İtaliyada seçkilərdə "İtaliya Qardaşları" Partiyası liderlik edir
Bizi izləyin

Avropa

İtaliyada seçkilərdə "İtaliya Qardaşları" Partiyası liderlik edir

İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərin ilkin nəticələrinə görə, Giorgia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” Partiyası birinci yerdədir.

Publika.az xəbər verir ki, İtaliyada keçirilən ümumi seçkilərdə səsvermə başa çatıb. İtalyanlar 19-cu qanunverici orqanın - parlamentin yuxarı palatası olan Senatın və aşağı palata - Nümayəndələr Palatasının yeni üzvlərini seçmək üçün səs veriblər.

Qeyri-rəsmi nəticələrə görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya səslərin 41-45 faizini toplayıb. Koalisiya daxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya Baş nazirin namizədliyini irəli sürəcək.

İtaliyada sağçı koalisiyanın 11 ildən sonra yenidən hakimiyyətə gələcəyi, parlamentin aşağı və yuxarı palatalarında hökumət qurmaq üçün çoxluğu əldə edəcəyi və “İtaliya Qardaşları” Partiyasının lideri Giorgia Meloninin ölkənin ilk qadın Baş naziri olacağı gözlənilir.

Qeyd edək ki, İtaliyada İkinci Dünya müharibəsindən bəri ilk dəfə seçkilərdə ifrat sağçı partiya birinci olub.

Bu seçki ilə İtaliya parlamentinin strukturu da dəyişib. Belə ki, parlamentdəki yerlərin sayı 945-dən 600-ə endirilir. Senata 200 senator, Nümayəndələr Palatasına isə 400 deputat seçiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm