• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Unudulmaz müəllimim - akademik Zahid Xəlilov

  • Art
  • 14 Yanvar 2017 12:47
  • 3 038 Baxış
Unudulmaz müəllimim - akademik Zahid Xəlilov

Bu gün akademik Zahid Xəlilovun dünyaya göz açıb. Yaşasaydı onun 100 yaşı olacaqdı.

Bu münasibətlə onun yetirməsi professor Məmməd Bayramoğlu bir yazı hazırlayıb.

Publika.az maraqlı olacağını nəzərə alaraq, həmin yazını təqdim edir.

Akademik Zahid Xəlilovun adını orta məktəbdə oxuyarkən riyaziyyat müəllimimdən eşitmişdim. Odur ki, o vaxtdan bəri bu böyük insanı görmək arzusu ilə yaşayırdım. Nəhayət ki, arzum gerkəçləşdi. 7 il (1967-1973) onun şöbəsində (funksional analiz) işləməyi tale mənə nəsib etdi. O vaxtlar Zahid müəllim Riyaziyyat və Mexanika İnstitutunun direktoru idi. Onun şöbəsində işləmək nə qədər şərəfli idisə, bir o qədər də məsuliyyətli idi. Belə ki, Zahid müəllim çox tələbkar idi, o, hər birimizi məşğul olduğumuz elm sahəsinə (riyaziyyata) tam yiyələnməyə sövq edər, qarşımıza yaxşı elmi nəticələr almaq tələbini qoyardı. Şöbədə hər həftənin bir günü "Funksional analiz və onun tətbiqləri" mövzusunda seminar keçirərdi. 2-3 saat davam edən seminarda sıra ilə hər birimiz çıxış edər və əldə etdiyimiz nəticələri ortaya qoyardıq. Onu da deyim ki, Zahid müəllimin şöbəsində işləyənlərin çoxu müxtəlif vaxtlarda doktorluq dissertasiyası müdafiə etdilər (M.Cavadov, S.Yaqubov, F.Maqsudov, Y.Domşlak, R.Cabbarzadə, bu sətirlərin müəllifi və b.).

Əlbəttə, bu qısa yazıda onun haqqında təəssüratlarımı tam bölüşə bilmərəm. Ancaq bununla belə, ötəri də olsa, bəzi anları ifadə edəcəm. Zahid müəllim hər zaman riyaziyyatda yeniliklər etdiyi kimi, bu elmə yeniliklər gətirən nəhəng alimlərin tədqiqatlarını da təbliğ edərdi. Yaxşı yadımdadır, deyərdi ki, Fransa alimi Serr, Amerika alimi Atiyah, İsveç alimi Hörmander kimi görkəmli alimlərin məqalələrini oxuyun, öyrənin və gələcəkdə tələbələrinizi, aspirantlarınızı onların çalışmaları istiqamətində yönləndirin. Mən Zahid müəllimin uzaqgörənliyini bu gün də heyranlıqla qarşılayıram. Belə ki, bir az öncə adlarını çəkdiyim ilk iki alim Zahid müəllimin bizə dediyi vaxtdan təxminən 40 il sonra Abel mükafatı aldılar (Abel - güzəranı son dərəcə kasıbçılıq şəraitində keçmiş dahi bir gənc, 1802-1829-cu illərdə yaşayıb, məşhur Norveç riyaziyyatçısıdır). Onu da deyim ki, Abel mükafatı riyaziyyatçılara verilməyən Nobel mükafatının bənzəridir. Dəyəri 2008-ci ildən etibarən 1,2 milyon ABŞ dolları civarında olan bu mükafat ildə bir riyaziyyatçı-alimə verilir.

Zahid müəllim xalqını çox sevən insan idi. Bunu şahidi olduğum bir hadisənin timsalında deyim. 1971-ci il idi. O, Azərbaycan Dövlət Univeristetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələrindən funksional analizdən imtahan götürürdü. Kömək etmək üçün məni də imtahana aparmışdı. Elə oldu ki, əlaçı bir tələbə qız (sonradan o, Kibernetika İnstitutunda işlədi) imtahandan aşağı qiymət aldı. Qızın çox məyus olduğunu görən Zahid müəllim dedi: Qızım, dekanlıqdan izn al, mən özüm də dekana deyəcəm, bir az da çalış, səni yenidən imtahan edəcəm. Elə oldu ki, bir neçə gündən sonra Zahid müəllim məni yanına çağırıb dedi: Bu qız izn kağızı (göndəriş vərəqi) ilə gəlib, imtahan biletlərini götür, onu imtahan et və fikrini mənə söylə. (Onu da deyim ki, Zahid müəllimin öz dəst-xətti ilə yazdığı həmin imtahan biletlərini indi də yadigar kimi saxlayıram). Mən həmin tələbəni imtahan etdim, həqiqətən çox yaxşı cavab verdi. İmtahandan sonra Zahid müəllimin yanına getdim. Soruşdu ki, necə cavab verdi, nə təklif edirsən. Dedim: Zahid müəllim, fəxr eləyirəm ki, azərbaycanlı qız bu cür çətin teoremi - tərpənməz nöqtə haqqında Şauder prinsipini gözəl isbat etdi. O, üzünü mənə tutub dedi: Qurban olum Azərbaycan xalqına (olduğu kimi deyirəm - M.B.). Azərbaycanlı qızla o vaxt fəxr eləmək olar ki, o, başqasının teoremini isbat etmək yox, özü elə bir teorem versin. Əlbəttə, mən susdum, bir şey deyəmmədim və Zahid müəllim əlavə bir söz demədən qızın izn kağızına "əla" yazdı.

Zahid müəllim haqqında gözəl sözlər söyləməklə bitən deyil. Onun tarixi, ədəbiyyatı, kimyanı gözəl bilməyi, gözəl danışmağı, gözəl yazmağı, gözəl geyim-gecimi bizi həmişə heyran edirdi. O, böyük bir insan, ensiklopedik biliyə malik olan şəxsiyyət idi. Allahın riyaziyyat elmində Nəsirəddin Tusidən sonra Azərbaycana verdiyi Zahid Xəlilovdur, deyənlər çox haqlıdırlar.

Akademik Zahid Xəlilov haqqında yazmaq haqqına sahib olduğumu (bəlkə də təvazökarlıqdan kənardır, ancaq faktdır) bununla izah edə bilərəm ki, Zahid müəllim məni ilk dəfə namizədlik dissertasiyasına opponent, aspiranta elmi rəhbər (tək rəhbər) təyin etmiş, imtahanlarına aparmış, bəzən mühazirələrini aparmağı mənə etibar etmiş, Azərbaycan Dövlət Universiteti nəzdindəki ali məktəb müəllimlərinin ixtisasartırma fakültəsində öz dərslərini mənə vermişdir və s.

Riyaziyyat elmi var olduqca, akademik Zahid Xəlilovun adı yaşayacaqdır...

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR