• USD 1,7000 0,00% EUR 1,8799 +0,18%
    • GBP 2,1349 +0,64% RUB 0,0265 +0,38%

DTX-nin Akademiyasında Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirildi

  • Art
  • 16 May 2019 14:20
DTX-nin Akademiyasında Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirildi

DTX-nin Heydər Əliyev adına Akademiyasında “İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Akademiyanın müəllim-professor və kursant heyəti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri namizədi, dosent Səadət Şıxıyeva iştirak ediblər.

Əvvəlcə Akademiyanın rəis müavini Elşad Nəsirov Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra videoçarx nümayiş olundu.

Akademiyanın fakültə rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov İmadəddin Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışdı.

Filologiya elmləri namizədi, dosent Səadət Şıxıyeva Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini və insani məhəbbəti tərənnüm etdiyini bildirdi. Məruzəçi anadilli şeirin humanist ideyalarla, yəni məzmun, geyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri barədə söhbət açdı.

Sonra kursantların ifasında İmadəddin Nəsiminin qəzəllərinin söylənilməsi və şairin məhkəmə səhnəsini canlandırmaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR