“Bakıda erməni yazıçı danışırdı” - Kitab sərgisində nə baş verib?
Bizi izləyin

Art

“Bakıda erməni yazıçı danışırdı” - Kitab sərgisində nə baş verib?

“Əkrəm Əylislinin Milli Kitab Sərgisində iştirakını yanlış hesab edirəm. Çünki adam yenə də eyni fikirdədir. “Daş yuxular”dakı bütün fikirlər uydurmadır. Mən həmin vaxt gənc idim, o dövrü çox yaxşı xatırlayıram. Onun kitabında göstərdiyi hadisələrin heç biri olmayıb. Əkrəm Əylisli yenə də həmin fikirlərinin üzərində dayanır. Onu dinləyəndə düşündüm ki, kitab sərgisində bir erməni yazıçısı danışır. O, Azərbaycan yazıçısı deyil”.

Bu fikirləri Publika.az-a şairə Kəmalə Abiyeva Əkrəm Əylislinin Milli Kitab Sərgisində imza saatının keçirilməsinə və orada səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Şairə Əylislinin imza saatının təşkil edilməsini bütün xalqa qarşı təhqir və hörmətsizlik hesab edir:

“Mən iki ildir şəhidlərimizdən yazıram, sanki o adam həmin gün mənim anamdan əmdiyim südü burnumdan gətirdi... O, öz çıxışını Azərbaycan dövlətinə və xalqına qarşı yönəldib. Zelenskinin adı ilə yenə də bizi ittiham edirdi. Bir o qalmışdı ki, şəhidləri düşmən adlandırsın. O mənim üçün Əkrəm Həsənovdur, Əylisli deyil. Əylisli kəndinin camaatı ondan imtina edib. Sanki onu qəsdən kitab sərgisinə gətirmişdilər. Mən onun olduğu yerə heç vaxt getmərəm, onu heç yazıçı kimi də oxumamışam. Evimizdə o dövrün bütün yazıçılarının kitabları vardı. Amma Əylislini oxumağa marağım yox idi nədənsə. “Adamlar və ağaclar”ı almışdım, bir-iki səhifə oxudum və daha heç vaxt onu oxumadım. Kitabı da sonralar kiməsə verdim”.

K.Abiyeva bildirib ki, Əkrəm Əylisli Vətən sevgisinin nə olduğunu hələ də anlamayıb:

“İki il ərzində yüzlərlə qazi, şəhid ailəsi, hərbçilərlə, müharibə iştirakçıları ilə danışmışam, iki kitab yazmışam. Mən bir şəhid, qazi anasından eşitmədim ki, mənim övladım niyə getdi döyüşdü, başqasınınkı getmədi. Çünki Vətən sevgisi hansısa məmurun pulu ilə ölçülmür. Bu sevgi ürəkdə ya olur, ya da olmur. İyirmi doqquz sentyabr tarixində kitab sərgisinə Əkrəm Əylislinin dəvət olunması doğru addım deyil. İki il öncə həmin tarixdə ilk şəhidlərimiz gəlib. Belə bir gündə onun imza saatının təşkil olunması və orada yenə də əvvəlki səhvlərini təkrarlanması xalqa qarşı təhqirdir.

Yüz illərdir erməni faşizminə minlərlə qurban vermişik, bu qədər torpaq itirmişik, qaçqın, köçkün olmuşuq. Heç vicdanı sızlamadımı? 2020-ci ilin 29 sentyabr tarixinə baxıbmı görən Əkrəm Əylisli və onu alqışlayanlar? Necə oğullar canını verib həmin gün... Bunu görüb gecə yata bilməmişəm. Yalandan deyir ki, “mən xalqımı sevirəm, bunun üçün o kitabı yazmışam. 10 erməni bu kitabı oxusa Azərbaycan xalqına nifrət etməyəcək. Mən xalqı 10 erməninin nifrətindən xilas etdim. Kitabları yandıranlar xalq deyildi, kütlə idi və s.” Bu, əsrlərdir davam edir, o deyəsən tariximizi oxumayıb. O, ümumiyyətlə necə yazıçıdır, necə insandır?!”

Şairə qeyd edib ki, Əkrəm Əylislinin imza saatına qatılanlar və onu alqışlayanlar ondan da betərdir: “Onu alqışlayan kütlədir. Onlar bizim xalq deyil, heç Azərbaycan vətəndaşı da deyillər, mən bunu belə də qəbul edirəm. Orada iştirak etmək, o imza saatına qatılmaq da satqın olmaqdır”.

Qeyd edək ki, sentyabrın 29-da 4-cü Milli Kitab Sərgisində yazıçı Əkrəm Əylisli ilə görüş keçirilib. O, uzun və gərgin fasilədən sonra ilk dəfə oxucularının qarşısına çıxaraq, sualları cavablandırıb.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm