ekskursiyadır. Onun müddəti 1 bir saat 25 dəqiqə davam edir.

"ZKP-42" - ekskursiyanın genişləndirilmiş versiyasıdır. Bu versiyaya ölkənin ali rəhbəri Stalinin iclas zalına və kabinetinə baş çəkmək daxil edilib.

"Ekstrim" ziyarət versiyasında turistləri, qonaqları bunkerin hərbi texnologiyalar üçün əlçatmaz olan hissələrinə aparırlar. Burada ziyarətçilərə “soyuq” müharibə, sülh vaxtında və ya ehtimal olunmuş nüvə müharibəsi dövründə bunkerin daxili fəaliyyət sistemlərinin işini nümayiş etdirirlər.

Yalnız 16 yaşdan yuxarı turistlər, qonaqlar üçün nəzərdə tutulmuş bu ziyarətin müddəti 1 saat 15 dəqiqə çəkir.

Ziyarətin “Bunker-42" versiyası Stalinin bunkerinin inşası haqqında məlumatları turistlərə, qonaqlara çatdıran ekskursiyadır. Bu ekskursiyada ziyarətçilər kompleksin təyinatı, tikintinin hədəfləri barədə məlumatlandırılır.

Buda həmçinin “Zombi apokalipsisİ”, “Dəli professor”, “Qarşıdurma”, “Axtarışların bunkeri”, “Yeraltı dəhşətlər” kimi oyunlarla əylənmək imkanları var.

Hazırda Stalinin bunkerindən əyləncə məkanəı kimi istifadə edən təşkilatçılar burada 1200 kvadratmetrlik oyun meydançası yaradıblar. Burada qonaqlar üçün həmçinin restoran, banket zalı, rəqs klubu, iclas zalı, 1000 nəfərlik zal fəaliyyət göstərir.

Stalinin bunkeri 24 saat fasiləsiz fəaliyyət göstərir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm