Puşkin qələmi, Çaykovski bəstəsi, Macarıstan səhnəsi - "Yevgeni Onegin" baletindən MƏFTUNLUQ REPORTAJI - FOTO/VİDEO
Bizi izləyin

Art

Puşkin qələmi, Çaykovski bəstəsi, Macarıstan səhnəsi - "Yevgeni Onegin" baletindən MƏFTUNLUQ REPORTAJI - FOTO/VİDEO

Teatr dopdolu, lojalar əlvan,

Qaynaşır camaat sıx cərgələrdə.

İntizar içində gözləyir hər yan,

Birdən qırçın-qırçın çəkilir pərdə.

Uçur İstomina xəfif hüsndə

Hurilər, mələklər əhatəsində.

Bu misralar əsərlərinin səhnələşdirilməsini, onların teatrda böyük şövq və coşğu ilə qarşılanmasını istəyən şair Aleksandr Puşkinin gələcək arzularından xəbər verirdi. Şairin arzularını görkəmli bəstəkar Pyotr Çaykovski 1878-ci ildə həyata keçirdi və onun “Yevgeni Onegin” poemasına eyniadlı operasını bəstələdi. Xoreoqraf Con Kranko isə Çaykovskinin musiqisi əsasında əsəri klassik rəqs dilinə “tərcümə etdi”. Balet ilk dəfə 1965-ci ildə Ştutqartda tamaşaya qoyuldu. Əsərin aranjimanını isə alman bəstəkarı və musiqiçisi Kurt-Heinz Stolze həyata keçirdi. Artıq illərdir ki, sözügedən opera tamaşası tək Rusiyada deyil, dünyanın da ən mötəbər konsert salonlarında nümayiş etdirilir və qəlbləri riqqətə gətirməyə davam edir.

Publika.az Aleksandr Puşkinin eyniadlı əsəri əsasında hazırlanan üçpərdəli "Yevgeni Onegin" baletindən reportajı təqdim edir.

Mənə balet tamaşasını Macarıstanda Dövlət Opera Teatrında izləmək qismət oldu. Ondan başlayım ki, biletlər çox tez satıldığından opera evinin saytını tez-tez izləmək lazım gəlir. Məsələn, bir neçə ay əvvəl “Şelkunçik” baletinin biletləri 10-15 dəqiqənin içində satılıb qurtarmışdı. Odur ki, sevgi dramından bəhs edən “Onegin” baletini qaçıra bilməzdim. Əgər opera salonlarının xüsusi dress-kod qaydaları olduğunu və bunun cibinizə baha-başa gələcəyini düşünürsünüzsə, yanıla bilərsiniz. Teatra axşam gedirsinizsə, geyiminiz daha zərif ola bilər. Lakin tamaşa gündüzdürsə, sadəcə səliqəli və təmiz paltar geyinməyiniz kifayətdir. Biletlərin qiymətləri cərgələrə görə dəyişir. Mən arxa cərgədən bizim pulla 16 manata almışdım.

İlk təəssüart

Həyəcanla daxil olduğum foyedə qarşımda açılan mənzərəni heyranlıqla izləyirəm, bir neçə kadrı ölümsüzləşdirdikdən sonra liftlə yuxarı mərtəbəyə qalxır və yerimi tapıb rahatlanıram. Qırmızı paltar geyinmiş nəzarətçilər koridorda zəhimli müəllimələr kimi, zınqırovu əllərinə alıb yellədir və tamaşaçıları öz oturacaqlarını tutmağa çağırırlar. Bu, tamaşanın tezliklə başlayacağından xəbər verir. Hər kəs öz yerini tutduqdan sonra zalın işıqları sönür və dərin bir səssizlik çökür. Səhnənin aşağı hissəsində yer alan və dirijor Pol Konnelinin rəhbərlik etdiyi Macarıstan Dövlət Operasının Orkestri də səbirsizliklə qəhrəmanları müşayiət etməyi gözləyirlər.

Birinci pərdə

Qırmızı məxmər pərdə yavaş-yavaş aralanır və Çaykovskinin musiqisi səhnədə Puşkinin əfsanəvi melanxolik ruhunu bir daha canlandırır... Larina xanımın evinin bağında toplanan ev sakinləri Tatyananın ad gününə hazırlaşırlar. Olqa və dostları rəqs edir, Tatyana bu hay-küydən bir kənara çəkilib kitab oxuyur. Gənclər köhnə bir oyun oynamağa başlayırlar. Qızlar inanır ki, güzgüyə baxanda orda sevgililərinin əksini görə biləcəklər. Şən Olqa aynada nişanlısı Lenskini görür. Xəyalpərəst Tatyana güzgüyə baxanda Lenskinin Larinin evinə tanışlıq ziyarəti üçün gətirdiyi Onegini görür. Qız ilk baxışdan yad adama aşiq olur. Olqa və Lenski xoşbəxt halda duet rəqs edirlər. Tatyana Oneginlə bağda gəzir, şəhərdən gələn qonaq isə qıza fikir vermir, ona soyuq davranır və uzaq durur.

Daha sonra Tatyananın yataq otağı təsvir olunur. Tatyana Oneginə məktub yazaraq yad bir kişiyə ehtiraslı sevgisini etiraf edir. Məktubu yazarkən qız yuxuya gedir və yuxusunda arzusu gerçəkləşir: güzgüdə sevgisini rədd edən Onegini yenidən görür. Birinci hissə burada başa çatır və tamaşaçılar alqışlarla sənətçiləri müvəqqəti yola salıb 15 dəqiqəlik fasilyə çıxırlar.

Teatr binasının memarlığı, qəhrəmanların romantik geyimləri, səhnə tərtibatı və klassik musiqi əsərinin gücü tamaşaçını orta əsrlərə aparsa da, onun mövzusu həmişə aktual olub və günümüzlə də səsləşir. İncəbelli balerinaların səhnədə xəfif rəqsləri elə təəssürat oyadır ki, sanki üzgəclərini geniş açaraq suda üzən balıqları, ya da səmada süzən qaranquşları izləyirsən və onların keçirdiyi ağrıları iliklərinə qədər hiss edirsən. Opera personajları dramın canlı iştirakçıları kimi, duyğularını rəqs və bədən dili ilə çox mükəmməl şəkildə ifadə edirdilər.

İkinci pərdə

İkinci pərdə Tatyananın doğum günü ilə başlayır. Onegin və Lenski Madam Larinanın evində Tatyananın ad gününə dəvət olunurlar. Səbəbkar ümid və həyəcanla məktubu oğlana uzadır. Onegin isə onu kobud şəkildə incidir, hirslə məktubu cırıb qızın ovcuna tökür. Amansız Onegin qızın ruhuna daha bir sağalmaz yara vurur: o, qalmaqallı bir şəkildə Olqa ilə görüşməyə başlayır. Bu zaman Larin ailəsinin köhnə dostu Şahzadə Qremin şənliyə gəlir. O, Tatyananı rəqsə dəvət edir. Qız isə hətta rəqs zamanı Oneginə baxmağa davam edir, amma xəyal qırıqlığına düçar olur, çünki sevdiyi kişinin bütün diqqəti Olqadadır. Olqanı heç cür ram edə bilməyən Lenski bərk qəzəblənir və dostunu duelə çağırır.

Tərk edilmiş bir parkda Tatyana və Olqa Lensskini duel fikrindən daşındırmaq üçün ona yalvarırlar. Onegin barışmağa meyllidir, amma qəlbən incimiş dost qətiyyətlidir. Dueldə Onegin Lenskini öldürür və ikinci pərdə yekunlaşır. Tamaşaçılar bu səhnəyə görə, aktyorları yenə alqış atəşinə tutub fasilə çxırlar.

Personajlar o qədər qıvraq və cəlddir ki, qəhrəmanların iztirabları hamı üçün başa düşülən, hamıya yaxın və ovsunlayıcıdı. Puşkinin qəhrəmanları ilə Pyotr İliç Çaykovski musiqisinin harmonik birləşməsi tamaşaçılara xoreoqrafın konsepsiyasını daha yaxşı başa düşməyə imkan verir. Hərəkətlərin mükəmməl harmoniyası, inanılmaz plastiklik və heyrətamiz musiqi, xüsusilə səhnə tərtibatı sayəsində çox fantastik və inandırıcı görünür. Baletin ikinci pərdəsinin özəlliyi inanılmaz emosionallığıdır. Xoreoqraf rəssam kimi rəqsə xüsusi ifadəlilik vermək üçün müxtəlif, bəzən gözlənilməz vasitələrdən istifadə edib. Bununla belə, rejissorun niyyətlərini tamaşaçıya dəqiqliyi ilə ötürən çox ahəngdar birləşmə alınıb.

Üçüncü pərdə

Üçüncü pərdə 10 il sonrakı hadisələrin təsviri ilə canlanır. Şahzadə Qremin ilə ailə quran Tatyana onu sevgi, qayğı və öpüşlərlə yola salır. Dünyəvi həyat yaşayan və hər şeydən məyus olan Onegin isə başa düşür ki, Tatyanadan imtina etməklə həyatının yeganə əsl sevgisini itirib. O, Tatyananı Şahzadə Qreminin təşkil etdiyi balda görəndə, ümid edir ki, qızın köhnə hissləri yenidən alovlanacaq. Tatyana isə ondan üz döndərir.

Bu dəfə Onegin Tatyanaya sevgi dolu məktub yazır. Tatyana görüşdən yayınmaq istəyir: ərindən xahiş edir ki, həmin gecə onu tək qoymasın. Onegin isə ehtiraslı sevgisini etiraf etməyə bir fürsət tapır. Tatyananın ruhu narahatdır, köhnə hissləri hələ də soyumayıb. Ancaq sonda sağlam düşüncə qalib gəlir, o, keçmiş sevgisinin tələsindən xilas olur və məktubu oxumadan cırıb atır. Köhnə borcunu Oneginə qaytaran Tatyananın bu hərəkətləri və ərinə olan sonsuz sədaqəti salonda alqış sədaları ilə mükafatlandırılır. Dəqiqələrlə davam edən alqışlar həm də tamaşaçıların bütün kollektivə layiqli təşəkkür idi.

Tamaşa zamanı foto və video çəkilməsinə qətiyyən icazə verilmirdi. Ciddi nəzarətçilər telefon işığını görən kimi, lazeri düz sizin üzərinizə tuşlayırlar. Odur ki, çox az kadr çəkə bildim.

Ümumiləşdirsək, “Yevgeni Onegin” baleti sizi düşündürən, empatiya qurmağa məcbur edən, həm təəccübləndirən, həm şəfqət hissi ötürən bir tamaşadır. Bir hərəkətlə izləyicini necə ovsunlamaq, fikir və hisslərin bütün qalaktikasını necə ifadə etmək olar? “Yevgeni Onegin” baleti bunun ən yaxşı sübutlarından biridir. Romantik, eyni zamanda drammatik, müasir və aktual, ruhun dərinliklərinə nüfuz edən - tamaşaçılar bu tamaşanı belə təsvir edirlər. Bu, həm də xoreodram janrında ən yaxşı baletlərdən biridir. “Yevgeni Onegin” Budapeştdə opera teatrının repertuarında da daim yer alır. Odur ki, tamaşa çoxsaylı xarici qonaqlar üçün də əsl kəşfdir. Bəlkə sizin də məhz bu tamaşa ilə baletə olan sevginiz başlayacaq, əsas odur ki, sənətə biganə qalmayaq və ruhumuzu ac qoymayaq.

Aytən Məftun

Yazının əvvəlini buradan oxuya bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm