Samir Şərifov: "Səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılacaq"
Bizi izləyin

Banklar

Samir Şərifov: "Səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılacaq"

Dekabrın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Regional məsələlər komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 2021-ci ilin dövlət büdcəsinin ümumi parametrləri barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu 2020-ci ilin proqnozu ilə müqayisədə 1,3 milyard manat və yaxud 5,4 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard manat və ya 3,8 faiz çoxdur.

Qeyd olunub ki, 2021-ci il dövlət büdcəsinin əsas prioritetləri işğaldan azad olunmuş ərazilərin bərpası, ölkənin müdafiə potensialının gücləndirilməsinin davam etdirilməsi və pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləridir. Növbəti ilin dövlət büdcəsinin ümumi xərclərinin 63,1 faizi cari xərclərə, 29,2 faizi əsaslı xərclərə, 7,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 4 milyard 586 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilə nisbətən 781,5 milyon manat çoxdur.

Xərclərin əsas istiqamətləri müəyyən edilərkən ən ümdə prioritet kimi qəbul edilən və 2020-ci ildə Azərbaycan xalqının apardığı Vətən müharibəsi nəticəsində 30 ilə yaxın bir müddətdən sonra düşmən işğalından azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görülməsi, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı çağırışlar, eləcə də qlobal iqtisadi vəziyyət və tendensiyalar nəzərə alınıb.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, bu ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılacaq.

2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 faiz çoxdur.

Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2,1 milyard manat, cari illə müqayisədə 500 milyon manat və ya 31,3 faiz çox vəsait nəzərdə tutulub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı artım və pozitiv meyllərlə başlayacaq: “Növbəti ildə ümumidaxili məhsulda 3,4 faiz artım gözlənilir, neftin qiymətinin daha yüksək olması planlaşdırılır. Neftin qiymətinin büdcədə 40 dollardan götürülməsi növbəti ilin büdcəsinin daha dayanıqlı olmasına əsas verir. Qeyd edilib ki, təqdim olunmuş sənəddə büdcənin riskləri də aydın şəkildə göstərilib. Bu, eyni zamanda, növbəti il üçün pul siyasətinin və fiskal büdcə siyasətinin istiqamətlərinin göstərilməsi daha çox təhlil aparmağa imkan verir”.

Komitə sədri 2021-ci ildə Azərbaycan dövləti və iqtisadiyyatı qarşısında duran mühüm çağırışlardan bəhs edib. Bildirilib ki, bu çağırışlardan biri pandemiya ilə mübarizə tədbirləridir. Ümumi proqnozlara görə, peyvəndin tətbiq olunması mart-aprel aylarına qədər planlaşdırılır. Azərbaycan iqtisadiyyatı və büdcəsi buna hazırdır. Növbəti il iqtisadi cəhətdən dövlətlə özəl sektor arasında yeni münasibətlərin qurulmasında mühüm il olacaq.

Tahir Mirkişili bildirib ki, komitənin ümumi rəyi ondan ibarətdir ki, büdcə məqbuldur, ölkə Prezidenti tərəfindən Azərbaycan dövləti və cəmiyyəti qarşısında qoyulan çağırışlara cavab vermək üçün mühüm maliyyə mənbələri və imkanları yaradır.

Onlayn iclasda iştirak edən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2021-ci ildə də 2020-ci ildə həyata keçirilən büdcə siyasətinin davam etdirilməsi vacibdir. Bizim büdcə xərclərimiz daha da artıq olmalıdır ki, biz iqtisadiyyatımızın inkişafına əlavə təkan verək, əsasən də iqtisadi aktivliyi canlandıraq və sahibkarlara dəstək verə bilək. Qeyd olunub ki, növbəti il qarşımızda böyük vəzifələr durur. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası, ordumuzun hərbi qüdrətinin möhkəmlənməsi ilə əlaqədar müvafiq maliyyə təminatı yaradılmalıdır. Eyni zamanda, sosial proqramların həyata keçiriməsi, dövlətin beynəlxalq miqyasda fəaliyyətinin təbliğ edilməsi, təhsil, mədəniyyət, digər sahələrin maliyyələşməsi təmin olunmalıdır.

Maliyyə naziri 2021-ci ilin dövlət büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verdikdən sonra bildirib ki, növbəti ilin büdcəsi tarixi büdcədir. Ona görə ki, biz Qələbə qazanmış dövlətin büdcəsini təqdim edirik. Bu büdcə, ilk növbədə, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması üçün şəraitin yaradılması, orada müvafiq infrastrukturun qurulması, iş yerlərinin açılması kimi önəmli vəzifələrin həyata keçirilməsini təmin edəcək. Eyni zamanda, əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaradan büdcədir.

Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Sadiq Qurbanov, Tahir Rzayev, deputatlardan Hikmət Məmmədov, Kamran Bayramov, Səttar Mehbalıyev, Nigar Arpadarai, Elman Nəsirov, Aydın Mirzəzadə, Asim Mollazadə 2021-ci ilin dövlət büdcəsi barədə fikirlərini açıqlayıblar.

Müzakirələrin yekununda Maliyyə naziri Samir Şərifov millət vəkillərinin səsləndirdikləri bəzi məqamlara aydınlıq gətirib.

Tədbirin sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm